Qardaş xəyanəti

Qardaş xəyanəti
7 noyabr 2014
# 15:12

Qapı döyüldü.Çölə çıxdım. Dəhşətə gəlmişdim. Qızcığaz qapımın önündə yuxuya getmişdi. Qadın isə bağırırdı: “Qızım, ayıbdı, baxmayacaqdın niyə doğurdun? Axı bu körpə burada dondu. Yəqin acdı.

Mən gözlərimi iri açaraq qadını dinləsəm də, düzü heç nə anlamırdım. Gözlərimdən yuxu tökülürdü. Gecə yarıyacan işləmişdim. Səhərə qəzet üçün yazı çatdırmalı idim.

Qadın cavabımı gözləmədən məni itələdi və uşağı qucağına alıb evimə daxil oldu.

Səssizcə qapını bağladım. Uşağa yaxınlaşdım. Bumbuz idi. Payızın kəskin soyuğu uşağın iliklərinə işləmişdi.

Nəhayət dilləndim:

- Xanım, doğru buyurursunuz, lakin bu uşaq mənim deyil, qonşunundu, mənimki oğlandı, o da bağçadadı. Ancaq eybi yox, mən onun anasını tanıyıram, indi çağıraram gələr, aparar.

Qadın təəccüb içərisində, utana-utana məndən üzr istədi:

- Qızım, sən Allah bağışla, sizin qapınızda yatmışdı, on görə elə bildim ki, sənindi. İncimə məndən indi o qədər laqeyd analar var ki....

Mən isə cavabında gülümsədim, problem yoxdu, xanım, sizin həssaslığınız təqdirəlayiqdir - dedim...

Qadın dodağının altında nəsə deyə-deyə çölə çıxdı. Mən qızcığazın paltarlarını dəyişdim. Oğlumun nisbətən balaca paltarlarını ona geyindirdim. Və çölə çıxıb, qapılarını döydüm. Qapını heç kim açmadı. Həmin ərəfələrdə onların evi çox qonaq-qaralı olurdu. Düşündüm ki, yazıq qız yəqin yorulub. Evə qayıdıb ona zəng vurdum. Telefon uzun zənglərdən sonra açıldı. Yorğun bir “bəli” səsi qulağımı cırmaqladı. Mən özümü ona tanıtmalı oldum. Çünki tanımadı. Yuxulu olduğunu düşündüm. “Qızın bizdədir, narahat olma”, - dedim.

O isə “yaxşı” deyib telefonu üzümə bağladı.

Xəstələndiyini düşündüm.

Nəhayət ki, balaca yuxudan ayıldı.

Mən ona yemək verdim, çayını içirtdim.

Axşamçağı gəlib qızını apardı. Xəstəyə oxşamırdı. Daha çox sərxoşa bənzəyirdi.

Qadın buralı deyildi. Bura ərə gəlmışdi. Əri hərbçi olduğu üçün çox vaxt tək qalmalı olurdu.

Həmin ərəfələrdə sərhədlər tez-tez pozulurdu. Yoldaşı 3 həftə idi ki, evə gəlmirdi. Mən ona gücüm çatdığı qədər kömək edirdim. Lakin mənəvi cəhətdən ona kimsə kömək edə bilməzdi. Yoldaşını çox sevirdi, narahat idi.

Bir gün qapı yenə döyüldü. Mən qapını açanda qonşu qızları gördüm. Onlar həmin körpəni bu dəfə də mənə əmanət etmək istədilər. Körpəni qəbul etdim. Uşaqların dediyinə görə anası qapını açmırdı.

Axşamın sərini idi. Mən də getməli idim. Çünki evlilik ildönümümüz idi. Restoranda yemək yeyərək qeyd edəcəkdik.

Mən qonşunun qapısını dəfələrlə döydüm, açan olmadı.

Uşağın üst-başı yaş idi. Görünür həyətdəki bulaqda islatmışdı özünü. Uşağın əynini dəyişdim. Məndən su istədi. Çox susamışdı.

Doğrusu çox əsəbi idim, anası telefonumu açmırdı. Mən qapılarını daha bərk döyməyə başladım. Bu zaman evin işığının yandığını gördüm. Bu qapının gözlüyündən aydın görünürdü. Qapını döyməyimə dözə bilmədi. Axır ki, açdı. Yırğalana-yırğalana “Nə istəyirsən?” dedi.

- Deyəsən sənin başın xarab olub. Uşağın nə gündədi, xəbərin var? Belə olmaz, bunu yoldaşına danışacağam - dedim.

Arxamı dönüb gedirdim ki, hıçqıraraq ağladı. Dönüb yanına gəldim, məni qucaqladı, ana-balanın ağlaşması məni də ağlatdı. Evə keçdik. Hər yer dağınıq idi. Evdə çoxlu içki şuşələri vardı.

Mən bilirdim ki, yoldaşı da, özü də namaz qılandır. İçki heç vaxt onların astanasından girməzdi. Bəs bu şüşələr kimin idi?

Onun ilk cümləsi bu oldu:

- Qardaşı mənə təcavüz etdi!

Beynimdə ildırımlar çaxdı sanki...

- Kimin qardaşı?

- Yoldaşımın...

Az qala ağlımı itirəcəkdim.

O isə hekayəni nağıl etməyə başladı:

- Bilirsən, axı sərhədlər tez-tez pozulur. Yoldaşım gələ bilmirdi, mən isə qorxurdum, axı burda heç kimim yoxdu... Ev üçün alınmalı şeylər də var idi. Sən ki, bilirsən, uşağın analizləri və sair... Yoldaşım qardaşına tapşırmışdı ki, alsın. Dünən qardaşı gəldi, çox içkili idi. Heç nə almamışdı. Getməyəcəyini, gecə burada qalacağını dedi. O, salonda televizora baxır, durmadan içirdi.

Mən yatmaq istədiyimi deyib, qızımla yataq otağına keçdim. Gecənin bir yarısı bədənimdə bir əlin gəzdiyini hiss etdim. Əvvəlcə bunun yuxu olduğunu düşündüm. Amma gözlərimi açandan sonra da bədənimdə gəzən əli də hiss edirdim.

Qorxudan qışqırdım. Ağzımı tutdu. Göz-gözə gəldik, mən ilk dəfə idi ki, onu bu cür eybəcər görürdüm. Yanımda yatan qızıma baxdım. Gözlərimdən yaşlar boşalırdı.

- Mən sənin qardaşının yoldaşıyam – dedim.

- Bilirəm, həmişə ən yağlı tikələr qardaşıma qismət olur nədənsə.

Ona güc gələ bilməzdim. Gecə idi, hamı yatmışdı. Qışqırsaydım da heç kim eşitməyəcəkdi...

Qadın hıçqırıqdan boğulurdu. Boynu və qolları gömgöy idi.

- Məni həm də kəməri ilə döydü...

Ana-balanın hıçqırığı yenə bir-birinə qarışmışdı. Mən ordan çıxanda beynim həm işləyir, həm də işləmirdi. Hiss və duyğularımı itirmişdim elə bil. Qulaqlarım uğuldayırdı.

Qardaşı... Bu həyatda kimə güvənəsən axı...

Ogünkü sükunətimi hamı hiss etmişdi. Bu sirri qorumağa borclu idim. Bir ailə dağılmasın deyə, bir qızcığaz anasız-atasız qalmasın deyə, bir zabit qardaş qatili olmasın deyə...

Bir gün evə qayıdanda gördüm ki, qadın çantalarını toplayır. Anasının yanına qayıdırmış sən demə. Artıq burada yaşaya bilmirdi. Necə yaşasın axı?

Yoldaşı da təyinatını o şəhərə almışdı. Alınsa o da buradan gedəcəkdi. Mənə sarıldı, əvvəlki kimi yenə gözlərindən yaş axırdı. Gözüm onun yoldaşına kömək edən adama sataşdı. Dönüb qadına baxdım. Başını aşağı saldı... İndi onlar Bakıda yaşayırlar, bilmirəm bəlkə də o qadın bir gün onun barəsində yazdığım bu hekayəni oxuyacaq. Sirrini paylaşdığım üçün mənə əsəbiləşəcək, bəlkə də dərdini insanlarla bölüşdüyümçün rahatlayacaq... Bilmirəm.

Bir gün işə gedəndə yolda onunla rastlaşdım. Qadının dediyi kimi, həyatımda bu qədər eybəcər adam görməmişdim. Mənəviyyatının kirliliyi içərisində yox olmuşdu yaraşıqlı vücudu. Yanından keçəndə dilim qeyi-ixtiyarı oıçıldadı: “Əclaf!!!”

# 2530 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #