Əbədi mövsümçülər

Əbədi mövsümçülər
21 aprel 2014
# 16:36

Hekayə

Hamı — valideynlər, qohum-əqrəba, bəzən hətta qıraq adamlar da — and-aman eləyirdi ki, mütləq oxumaq, daha doğrusu, ali məktəblərdən birinə qəbul olmaq lazımdır. Qurtaranda barı adam olub bir yana çıxa biləsən. Bu qənaətdən sonra daha ayrı yol qalmırdı, kimin məhz haraya qəbul olmaq məsələsi, demək olar ki, lap uşaqlıqdan həll olunurdu. Bundan ötrü ibtidai siniflərdən başlayaraq yaxşı oxumaq, dərsləri yadda saxlamaq, qəbul ərəfəsində lüzumsuz çətinliyə düşməmək üçün yay tətili günlərində keçilənləri təkrarlamaq lazımdı.

Şübhəsiz, elələri vardı ki, bəri başdan onlardan heç kimin, heç valideynlərinin də gözü su içmirdi. Çünki onlar bütün günü küçələrdə boş-bekar dolaşır, vaxtlarını hər cür oyun, əyləncə ilə keçirir, bəzən qumara belə qurşanır, evə gecdən-gec qayıdırdılar. Belədə aydındı ki, onların dərslərlə məşğul olmağa vaxtı qalmırdı. Camaatın «avara» dediyi bu qoçaqlar bir neçə sinfi başa vurandan sonra oxumağın daşını tamam atır, çox vaxt peşə məktəbinə-filana, ya da elə axşam məktəbinə keçirdilər. Axşam məktəblərinə qalanda isə orada gündüz məktəblərindən çıxıb getmiş yeniyetmə-lərlə yanaşı xeyli yaşlı adam da külüng çalırdı, aralarında mağaza satıcıları, yaxud haranınsa fəhlələri də olardı, çünki daha yaxşı işə keçmək üçün onlardan da nəsə bir məktəb bitirmək barədə kağız tələb edərdilər.

Ancaq belə avara-sərgərdan gəzənlər azdı. Çoxları təhsilə meylli idi, ətrafdakılar da onları inandırırdılar ki, cani-dildən çalışsalar, mütləq qəbul olacaqlar. Yay aylarında, qəbul imtahanlarının vaxtı gələndə nələr baş verdiyini kaş ki, gözünlə görəydin! Qonşular, məhəllə sakinləri, qohum-əqrəba, dost-tanış, qərəz, bütün qəsəbə əhli, küçədə, bazarda, ya nə bilim, daha harada qarşılaşdılarmı, ilk növbədə kimin necə imtahan verdiyi ilə maraqlanırdılar.

Qəbul olmaq istəyənlər arasında öz bəxtini altıncı, yeddinci, hətta lap onuncu və nə bilim neçənci dəfə sınayanlar da vardı. İmtahanlar mövsümündə onlar qüvvələrini bir daha yoxlamaq üçün Bakıya axın-axın yola düşürdülər. Buna baxmayaraq mövsümün axırlarında ancaq az bir qisim oradan xoş xəbərlə geri qayıdırdı. Böyük çoxluqsa hər il dörd qəbul imtahanın birindən kəsilirdi, bəziləri isə imtahanları versələr də, müsabiqədən keçə bilmirdilər. Qayıdanbaş kimsə onları sorğu-suala tutmazdı. Zatən vaxtından qabaq geri dönmələrinin özü hər şeyi faş edirdi. Geriyə qayıtdıqdan sonra bu adamlar günlərlə ayaqlarını evdən bayıra qoymur, beləcə bir müddət imtahanlar haqqında sorğu-sualdan yayınmağa çalışırdılar. Daha sonra da, növbəti imtahanlar mövsümünədək, yüngül bir işə düzəlir, ya elə öz hesablarına məzuniyyət götürdükləri əvvəlki işlərinə qayıdırdılar. İş yerində daimi işçi sayılmadıqlarından onlara bir elə fikir vermirdilər, arada ali məktəbə düşə bilməməklərinin səbəbiylə maraqlanır, indiki imtahanların təhər-tövrü barədə onların fikrini bilmək istəyirdilər. İndi onlar, əksinə, işdə, küçədə, ya elə harada gəldi imtahan verdikləri böyük şəhərdəki sonuncu sərgüzəştlərindən ağız dolusu danışırdılar. Əgər qızlar daha çox qəbuldakı qanun-qaydadan söhbət edir, axırda bir müəllimin necə mehribanlıqla onlara «Get, qızım, bir az da yaxşı hazırlaş, gələn il gələrsən» deməsindən danışırdılarsa, gənclər qəbul olmaq istəyənlərin çoxluğundan, müəllimlərin hədsiz «qansızlığından» şikayət edirdilər. Çox vaxt da deyirdilər ki, əslində hər şey yağ kimi gedəcəkdi — o qəddarlardan biri rastlarına çıxıb düşməncəsinə «sən burda oxumayacaqsan» deməsəydi. Gənclər öz söhbətlərində bəzən ya sənədlər götürülən yerdə işləyən, ya da qəbul olunmaq istəyənlərin arasındakı bir qızı da xatırlayırdılar. «Tarixçənin» bu yerində onlara xüsusi diqqətlə qulaq asırdılar, söhbət də belə qurtarırdı ki, gələn dəfə həmin qızı hökmən axtarıb tapacaqlar, onları qəbul olunanların arasında görən o əzazil müəlliminsə gözü kəlləsinə çıxacaq.

Yenə imtahanların vaxtı yaxınlaşır, həmin bu mövsümçülər də evdən getdikcə daha az-az çıxırdılar. Yenə də onlara yaxın düşmək, baş çəkmək, onları heç bircə dəqiqə də narahat eləmək olmazdı. Axı imtahanlara hazırlaşırdılar və yerdə qalan nə vardısa, bu vaxt onlardan ötrü əhəmiyyətsiz idi. Yayın ortalarında yenə bütün qəbul olunmaq istəyənlər böyük şəhərə yola çıxırdılar — özü də kitablarla, bir də, onların fikrincə imtahanlarda kara gələ biləcək hər cür əşyalarla doldurulmuş olan iri çamadanlarla. Bu oxumaq istəyən gənc oğlanları və qızları daha çox qonşular, qohum-əqrəba, dostlar, hətta vaxtilə oxuduqları məktəbin müəllimləri yola salır, kiçik vağzal stansiyasında dayanıb onları ciddi-cəhdlə son dəfə inandırmaq istəyirdilər ki, bu il nəhayət qəbul olunacaqlar. Ancaq bir neçə gün keçmiş qatar, cüzi bir azlığı, vur-tut bir neçə nəfəri paytaxtda qoymaqla, gedənləri yenidən geriyə gətirirdi, düzdü, hamısını birdən yox: əsasən bir-bir, ya iki-iki.

Sonra da hər şey yenidən təkrar olunurdu: uğursuz mövsümçülər bir az keçmiş yenə də camaat arasında görünməyə başlayır, ötən ilin imtahanlarından əhvalatlar danışır, oraya əvvəl-axır qəbul olacaqlarını sübut eləmək istədikləri həmin müəllimdən, axtarıb tapmalı olduqları o qızdan söz açırdılar. Bir neçə ay keçmiş də təzədən hamılıqla təntənəli ötürmələr, daha sonra da gizlincə tək-tək geri dönmələr başlayırdı.

Hərdən bu mövsümçülər arasında uşaq çağlarından həyatlarındakı ən böyük arzudan — ölkənin ən yaxşı təhsil ocaqlarında oxumaq xəyalından əl çəkmək istəyənləri də olurdu. Bu qənaətə bəziləri qalın-qalın kitablar oxuyandan sonra özləri, digərləri ata-analarının istəyi, məsləhəti, ya da başqalarının təkidiylə gəlirdilər. Mövsümçülərdən qopub ayrılan bu «dönüklər» şəraiti məcburiyyət üzündən nəzərə alaraq, ali məktəblərin daha az nüfuzlusuna girməyə çalışırdılar ki, bu da bəzilərinə doğrudan da nəsib olurdu. Ən yaxşı ali məktəblərə daxil olan “seçilmişlər”, bu tək-tük bəxtəvərlərsə təhsili başa vurandan sonra da çox vaxt geriyə dönmək istəmir və özlərinə oxuduqları böyük şəhərin qoynunda yer eləməyə çalışırdılar.

Və nəhayət, mövsümçülərin böyük bir qismi uzun illər boyu etdikləri ciddi-cəhddən sonra arzuladıqları məktəblərə qəbul ola bilməyəndə oxumaq imkanından məhrum olurdular. Çünki müəyyən yaşa çatandan sonra artıq əyani məktəblərə qəbul etmirdilər. Əyani olmayan təhsilsə çoxlarına qeyri-ciddi görünürdü, bəzilərinə isə savadsız satıcılar, fəhlələr, sözə baxmayan şuluq uşaqlar üçün nəzərdə tutulmuş axşam məktəblərini xatırladırdı. Buna görə də belələri ölkənin baş şəhərinə öz yürüşlərini dayandırmalı olurdular.

Amma arabir qəribə şeylər də olurdu: bəzən avaralardan birinin ali məktəbə qəbul olması haqda xəbər yayılırdı.

Qəsəbədə Əsəd kişi adında bir bənna yaşayırdı, yaxşı bir usta, gözəl bir sənətkar kimi bütün ətrafda ad çıxarmışdı. Əsədin tək bir övladı var idi, bu tək oğlunu da kişi nə çətinliklə tapmışdı. İndi onun orta məktəbi qurtarmağına az qalanda Əsəd bu fikrə düşdü ki, aman-zaman bir oğlunu instituta qoysun. Uşaq amma küt idi, nə məktəbdə bir düzəməlli oxuyurdu, nə də ümumən kitab-dəftərlə məşğul olmağa həvəsi varıydı. Buna baxmayaraq, kişi daha fikrindən dönmək istəmirdi. Onu bir məktəb dəllalı ilə də tanış eləmişdilər, o da universitetin tarixinə iyirmi min manat, o biri fakültələrinə isə on min manat istəyirdi. Əsəd kişi çox fikirləşdi ki, görsün, bunun hansı daha ağlabatan olar. Orda-burda tanıdıqlarıyla məsləhət elədi, hamı dedi ki, oğlu universitetin harasını qurtarsa, axırda müəllim olacaq, tək hüquqla tarixdən başqa: hüququ qurtarsa prokuror olacaq, ya da hakim, ya da heç olmasa silistçi, yəni müstəntiq. Amma hüquqa indi pul-parayla girmək çətindi, ona görə tarix ağlabatandı. Oranı qurtarsa, oğlu komsomol, partiya qurumlarında işləyə bilər. Əsəd kişi də bir az götür-qoy eləyəndən sonra axırda bu qərara gəldi ki, daha oğlunu məktəbə qoymaqdı qoymaqdı, qoy onda elə yaxşısına, yəni tarixə qoysun ki, gələcəkdə o da yaxşı bir vəzifədə işləyə bilsin. Qalırdı bu iyirmi mini haradan və necə düzəltmək məsələsi. Buna görə qərar verdi ki, evi satsın. Kişi özünə ikimərtəbəli bir ev tikmişdi ki, gəl görəsən.

Əsəd kişinin özündən kiçik dörd qardaşı varıydı, hamısına evlənməkdə kömək eləmiş, üstəlik hərəsinə bir ev də tikib peşkəş eləmişdi. Bir axşam qardaşlarını külfətləri ilə bir yerdə başına yığıb, məqsədini bildirdi:

- İçimizdə indyiə kimi oxuyan olmayıb, biz elə hamımız sənət öyrənmişik. Sənət gözəl şeydi, hara getsən də, nə olsa da, həmişə çörəyin olacaq. Amma indi deyirəm, gərək bu gədəni birtəhər məktəbə qoyam. Tək oğuldu, qoy bunun da bir diplomdan-zaddan bir şeyi olsun. İndi diplomsuz adamı adam hesab eləyən yoxdu.

Arvadı da onun dediyinə qüvvət verdi:

- Baxırsan, elə əskik adamların uşaqları diplom alır, vəzifəyə qoyulur ki, bu onlara heç yaraşmır da. Aman-zaman tək bir oğuldu, bu niyə oxumasın, sabah yaxşı bir vəzifədə işləməsin?

Əsəd kişi sözünə davam elədi:

- Məsləhət elədim, mənə dedilər ən yaxşısı tarixdi. Oranı qurtarıb qamsamolda, partiyada işləyəcək. Bu işi də düzəldən adam var, iyirmi min istəyir. Da başqa nəyə gücüm çatacaq, istəyirəm evi satam. Müştərilərim var, ev tikdirib oğul evləndirmək istəyirlər, desəm, göydə götürəcəklər. Bu evin ən azından qırx min manat qiyməti var. Bunu satacam qiymətindən bir az aşağı, amma bir şərtlə: alan adam gərək mənə bundan sonra altı ay vaxt versin ki, həmin pulun qalanına özümə təzə bir ev tikəm. İndi bu işdə gərək siz mənə kömək eləyəsiniz. Yoxsa bu yaşımda təzədən ev tikmək mənə çətin olacaq.

Kişi işdən qohumlarını agah edən kimi ondan sonrakı qardaşı söz aldı:

- Əsəd, övlad da sənindi, ev də sənindi. Bizim də hamımıza nə qədər kömək eləyibsən, hərəmizə bir ev tikib veribsən, boynumuzda haqqın var. Necə bir usta olduğunu hamı bilir, necə bir doğru-dürüst adam olduğunu da. Bütün qohum-əqrəba, qonum-qonşu hamı sənin başına and içir. Amma tək bir yandan kasadlığın var, bu da oğlun Rüfətdi. Sən tək oğuldu deyib, bunu ərköyün eləyibsən, bu da indi əndazəsindən çıxıb. Yaxşı, zəhmət olmasa, bir de görək, bu indi özü hardadı? Biz indi burda bunun söhbətini eləyirik, buna gün ağlamaq istəyirik, amma özü yanımızda yoxdu. Yəqin yenə avara-avara gəzməkdədi, ya özü kimi avaralarla bir yerdə çayxanada boş-boşuna laqqırtı vurmaqda, ya da araq içməkdə, ya da ki, nə bilim, nə kimi nalayiq işlərin dalındadı. O gün onu yolda gördüm; görürəm, düz yeriyə bilmir, ləngər vurur, dedim yəqin içib yenə hardasa, istədim qolundan tutub evə gətirəm. Sonra gördüm yox, aşna, bunun halı başqadı: yəqin, ya nəşə çəkib, ya da o təzə çıxan dərmanlar var, içərisində uyuşdurucu olur, onlardan atıb. Da eləcə onu yolun ortasında qoyub qayıtdım. Əsəd, yenə ağsaqqalımızsan, məsləhət sənindi. Mən öz tərəfimdən sənə təzə ev tikməkdə nə köməklik lazımdı eləyəcəm, işdən gəlib, burada səninlə bir yerdə işləyəcəm, bazar günləri də onu kimi. Amma mən icazənlə bir şeyi deyim: sən özün əlinin zəhmətiylə, halal qazancın, halal çörəyinlə bu evi tikibsən, indi də bunu satıb oğlunu məktəbə qoymaq istəyirsən. Amma bu oğlunu sən zəhmətə, əziyyətə öyrətməyibsən. Bir adam ki, zəhmətə, əziyyətə qatlaşa bilmədi, ondan heç nə çıxmayacaq, ona çəkilən əziyyət də gec-tez zay olacaq.

Əsədin o biri qardaşları da bu deyilənləri təsdiq elədilər və bir ağızdan dedilər ki, canla-başla kömək eləməyə hazırdılar, amma bu işin bir faydası olmayacaq: Rüfət məktəbə qəbul olsa da, oxuya bilməyəcək və onu bir gün oradan qovacaqlar. Ona verilən pul da, çəkilən əziyyət də batacaq.

Əsəd kişi eşitdiklərindən tutulmuşdu, qardaşlarına cavab olaraq dedi:

- Düzdü, gədənin bir az ərköyünlüyü var. Amma o pulu verəcəyim adam uşaq məktəbə girəndən sonra bizi həmin universitet müəllimi ilə tanış eləyəcək. Həmin müəllimə də pul elə-belə verilmir ki; o uşağın tam axıra kimi oxuyub qurtarmasına boyun olur, lap diplom alana kimi.

- Yaxşı, bəs bir belə adam nə təhər oxuyub diplom alır? Guya onların bir savadı var? Rüfətin onlardan nəyi əskikdi? Ona nolub, oxuyacaq da, diplomunu alıb yaxşı bir işdə işləyəcək də, – arvadı Əsəd kişini təkrarən dəstəklədi.

Qardaşları Əsəd kişiyə yenə də bu işdən vaz keçməyin daha yaxşı olduğunu dedilər. Amma yengələr Rüfətin tərəfini saxladılar: tək oğuldu, qoy oxuyub bir yana çıxsın. Sonra da dedilər ki, onlar da, əllərindən nə gəlir, qohumlarına kömək eləyəcəklər. Bundan elə beş-on gün sonra Əsəd kişi evin müştərisini tapıb, onunla sövdələşdi, dediyi şərtlə evi ona otuz min manata satdı, sonra da pulun iyirmi minini həmin məktəb dəllalına verdi, qalan pula da qəsəbənin başqa yerində bir məhlə yeri götürüb təzə ev tikməyə başladı.

Bəs indi bu universitetin tarix fakültəsinin özündə nələr baş verirdi?

Əvvəllər yaxşı idi: hər il qəbul üçün ayrılan yetmiş beş yerdən ən çoxu otuzu - otuz beşi tapşırılardı. Vəzifəlilərin, orqan işçilərinin övladlarına hüquq fakültəsinə daxil olmağı qadağan eləyəndən sonra isə vəziyyət dəyişdi. “Böyük adamların”, demək olar ki, hamısı öz uşaqlarını indi də tarixə “dürtüşdürməyə” çalışırdılar. Tarixdə azad yerlər beləcə ildən ilə azaldı, axırda qaldı on yer. Bu on yerin üstündə isə müəllimlər arasında qırğın idi. Birinci növbədə onlar öz övladlarının buraya qəbul olmasını istəyirdilər. Bəziləri isə dəyiş-düyüş tərəfdarı idilər. Deyək ki, onlardan kimsə filologiya fakültəsindən bir müəllimin uşağının tarixə qəbul olunmasına kömək eləyir, əvəzində də onun övladı bu gəncin atasının köməyi ilə filologiyaya daxil olurdu.

Yeri gəlmişkən, bu dəyiş-düyüş üsulundan bütün fakültələrin müəllimləri yararlanırdılar. Bir iş də var idi ki, başqa fakültələrin çoxunda yerlərin yarısını, ya heç olmasa, üçdən birini sərbəst buraxırdılar və beləcə yaxşı hazırlığı olan gənclərin bunlara qəbul olmaq imkanı olurdu. Dəqiq elmləri öyrədən fakültələrdə hətta əksər yerlər sərbəst qalırdı və savadlı gənclərin ixtiyarına verilirdi.

Tarixdə isə sonuncu razılaşma beləydi: həmin sərbəst on yerdən beşi tarix fakültəsinin müəllimləri üçün mübadiləyə buraxılır, beşi isə satılır. Müştəri də ki, nə qədər istəsən.

İmtahan komissiyasının sədrini həmişə kafedra müdirlərindən təyin edərdilər. O da imtahan başlamamışdan qabaq siyahını gətirib qəbuldakı müəllimlərə təqdim edər, kimlərə, hazırlığından asılı olmayaraq, qiymət yazmalı olduqları haqda göstəriş verib gedərdi.

Tarix fakültəsinin dosenti Zirəddin Möhsünov çoxdan burada yerlərin alınıb-satılmaq işini nizamlayanlardan idi. Elə olurdu, ildə iki-üç tələbə qəbul elətdirirdi. Məktəb dəllalı bir yer üçün alınan iyirmi min manatdan iki minini özünə götürür, yerdə qalan on səkkiz min manatı da Zirəddinə ötürürdü. Zirəddin də bu pulun az qala yarısını — səkkiz minini imtahan komissiyasının sədrinə verirdi; deyirdilər ki – babalı bunu deyənlərin boynuna — guya o pulun da beş mini rektorun özünə çatır. Bundan sonra Zirəddin qalan puldan üç minini özünə götürür, dörd minini də əsas fəndən — tarixdən qəbula düşən müəllimlərə paylayırdı. Yerdə qalan üç imtahanın hərəsinə də əlavə min manat verirdi.

Saməddin Qayıbov da neçə il idi ki, tarix fakültəsində dosent idi. Onu hər il qəbula salmaq istəyirdilər – bəlkə də sakit, sözəbaxan, həlim təbiətli bir adam olduğu üçün – amma kişi qəbulda ondan nə tələb edəcəklərini bildiyindən hər dəfə bir bəhanə ilə boyun qaçırardı.

Tarixdəki müəllimlərin içərisində Saməddindən də başqaları var idi ki, vəziyyətlə barışmaq istəmir, hətta bu barədə yuxarılara məlumat verməyi, bu işi yerli partiya qurumları həll etməsə, Moskvada, Mərkəzi Komitə qarşısında məsələ qaldırmağı düşünürdülər. Son vaxtlar bu məsələ, ümumiyyətlə, onların arasında mühüm bir mövzuya çevrilmişdi. Tez-tez şikayətlənirdilər ki, belə getsə, Azərbaycanda tarix elmi bərbad hala düşəcək. Bəs sabah Azərbaycan torpaqlarına iddia edən olsa, onun cavabını kim verəcək?


Bu ilki qəbul imtahanlarının başlanmasına iki ay qalmış işlədiyi kafedranın müdiri Saməddini yanına çağırdı.

- Saməddin, bilirsən, nə var? – deyə professor sözə başladı. — Sənin qəbul imtahanlarına düşmək istəmədiyini mən bilirəm. İndiyə kimi imtahan komissiyasının sədri kimi sənə neçə dəfə demişəm, həmişə imtina eləyibsən, mən də üstünü vurmamışam, çünki sənə hörmətim var. Amma indi məsələ bir az başqa cürdü: o gün rektor məni çağırmışdı, məni bu il də imtahan komissiyasının sədri qoyub, özümə də tapşırdı ki, səni gərək qəbula salım. Bax, mənlik deyil, istəmirsənsə, gərək rektorun özünə deyəsən.

Saməddn qaldı beləcə xırtlaya-xırtlaya. Qardaşı Mərkəzi Komitədə yüksək vəzifə sahibi olduğun-dan, rektorun qılıncının dalı da, qabağı da kəsirdi, əlinin üstündə əl yox idi. Özünü qanunpərəst, gənclərə canı yanan bir adam kimi göstərsə də, çox vaxt istər tələbələr, istərsə də müəllimlərlə qəddar və kobud davranar, istədiyini təhqir eləyər, onlara istədiyi sözü deyib, hətta söyüş də işlədərdi. Bir sözü o dedi, bir kimsənin hünəri nəydi ki, bundan kənara çıxsın. Saməddin də bilirdi ki, rektorun yanına gedib qəbula onun yerinə başqa adamı salmasını xahiş eləməyin xeyri yox idi, o yenə onsuz da bildiyini edəcəkdi və özünə də üstəlik onun sözündən çıxmaq istəməsinə görə ağzına gələni deyəcəkdi. Saməddin beləcə birinci dəfə qəbula düşməyə razılıq verməli oldu.

Tarix fakültəsində Saməddinin dərdləşdiyi, yaxın münasibətdə olduğu dosentlərdən biri də Hüseyn müəllim idi. Bir-birinin xeyrində-şərində iştirak edər, ailəliklə bir-birinə qonaq gedərdilər. Bu dəfə də Hüseyn müəllimin qızının ad günü idi. O da Saməddin kimi təmtərağı, cah-calalı xoşlayan adam deyildi, həmin gün də qonaqlar üçün sadə bir süfrə açmışdı. Məclis bitəndən, qonaqlar dağılışandan sonra, Saməddin ailəsi ilə birgə hələ bir müddət də ləngidi. Gənclər otaqlardan birinə yığışıb öz aralarında söhbət eləyir, arvadlar da yenə mətbəxdə əlləşirdilər. Dostuyla masa arxasında indi tək oturan Saməddin dərdini ona danışırdı:

- Belə də işmi olar? Bu ölkədə qanun-qayda elə bil heç kimə lazım deyil. İstəməyə-istəməyə rektor məni zorla qəbula saldı. Gərək indi mən də onların oynunu oynayam, dedikləri adamlara yuxarı qiymət yazam, demədiklərinə də aşağı. Belə də dərdmi olar, başqa millətlərdə belə şey yoxdu, tək bizdədi. Biz bir-birimizi sevmirik, bir-birimizə nifrət edirik. Bunun axırı necə olacaq?

- Saməddin, başqası belə desə, onu qınamaram, çünki camaatın əksəriyyəti öz gündəlik işiynən-gücüynən, ailəsiynən, uşaqlarıynan məşğuldu, ona görə də onların çox məsələdən xəbəri yoxdu, ya imkanı, vaxtı, həvəsi yoxdu ki, nəyisə araşdırsın, öyrənsin. Amma sən də tarixçi ola-ola bu sadə adamların dediyini deyirsən. Qardaşım, sən ki, bilirsən, müstəmləkə siyasəti necə olur. Əsarət altına alınmış xalqın öz içərisindən onu idarə etmək üçün dəstə yaradılır, bu dəstə də müstəmləkəçi rejimə qulluq edir. Həmin xalqın layiqli oğullarına meydana çıxmağa imkan vermirlər, bu elitanın əliylə onları əzib sıradan çıxarmağa çalışırlar. Buna görə də həmin xalq bölünür, içərisinə nifaq salınır, bir-birindən narazılıq, bir-birinə nifrət baş alıb gedir. Belə olmasa, bu xalqı əsarətdə saxlamaq olmaz axı. Amma gec-tez hər bir müstəmləkə rejimi sona çatır. Vaxt gələr biz də müstəqil olarıq, azadlıq əldə edərik. Onda da xalqın ən yaxşı, ən qabiliyyətli oğulları dövlətimizin başında dayanacaq, ölkə də ədalət, qanun bərqərar olacaq.

- Hüseyn, dediklərin yaxşıdı, təsəllivericidi. Amma bu nə vaxt olacaq və, ümumiyyətlə, olacaqmı? Sonra bizdən sən dediyin vaxt gələnə kimi nə qalacaq? Sən özün də bilirsən — nə qədər xalqlar olub ki, belə müstəmləkə siyasəti nəticəsində öz dilini, mədəniyyətini, varlığını itirib, öz tarixinə yadlaşıb. Bizə qarşı yüz yetmiş ildir ki, rus imperiyası belə bir siyasət aparır. Biz bundan qurtara biləcəyikmi?

- Bu uzun çəkməyəcək, özün görəcəksən, — dedi Hüseyn müəllim.

- Düzdü, müstəqil olandan sonra da biz hələ bir müddət bu müstəmləkə illərinin təsirindən qurtara bilməyəcəyik. Amma vaxt gələcək, su durulacaq, yenə də hər kəs, hər şey öz yerini alacaq.

Saməddin Vəzir müəllimlə bir yerdə imtahan götürməliydi. Bu həmin Vəzir müəllim idi ki, ona tələbələr arasında “yüzlük Vəzir” deyərdilər. Bu adam tələbələrdən sessiya vaxtı imtahan götürəndə qiyməti, yəni “dördü” yüz manata yazardı. Düzdü, hamıdan istəsə də pul ala bilməzdi; gəl görüm, indi raykom katibinin, prokurorun övladından pul ala bilirsənmi — dədəni dalına şəlləyərdilər. Bu cür tələbələrin qiyməti qabaqcadan hazır idi, özü də ən azından onlara “yaxşı” yazmalıydı ki, ondan narazı qalmasınlar. Amma bunların içərisində lotu-potusu da çoxuydu. Bəziləri gedib atasına imtahan tapşırtmaqdansa elə Vəzir kimisinə yüz manat ötürməyi daha münasib bilirdilər.

Zirəddin müəllimin bu ilki müştərisi tək Rüfət idi. O da Rüfət üçün başqa üç imtahandan arxayın idi, tarix imtahanın özünə qalanda da inanırdı ki, Saməddin nə olsa da susub duracaq, Vəzirə də iki min manat verməklə oğlana lazımi qiyməti yazdıracaq. Həm də fikirləşirdi ki, Saməddinə pul vermək lazım olmadığından indi iki min də əlavə qazana bilər. Amma Vəzir əl çəkməyib Zirəddindən min də artıq qopardı; yəni, həmkarını Saməddinə çatmalı olan iki mini bir növ onunla bölüşməyə məcbur elədi.

Tarix imtahanı bu dəfə yenə də sonuncu imtahan kimi salınmışdı. Universitetin auditoriyalarından birində yüzə qədər abituriyent toplaşmışdı: bu üç imtahandan sonra bu il tarixə iş verənlərdən yerdə qalanı idi.

Əlövsətlə Mirdamət iki qardaş idilər. Mirdamət Əlövsətdən iki yaş kiçik idi və gözü də bir az zəif görürdü. Neçə illər idi ki, hər ikisi eyni yerə — universitetin tarix fakültəsinə iş verir, amma qəbul ola bilmirdilər ki, bilmirdilər. Mirdamətə çoxları onun gözləri üçün bu qədər kitab oxumağın, həddən ziyadə gərginlik keçirməyin zərərli olduğunu desələr də, o yenə də bildiyindən əl çəkmirdi. Eynək taxmaqla da arası yoxuydu, çünki yaxını gördüyündən kitab oxuya bilirdi, uzağı görməksə ona sən deyən vacib deyildi. Mirdamət kitabla yatıb, kitabla durardı, bundan yana da tarix üzrə dərsliklərin, vəsaitlərin hamısını əzbər bilərdi, hardan soruşsan, ordan cavab verərdi. Gecə saat üçdə də qaldırıb soruşsaydın, elə bir tarixi hadisə, elə bir inqilab, müharibə, ya elə bir döyüş yox idi ki, Mirdamət bunun nə vaxt baş verdiyini deyə bilməsin.

Mirdamət qabağa gələndə Saməddin dərhal onun gözünün zəif gördüyünü sezdi. Öz-özünə fikirləşdi ki, belə zəif görən adamın hazırlığı nə olacaq. Amma Mirdamət ona düşən suallardan birincisini elə dərindən, elə ətraflı izah elədi ki, Saməddin heyran qaldı. İkinci suala isə Mirdamət çox-qeyri adi başladı; biletinə düşən növbəti mövzunun çətinliklərini ortaya qoydu, dərslikdə bununla bağlı yazılandan nə dərəcədə qane olub-olmadığını dedi, əlavə oxuduğu bir neçə kitabdan misal gətirərək fikrini izah elədi. Bundan sonra Mirdamətin tarix elmini necə sevməsi, qəbulda soruşulan “SSRİ tarixi” deyilən rus tarixini, az, ötəri soruşulsa da, Azərbaycan tarixini necə dərindən bilməsi Saməddinə aydın oldu.

“Tarixçidir”, — deyə Saməddin fikirləşdi. — “Gözəl tarixçidir. Bir balaca bunu istiqamətləndirsən, bəzi qaranlıq mövzulara işıq sala bilər. Belələrinə ehtiyac böyükdü”. Əsas da bu gəncdə duyduğu, Saməddinə yaxşı tanış olan yanğı idi; həqiqəti bilmək, araşdırmaq yanğısı. Saməddin əmin idi ki, belə bir yanğısı olmayan adam tarixçi ola bilməz. Bir də ki, Mirdamətin baxışlarındakı genişlik onu valeh elədi: “Gör məsələyə indidən necə kənardan baxa bilir, necə ümumiləşdirmələr aparır. Biz azərbaycanlılar doğrudan da istedadlı xalqıq, həm də elmə, sənətə olan məhəbbət bizdə çox güclüdür. Bəlkə elə buna görə də elmə bu qədər həvəsi, ehtiyacı, marağı olan bir xalq bunlardan qəsdən, kiminsə əliylə məhrum edilir ki, zəlil günə salınsın. Tarixini, keçmişini öyrənə bilməyən bir xalq isə azad ola bilməz, o köləliyə, başqalarından asılılığa məhkumdur”.

Mirdamət artıq üçüncü suala keçmişdi; yenə də mövzunu elə dərindən, elə ətraflı izah eləyirdi ki, deyərdin, bu özü elə universitet müəllimidir.

- Kifayətdir, aydındır, - Saməddin onu dayandırdı. – Siz mövzunu bilirsiniz, arxasını danışmağa ehtiyac yoxdur.

Mirdamət Vəziri yaxşı tanıyırdı, onun kələklərinə də az-çox bələd idi, indi Vəzirin yenə də qəbula düşdüyünü sezəndə, ürəyi sancmışdı. Amma Saməddini tanıya bilməmişdi. İndi Saməddinin sifətini daha yaxşı görmək üçün gözlərini bir də qıydı: yox, bu adam ondan indiyə kimi imtahan götürməmişdi, kimiydisə, təzə adamıydı. Görəsən onu niyə saxladı, qoymadı üçüncü sualı axıra kimi danışsın? Amma bu dəfə onsuz da xeyri yoxuydu, “əla” almasa, buradan heç yana getməyəcəkdi.

Saməddin onun imtahan vərəqəsinə baxdı: əvvəlki hər üç imtahandan “yaxşı” almışdı.

- Siz neçənci ildi imtahan verirsiniz? — Saməddin ondan soruşdu.

- Altıncı il, — müəllim Mirdamətin yaralı yerinə toxunduğundan, oğlan az qala ufuldaya-ufuldaya cavab verdi. – Sonra da Saməddinin ondan nəyı soruşmaq istədiyini başa düşüb, davam elədi. – İndiyə kimi hər dəfə müsabiqədən keçməmişəm.

Bu il birinci dəfə olaraq rektorun göstərişi ilə universitet binasının qabağında televizor da quraşdırmışdılar, amma gündüz vaxtı olduğundan ekranda heç nə görmək olmurdu. Buna baxmayaraq imtahan verənlərin valideynləri, yaxınları yenə oraya yığışıb heç olmasa imtahanın gedişinə qulaq asmaq istəyirdilər. Düzdü, imtahan otaqlarında baş verənləri bu televizordan eşitdiyinlə anlamaq çətin idi, amma yenə də ucundan-qulağından nəsə başa düşmək olurdu: gah bir, gah da başqa fakültəyə qəbulun necə keçdiyi haqda canlı yayım verirdilər.

Saməddin heç nə deməsə də, Mirdamətin dediklərindən necə təsirləndiyi duyulurdu.

Bu vaxt iki nəfər kamera ilə içəri girib indi də tarix fakültəsinə qəbul imtahanını canlı yayımlayacaqlarını dedilər.

- Bu dəfə mənə “əla” yazmasanız, buradan heç yerə getməyəcəm,

- Mirdamət bu çəkilişdən ürəklənib, gözlərini yenə də qıyaraq, qətiyyətlə Saməddinə baxdı.

- Mənim sizə “əla” yazmaq ixtiyarım yoxdu, bunu ancaq komissiya edə bilər, — Saməddin sakitcə dedi.

- Komissiya çağırın, olsun, — Mirdamət də sakitcə, amma yenə də qətiyyətlə bildirdi.

- Komissiyalıq burda bir şey yoxdu, bu yaxşı uşaqdı, hazırlıqlıdı — mən özüm ondan əvvəllər də imtahan götürmüşəm - qiyməti də “yaxşıdır”, — bayaqdan bəri yerində qurcuxa-qurcuxa gözü önündə baş verənləri narahatlıqla izləyən Vəzir müəllim komissiya çağırılmasına mane olmaq istədi. Televiziya çəkilişinin belə bir çətin məqama düşməsi də onu o biri tərəfdən dilxor eləmişdi.

Vəzir əvvəllər iki dəfə Mirdamətə məcbur “yaxşı” yazmalı olmuşdu. Amma sonuncu dəfə çığırda-çığırda ona “kafi” yazdı. Çünki vəziyyət elə yaranmışdı ki, “yaxşı” alsaydı, Mirdamət müsabiqədən keçə bilərdi. Buna görə də onu bir yolla dolaşdırıb “kafi” yazması lazımıydı. Amma bu da asan məsələyə oxşamırdı; Mirdamət biletindəki bütün suallara bülbül kimi cavab verirdi. Birdən Vəzir onu dayandırıb soruşdu:

- De görüm, Qrünvald döyüşü neçənci ildə olub?

- Min dörd yüz onuncu ildə, - Mirdamət tələsik cavab verdi.

- Ə, sən nə danışırsan? — Vəzir gəncə onda bərkdən qışqırmışdı. – Sualı bilmirsən, hələ Allahına şükür elə ki, sənə “kafi” yazıram.

- Nə «kafi», yox, mən qoymaram! — Mirdamət yerindən qalxıb Vəzirə onda mane olmaq istəmişdi.

- Sualıma düz cavab vermədin; sən dedin, Qrünvald döyüşü min dörd yüz otuzuncu ildə olub, amma bu min dörd yüz onuncu ildə olub, — deyə Vəzir ona həyasızcasına şər atdı.

Mirdamət daha bu yalana dözə bilmədi və imtahan vərəqəsini dartıb Vəzirin əlindən almaq istədi:

- Mən doğru cavab vermişəm, sən yalan deyirsən!

Vəzirin yanında oturan müəllim vəziyyəti belə görüb dəhlizdə oturan imtahan komissiyasının sədrini içəri çağırdı. Sədr içəri girəndə cılız, qıyıq gözlü bir gəncin Vəzirlə tutaşdığını görüb, irəli şığıdı və:

- Yaz bunun «qeyri-kafisini», rədd olub getsin! – deyə qışqıraraq qıpqırmızı olmuş Vəzirdən tələb elədi.

Vəzir qorxu içində bu dartışmada bir az əzilmiş imtahan vərəqəsinə işarə elədi:

- Daha “kafi” yazdım…

- Çox nahaq yazdın “kafini” bu haramzadaya! – sədr hirsləndi. – Beləsini boynundan yapışıb bayıra atmaq lazımdı.

Sonra da Mirdamətə qışqırdı:

- Götür imtahan vərəqəni də, rədd ol burdan!

Mirdamət daha müqavimət göstərməyin heç bir faydası olmayacağını anlayıb onda səs-səmirsiz auditoriyanı tərk eləmişdi. Sonra da, aydın məsələdir ki, yenə də müsabiqədən keçə bilməmişdi.

Saməddin ayağa durub dəhlizə çıxdı, imtahan komissiyasının sədrinə “əla” almaq istəyən çox yaxşı hazırlığı olan bir abituriyent haqqında məlumat verdi. Sonra da geri qayıdıb, həyəcanla onu gözləyən Mirdamətə dedi:

- Siz zəhmət olmasa, bir kənarda gözləyin, indi komissiya təşkil olunacaq.

Heç on dəqiqə keçmədi ki, imtahan komissiyasının sədri tarix fakültəsinin başqa iki nəfər müəllimi ilə içəri girdi. Bu müəllimlərdən biri Zirəddin idi. O da içəri girən kimi Saməddinə tərs-tərs baxdı: yəni, niyə qoymursan, işimizi görək? Sonra bu beş nəfərin hamısı bir yerdə Mirdamətdən yenidən imtahan götürdü. Mirdamət yenə də sualların hamısına cavab verdi, bir yerdə karıxmadan, bir yerdə duruxmadan, dəqiq, səlist və ətraflı. Axırda yenə də Vəzir ona bir sual verdi:

- De görüm, Alma çayı üzərində döyüş nə vaxt olub?

- 1854-ci ildə, köhnə vaxtla sentyabrın 8 — də, təzə vaxtla sentyabrın 20-də…

- Yox e, onu demirəm! – Vəzir əsəbi şəkildə onu dayandırdı. – De görüm, kimlərin arasında olub bu döyüş?

- Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında. Krım müharibəsində həlledici döyüşlərdən biridir. Fransa və İngiltərə də Osmanlının Krım müharibəsində müttəfiqləri kimi çıxış ediblər bu döyüşdə…

- O döyüşdə rus ordusunun heyətində mayor İskəndər bəy Hacınski şücaət nümunəsi göstərib və mükafatlandırılıb. Onu niyə demirsən?

- Siz məndən İskəndər bəy Hacınski haqqında soruşmadınız ki? İstəyirsiniz, mayor Hacınskinin hərbçi kimi keçdiyi yoldan, Alma döyüşündə rus ordusunun tərəfində iştirakının necə keçdiyindən, onun həmin döyüşdə göstərdiyi qəhrəmanlığa görə hansı mükafata layiq görüldüyündən danışım...

- Yox ey, mənə toydan sonra nağara lazım döyül! Sualıma cavab verə bilmədin. – Sonra da Vəzir Mirdamətdən bezmiş kimi üzünü o biri müəllimlərə tutdu. – Mən dedim ki, bu “yaxşı uşaqdı”, qiyməti də “yaxşıdı”. “Yaxşısını” yazaq getsin, bunun cavabı “əlalıq” döyül – mən “əlaya” qol çəkməyəcəm, nə olur olsun, istəyir rektor yox, lap nazir gəlsin.

Saməddin bir də Mirdamətdən kənara çəkilib gözləməyi xahiş elədi. Komissiya öz arasında məsləhət-məşvərət eləyəndən sonra o birilər getdilər, yenə də Saməddinlə Vəzir qaldılar. Saməddin Mirdaməti bir də qabağa çağırdı və ağır-ağır, dərin təəssüf hissi ilə dedi:

- Mən sizin cavabınızı “əla” qiymətləndirdim, amma komissiyanın yerdə qalan dörd üzvü “yaxşı”. Ona görə qiymətiniz də “yaxşıdır”.

Mirdamət heç nə deməyib, imtahan vərəqəsini götürdü, elə çıxmaq istəyirdi ki, dəhlizdə səs-küy qopdu. Kimsə orada qara-qışqırıq salmışdı, qapını açmaq istəyirdi, amma qoymurdular. Birdən qapı açıldı və Mirdamətin anası, onu saxlamaq istəyən imtahan komissiyasının sədrinin və iki növbətçi tələbənin əlindən qurtulub, içəri girdi.

- Bayaqdan tilvizorda eşidirdim hamısını, siz mənim oğluma zülm eləyirsiniz! - arvad qeyzlə qışqırdı. - Onun oxumaqdan gözləri zəifləyib, onu kimi tarixi bilən heç bu respublikada yoxdu! Onun qiyməti “beşdi”! Siz niyə ona layiq olduğu qiyməti vermirsiniz?

- Ay arvad, çıx bayıra, tez — bura səndən ötrü bazar döyül! — Vəzir Mirdamətin anasına qışqırdı.

O biri yandan imtahan komissiyasının sədri ilə iki növbətçi tələbə də arvadı arxadan yığışdırdılar və zorla dartıb imtahan otağından çıxarmaq istədilər. Mirdamətin anası yenə də çırpınır, onlardan qurtulmaq istəyirdi:

- Yox ey, buraxın məni, buraxın!.. Mən sözümü deməliyəm…

Mirdamət anası ilə olan bu rəftardan daha da sarsılmışdı.

- Buraxın onu, buraxın! — deyib qadına qarşı zorakılıq edənlərə qışqırdı.

Sonra da anasına yaxınlaşıb:

– Ana, get, ana, — dedi. — Bura sənin yerin deyil…

Mirdamət az qaldı bundan sonra hönkürə, amma yenə də özünü saxladı, anasının qarşısında zəiflik göstərmək istəmədi.

Anası isə onu otaqdan nəhayət ki, çıxarıb qapını arxasınca bağlayanda qışqırdı:

- Bu zülmü Allah götürməz!..

Əlövsət bu il səkkizinci dəfəydi ki, işini verirdi. İndi də üçüncü imtahandan – ingilis dilindən - kəsilmişdi. Amma qəsəbəyə qayıtmayıb, Mirdamətin sonuncu imtahandan çıxmasını gözlədi. Bu gün də, qəfil böyürdən çıxan anasını da götürüb, Mirdamətlə səhər tezdən universitetə gəlmişdi.

Mirdamət bayıra çıxanda Əlövsət yüyürüb onu qucaqladı və təsəlli vermək istədi:

- Sən dörd dənə “dördlə” bəlkə bu il keçəcəksən, nə bilmək olar?

Anası Mirdaməti o biri yandan qucaqlayıb:

- Möhkəm ol, bala, qadan alım, — dedi. — Möhkəm ol! Allahın köməyilə bu dəfə hər şey yaxşı olar.

Mirdamətdən sonra Əsəd kişinin oğlu Rüfət imtahan verirdi. O iki “yaxşı” almışdı əvvəlki imtahanlardan, xarici dildən isə, Zirəddin ona “əla” yazdıra bilmişdi, çətinliklə olsa da. İndi tarixdən bir “yaxşı” alsaydı, qəbul olunmalıydı.

Saməddin gördü ki, Rüfətin kitabdan-dəftərdən heç xəbəri yoxdu. O biri yandan amma Vəzir hey eyham vururdu ki, bu adam rektorla razılaşdırılmış siyahıdadır, buna görə ona “yaxşı” yazmaq lazımdır. Bayaqdan bəri Saməddin olanlara göz yumurdu, Vəzir nə qiymət yazırdı, ona qol çəkirdi, amma indi başa düşdü ki, Rüfətə “yaxşı” yazsa, Mirdamət yox, o keçəcək müsabiqədən. Ona görə onun imtahan vərəqinə, bir az tərəddüddən sonra, “qeyri-kafi” yazdı. Vəzirin bunu görəndə gözü kəlləsinə çıxdı.

- Bu “yaxşı uşaqdı” axı, sən neyniyirsən?! – deyə, özünü saxlaya bilməyib, hamının qabağında müəllim yoldaşının üstünə qışqırdı.

Saməddin ona cavab verməyib, növbəti abituriyenti dəvət elədi. Vəzir də ayaq üstə keçinmiş Rüfətə yavaşca:

- Get, bala, get gözlə dəhlizdə, — deyə bildi. – Mən onsuz da o qiymətə qol çəkməyəcəm.

Elə həmin gün, imtahan bitəndən sonra rektor Saməddini yanına çağırdı və dərhal da başladı söyməyə:

- Sən burda qanun-qayda qoyansan, ay it oğlu it?

Ona hər cür hədyan deyib hədələyəndən sonra da otağından qovdu:

- İndi gəlib sabah it balası kimi, küçük balası kimi qabağımda zingildəyəcəksən, yalvaracaqsan. Bax, bil ki, istəsəm, iti qovan kimi qovaram səni bu universitetdən! Dur, rədd ol burdan!

Axırıncı imtahandan kəsilən Rüfətə daha kömək eləmək mümkün olmadı, Vəzir onun “qeyri-kafisinin” altından qol çəkməsə də. Onun yerinə qəsəbənin başqa bir sakinini – prokuror köməkçisinin oğlu Rasəti qəbul elədilər. Onun da atası rektora oğlu üçün xahiş eləmişdi. Amma rektor həmin ilə söz verməmişdi, cavabı da belə olmuşdu: birinci ildi gəlir qəbula, bu il iş verən çoxdu, gəlsin, baxsın, bir şey öyrənsin, bu il də olmasa, gələn il qəbul eləyərik. Rüfətin “qeyri-kafi” aldığını bilən kimi imtahan komissiyasının sədri içəri girib Vəzirə işarə vurdu ki, Rasətə, nə olur-olsun, “əla” yazmalıdır. Belə düşünmək olardı ki, Rasət rektorla onun ehtiyat variantı idi; əgər kiminsə işi alınmasaydı, onda Rasəti həmin yerə “dürtüşdürmək” lazım idi.

Zirəddin qaldı indi belə; ürəyində Saməddini yamanlayırdı, Vəziri buna imkan verdiyinə görə söyürdü, amma nə faydası, daha iş-işdən keçmişdi. Gərək indi Rüfətin atasının pulunu geri qaytaraydı. Belə bir hadisə onun başına birinci dəfə idi gəlirdi, buna görə qalmışdı məəttəl, bilmirdi neynəsin. Qiymət yazdırdığı imtahanlar üçün pulu daha geri istəyə bilməzdi, qalırdı o biri pullar. Zirəddin getdi imtahan komissiyasının sədrinin yanına, o da and içib aman elədi ki, səkkiz mini son qəpiyinə kimi rektorun özünə verib, ala bilir, gedib özü ondan alsın. Zirəddin də üzünü pis tutub getdi rektorun qəbuluna ki, pulu geri istəsin, hərçənd işin düzələcəyinə ümidi çox az idi. Rektor onu görən ki, başladı onu danlayıb hədələməyə:

- Mənim universitet müəllimimə bax! Ə, sənin harana yaraşır universitet müəllimi olmaq? Nizam-intizam bilmirsiniz, qayda-qanun bilmirsiniz, o küt ağlınız nə buyurdu, onu eləyirsiniz. Sizi qayda-qanuna öyrətməyin vaxtı çoxdan çatıb! Düzəlməsəniz, hamınızı atacam bayıra!

Zirəddin bir müddət rektorun qarşısında günahkar görkəm alıb susandan sonra sonuncu imtahanın gedişindən şikayətləndi, dedi ki, orada bir məsələ yanlış olub, indi onu düzəltmək lazımdı. Rektor yəqin ki, onun eyhamını başa düşmüşdü və ona çox hirsli cavab verdi:

- Ə, siz heç peşə məktəbində də dərs deməyə yaramırsınız. Yanlış iş görmüsünüz, zəhmət çəkin, özünüz də o işi yoluna qoyun!

Zirəddin yenə nəsə demək istədi, amma rektor ona daha imkan verməyib, üstünə qışqırdı:

- Ay kopayoğlu, ay it oğlu, sizin səhvinizi mən düzəltməliyəm? Dur ə, dur əkil burdan! Mənim gözümə daha görünmə, yoxsa bu universitetə həsrət qalacaqsan!

Bundan sonra da rektor Zirəddini bir az da söyüb kabinetindən qovdu. Zirəddinin rektorun yanına getdiyinə peşman olub, indi də Vəziri axtarmağa başladı. Vəzir qəbul imtahanları bitəndən sonra neçə gün işdə görünmədi, amma Zirəddin sonradan bir gün onu universitetin binasında yaxaladı. Bir tərəfə çəkib belə bir işin onun başına birinci dəfə gəldiyini dedi. Sonrakı sözü də bu oldu ki, qərəz, pul sahibinin pulunu geri qaytarmaq lazımdır.

- Yox, sən nə danışırsan? – Vəzir onun dediyini heç eşitmək belə istəmədi. – Mən öz işimi görmüşəm, sən özün şahidsən ki, mən orada həmin uşağı keçirmək üçün hər şeyə getdim. İşi Saməddin pozdu, get haqq-hesabını da onunla çək.

Zirəddin yenə ondan pulu qaytarmasını xahiş elədi. Dedi, daha bir işdi olub, kimin ucbatından olub, bu başqa məsələ. O özündəki pulu da geri qaytaracaq, amma tək bununla iş düzəlmir axı. Vəzir də ondan aldığı üç mini qaytarmalıdır. Vəzir yenə həmkarının dediklərini qəribçiliyə saldı:

- Bir “qryaznı” iş olanda Vəziri qabağa verirsiniz. Amma mənim bir belə əziyyətimi indi görmək istəmirsən. O cür savadlı oğlana gözünün qabağında qışqırda-qışqırda “dörd” yazdırdım ki, sənin adamın keçsin. İndi də deyirsən pulu geri ver. Yox, mən sənə sözümü dedim: məndə pul-zad yoxdu. Borcum varıydı, ona vermişəm.

- Qaytarmırsan, eləmi? — Zirəddin qeyzləndi. — Nə olar, eybi yoxdu. Haramın olsun! Adama deyərlər, halalın olsun, mən də sənə deyirəm o aldığın pul haramın olsun!

Bundan sonra Zirəddin həmin araçıya ancaq özündəki dörd min manatı qaytardı.

- Kişi, bax mənim özümə dörd min qalıb o puldan, — dedi həmin adama, — qalanını vermişəm başqalarına. Onlar da qaytarmaq istəmirlər, deyirlər biz öz işimizi görmüşük. Bizdə bir axmaq adam var — bu il birinci dəfəydi onu qəbula salmışdılar – bütün işləri o qarışdırdı. Yoxsa belə şey məndə heç ömründə olan deyildi.

Həmin o məktəb dəllalı da ona qalan iki mindən min manatı də bunun üstünə qoyub Əsəd kişiyə verdi. Beləcə Əsəd kişinin on beş min manat pulu batdı.

Amma aldığı pul Vəzirə doğrudan da haram oldu. Böyük oğlu neçə vaxt idi zəhləsini tökmüşdü ki, ona maşın alsın. Həmin üç minin üstünə bir az da qoyub oğluna bir “Jiquli” aldı. Oğlu da özü kimilərinə qoşulub, başladı həmin maşınla universitetin qabağında cövlan eləməyə. Amma bir gün də orada sürətlə maşını elektrik dirəyinə vurdu, özü də elə sükanın arxasındaca keçindi.

Bu dəfə də Mirdamət müsabiqədən keçmədi – bir balı çatmadı. Güclü əsəb sarsıntısı keçirdiyindən gözləri daha da zəiflədi, o yarıkor vəziyyətinə düşdü. Amma geriyə – qəsəbəyə də Mirdamət heç vəchlə qayıtmaq istəmirdi. Əlövsət bilmirdi neyləsin, çox götür-qoydan sonra bir zavoddakı tanışı-nın yanına gedib ondan kömək istədi. O da doğrudan da hər iki qardaşa kömək elədi: Əlövsəti həmin zavoda fəhlə, Mirdaməti isə, gözü pis görsə də, gözətçi götürdülər.

Əlövsət bundan sonra qardaşını dəfələrlə göz həkimlərinə göstərsə də xeyri olmadı, heç cərrahiyyə ilə də bunu düzəltməyin mümkün olmadığını dedilər. Mirdamət daha kitab oxuya bilmirdi, bunu ona həkimlər hətta qadağan etmişdilər. Gözətçi köşkündə növbə çəkib qurtarandan sonra Əlövsətlə qaldıqları otağa dönür, bir küncdə oturub fikrə gedirdi. Əlövsət onu bu vəziyyətdən çıxarmaq üçün çox çalışar, ona təskinlik verər, həkimlərin bədbin diaqnozlarını isə ondan gizlədərdi.

- Qoy bir az pul düzəldim, səni ən yaxşı göz həkimlərinin yanına aparacam, Moskvaya, Fyodorovun yanına. O bütün göz xəstəliklərinə əlac eləyir, əsil loğmandı.

Əlövsət bu dediklərinə əslində özü də inanırdı. Nə olsun ki, buradakı həkimlər qardaşının vəziyyətini ümidsiz sayırdılar? Fyodorov, eşitdiyinə görə, nə qədər ümidsiz insanlara kömək eləmiş, nə qədər nursuz gözləri yenidən dünya işığına açmışdı.

Üstündən neçə ay keçmiş Əlövsət eşitdi ki, zavodda universitet tələbələriylə görüş olacaq. O bunu qardaşına heç bildirmək də istəmirdi, qorxurdu ki, Mirdamət bunu bilsə, yenə keçənlər yadına düşər, yenidən əsəb sarsıntısı keçirər. Amma Mirdamətə kimsə yataqxanada bu barədə artıq xəbər vermişdi. O da sonra qardaşından yapışdı ki, gərək məni həmin görüşə aparasan.

Universitet tələbələriylə görüş zavodun iclas zalında keçirilirdi, özü də həmin gün ağzınacan dolmuşdu. Əvvəlcə universitetin bir sıra müəllimləri danışdılar, sonra da tələbələr çıxış elədilər. Lap axırda da sözü yeni qəbul olunmuş tələbələrə verdilər. Mirdamət tutqun idi, sakitcə çıxış edənlərə qulaq asırdı, birdən qardaşının qolundan yapışdı:

- O danışan Rasət deyil, prokuror köməkçisinin oğlu?

Əlövsət qaldı belə, bilmədi nə desin. Tribunada indi doğrudan da Rasət danışırdı. Danışırdı deyəndə, kiminsə ona verdiyi bir kağızda yazılanları zorla höccələyə-höccələyə üzündən oxuyurdu.

- Rasətdi danışan? – Mirdamət təkidlə bir də soruşdu.

Əlövsət istədi qardaşını sakitləşdirsin, desin, yox, Rasət deyil, amma özü də istəmədən dedi:

- Hə, Rasətdi.

- Göstər onu mənə, göstər.

- Nəyini göstərim, odu dayanıb da tribunada…

Bundan sonra Əlövsət ha çalışdısa da, qardaşını daha saxlaya bilmədi. Mirdamət yerindən qalxıb, əli ilə kürsülərdən yapışa-yapışa, tribunaya tərəf getdi. Gözünü tutmuş dumanda tribunanı zorla sezə bilirdi. Orada da bir qaraltı görürdü – bu Rasət olmalıydı.

Rasət – həmin o prokuror köməkçisinin oğlu – uşaqlıqdan kef-damaq çəkməyə öyrəşmişdi. O da avara idi, amma onun daha öz əhatəsi vardı, yoxsa prokuror köməkçisinin oğlu hər yetənlə oturub-durmayacaqdı ki! O biri yandan da təzə bir maşın çıxdımı, iki gündən sonra Rasəti onda görərdilər. Təzə bir paltar, yeni dəbdə olan nə vardısa, Rasət onu hamıdan tez geyinər, hamıdan da tez çıxarardı. Bir də ki, gündə bir qızı yoldan çıxarmaq idi işi-məşğuliyyəti. Onun nə yola qulluq elədiyini də qəsəbədə hamı bilirdi.

Mirdamət səndələyə-səndələyə tribunaya yaxınlaşanda Rasət də üstünə gələn bu məxluqu tanıdı; o bilirdi ki, qəsəbə sakini Mirdamət illər boyudur ki, tarix fakültəsinə girmək istəyir, amma hər dəfə uğursuzluğa düçar olub, yenidən geriyə qayıdır. Rasət üstünə şığıyan Mirdamətdən necə qorunmağı bilmədiyindən üzünü salona

tutub imdad dilədi:

- Kömək eləyin!

Oturanlardan səs çıxmadı: hamı bu gözlənilməz hadisədən çaş-baş qalmışdı, lap Əlövsətin özü də. Mirdamətsə bu an Rasətə çatıb əllərini ona tərəf uzatdı, axtarıb boğazından yapışdı.

- Sən mənim yerimi tutubsan, alçaq! — Mirdamət Rasəti boğurdu.

- Kömək eləyin!.. Kömə-ə-ək!.. Qoymayın!... – prokuror köməkçisinin oğlu yenə yalvarırdı.

Rasət artıq yerə yıxılmışdı və iniltili-xırıltılı bir səslə köməyə çağırmaqda davam edirdi. Yenə də birinci Əlövsət özünə gəldi və tez tribunaya tərəf yüyürüb Mirdaməti Rüfətin üstündən qaldırdı…

O gündən sonra daha Mirdamət bayıra çıxmırdı, çünki, indi daha heç nəyi seçə bilmirdi. Eləcə otaqda tərpənməz, lal-dinməz oturur, qardaşı ilə heç kəlmə də kəsmirdi.

Bir dəfə əli ilə divardan tuta-tuta bayıra çıxmaq istəyəndə yataqxananın gözətçisi onu saxladı:

- Dayan, hara gedirsən? Sənə bayıra çıxmaq olmaz. Əlövsət mənə çox möhkəm tapşırıb ki, səni heç yana qoymayım. Səni təcili Moskvaya müalicəyə aparmaq istəyir. Həmkarlardan da xahiş eləyib, bəlkə onlar da kömək elədilər...

- Ürəyim yaman darıxır, — Mirdamət ağır-ağır dedi. – Bir azca pilləkəndə dayanıb təmiz hava almaq istəyirəm. Ondan o yana onsuz da getməyə halım yoxdu.

- Yaxşı, onda dayan, özüm sənə kömək eləyərəm.

Bunu deyəndən sonra gözətçi onu pilləkənə gətirib məhəccərə söykədi:

- Bax burdan yapışıb dayan, bir yarım saat havanı dəyiş, sonra gəlib özüm səni otağa aparacam.

Pilləkən birbaşa ikinci mərtəbəyə apardığından hündür idi; yataqxananın birinci mərtəbəsini təsərrüfat işləri üçün istifadə edirdilər, ona görə də orada heç kim yaşamırdı. Mirdamət kişiyə təşəkkür eləyib məhəccərdən tutdu, sonra başını qaldırıb ciyəri dolusu nəfəs aldı. İki həftə qabaq, tələbələrlə görüşdə baş verən həmin hadisədən sonra birinci dəfəydi ki, belə dərindən, rahat nəfəs alırdı. Yox, gərək bundan belə heç olmasa gündə bir yarım saat çıxıb burda dayana, havasını dəyişə. Yoxsa daha otaqda nə qədər oturmaq, nə qədər çarpayıda eşələnmək olar? Bunu fikirləşə - fikirləşə gərnəşdi, hərəkətsizlikdən qıc olmuş bədənini bir az açmaq üçün yüngülcə dartındı və arxaya əyildi. Amma pilləkənin məhəccəri hündür olmadığından onu saxlamadı; Mirdamət onun üstündən aşıb arxası üstə asfaltın üstünə yıxıldı. Düz əmgəyi dəydiyindən elə oradaca canını tapşırdı…

Mövsümçülərdən bir çoxu kitabxanaçıdan tutmuş aşpazadək hər cür adamın köməkçisi işlədikləri əvvəlki yerlərində bir müddət də qalırdılar. Hansı vaxta qədərsə onları hələ «başlı adamlar» sayırdılar; nəyisə soruşmaq üçün məhz keçmiş mövsümçüləri axtarıb tapırdılar, çünki əmindilər ki, onlar hökmən hər şeyi bilməlidirlər, axı bir qalaq kitabı əbəs yerə oxumamışdılar. Amma yavaş-yavaş hər şey unudulurdu və bu adamların həmişə, xüsusən də növbəti səfər ərəfəsində tər-təmiz saxlamağa çalışdıqları pal-paltar da köhnəlib rəngini itirir, qaramtıl, ala-bula bürüncəyə çevrilirdi; ta geyim-kecimə fikir verməyə həvəsləri də yoxdu, axı mövsüm əyyamları onlardan ötrü artıq mövcud deyildi. Mövsümçülərdən yaşca daha gənc olanları tələbə olmaqdan ötrü yenə öz bəxtlərini sınaya bilərdilər və bunun üçün onlar hələ də yola çıxmağa davam edirdilər. Sıradan çıxmış mövsümçülərə qarşısa bütün yan-yörədəkilərin olan-qalan marağı da tədricən sönürdü. Bu adamlar əvvəllər tutduqları şirnikləndirici, sanki müvəqqəti, «qəbul olunanadək» vəzifələrdən də tədricən hansısa bir ali məktəb bitirib gələn «dönüklər» tərəfindən yavaş-yavaş sıxışdırılırdılar. Bu «dönüklərin» qazandıqları peşənin çox vaxt nə olduğu bilinməsə də, burada nəyə yarayacağı bəlli olmasa da, onları hər halda oxumuş adamlar sayırdılar.

Beləcə mövsümçülər yerlərini getdikcə daha çox yeni peyda olmuş təhsillilərə verməli olur, tədricən gözətçi, zibildaşıyan, ya da başqa fəhlə işlərinə, qərəz, ən aşağı, ən zəhmətli və azmaaşlı işlərə keçirilirdilər.

Bakı, 1997

# 2957 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #