Eşq dediyin...

Eşq dediyin...
14 fevral 2017
# 17:06

Baba Yaşaroğlu

eşq dediyin bir hisdir

bəzən bir andaca ürəyinə dolan

bəzən bir ömür boyu yaşayacağın

dadının sirri yalnız səndə olan

sənə bəxş edilən, sənə ərmağan

hər gün daha da rənglənən

rəngləndikcə də məna qazanan bir hisdir

sevdiyindən

eşq dediyin

bu həyatda sevdiyin üçün yaşamaqdır

hətta üzünü görməsən belə

bir-birini qovalayan hər saniyə başında

yanında olmasa da

əslində, onsuz yaşamağa alışmamaqdır

əksinə, nə vaxt dönəcəyini bilə-bilə

onun ayaq basdığı xəzanlı küçələrdə

hərdən sabahlara qədər gecələməkdir

yorğun-yorğun gözləməkdir

eşq dediyin

layiq bilindiyin kimi sevilməkdir

hansı dəyər meyarı ilə olursa olsun

çox və yaxud az sevmək deyil

mənfi və müsbət kimi bir-birini

tamamlamaqdır

adına bənzərsiz hüzurlu hekayələr yazdıran

bitməyən, o sayısız və izaholunmaz duyğularını

o ülvi hislərini ifadələyən

göy üzündən göndərilmiş rifah elçisidir

eşq dediyin

bildiyin mənasız bir yasaq da olsa

hədələrdən doğan qorxuların bərabərində

və gözləmədən təklənməyə inad

bütün dünyalara meydan oxuyurmuş kimi

özü-özlüyündə bir cəsarətdir

eşq dediyin

hər dəfə sevdiyinin əllərini tutarkən

onun isti nəfəsində titrəməkdir

bacarsan əgər buludlara da yazacağın adını

kəkələyərək söylədiyin hələ o ilk görüşlərdə

“səni sevirəm” birləşməsinə

32 hərfi birdən sığdıra bilməkdir

yəni, eşq dediyin, dostum

bildiyin həyatı hər gün söz-söz

öyrənməkdir

birini sevərkən

sevdası dünyadan böyük olanlar üçün

körpə Adaçayı qoxulu sabah yürüyüşlərində

və ürəyinin ani xəbərçi döyüntülərində

onu uzaqdaykən belə anlamaqdır

bir yaşam səbəbidir

kimilərinə görə, hətta həyatın mənbəyidir

eşq dediyin...

bəlkə də hər gün

əbədiyyətə and içərək, birlikdə

onunla yorulmadan addımlamaqdır

təbəssümlə addımbaşı adını salamlamaqdır

eşq dediyin

baharın şəfqət dolu həzin axşamlarında

yağan narın Aprel yağışında

bax, o göy üzünə inad

sevə-sevə, doya-doya islanmaqdır

elə bil sayrışan ulduzların işığını

məğrur çiyinlərində daşımaq

canlansın deyə vücuduna hopdurmaqdır

eşq dediyin

bəlkə də neçə illik məktublaşmalar

gizli-gizli görüşmələr sonrasında aşiq olmaq

inancını təzələyib sevdiyinə

bir ömürlük qovuşmaqdır

hərdən bir anlıq da olsa ona susmaq

bildiyin sözləri, hərfləri yadırğamaq

sonra isə doya-doya onu danışmaqdır

unutduğun hecaların,

hecalanmış sətirlərin arasında

öz dəyərini dərk etsin deyə

yanındaykən onu, göz görə-görə

arzulamaqdır

eşq dediyin

bəzən şehli dərələrdə, bəzən sıldırım qayalıqlarda

həyata bağlanan, cücərən bir toxum

fəqət qoxusunu bilmədiyin

ani, yasaq toxunmalardan inciyən

hərdənsə utanaraq üz çevirib

sənə küsən, səndən küsən

“sevir, sevmir” deyə soruşan, soruşulan

sarı çiçəklər kimidir

sən dərərkən günahlandığın,

amma əllərində gözəlləşir

eşq dediyin

hərdən də, gediləsi uzun yolların kənarındakı

o susuz torpaqlarda belə

hər daim yaşıllaşmaq istəyən

Qovaq fidanları kimidir

gün boyu günə qarşı kölgə salmaq istər

kölgəsinə yığışmaq istəyənlərə

eşq dediyin

vərdişlərini bilə-bilə bağlandığın birinə

onun həyat dolu rəngli arzularına,

bəzən də çırpıntılarla imzalı hər gününə

gerçəklərinə və gerçəyə bənzətdiklərinə belə

bütün varlığınla aid olmaq

hər şeyə rəğmən sevdiyinə

sadiq qalmaqdır

yaşadığın bu zaman dilimində

yaşanacaqların, nə qədər xoş olsa da, sonunu

hətta təxmin edə bilməməkdir

ya da, sadəcə bunu istəməməkdir

bağışlamaqdır eşq dediyin

unutmaqdır hər gün unudulacaq şeyləri

hərdən “get” deyərkən belə

“bəlkə, qal deyirsən” deyə

tərk etməməkdir

bir də, eşq dediyin

bu üç hərfin ahəngini mənimsəyib

iki dildə bir ürəyə yazılmaqdır

# 2206 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #