"10 manat eşqi" - Hekayə

 "10 manat eşqi" - <span style="color:red;">Hekayə
7 mart 2019
# 10:22

Orxan İsmayıl

Neftçilər metrosunun çıxışında yerdən 10 manat tapmışdım. Möhkəm qranit səddin düz dibində idi. Ehtiyatla götürüb cibimə qoydum. Sonra ətrafı süzdüm. Hər şey öz axarında idı. Pulu cibimdən çıxarıb bir də ora-burasına baxdım. Qəttəzəydi. Qoydum pencəyimin döş cibinə. Yavaş-yavaş oradan uzaqlaşdım. İlk 50 addımdaca 10 manatla bağlı mümkün olan bütün planlar qəzet səhifəsi kimi dayandı gözlərimin önündə. Bütün planlar yemək və kəmər almaqla bağlıydı. Neçə ildi eyni kəməri bağlayırdım belimə. Yeyilmişdi, metal keçircəyi pas atmışdı. Avtobus dayanacağına qədər kəmər planı da yaddan çıxdı. Tapdığım pulu mütləq yeməyə xərcləməli idim. Bunu düşündükcə, ağzım sulanırdı. Bir də ayıldım ki avtobus məhəlləmizin yanına çatıb. Hövlnak endim. Girdim evə. Başladım nə alacağım haqda fikirləşməyə. 10 manatı çıxarıb stolun üstünə qoymuşdum. Ona baxa-baxa düşünməyin bir başqa ləzzəti vardı. Birdən düşüncələrimin istiqaməti dəyişdi. Həmin pulu itirən naməlum adam gəldi gözlərimin qabağına. Görəsən kişi idi, yoxsa qadın? Pulun tapılmayan vaxtında bu məsuliyyətsizliyi necə edib? Əlbəttə, yəqin peşmandır. Mənim kimi onun da 10 manatla bağlı planları olub. Heyhat...

Pulu cibimə qoyub çıxmışdım çölə. Nə alacağımı kəsdirə bilmədiyim üçün dükanları gəzməliydim. Ən yaxınlıqdakı damı az qala uçub tökülən dükana girdim. 10 manatı çıxarıb əlimdə saxladım. Satıcı nə istədiyimi xəbər aldı. "Mmm" deyib düşündüm. Yağlı kolbasa, ensiz sosislər almaq olardı. Amma dəqiq qərar verə bilmirdim. Pulu təzədən qoydum cibimə. Növbəti dükana sarı getdim ki, bəlkə qərarım orda qətiləşə. Bu, böyük supermarket idi. İçəridə 4 satıcı vardı. Hərəsi öz ticari sahəsinə görə müxtəlif malların başında dayanmışdı. Adətim üzrə pulu çıxarıb əlimdə saxladım. Supermarketin böyüklüyü fikirlərimi bir qədər də dağıtdı. Az qala başım hərlənirdi. O qədər ərzaqdan, malda nəsə seçmək gərəkdi. Səd-əfsus, bacarmadım. 10 manatı qatlayıb qoydum cibimə. Get-gedə əsəbiləşirdim. Qəribədir, ac deyildim, lakin nələrisə alıb yeməyim mütləqdir. Daha bir dükana girib çıxdım. Pulu çıxarıb təzədən qoydum cibimə. Qolum və ayaqlarım yorulmuşdu. Fikirlərimsə daha qarışıq və qeyri-konkret hal almışdı. Yol boyu bir meyvə-tərəvəz dükanı və qəssabxana dəyişdim. Hər ikisində də 10 manatlığı çıxarıb təzədən cibimə qoyurdum. Gördüm əməlli-başlı acmışam, daha nə görsəm alıb yeməliyəm. Yollandım dönərxanaya.

Qızarmış yağlı ətin rayihəsi aclığımı bir qədər də quduzlaşdırdı. Əlimi atdım cibimə. Pulu tapa bilmədim. Sonra qalan bütün ciblərimi eşələdim, astarlarını çölə çıxardım. 10 manatlıq yox idi. Əsim-əsim əsirdim. Bu necə ola bilərdi? Onu harada salmışdım? Özümü toplayıb qət elədiyim yolu geri qayıtdım. Yerə baxa-baxa gəzirdim. Hirslə qayıtdım evə. Olanlara ad qoya bilmirdim. Bilmirdim ki, mən 10 manat tapmışam, yoxsa itirmişəm?...

# 2794 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #