Ölümün astanasında

Ölümün astanasında
7 noyabr 2014
# 13:40

Siz heç axşamlar pəncərədən xəstəxana sükutunda şütüyən maşınları izləmisiz? Ən çox atam məzuniyyətdə olanda sevmirdim xəstəxananı.

Onda oralar daha darxdırıcı, daha dəhşətli olurdu. Adım? Adımı bilməsəniz də olar. İndi bunun çox da əhəmiyyəti yoxdu. Önəmli olan ağ xalatlıların müraciətidi. Onlar üçün fərqi yoxdu, sən gözəlsən, çirkinsən, gözlərin qaradı, saçların uzun və ya qısadı… Sən xəstəsən. Bu insanlar səni hər cür incidə, ağlada bilər, çünki onlar həkimdi və onlar üçün atanın aldığı təzə pijamaya qolundan qan damması da mühüm deyil.

Həkimlər anlamır gecələr necə dəhşətli olur dərman qoxulu palatalar. Onların xəstələrin sevincindən, kədərindən xəbəri yoxdu. Heç yadımdan çıxmaz, bir dəfə damarım çətin tapılmışdı, çox incitmişdilər, mən də hirslə “Atama deyəcəm!” demişdim. Hə, dedim atama, heç nə eləmədi… Halbuki atam məni incidəni döyməli, vurmalı idi. Onda anlamışdım ki, bu cəlladlarla mübarizə çətindir. Hətta atam da acizdirsə...

Onlar məndən nə istəyirdi? Nə üçün günlərlə, aylarla məni burda saxlayırdılar? Arada düşünürdüm ki, bura bir zindandı, baş verənlər cəza və bir gün azadlığa buraxılacam. Hərdənsə “Yəqin ömürlük burda qalacam” deyib ümidimi itirirdim… Bilirsiz, burdakı yeməklər sizin ananızın bişirdiyi yeməklərə bənzəmir… Çox dadsız və soyuqdu…

Mən buludların üstündə uçmalı vaxtlarımda cırıldayan dəmir çarpayılara məhkum edildim. Oyuncaqlarımın üstünə dağıldı dərmanlarım… Uçan rəngli şarlarımı partladıb yerə saldılar öz iynələriylə…

“Sağalacaqsan” deyirdilər. Qonşu palatalarda yaşıdlarım öləndə ayaqyoluna qaçırdım. Dəhşəti qusmaqdan ötrü. Qusduqca içimə dolurdu yenə eyni hisslər. Ölümün astanasında yaşadım illərlə... Ən sevdiyim peşədən, bağlanmaqdan vaz keçdim. İynələr sağaldırdı məni. Bədənimdə açılan yaralar məni sağaldırdı. Beləcə yaraların yaraları sağaltdığını öyrənmişdim. İynə yerlərini sayırdım. Cüt olanda hər şey yaxşı, əksinə olanda isə pis olurdu. Yaşıdlarım həkim olmaq istəyəndə onlara nifrət edirdim. Axı bir insan necə cəllad olmağı seçərdi ki?

12 ildir mübarizə apardığım xəstəlik indi təkcə qanıma yox, həm də yaddaşımın ən dərin yerlərinə işləyib. İldən-ilə üzü xəstəxana pəncərələrində gözlərim kölgələndikcə hər şeyi daha dərindən anlayırdım. Əsl həbsxananın xəstəxana yox, dünya, əsl cəlladın həkimlər yox, yaradanın özü olduğunu dərk edirdim. Hər dəfə uşaq xəstəxanasının yanından keçəndə, pəncərədən boylanan o kədərli və ümidsiz gözlərə, solğun üzlərə baxanda mərhəmət vəd edib əclaflıq sərgiləyən bütün varlıqları lənətləyirəm…

# 1576 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #