Meyvə satan gözələ

Meyvə satan gözələ
29 sentyabr 2014
# 14:25

Vəfalım mənim

Yenə də fikrimdə, xəyalımdasan,

Göylərdən enməyir xəyalım mənim.

Sən ki dərman oldun, yoxluğunsa dərd,

Yaman pərişandır bu halım mənim.

Üzülmə qismətə, üzülmə qəmə,

Məğrur ol, çalış ki, gülüm, qəm yemə.

Dünyada özünə bədbəxtəm demə,

Acıma taleyə vəfalım mənim.

Gülüm, ayrılsaq da qəlbimiz birdir,

Bu dünya, bu həyat sevənlərindir.

Soruşsan məhəbbət mənimçün nədir,

Bil ki, məhəbbətdir amalım mənim.

Taleyin hökmünü pozmaq olmayır

Görmüşük bəxtindən yarayanları,

Bəxtini axtarıb, arayanları.

Cavankən qocalıb, qarıyanları;

Taleyin hökmünü pozmaq olmayır,

Bu bəxti, qisməti yozmaq olmayır.

Dünya yaranandan bəhs əbəs olur,

Həyatda nə varsa bizə dərs olur.

Bəzən yazla qışın yeri tərs olur;

Taleyin hökmünü pozmaq olmayır,

Bu bəxti, qisməti yozmaq olmayır.

Mən bu gün canlıyam, sabahsa daşam,

Həm sevincə, həm də qəmə yoldaşam.

Şükür eləyirəm hər səhər, axşam;

Taleyin hökmünü pozmaq olmayır,

Bu bəxti, qisməti yozmaq olmayır.

Adın ürəyimdədir

Nur saçan gözlərində,

Yox oluram, azıram.

Bu sevgi sözlərimi,

Ürəyimlə yazıram.

Bizim məhəbbətimiz,

Çiçəkli yaz ətirli.

Bu sevgini göylərdən,

Bəlkə mələk gətirdi ?

Arzular qanadında,

Göylərdə uçuram mən.

Sevgi dolu qəlbimi,

Tək sənə açıram mən.

Adına nəğmə qoşdum,

Adına qurban olum.

Səndən özgə kimsəyə,

Çətin ki, heyran olum.

Sən ürəyimsən mənim,

Ürəyimdədir adın.

Təkcə səni sevirəm,

Doğma, sevimli qadın.

Oğlanla qızın deyişməsi

Dedim: üzün ay kimi,
Heyran edir görəni.
Mən olum incə telin,
Sığal çəkib, hörəni.

Dedi: başqasındadır,
Mənim artıq ürəyim.
Çalış məndən uzaq ol,
Səndən budur diləyim.

Dedim: aşiqinəm mən,
Qara gözün vurğunu.
Məni etmə amandır,
Bu hicranın yorğunu.

Dedi: sən gecikmisən,
Öz eşqimi bulmuşam.
Sevirəm bir oğlanı,
Mən ona vurulmuşam.

Dedim: sevdiyinlə sən,
Ömür sür, qoşa qarı.
Dedi: tələsmə oğlan,
Sən də taparsan yarı

Meyvə satan gözələ

Tanrı əsirgəməyib,
Gözəlliyi bu qızdan.
Qayğısı çox...yan düşüb,
O işvədən, o nazdan.

Simasında gözəllik,
Kədərlə yoldaş olub.
Dodağında gülüşlər,
Yaz çiçəyi tək solub.

Meyvə satan bu gözəl,
Gözəllik ilahəsi.
Əgər o bir şam olsa,
Mən olum pərvanəsi.

Gözü ay, adı Ülkər,
Bir süzgün baxışı var.
İlahi, bu gözəlin,
Kədərli naxışı var.

# 1897 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #