Zibillikdə od çərşənbəsi

Zibillikdə od çərşənbəsi
8 mart 2013
# 08:00

Zaur Eyvazov

Ağırlığımız və uğurluğumuz

Od çərşənbəsi idi. 24 yaşıma dirənməyimə baxmayaraq Günəşə, oda və ünsürlərlə bağlı ənənəvi bayramlarımızı qeyd etməyə nə inamım, nə həvəsim, nə də marağım olmayıb.

Axşam yeməyindən sonra bir balaca divanda uzanmaq istəyirdim. Yeməkdən sonra atam da çayı limonla içməyi qərara almışdı. Buna görə də məhəllədəki meyvə-tərəvəz “obyektinə” mən getməli oldum. Divandan durub mızıldana-mızıldana əynimi geyinib aşağı düşdüm. Satıcı da belə mötəbər, qaçılmaz və astronomik bayramı öz ailəsi ilə vaxtında qeyd etməyi planlaşdırdığından “obyektini” bir az erkən bağlayıb evinə getmişdi. “Obyektin” bağlandığını görüb satıcının bayramını ürəyimdə özümsayağı təbrik elədim. Evə əliboş qayıtmaq niyyətim yox idi. Atamın “axar bulağı da qurudursan” sözlərini yenidən eşitmək istəmirdim. Axı bu gün onun da bayramıdır. Belə astronomik gündə özüm cəhənnəmə, kişinin keyfini korlamamaqdan ötrü bir məhəllə yuxarıdakı meyvə-tərəvəz “obyektinə” getmək üçün yola düzəldim.

Yağış artıq aram-aram yağmağa başlamışdı. Saçlarımın islanmağı xoşuma gəlirdi. Bayram axşamı olmasına baxmayaraq məhəllədə maşınların gözətçisindən, 2-3 məhəllə itindən və məndən başqa heç kim yox idi. Belə bayramların məhəllədə səssiz, sükutla keçməsinə bir növ çox sevinirdim. Amma buna görə yağışın yağmasına və soyuq havaya daha çox təşəkkür düşürdü.

Məhəlləmizin qurtaracağında paklıq, qüdrət, dünyamızın yaranmasına təkan verən odun simvolu olan – tonqal yandırmışdılar. Bu paklıq, qüdrət simvolu olan tonqalın zibilliyin yanında yandırılması, bu simvola olan xüsusi sevgidən irəli gəlirdi. Bir saat bundan qabaq məhəllədə söz sahibi olan bu tonqal hal-hazırda yağış damcılarından tüstüləyərək sönmək ərəfəsində idi. Tonqalın yanından keçib yuxarı məhəlləyə qalxdım.

Yuxarı məhəllənin də tonqalı keçinmək üzrə idi. Lakin bu tonqalın iki nəfər qonağı var idi. Belə bir havada tonqalı tək buraxmadıqlarına görə bu iki nəfərə sadiq dost adını da vermək olardı. Bir də ağlıma o gəldi ki, əvvəllər qəbilələrdə, tayfalarda ocaq gözətçiləri olurdu ki, onlar gecələr oyaq qalıb ocağın sönməməsinə nəzarət edirdilər. Həmin ikilinin damarlarımızda axan od sevgisi mədəniyyətini ruhən hər anı ilə yaşayaraq gələcək nəsillərə ötürülməsi niyyətində olduğunu fikirləşdim. Bir az da yaxınlaşdıqdan sonra bu ikilinin bir qadın və bir kişidən ibarət olduğunu və başqa amalda olduqlarının şahidi oldum.

40-45 yaşlarındakı qarabuğdayı kişi əllərini qara gödəkcəsinin ciblərinə qoymuş və büzüşmüş şəkildə soyuqdan titrəyirdi. Hələ həmin yaşlarında olan qadın isə odun ilahi qüvvəsindən deyəsən yaman ilhamlanmışdı. Közərməkdə və keçinməkdə olan tonqalın ətrafında hey dingildəyirdi. Simalarından və hərəkətlərindən bir-birini inkar edən bu cütlüyün əsl azərbaycanlı ailəsi, milli cütlüyü olduğunu görmək olardı. Kişinin əynindəki paltarı və üzündəki yorğunçuluq ifadəsi onun evə girən kimi tonqal ətrafına məcburi gətirildiyini göstərirdi.

Arvadı ərinin evə girən kimi başının ətini yeyib, yazığın ayaqqabısını da çıxarmadan, əynini də dəyişmədən, bir loxma əppək də vermədən tutub ocaq başına gətirmişdi. Bu fikrə gəlməyimdə qadının geyiminin də böyük rolu vardı. Belə ki, qadın əksər azərbaycanlı “qadınlarının” üstünlük verdiyi dikdaban ayaqqabılarda deyildi. Üst geyimi də rahat hərəkət və dingildəmək üçün nəzərdə tutulmuşdu. Hər hansı bir məkandan gəlib keçərkən ocaq başında ilhamlanan cütlüyə oxşamadıqlarına tam əmin ola bilərsiniz. Qadın evdə 10-12 saat var-gəl edib ki, məhz kişisi işdən bu gün bircə tez çıxıb gələydi. Onu da qoltuğuna vurub tonqal başına aparıb “ağırlığını-uğurluğunu” közərən taxta parçalarının üstünə tökdürərdi. Onlara zillənən 2-3 dənə beşmərtəbəli binalardakı gözlərdə necə də xoşbəxt, necə də ailə dəyərlərinə üstünlük verən cütlük tablosunu canlandırardılar.

Onlara lap yaxınlaşmışdım ki, qadın əlini öz kişisinə uzatdı. Kişi də gödəkcəsinin cibindən əlini çıxardıb onun əlindən tutdu. Arvadına sönməkdə olan köz parçalarının üstündən tullanmaqda kömək elədi. Sanki arvadı bu prosesi yerinə yetirmək üçün bu havada, bu vaxtda məni kimi kiminsə burada peyda olmasını gözləyirdi. Sən demə bu göstəriş nəinki onlara tamaşa edən bina sakinləri üçün hətta həyətdə - soyuq havada mitillənən insanlar üçün də hazırlanmışdı. Halbuki mən mitillənmək niyyətində deyildim. Sadəcə ata gözümçıxdısı və limon axtarışı məni bura gətirib çıxartmışdı.

Belə havada bundan çox insanın olmayacağını fürsət bilən arvad qarşı tərəfə tullandı. Arvadı qarşı tərəfə tullanan kimi böyük sevinclə əllərini bir-birinə vurdu. Bu hadisə tarixə yazılacaq qədər “böyük tullanma hadisəsi” idi. Sanki xoşbəxt ailə tablosundakı qadının ərinin ona böyük köməyi, inancı, maddi və mənəvi dəstəyi nəticəsində qadın qlobal bir problemi həll etmişdi. Bu tullanma hadisəsi özlüyündə bütün həlli görünməyən məsələlərin, yüzillik müharibələrin, etnik qarşıdurmaların, aclıq və səfalət içində olan insanların problemlərini həll etmiş dərəcədə baş vermiş bir tullanma hadisəsi idi. Beləcə qadın ovunmadan 3 dəfə ( nəbadə 4 olsun ha) tonqalın üstündən tullandı. “Üçüncü böyük tullanma hadisəsi”nə də şahidlik elədim. Bir dəqiqə içərisində üç böyük tullanma hadisəsinə dalbadal şahidlik etdiyimə görə özümü çox xoşbəxt hiss etdim.

Xoşbəxt ikilinin yanında dayandım. Amma bayramlaşmadım. Onlar da bu soyuq havada öz ağır missiyalarını yerinə yetirdiklərini fikirləşib ən yaxınlıqdakı binaya tərəf getdilər. Bəlkə də bayramlaşmamağım ürəklərincə olmamışdı.

XXI əsr olmasına baxmayaraq hələ də öz dərdlərinin, bəlalarının, ailə və məişət problemlərinin və ən nəhayət “ağırlıqlarının və uğurluqlarının” odda, alovda yanacağına ümid edən ( ürəkdən inanan desək daha doğru alınar ) çox böyük kütlə var. Yaxşı, deyək “ağırlığını” özündən uzaqlaşdırıb odda yandırmaq istəyirsən. Bəs “uğurluğun” sənə nə ziyanı var axı? Hansı ağıllı insan öz uğurundan qaçar? Macal tapıb bu kütləyə deyə bilməzsən ki, beyni yuyulmuş övladlarınızın zibillikdən yığdıqları stol-stul qırıntılarından, tikintilərdən çırpışdırılmış taxta parçalarından, vulkanizasiyalardan fırladılmış təkərlərdən, meyvə-tərəvəz “obyektlərindən” oğurladıqları taxta yeşiklərdən qalanmış tonqalın hansı ilahi qüvvəsi var axı?

Amma heç kim bu inancın onlarda olduğunu onlara sübut edə bilməz. Heç cəhd etmək barəsində də düşünmə! Hamısı bir ağızdan özlərinin də bu inanclara inanmadığını deyəcəklər. Sadəcə bu inancı illərdir yaşatdıqlarını və gələcək nəsillərə ötürəcəklərini deyəcəklər. Sonra da fikirləşəcəksən ki yazıqlar neyləsin axı? İnanclardan başqa nəyimiz var axı onu da yaşadaq və gələcək nəsillərə ötürək?

Közərən tonqal qalığına gözümü zillədim. Artıq tüstüləyirdi. Lap yazığım gəldi ona. Bizim millət yaranandan və şüuru formalaşmağa başlayandan ( məncə bu şüur heç vaxt formalaşmayıb və formalaşmayacaq) bu odun alovun üstündən oyana-buyana tullanıblar.

Öz-özümə fikirləşdim ki, əgər bu ocaq “ağırlığı-uğurluğu” apara bilirsə, görəsən onun indiyədək apardığı bu “ağırlığın-uğurluğun” ölçü qiymətini əgər hesablamaq olsaydı, hansı rəqəmlərlə ifadə etmək olardı? Görəsən tarix boyu bizim “ağırlığımız-uğurluğumuz” nə qədər olub?

Niyə bu “ağırlığı-uğurluğu” illərdir ocağın üstünə tökürüksə də yenə də bu “ağırlıq-uğurluq” bizdən əl çəkmir? İnanıram ki, mənim xalqım Yer kürəsinin son bayram çərşənbələrinə, son bayram tonqallarına kimi də bu “ağırlığı-uğurluğu” tökə-tökə gedəcək.

Nəbadə yanan ocağı dinc buraxsınlar ha! Nəbadə! Bir də ki, nəbadə öz tarixi, geridə qalmış, mənasız, sübutsuz inanclarını ocağa töküb yandırsınlar ha! Ancaq “ağırlığıq-uğurluğunu” töksünlər ocaqlara!

Ocaqdan ayrılıb bu məhəllədəki meyvə tərəvəz “obyekti”nin də bağlı olduğunu bilməyərək həmin tərəfə yollandım.

# 3160 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #