Gəlin nədən qorxur?

Gəlin nədən qorxur?
25 sentyabr 2014
# 09:12

Turanə Məlikli

Toydan qorxu sindromu

Sabah toydur. Budur ayaqqabı hazır, salon hazır və gəlinlik. Uşaqlıqdan xəyalını qurduğu bəyaz gəlinlik.

Güzgünün önündən asılmış ağ gəlinliyə doyunca baxdı. Ağ rəngin onun üçün xüsusi önəmi var idi. Uşaq saflığı ilə ağ rəngli paltarlarda "ağ günə "çıxacağını düşünürdü həmişə. Ağ gəlinlik onu xəyallara apardı. Vağzalı sədaları, əlində gözəl güllər və xoşbəxt sima.

Uşağa konfet söz verildiyi kimi ona da yeni həyat söz verilmişdi. Yeni bir həyat. Ancaq konfetdən fərqli olaraq "Alınan həyatlar geri qaytarılmır" nişanı var idi bu həyatda. Görəsən bu yeni həyatda ağ gəlinlik də " ağ günlər "i vəd edir? Al-əlvan rəngli dünyası yeni həyatda boz olmayacaqmı? Bunlar haqqında heç düşünməmişdi. Gəlinlik qarşısında öz-özunə danışmağa başladı. Bunu çox yaxşı bacarırdı. Əvvəllər hiss etmədiyi bir duyğunu kəşf etdi. O qorxurdu. Soyuq tər üşüdüyünü hiss etmək və qorxu. Bu nədir? Dəli oluram nədir? Mən qorxuram, çox qorxuram yeni həyatdan qorxuram. Gülüşümün nə vaxtsa yeni həyatda saxta olacağından qorxuram. Gülüşümün gözəl olduğunu deyirdi. Mən baxmırdım güləndə dişlərim necə görünür, ürəkdən gülürdüm... Yeni həyatda ürəkdən gülə bilməməkdən qorxuram. Dünyamın boz olmasından qorxuram. Onu xoşbəxt edə bilməməkdən onunla bir ömür bərabər addımlamamaqdan qorxuram. Verdiyim sözlərdən qorxuram. Yeni həyatda nəfəs ala bilməməkdən, qanadlarımın sınmasından qorxuram. İnsanlardan boğulub nəfəs ala bilməyəndə özümü qanadlarımla buludların üstünə cıxaraq nəfəs aldığıma inandırırdım.

Günahkar uşaq kimi heç nə demədən səssiz - sakit başımı qoyardım anamın dizinə. Yeni həyatda başımı qoyacağım bir dizin olmamasından qorxuram. Gələcək uşaqlarımın peşmanlığından həyat yoldaşımın məyusluğundan qorxuram. İlk dəfədir ki, mən həyatdan qorxuram. Üzməyi bilməyən uşağın dənizə atıldığı kimi atılıram yeni həyata... Bəlkə elə indi zəng edim ona qorxularımı deyim? O hamı kimi deyil, tam başqadır anlayar məni. Yox. O anlasa da digərləri anlamaz. Gəlin dəlidir deyə lağ edərlər. Bəlkə qaçım? Hər şeyi qoyum qaçım. Olmaz. Əxlaqsızdır deyə rişxəndlə arsızcasına arxamca gülərlər. Yazıq anam dözməz buna. Ən yaxşısı fikirlərdən qaçım girim yerimə. Alınmır qaça bilmirəm fikirlərdən. Gəlinlik rahat buraxmır məni. Ağ gəlinlik qara görünür gözumə.

Yuxu aparır məni. Kabus... Gəlin yuxudan ayılıb bütün bunların kabus olduğunu gördü. Çünki seçdiyi insanla heç nə onu qorxutmurdu. Gəlinliyinin ağ, ya da qara olması toyunun yaxşı ya da pis olmasının fərqi yox idi. Seçdiyi insanın gülüşü unutdururdu hər şeyi.

Əziz "Toydan qorxu" sindromu olan gəlinlər gülümsəyin.

Gülüşünüzün necə görsənməyindən asılı olmayaraq gülümsəyin. Heç bir makyaj vasitəsi sizi gülüşünüz qədər gözəl göstərməz. Həyat yoldaşınıza şəfqətlə, yeni həyata məğrurla gülümsəyin. Şəkillərdə yaxşı görsənmək üçün yox xoşbəxt olduğunuz üçün gülümsəyin. Ağ gəlinlikdə yeni ağ günlərə gülümsəyin.

Qorxularınızı gizlətmək üçün yox, qorxularınızı qorxutmaq üçün gülümsəyin. Əsas odur gülümsəyin.

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #