Bal acı dadır

Bal acı dadır
8 fevral 2016
# 16:57

Səyahət etməyi çox sevirdi. Bu neçə ildə heç vaxt təyyarəyə minmədi. Qatarla getməyə üstünlük verirdi. Bundan aldığım həzzi heç bir həzzə dəyişmərəm deyirdi. Getdiyi yerlərin hər bir birində bir xatirəsi vardı, onu yaşadan bu xatirələr idi. Həmişə yanında gəzdirdiyi dəftər xatirələrinin sübut edirdi.

Ayaq basdığı hər yerdə özünü yenidən kəşf edirdi, şirinliyin acıya çevrildiyi zamanlarda belə o bu xatirələri yaşamaqdan əl çəkmədi. Getdiyi hər yerdən uzun cümlələrlə qayıtdı sanki, ömrünü bir kitab halına gətirib hər kəsin oxuması üçün hazırlayırdı.

Uzun yolların birində o yenə fikirli halda cümlələrini yazırdı, gözlənilmədən gələn səs onu cümlələrindən ayırmaq istədi. Lakin o səsi eşitmirmiş kimi yazmağa davam edirdi. Yazdığı elə bu eşitdiyi səs də ola bilərdi, çünki o hər saniyəsini yazmaq üçün yaşayırdı. Səs davam etdikcə o yazır, sanki səsin batmasını, yazının sonlanmasını istəyirdi. Səs kəsilmək bilmirdi, nəhayət sakitçilik olanda qələmi ilə nöqtəni qoyub dəftərini bağladı, qatarın pəncərəsindən vuran küləyə üzünü tutub dərin bir nəfəs aldı. Çatacağı ünvana hələ çox vardı. Vaxtını yeni bir xatirəyə çevirmək üçün kupeden çıxıb ətrafa göz gəzdirdi. Heç kəs yoxdu, kupesine qayıtmaq istərkən arxadan gələn səs onu yerinə mıxladı.

- Gəlin bizimlə bir çay içək .

Bu təklif ürəyincə oldu, desək yanılardıq, çünki o belə ortamlarda olmağı üstün tutmazdı. Xatirələrini tək yaşamaq istəyirdi. Hər halda gülümsündü, deyəcək bir söz tapmadı. Üzündən təklifi qəbul etdiyi oxunurdu.

İlk dəfədir belə bir ortama düşmüşdü, deyilən sözlər onu yolda azmış birinə oxşadırdı. Sanki dilini bilmədiyi insanların əhatəsinə düşüb onların nə demək istədiyini anlamaq istəyirdi.
Səyahətə çıxmaq qərarını ilk dəfə beş il qabaq vermişdi. Ətrafında olan insanlara heç nə demədən yola çıxmışdı. Getdiyi yolun sonuncu ünvanını bilmədən böyük addımlar atırdı. Keçmişi geridə buraxmaqmı, yoxsa gələcəyi qurmaq istəyimi ilə bu yolu seçmişdi - bunu heç vaxt bilmədi.

Çay masasında oturduğu müddətdə susurdu, bu susqunluğu uzun çəksə də sonunda yanında əyləşən biri onun bu susqunluğunu ortadan qaldırmağa çalışdı.

- Buyurun, bu balımızın dadına baxın, gözəl bir baldı, sevəcəyinizə əminəm.

Oturduğu saniyədən gözünü o baldan çəkməmişdi, sanki beynində canlandırdığı xatirəni yenidən yaşayırdı. Balın dadına baxmadan ordan uzaqlaşıb xatirəsi ilə baş-başa qalmaq istəyirdi.
Qaşıqla balı ağzına doğru aparıb dadına baxdı. Üzündə nə hiss keçirdiyinə dair heç nə bilinmirdi. Özü də bilmədən bu sözü dedi:

- Bal acı dadır.

Yanında olan hamı güldü, bir şeyi anlamırdılar: onun üçün bal həqiqətən də acı dadırdı. Sadəcə… O balı sevmirdi.

Gülənlər ara vermirdi. Üzr istəyib ayağa qalxdı, xatirəsini yenidən yaşamaq üçün oradan uzaqlaşdı.

Şirinin acıya çevrildiyi bu xatirə səyahət çıxdığı ilk vaxtlarda olmuşdu. Ayaq basdığı ilk yerdə balı çox sevən bir balaca uşaqla tanış olmuşdu. Balın şirinliyini ilk dəfə o uşaqda hiss etmişdi, yeni kəşfi idi bu. Həm özünü, həm də uşağı kəşf etmişdi. İlk və son dəfəydi səyahət etdiyi bir yerdə uzun müddət qalırdı.

Günəşin torpağı isitdiyi bir vaxtda gözlərini açdı, kəşf etdiyi uşağın ağlamaq səsi onun isinən bədənini soyuğa bürüdü. Cəld ayağa qalxıb səs gələn tərəfə yüyürdü. Gördüyü mənzərə qarşısında nə soruşacağını bilmədən balacanı qollarının arasına aldı. O qədər bərk qucaqladi ki...

- Mən bal istəmirəm, bunnan sonar balı yemiyəcəm.

Uşağın bu səsi sanki onu yuxudan oyatmış kimi diksindirdi. Uşağın yaş dolu gözlərinin içinə baxıb soruşdu:

- Niyə?

- Arı məni sancdı, arının verdiyi heç bir şeyi istəmirəm.
Uşağı bu dəfə daha bərk qucaqladı, həyatında ilk dəfəydi birini bu qədər bərk qucaqlayırdı. Qulağına pıçıldadı: “Mən də bal istəmirəm”

O xatirədən illər keçmişdi, hələ də bal yeyəndə acı bütün bədəninə yayılırdı, hər bal onun xatirəsini yenidən qıcıqlandırıb oyadırdı.

İndi şəklinin yanında yazdığı bu xatirələri oxuyuram. Ondan mənə qalan tək bir kitab: yazdığı hər cümlədə özünü sübut etməyə çalışan insan.

# 1579 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #