Xəzərin sahilində...

Xəzərin sahilində...
10 aprel 2013
# 15:09

MƏNZƏRƏ SADIQOVA

Hekayə

EŞQ

Nadir içdikcə dəniz sərxoş olurdu. Və sərxoş olan dəniz Nadirin sevgilisini təpədən-dırnağa sahiblənirdi. Kişini heç vecinə almırdı. Bu çağacan onun qıymadığı, təmizliyinə büt kimi sitayiş etdiyi gözəlin vücudunu əldən-ələkdən keçirirdi Xəzər. Ləngər vuran dalğalarıyla qıza hücum edir, qəfil həmləylə onu ağuşuna alır, sarıb-sarmalayır, sonra da istədiyi kimi öpüb-sığallayırdı. Dənizin ləpə dodaqları qızın sinəsini yaladıqca Nadir dəli olurdu. Qəlbini qısqanclıq bürüyür, beyni dumanlanırdı. “Buna bax, zərrəbəzərrə qovuşur mənim gözəlimə. İcazəsiz-filansız, nikahsız-kəbinsiz varlığını qızın canına hopdurur. Nadir həsrət içində yansın, sən kef elə, həə?..”

Bu axşam dəniz yaman təlatümlüydü. Havada sazaq vardı. Amma şəhərin istisindən qaçıb Bilgəhin sərinliyinə, çimərliyin mərhəmətinə sığınan Nilufər suya girməkdə qərarlıydı. Nadir nə qədər təkid etsə də, qız sahildə bənd almamışdı. Canının yanğısını dənizdə söndürmək, imtahanların yorğunluğunu atmaq istəyirdi. Dənizlə qaynayıb-qarışan Nilufərin bir gözü sahildəki sevgilisindəydi.

Eşq indi bu ağsaçlı kişinin cildinə girib, onun gözlərindən gülümsəyirdi qıza. Yanaşı duranda heç yaraşmırdılar. Amma kişinin cildindən boylanan eşq qızı elə sehrləmişdi ki, gözünə heç nə görünmürdü. O, kişini deyil, eşqi sevirdi. Nəfəs qədər ona yaxın olan, içinə dolub yaşamaq həvəsini coşduran, həyatına möcüzəli anlar bəxş edən eşqi.

Qəfildən mavi sularda qızın yaddaşı güzgüləndi. Sehrli bir əl Xəzərdən boylanan aynanın tozunu aldı. Toz-torpağın altından küncə sıxılmış tələbə gəncin konturları zorla sezilirdi. Yaddaşın ön plana çıxardığı oğlan qıza elə yad gəldi ki... Nilufər qəlbinin gözü ilə həmin tozlu rəsmə xeyli vaxt laqeyd-laqeyd baxdı. Kim olduğunu kəsdirincə... bir az yazığı gəldi.

Körpəlikdə bezib atdığı oyuncaqları kimi lazımsızdı. İçində ona dair heç bir hiss qalmamışdı. Daha qisas da almaq istəmirdi. Yaddaş dalğası bir anlıq dənizin üzərinə çıxardığı görüntünü dərhal da sulara qərq etdi. Amma olan olmuşdu. Nilufərin qanı qaralmışdı. Acı xatirələrin əsarətinə düşməməkçün tez nəzərlərini güzgüdən ayırıb sahilə baxdı.

Nadir oradaydı. Qayanın üstünə qonmuş şahin kimi idi. Qızın ürəyi çırpındı. Bədənindən isti cərəyan keçdi. Damarlarında qanı qaynadı. Nadirin gözlərindən saçılan məhəbbət enerjisi uzaq məsafədən belə ona güc verirdi. Qəlbini nurlandıran işığa, qollarına qüvvət verən eşqə doğru tələsən Nilufər suları döyə-döyə üzməyə başladı. Bilmədi, qaçıb arzuolunmaz güzgüdən uzaqlaşmağa tələsir, yoxsa sevgilisinə yaxınlaşmağa...

Şalvarın balaqlarını dizəcən çırmalayan Nadir ləpədöyəndəki qayanın üstündə oturmuşdu. Yalın ayaqları suda sərinlədikcə sevimli viskisindən qurtum-qurtum içib xoşhallanırdı. Ayaq sərinləşdikcə baş qızışır, ürək od tutub yanırdı. Nilufər suların qoynunda şıltaq Xəzərlə çarpışırdı. Dənizlə sevgilisinin qovğasını seyr edən kişinin ürəyindən birdən dəniz olmaq istəyi keçdi. İstək onu elə çulğadı ki, bütün varlığı ehtizaza gəldi. “Dəniz olsam, problemlər gölündə boğulmazdım. Mən də Xəzər kimi rahatca vüsala yetərdim. Gör bir dənizə nə qədər səlahiyyət verilib!? Bu boyda Xəzər yox ey, lap təbiətin ən zərif çiçəyi də yeri gələndə mənim vəzifəmdən qat-qat qüdrətlidir.”

Həyatından çox qadınlar keçmişdi. Zərif gözəllərdən kamını almışdı. Amma gözəllikdən doyulmaz ki!.. Nadir o kişilərdən idi ki, ailəsinə sədaqətini qorumağı da, nəfsinə korluq verməməyi də bacarmışdı. Xanımlarla münasibətində tezcanlıydı. Nədənsə Nilufərə qıymırdı. Məhəbbət kişini təzədən yaratmışdı. Meyarlar dəyişmişdi. Köhnə şakərləri yada düşmürdü bu qızla görüşəndə. “Həyatında hər şey olub: şöhrət, pul, vəzifə, qadınlar... Ancaq heç biri dünyanı sənə bağışlamayıb. Nilufər – sənin dünyandır! Onunla birgə keçən günlər ən böyük mükafatındır, Nadir. Qədrini bil!”- söyləyirdi ürəyində. O üzdən də, tələsmirdi. Bu yaşda sevib-sevilməyin dadı yaman şeydi. Nadir əlinə düşən səadəti doyunca yaşamaq istəyirdi. Vüsal bütün eşqlərin tacı, zirvəsiydi. Kişi sonranın dərdindəydi, görən vüsaldan sonra nələr olacaq?

O özündən arxayındı. Hisslərindən də. Amma... başına gələn başmaqçı olar deyiblər. Evlənəndən sonrakı xəyal qırıqlığını bir də yaşamaq istəməzdi. Cütlüyün duyğuları qovuşub, qaynayıb-qarışandan sonra məhəbbət süfrəsinə hansı nemətlər düzüləcəkdi? Bu, məchuldu. Birdən sevgi bitsə, eşq tükənsə? Bir-biri üçün adiləşsələr? Nilufərin gözündə ucaltdığı pyedestaldan düşsə? Məhəbbətin əsrarəngiz dünyasından sürgün edilsə? Canını yandıran atəşlər sönsə? Cisminin hər zərrəsini dilləndirən həyəcanlar qeybə çəkilsə? Ruhundakı təzələnmə dayansa? Qəlbi kilidlənsə?. Beyninin ən dərin qatlarından boy göstərən qorxular kişinin əlini-qolunu bağlayırdı. Naməlum aqibət onu çox həyəcanlandırırdı. Dünyanı yorub-yortmuşdu. Heç belə çətinə düşdüyü olmamışdı. Bu dəfə uzun müddət sevişən, illərlə nişanlı qalan, vüsala yetmək üçün toy gününü gözləyən cavanların yolunu tutacaqdı...

Xəzər yenə Nadirə göz verib, işıq vermirdi. Bayaq sahilə doğru üzən qız yenidən özünü dənizin qollarına atmışdı. Dalğalarla sarmaş-dolaş sevişirdilər. “Bunun da canında az yoxdur. Heç gör sudan çıxır?” Nilufər ənginliklərə doğru üzürdü. Bu axşam dənizdən çıxmaq fikri yoxuydu. Sanki ruhunu suya çəkirdi. Adətən onu seyr etməkdən xoşlanan Nadir bu gün yaman darılırdı. Viskinin təsirindən idi, nədirsə, sərxoş Xəzəri rəqib gözündə görürdü.

Nadir ailəli idi. Evlənəndə özü bəyənmişdi arvadını. Amma illər elə düzəlişlər etmişdi ki, onun hisslərinə... Sevgi alovlanmamış sönmüşdü. Arada quruca hörmət qalmışdı. Və bu ailəni dağılmağa qoymayan bağ o idi: Əlahəzrət Hörmət! ...Sonuncu kursda ikən vəzifəli oğlana ərə gələn Elnarə rəfiqələri arasında çox forslanardı: “Nadirə deyəcəm mənə qırmızı diplom alsın...Nadirə deyəcəm məni rektora tapşırsın, institutda saxlasınlar... Nadirə deyəcəm.., Nadirə deyəcəm.., Nadirə deyəcəm...” Elnarənin istəkləri bitib-tükənmirdi.

İlk illər Elnarənin xahişləri ərinə ləzzət edirdi. Özündən on yaş cavan arvadını hər mənada himayə etmək xoşuna gəlirdi. Günün birində bacısı Aidənin bircə kəlməsi bütün illüziyalarını alt-üst etmişdi: - “Gəlin xanım, sən qaqaşımı lap toruna düşmüş qızıl balıq kimi istismar eləyirsən haaa...” Dilli-dilavər Aidə evin kiçiyi, həm də ərköyünü idi. Hər kəsin yanlışını gözünün içinə oxuyardı, kimsədən çəkinməzdi. Onun sözü şimşək olub çaxmışdı Nadirin beynində və çox qaranlıqları aydınlatmışdı. Deyəsən, Elnarə Nadiri ər gözündə görmürdü. Ona tramplin kimi baxırdı. Huşu-fikri öz yüksəlişindəydi. Necə olmuşdu ki, indiyə qədər bunu sezməmişdi? İnsanın içinə şübhə toxumu düşdüsə, mütləq göyərəcək. Nadir də çox dözmədi. Bir müddət sonra ər-arvad arasında açıq söhbət oldu:

– Mən anamın səhvini təkrarlaya bilmərəm, Nadir. Təzə evlənəndə atamın şirin dillərinə aldanıb, qırmızı diplomla oturub evdə. Bir də baxıb ki, tay-tuşları harda, o harda... İllər keçdikcə dönüb olub bozbaş bişirən, uşaq doğan, əski yuyan evdar qadın. Mənim anam akademik olası, nazir olası, deputat olası qadın idi, ərinin güdazına getdi. Bütün gələcəyini ailəsinə fəda etdi. Evin hər ağırlığını öz çiyninə yüklədi, beş övlad böyütdü. Atam da asudə gəzib-dolandı, kreslodan-kresloya hoppandı. Sonra da arvadını yanına yaraşdırmadı. İndiyə qədər də toya-məclisə özü tək gedir. Atamı qınamıram, çünki anam o mühitdən çox aralı düşüb. Bunu özü də bilir. Ona görə dinmir.

– Ailədə ayrı-seçkilik olaar? Ərin, ya arvadın dəxli yoxdu, uğur elə hər ikisinin uğurudu, Elnarə! Beş övlad böyütmək xırda şeydi?- Nadir bir az susub hirsini cilovladı, yenə davam etdi: - Sənin qabağa getməyini mən hamıdan çox istəyirəm. İndi dövr başqadı, psixologiya dəyişib. Biz kişilərin adı bədnamdı. Əslində ərlər, illah da vəzifəlilər arvadlarının uğuruna sevinirlər, adam arasındakı hörmətiylə öyünürlər. Mən istəmərəm ki, həyat yoldaşım kimdənsə geri qalsın. Görürsən, bir sözünü iki etmirəm. Amma bir az da mənə diqqət!.. Bir az sevgi!.. İşdən yorğun gəlirəm, bir gülər üzə, bir şirin sözə möhtac qalıram. Elə rəsmi davranırsan ki, elə bil ərin yox, müdirinəm. - Nadir sözünə ara verib Elnarənin üzünə baxdı.

- Sözlərinin təsirini yoxlayırdı. Özünü toplayıb əsas mətləbə keçdi: - Sən gəl daşı ətəyindən tök, körpəmizi dayə ümidinə buraxma, özün tərbiyə et. Uşaq böyüsün, sonra yenə hər şeyi sən istədiyin kimi edərik.

Elnarə əsəbdən titrəyirdi. Ərindən bunu gözləmirdi. “İmkanı da yaxşıdır, niyə uşağı mən saxlamalıyam?” İçindəki narazılığı vulkan kimi püskürdü: – Hansı sonra?? İkinci, ya üçüncü uşaqdan sonrakı sonraaa? İnsafın olsun, ay Nadir, mən o qədər vaxt itirə bilmərəm. Sən başımın tacısan. Oğluma da canım qurban. Amma bu dünyada hər kəsin öz həyatı var. Heç kəs ömrünü başqalarına qurban verməməlidir! Mən sizə bundan artıq vaxt ayıra bilmərəm.

İlk dəfəydi ki, belə sərt danışırdılar. Nadirin cavabını verən Elnarənin qulağında anasının öyüdü səslənirdi: “Kişilər etibarsız olur, qızım. Birinci özünü fikirləş. Mənim günümə düşmə. Ən vacib sənin arzularındır. Vəzifə sənin əlində olsun, bax gör kişi necə sürünəcək dalınca... Kişilər qabaqda gedən qadının həsrətini çəkərlər, arxalarınca gələnin yox. Ərini sev, hörmətini saxla, namusunu-qeyrətini qoru. Amma özünü ailə mənafeyinə qurban vermə. Unutma, birinci sənsən! Ərdən də, uşaqdan da qabaq vacib özünsən!”

İşdən toplantı adıyla çıxmışdı: - “Nazirlər Kabinetinə gedirəm...” Hökumət evindən uzaqlaşan kimi sürücüsünü buraxıb şəxsi avtomobilini götürmüşdü. Maşına oturan kimi pencəyini, qalstukunu soyunub rəsmiyyətdən qurtardı. “Oooxxx!! Nə gözəldir asudəlik!!” Nazirlikdə aramı-qaramı yoxuydu. İş başdan aşırdı. Yaman yorulmuşdu. Rahat nəfəs almaqçün ümid dəniz kənarınaydı. Nadir Süleymanlı universitetin həyətindən sevgilisini də yanına alıb şəhərdən sürətlə uzaqlaşdı. Bakı küçələri arxada qaldıqca, sanki qayğılar da yaxasından əl çəkirdi. Nilufərin imtahan sessiyası başladığından axır vaxtlar seyrək görüşürdülər. Bugünkü fürsət ələ düşməzdi. “Həm imtahanların başa çatmasını qeyd edərik, həm də doyunca görərəm...”

Nadir bilirdi ki, Xəzər çox qonaqpərvərdir. İsti qoynunda hamıya yer verəndir. Ən gözlənilməz müsafirlərə də qucaq açandır. Qəfil gələni qarşılayıb rahatlamaqda Xəzərin yerini heç yer verməz. Bu əminliklə də sevgilisini dənizə qonaq apardı. Gün aşağı əyildikcə Bilgəh sahilləri dolmağa başlayırdı. İşdən çıxanlar ailəsini başına yığıb gəlirdilər. Dənizdə tay-tuşlarıyla əylənən kim, çimərliyi xəlvəti görüş yeri seçən kim... Bir həngamə vardı gəl görəsən. Dəcəl uşaqların səsi yavaş-yavaş dənizin səsini üstələyirdi. Və Xəzər eşidilməz olunca Nadir daha çox iç dünyasına qapanırdı. Nəzərləri mavi sularda itib-batmışdı. Yenə doğmaları fikrini məşğul etmişdi.

...İkinci uşağın dünyaya gəlişi də Elnarəni evə bağlaya bilmədi. Nəsibinə karyerist qadın düşmüşdü. Vəzifədə irəlilədikcə, Nadirdən daha çox uzaqlaşırdı. “Belə ailə olmaz ki. Bir evdə iki yad adam kimi yaşayırıq.” Ər-arvadın axırıncı dəfə nə zaman ürəkdən dərdləşib-bölüşdüyü heç birinin yadına gəlmirdi. Nadir bir müddət mübarizə apardı. Sonunda yorulub taleyilə barışdı. Hərdən özünü qınayırdı: “Gül kimi qız aldın, ancaq özünü sevdirə bilmədin, Nadir bəy... Bilmədin! Elnarə bütün fikrini işinə verib. Sən onu cəzb eləyə bilsən, belə olmazdı. Necə olur ki, o boyda idarələrə, böyük-böyük kollektivlərə rəhbərlik edə bilirsəəən, ancaq öz ailənlə bacarmırsan? Heyf! Sevgi olmayan yerdə gül də ətir qoxmur. Yazıq uşaqlarım, var-dövlət içində, bolluq içində aclıq çəkirlər, sevgi aclığı. Əzizləyənləri də, yedizdirib-geyindirənləri də yadlar oldu – dayə, qulluqçu, sürücü...”

Oğulları böyümüşdü, magistraturanı bitirib iş-güc yiyəsi olmuşdular. Bugün-sabah evlənəcəkdilər. Nadirlə Elnarə baba-nənə olacaqdılar, amma istəkli ər-arvad ola bilməmişdilər. Bu, Nadiri çox ağrıdırdı. Nadir Süleymanlı kafedra müdiri olmuşdu, prorektor olmuşdu, professor olmuşdu, baş direktor, şirkət prezidenti, nazir olmuşdu, amma sevilən kişi ola bilməmişdi. İndi Xəzərdə üzən gənc sevgilisinə baxdıqca həyatının ən mühüm arzusuna yetməyindən ləzzət alır, qürrələnirdi.

Nilufərlə təsadüfən rastlaşmışdılar. “Təsadüfdən zərurət doğar” deyən dialektik materializm haqlıymış. İndi onu bir gün görməyəndə süstləşirdi, işləməyə həvəsi olmurdu. Kədərli və şıltaq qız Nadirin həyatının mənasına çevrilmişdi. Nilufər su kimi dupduru görünüb, alov kimi qarsırdı. Ona ürcah olandan Nadir nazir olmaqdan əl çəkmişdi. Yox ey, vəzifəsini yerə qoymamışdı. Ancaq nazirliyin qayğılarıyla yaşamağı tərgitmişdi. Güzgüdəki görüntüsünə nazir tələbilə yox, kişi gözüylə baxırdı: qadın gözündəki cazibəsini ölçüb-biçirdi. Dostları deyirdilər ki, bu qız sənin təkcə qəlbini yox, beynini də fəth edib, özünü gözlə. Həyatındakı boşluq tamam dolmuşdu deyə Nadir çox məmnun idi. O yatanda da, duranda da ancaq Nilufəri düşünürdü.

Qız da kədərin daşını atıb bütün varlığıyla aşiq olmuşdu bu maraqlı kişiyə. Bircə ona təəccüblənirdi ki, bu necə baş verdi? Axı, bir də sevəcəyinə inanmırdı. Rəfiqələri ha deyirdilər ki, özünü yorma, eşqin niyəsi yoxdur, EŞQ elə buna görə eşqdir. Məhəbbət başlarını elə qatmışdı ki, indi dünyada Nadirçün Nilufərdən daha vacib adam, iş, məşğuliyyət yoxuydu. Qızı yerindəki gözəlin sevgisindən taxdığı qanadlar onu bəxtiyarlığın ənginliklərində süzdürürdü.

Dənizdə külək başlamışdı. Sahilin qum çarşabını qaldırıb dincələnlərin üstünə örtürdü. Qüruba enən günəş Xəzərdə əsrarəngiz gözəllik yaratmışdı. Nilufər suları yara-yara Nadirə doğru üzürdü. Nəhayət, fərqinə varmışdı ki, sahildə adamlar yaman çoxalıb. “Tanıyan-bilən olar. Kişinin başını dərdə salmayım. Aşkımı incidərlər...”,- düşüncəsiylə sahilə tələsirdi. Əslində onların getmək vaxtı çoxdan çatmışdı. Yay axşamlarında Bilgəh çimərliyi Nadirin nazirliyindəki “açıq qapı günü” sayaq bir yerdi. Amma bu axşam kişinin beyni elə dumanlanmışdı ki, heç nə eyninə gəlmirdi. Nadir içdikcə beynindəki duman aydınlaşır, ona yol göstərirdi: - “Bu gözələ sahiblənməyin yeganə yolu izdivacdır! Əksi nakişilik olar. Elnarədən ayrılmaq lazımdır. Onsuz da hərə öz aləmində yaşayır...”

– Aşkım, nə düşünürsən? Qətfəni mənə versəən,- deyə sahilə çıxan qız nazlandı. Qətfə bəhanə oldu. Nadir qızı qətfəqarışıq qucaqlayıb bağrına basdı.

– Səni dənizə elə qısqandım ki!.. Az qaldım od vurub Xəzəri yandıram.

– Afərin mənim aşkıma. Ginnesin rekordlar kitabına düşəcək. Dünya yaranandan belə hünər göstərən olmayıb.

– Sən inanma. Mən yandırım, sən də bax.

Deyəsən, içki Nadiri tutmuşdu. O, alışqanını yandırıb dənizə yaxınlaşdı. Ətrafdakılar gənc sevgilisinə eşqini isbatlamaq istəyən ağsaçlı kişini maraqla izləyirdilər. Nilufər şıltaqlığa başladı: – “Yaxşı, yaxşı, inandım. Neftimizə od vurma. Avropanın enerji təhlükəsizliyinə zamin durmuşuq. Qoy yaşayaq.”

Qızın sözləri çimərlikdəkiləri güldürdü. Dənizi yandırmaqdan vaz keçən Nadir indi də sevgilisinin adını quma həkk etməyə başladı. İri hərflərlə “MƏN NİLUFƏRİ SEVİRƏM!!!” yazdı. Xəzər indicə qucağından buraxdığı gözəli necə qısqandısa, əlinin tərsi ilə dərhal sildi cümləni. Nadir inada düşdü. Xəzər sildikcə o, yazırdı. Bir gözəlin iki aşiqi əməlli-başlı yarışırdılar. Axırı Nadir qalib gəldi. Rəqibinin əli çatmayan qumsallığa həkk etdi eşqini: “NİLUFƏRİ SEVİRƏM!”

Xəzər hirsli-hirsli baxırdı Nadirə. Dalğalar şahə qalxıb bir şapalaq vurdu sahilin yanağına. Ancaq qumsallıq əmanətə xəyanət etmədi, qorudu Nadirin ürək sözünü. Hər hərfin qumda açdığı cığırları fəxrlə izləyən gözəl gülümsəyərək başını bulayırdı: “Yeniyetmə oğlansan, Nadir, yeniyetmə oğlan. Sonra da deyirsən “qocayam”. Ay Nadiiiir...” Ürəyində sevilməyin sevincini yaşayan Nilufər qələmə çevrilmiş taxta parçasını Nadirin əlindən alıb dənizə tulladı. Sevgilisinə sarıldı. Zarafat deyildi, bu boyda nazir millətin içində ona eşq elan etmişdi. Qəlbi cəh-cəh vururdu. Orijinal eşq elanını sevgililərin uzun sürən öpüşməsi müşayiət etdi. Bir anlığa çimərlikdəkilər yaddan çıxdı.

Özünü günə verənlər arasında pıçhapıç düşdü. Hər ağızdan bir avaz gəlirdi:

– Aaaa, bunlara baax, ətiniz tökülsüüün...

– Ay qız, bu kişi nazirimiz Nadir Süleymanlı deyilmi? Vaxseeeeyyy.

– Kəsin səsinizi. Baxmağa yer tapmırsııız?- deyə tosqun arvadların yanındakı kişi onlara təpindi. Dedi-qoduçular tez susdular. Görünür az-az çölə-bayıra çıxırdılar, belə hadisələrin şahidi olmamışdılar.

Bir az aralıda sarı adyalın üstündə oturub qarpız yeyən gəlinlər də him-cimlə opüşənlərdən danışırdılar:

– Odu dəə, ağəz. Özüdü ki var. O gün AzTV-də göstərdilər, oddu-oddu danışırdı. Yəqin yanındakı qızıdır.

– Allah evini tiksin. Ata qızını elə öpüüüür?

Sevgililərə baxan çox idi. Amma əhəmiyyət verən az idi. Son illər insanların gözü alışmışdı belə şeylərə. Söz-söhbət Nilufərgilin durduğu yerdən anlaşılmasa da, külək “Nadir Süleymanlı” kəlməsini qızın qulağına çatdırmışdı. O, çimərlikdən uzaqlaşmağa tələsdi. “Bu ölkədə insana rahatlıq yoxdu. Deyən gərək, niyə öz dərdinizlə ölmürsüz?”

İlk məhəbbətinin süqutu, sevdiyinin dönüklüyü Nilufərin həyatında dağıdıcı zəlzələ təsiri yaradıb, bütün daşları yerindən oynatmışdı. Məhəbbət saydığı duyğunun səbəbsiz-filansız çırpıb getdiyi qapıdan şəstlə içəri girən ayrılıq onu varından yox etmişdi. Gənc qız sönmüş ocaq kimi tüstülənirdi. Beyni, qəlbi, ruhu duman içindəydi. Ayrılıq onu gözəgörünməz məxluqa çevirmişdi. Universitetdə də, evdə də ruh kimi gəzib-dolaşırdı. Heç kimə qaynayıb-qarışmırdı. Dünyadan küsmüşdü. Özü üçün hər şeyin bitdiyini düşünürdü. “Bir daha kimsəyə inana bilmərəm”,- deyirdi ki... Nadirə rast gəldi. İnandı və sevdi. Həyatına xoşbəxtlik gətirən sevgini sevdi. O gün Nilufərin həyatının dönüş nöqtəsi oldu: mənəvi ölümdən diriliyə doğru. Bu sevgi onu göylərə pərvazlandırdı.

Nilufər Nadirə elə bağlanmışdı ki, yaş-filan gözünə görünmürdü. Kişiylə tay-tuşu kimi davranırdı. O, bu sevdaya düşəndən gözəlləşmişdi. İrəliləyən yaş da yavaş-yavaş şıltaq qızcığazın uşaq sifətinə qadınlıq məlahəti gətirirdi. Üzünün dərisi parlayırdı. Çöhrəsinin düzgün cizgiləri, gözləri və dodaqları yeni anlam qazanmış, sirli bir cazibəyə bürünmüşdü. Ruhuna hopmuş sevgi Nilufərin yerişindən-duruşundan hayqırırdı. Hər hərəkətiylə ətrafdakılara “xoşbəxtəm.., qayğısızam...” mesajını verirdi. Dikdaban tuflilərin üstündə kəpənək tək uçan, fırfıra tək fırlanan sevgilisinə baxdıqca Nadir Süleymanlı da azı on yaş cavanlaşırdı. Oturuşunda-duruşunda çeviklik, enerji axını tüğyan edirdi. Bunu tabeliyindəki işçilər də sezirdilər. Elnarə də duyuq düşmüşdü, amma adəti üzrə vecinə almırdı: - “Neyləyir, eləsin. Təzəcə rektor təyin olunmuşam. Gərək universitetdə yeniliklər edəm ki, yerimi bərkidəm, gözə girmək lazımdı. Nadir qaçmır.”

Kosmetikaya çox da aludə olmayan Nilufər tez-tez gözünün rəngini dəyişməyi xoşlayırdı. Bilirdi ki, yaşıl linzada Nadirin ağlını başından alır. Bu gün hazırlıqlı gəlmişdi. Dənizə girəndə linzasını çıxarmışdı. Yuyunub-geyindikdən sonra yenidən taxdı. Yüngülvarı sərxoş olan Nadir lap havalandı.

– Gözəlim! Gözlərinin alasına qurban olum!

– Nadir, yavaş. Camaat içindəyik.

- Olaq daa. Mən eşqimi gizlətmirəm. Kimsədən çəkindiyim yoxdur.

- Bilirəm mənim aşkım cəsurdur. Bir də baxassan işçilərin burdadır. Gedək.

- “Aşkım” nədi, gözəlim, məni öz dilimizdə əzizlə. Türk seriallarından öyrəndiyin sözlərlə dindirəndə elə bilirəm rol oynayırsan. Nə deyirsən de, ana dilimizdə de!

Nadirin iradından Nilufərin könlündə tufan qopdu. Onsuz da ətrafdan eşitdikləri, onları izləyən xoşagəlməz baxışlar qanını qaraltmışdı. Dodaqları büzüldü. Ağlamsındı. Bu halında elə gülməliydi ki. Nadir qızın cazibəsinə dayana bilmədi: -“Yaxşı, yaxşı... Arabir də böyük sözünə bax. İndi maşına. Yolçu yolda gərək.” Nilufərin məyusluğu duman kimi seyrəldi. Kişinin amiranə tonda danışmağını xoşlayırdı. İçinə dolan qəribə sevincdən, fərəhdən köksü qabardı. Uşaq kimi atlanıb sükan arxasındakı yerini tutdu: -“Sən içkilisən. Maşını mən sürəcəm.”

Sevgililər Bakıya doğru üz tutdular. Yol boyu Xəzərdən əsən meh ruha rahatlıq gətirirdi. Magistral yola çıxanadək susub fikrə daldılar. Səssiz söhbət edirdilər. Arada nəzərləri bir-birinə sataşırdı. Gülümsəyirdilər. Maşında elə rahat aura vardı ki! Nilufər çimib yüngülləşmiş, ağırlığını dənizdə qoyub gəlmişdi. Dedi-qoduçuların pıçıltısını eşitməsəydi, kefinə kef çatmazdı. O, Nadiri sevirdi və bu sevgidə xoşbəxtliyini tapmışdı. Gerisi taleyin əlindəydi.

Nadir isə özünün “viski qonaqlığında” mühüm bir qərara gəlmişdi: bu axşam evdə məsələni açacaqdı. Elnarənin razılığını alacağından əmindi. Oğullarından utanırdı. Bir də boşanma məsələsi karyerasına zərbə vura bilərdi. Sarsıtmasa da, laxladardı mövqeyini. Akifgil nə vaxtdır belə fürsət gözləyirdilər. Yeznə-qayın birləşib həngamə qoparacaqdılar. “Əşi, indi nə dövrdü? Fransa prezidenti Nikola Sarkozi boşanıb təzə arvad ala bilir, sıravi nazir Nadir Süleymanlı alammır??”

Nilufər vəzifə hərisi deyildi. Görüb-götürmüş ailənin qızıydı. Nadir nazir oldu, ya müəllim oldu onuncün fərqi yoxdu. İlk tanışlıqda bilməmişdi bu kişinin nazir olduğunu. İş işdən keçəndən sonra xəbər tutmuşdu ki, qəlbində taxt quran adam nazirdir. Nadirə də elə bu lazım idi – kişi kimi sevilməyi. Eşq Nadiri elə tilsimləmişdi ki, əlindəkilərdən əl çəkməyə hazırdı. “Yüksəklərdə uçmaqdan doydum. Nə qədər olar vəzifə dərdi çəkmək, bəsdir dəə?! Sevilən kişi olmaq... böyük səadətdir! Qalan ömrümü Nilufərə həsr edəcəm. Oğullarım tezliklə evlənib yerbəyer olacaqlar. Elnarəyə də mən lazım deyiləm. İndi daha özünün əli hər yerə çatır. O qədər qayğıyla yükləndim ki, başım da vaxtsız ağardı... Özüm üçün yaşamağın vaxtı çatdı artıq. Bu şansı əldən versəm...”

Ağsaçlı kişinin qəlbində tonqal alovlanırdı. Qarşıdan gələn payızını-qışını cavan sevgilisinin bahar ömrünün hərarətiylə isitmək istəyirdi. Nilufərin ömrünün yayında qızınmaq, o yayın Sevgi Günəşinin atəşində yanmaq istəyirdi. Maşın Bakıya doğru şütüyürdü. Nilufər mahir sürücüydü. Ona görə də Nadir tam arxayınlıqla ikisinin taleyini gözəlinin əllərinə etibar etmişdi. Nilufər həzin melodiyaların yazıldığı diski CD-pleyerə daxil etdi. Musiqi səsi maşına doldu. Nadir başını sükan arxasında olan Nilufərin çiyninə qoyub gözlərini yumdu. Bir azdan o da mahnı oxuyurmuş kimi həzin-həzin dilləndi:

– Nilufər, mənim Nilufərim! Sən ağac olsan, Nadir o ağacın altında çürüyən meyvə olmaq istəyər. Torpaq olsan, qar yorğanıyla sənin üstünü örtüb, şaxtadan-ayazdan qorumaq istəyər.

İlk dəfəydi Nilufər Nadirdən belə romantik sözlər eşidirdi. Əvvəlcə bilmədi kişi onunla zarafat edir, yoxsa ciddidir. Elə ki Nadir sözünü davam etməyə başladı, qız diqqət kəsildi:

- Nilufər, hərəmiz okeanın bir tayında olsaq və okeanın üstünə duman sallansa, mən gəmi olub yenə sənə doğru üzərəm... Bil ki, atmosferin ozon qatını yarıb keçsən, raketə çevrilib ardınca Günəşədək uçaram... Yağış olub göydən yağsan, torpaq olub səni canıma hopduraram... Alova çevrilsən, odun əvəzinə özümü sənin ağuşuna ataram... - “Buna noolub? Görəsən, hardansa əzbərləyib, yoxsa öz sözüdür?”

Nilufər eşitdiklərini hardasa oxuyub-oxumadığını götür-qoy etməyə macal tapmamış Nadir dalını gətirdi: - Sən çox bəyəndiyin “Lexus”a çevrilib səyahətə çıxsan, mən yol olub təkərlərinə döşənərəm... Dənizə çevrilsən, ada kimi qoynuna sığınaram... Aysberq olsan, suya dönüb səthini sığallayaram...

“Yoox, bunlar əzbərlənmiş sözə oxşamır. Deyəsən, aşkımın öz yaradıcılığıdı.” Aram-aram söylənən, sevgi dolu sözlər yavaş-yavaş Nilufərin varlığını sehrləyirdi. Qız EŞQin qanadlarında səmalara uçurdu. Nadirin səsi ilahidən gələn səda kimi ruhunu oxşayırdı: -Nilufər, mənim Nilufərim! Söz olsan səsə, musiqi olsan nota çevrilib tərkibinə daxil olaram. İkimizin birliyindən ecazkar musiqilər yaranar... İnformasiya xisləti daşısan, elektron vasitəyə çevrilib səni öz məkanımın hüdudlarında əsir saxlaram. Səni kimsəyə vermərəm!.. Kometa olub kosmosdan düşsən, kainat olub səni bağrıma basaram. Bizdən törəyən meteoridlər milyon-milyon illər Yer kürəsinə məhəbbət çiləyər!..

Nadir Nilufərin bütün vücuduna, varlığına çevrilmək istəyirdi, hər zərrəsinə çevrilmək istəyirdi. İstəyirdi.., istəyirdi.., elə çox şey istəyirdi ki! Əslində, bunların hamısını EŞQ istəyirdi. Ağsaçlı kişini dilləndirən, onu şairə, filosofa çevirən də EŞQ idi. Nadirlik bir şey yoxuydu. O anda Nadir qəlbinə sığmayan eşqini dünyaya bəyan etmək istəyirdi.

Nilufər elə təsirlənmişdi ki, daha heç nə eşitmirdi. Nadir gözlərini iri açmışdı. Sevgi dolu baxışlarla Nilufərə baxa-baxa nəsə deyirdi. Gözləri, dodaqları məhəbbət püskürürdü. Aeroport yolundan çıxsalar da, maşın 120 ilə gedirdi. Nilufərin məst olmuş zəkası sürəti aşağı salmağı unutmuşdu. EŞQin sehrli aləmindəki rahatlığı birdən... toqquşma səsi pozdu “daaaaanq!”...

Üç maşın qarın-qarına girmişdi. Fil dişi rəngində “Lexus” ikitərəfli əzilmişdi. Kiminsə salamat çıxacağı möcüzəydi. Bir anın içindəcə siqnal səsləri küçəni başına götürdü. Arxadan gələnlər maşınları saxlayıb köməyə tələsirdilər. Badımcanı taksidən boylanan bir arvad qışqırırdı:

- Aaaaa! Bunlar ki bayaq öpüşənlərdiiii!?.

aprel 2013

# 2940 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #