Böyük divar saatı

Böyük divar saatı
22 noyabr 2016
# 16:11

Orxan İsmayıl

Düşünməyin axmaqlığın ən ibtidai növü hesab edilən məmləkətdə gənc oğlan yaşayırdı. Ailəsinin beşinci yalavac övladı olduğunu tez-tez anası dəlisayaq intonasiya ilə kəkələyirdi: "Mən səni günəş doğmamışdan qabaq doğsam da...".

Seyrək dişli, bəstəboy oğlan iş tapmaq ümidilə şəhərin tozlu küçələrini dolaşıb iri taxtapuşlu, parlaq zireh kimi məhəccərləri olan "Fikirlər İdarəsi"nə çaparaq daxil oldu. Artıq qəhvəyi divardakı saatın böyük işləmə əqrəbi bir dövrə hərəkətini tamamlamışdı. Beləliklə, hansı ağlabatan fikrinə görə, onunla iş birliyi yaradılıb bunun müqabilində, qəpik-quruş ödənilə biləcəyi sualı da səsləndi. Qarşısındakı sədr müavini dolama, zoğalı qalstukunu şövqlə sığallayaraq, özünə və işinə heyranlığını gizlətmirdi.

- Sizi dinləyirəm.

- Cənab, - gənc bəstəboy azacıq duruxub sözünə davam etdi - mən düşünürəm ki, verəcəyim əntiqə təkliflə (halbuki, onu hələlik təkcə özüm belə adlandırıram) şəhərdəki bütün bikarlara onları işə qovuşduracaq qapı cəftələri göstərə bilərik.

Otağın kəsif iyi verən antiseptik qoxusu az qala ürək bulandırırdı. Görünür vaxtının əksəriyyətini gövşəməklə və tualetdə keçirən bic qalstuklu bu qoxuya öyrəşmişdi. O, gözaltı oğlanı marıtlayıb nə soruşacağına əmin halda dilləndi:

- Buyur. Buyur. Tez anlatmağa çalış. Çöldə adamalar növbədə... bilirsən də...

- Məsələ burasındadır ki, mənim ideyacığazım sizin otaqdakı divar saatı ilə birəbir bağlıdır.

- Saat? - Xırda tər gilələri çopurlu alnından üzüaşağı süzülən müavin bu dəfə marağını gizlətmədi. İkisi də susub saata baxdılar.

- Bəli, - gənc oğlan həvəskar müavinə daha inamla anlatmağa çalışırdı - saat. İdeyam budur ki, ən mütərəqqi işlərdə çalışan və buna bab məvaciblə mükafatlandırılan işçilər saatın əqrəbləridirlər - onlar hər zaman hərəkətlidirlər. Saatdakı bax o qara haşiyəli rəqəmlər isə işsizlərə işarədir. Onlar gün ərzində azı oradakı rəqəmlərin sayı qədər (12 dəfə) həmin işli cənab və xanımlara xidmət göstərməklə, saatda maddım-maddım boylandıqlarına baxmayaraq, əslində, öz işlərinin nədən ibarət olduğunu əməllicə anlayacaqlar. Hə, hə, rəqəmlərin arasındakı xırda ştrixlər isə işləmə qabiliyyəti birdəfəlik və yaxud müvəqqəti məhdudlaşan şəxslərə işarədir. Bu, mənim müti şəhərimdə eybəcər bir çoxluq təşkil edir. Onlar saatda olduğu kimi vasitəçiliklə məşğul olacaqlar. Əqrəbləri rəqəmlərə, işləyənləri iş qabiliyyəti olan işsizlərə yaxınlaşdıracaqlar. Beləliklə, bəlli olur ki, onlar heç də üzlü pendirdən bilərəkdən özlərini iyrəndirən əvvəlki məşum yoxsullar olmayacaq. Nəticədə "Böyük Divar Saatı" şəhər iqtisadiyyatını lazım olan anda oyacaq. Bundan sonra hamı saatını "Böyük Divar Saatı" ilə eyniləşdirəcək.

Bəstəboy gənc daha 2-3 bəlağətli cümlə üyüdüb oranı tərk etdi. Otağın üfunətindən lap bezmişdi. Onun təklifinə günü sabah cavab gəlməli idi.

Səhər anasının səs-küyünə oyanıb onun gətirdiyi böyük qutunu eşələməyə başladı.

- Saat...həmin saat, divardakı... aha, burada bir bağlama da var. Onun nazik lentini açıb amiranə səslə oxumağa başladı: "İdeyabaz cavan oğlan, bu saatdan danışmadığından yorulmadığına görə, onu sənə yolladım. Diqqətlə bax, indi işləməsə də əqrəbləri, rəqəmləri və ştrixləri yerindədir. Yenə bax, görürsənmi, işləmir. İş-lə-mir! Sən bir şeyi unutmuşdun: gücü, hakimiyyəti, idarə edəni, iş paylayanı - xülasə, bizləri, bizdən yuxarı, onlardan da yuxarı... elə onlardan da yuxarıdakıları. Mən saatı işə salan batereyadan danışıram. Yəqin ki, batereya hazırlayan mühəndis-tanrı qismində yenə "Fikirlər İdarəsi"nə ayaq basmarsan. Bəstəboy gənc pörtmüşdü. Nə düşünəcəyini belə kəsdirə bilmirdi. O, yalnız həmin saata batereya aldırıb evdəki nəmişli divardan asmaq iqtidarında idi.

18 noyabr, 2016-cı il

# 2224 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #