Gop və şok xəbərlər

Gop və şok xəbərlər
22 fevral 2016
# 17:35

Online və sosial media əsrin ən böyük kəşflərindən biridir və ümumi medianın ən gənc, hələ ki ən son qoludur. Buradan məlumatları, xəbərləri tez və asan əldə etmək olur. Bu gün televiziya, radio və qəzetin online mediaya uduzması faktdır. “The Telegraph”, “Financial Times”,” New York Times” kimi dünyaca məşhur gündəlik qəzetlər də oxucularına xəbəri daha tez çatdırmaq üçün, texnologiyanın bu üstünlüyündən istifadə etdilər. Dünya mediasındakı bu yenilik ölkəmizə XX əsrin son dəmlərində gəlib çatdı, özü də nə çatdı. 2000-ci illərin əvvəllərində ölkədə kompyuter və internet istifadəçilərinin az olması səbəbi ilə o qədər də populyar olmayan online və sosial media, on illiyin sonlarından texnologiyanın inkişafı, ölkədə internet istifadəçilərinin artması ilə öz aktuallığını artırdı və estafeti televiziyadan ala bildi. İnsanların çoxunun xəbəri internet üzərindən almağı üstün tutması həm də, saytların reklamçılıqda öz yerini möhkəmləndirməsinə gətirib çıxardı. Əgər hansısa siyasi partiyanın media qurumu deyilsənsə və ya maddi dayağın yoxdursa, o zaman reklam daha da vacibdir. Reklam, media orqanın maddi dayaqlarının möhkəmliyini təmin edən başlıca amillərdəndir. Tanıtım bannerlərini doldurmaq üçün oxucu sayı, oxucu sayını çoxaltmaq üçün isə, ölkədəki bir çox sayt redaktorlarında, xəbərə “ŞOK”lu və ya “GOP”lu başlıqlar qoymaq daxili tələbata, olmazsa olmaza çevrilib. İP sayını yüksəltməyə hesablanan, şüurlu şəkildə edilən bu gedişlər, xəbəri və xəbərləməni, xəbərçiliyi, yəni jurnalistikanı alçaldırlar.

Jurnalistika demişkən, özlərini “Analitik-xəbər” saytı və ya online qəzeti adlandıran bu media qurumlarında çalışanların jurnalistikanın hansı qolundan ayrılıb bura gəlməsi də düşündürücüdür. Amma çox düşünməyə ehtiyac yoxdur. Çünki bir çoxunun jurnalistikadan, xəbər yazmaqdan, axtarmaqdan, nəyin xəbərə çevrilə biləcəyindən, xəbəri nə cür yazmağın prinsiplərindən demək olar ki, xəbəri yoxdur. Düşünmə, düşündüyünü qeydə alma və paylaşma və ya məlumatı əldə edib, yayma azadlığından sui-istifadə etmək başlıca işləridir desək yalan olmaz. Jurnalistikanın beşiyi olan Fransa, Almaniya və İngiltərə kimi ölkələrin bir çox tanınmış xəbər portallarında hansısa müğənninin kimlə yaşaması, ayaqqabısının ölçüsü, yeni sponsor axtarışında olması, təhqir, söyüş və ya heç bir fakta dayanmayan, qaynağı bilinməyən xəbərlər yer almır. Bəlkə də gündəm boşluğundandır deyə düşünmək olar. Amma nəzərə alsaq ki, müharibə şəraitində, keçid dövründə və yerində olan ölkənin gündəmi boş olmaz və gündəm arxası da dolmuş hadisələr çox su apara bilər, demək ki boş olan gündəm yox, bəzi başlardır. Bizə jurnalist kimi özünü sırımağa çalışan başlar.

Ölkə və ya dünyanın siyasi və ya iqtisadi gündəminə toxunmaq istədikdə isə, özlərini yorub, əziyyətə salıb heç bir müstəqil iqtisadçıdan və ya politoloqdan müsahibə almaq məsələsi olmur. Bəs redaktor nə günə durur? O nəinki Azərbaycanın iqtisadiyyatından, hətta G20 ölkələrinin iqtisadi vəziyyəti haqqında palaz-palaz yazılar yazmağa, “qızıl xırdalamağa” başlaya bilər. Onu başa salan olmur ki, iqtisadiyyat statistika və zərgər dəqiqliyi ilə hesablamalar tələb edən bir elmdir. Sənin saytda yerləşdirdiyin “GOP” xəbərlər silsiləsi deyil. Birinci böhranda Gürcüstan və Ermənistanı bizdən asılı vəziyyətə salır, ikinci böhranda manatın lariyə uduzması ilə, manatın gününə ağlayırlar.

Bu səs-küylü gəlişin sükut içində gedişini görməmək üçün, auditoriyanı kəsə və ucuz yolla toplayan və əldə saxlamağa çalışan media işçisini, dəqiq xəbəri düzgün yolla, seçilmiş auditoriyaya çatdıran jurnalistlərlə dəyişmək vacibdir. Elə bu özü həm jurnalistika adına böyük xidmət olar, həm də oxuculara hörmətin bariz nümunəsi.

# 1295 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #