Bənövşə xala

Bənövşə xala
23 dekabr 2015
# 16:02

Kulis Ulucay Akifin “Bənövşə xala” yazısını təqdim edir

Gün boyu yüzlərlə, hətta minlərlə insanla rastlaşırıq. Bəzən sadəcə bir-birimizin yanından ötüb keçirik, bəzən həmin o tanımadığımız adamlara aid kiçik mülahizələr yürüdürük, bəzən isə daima qarşılaşdığımız adamları heç tanımarıq.

Bənövşə xalanın 54 yaşı var. Bu yaşda olan qadınların əksəriyyəti bənzərdi deyə, onun görünüşünü çox təsvir etməyəcəm. Sadəcə onu deyə bilərəm ki, Bənövşə xalanın üz qırışları çox səliqəli şəkildə onun simasında özünə yer tapıb. Alnında, göz ətraflarında, yanaqlarında olan cizgilərin danışdığını görməmək mümkün deyil.

- Tətil gəlsəydi yaxşıca dincələrdim. Beş gün oyanmadan yataram, - mənə baxmadan danışmağa davam elədi, - bezmişəm hər səhər 6-da durub işə gəlməkdən. Axşam evə çatanda heç yemək yeməyə də heyim qalmır.

Bənövşə xalanı artıq üç ildir ki, tanıyıram, ya da üç ildir ki, tanımıram. Çünki onun sadəcə adını və işini bilməyim onu tanıdığımı deməyə dəlalət etmir. O, mənim oxuduğum universitetdə hələ mən doğulmamışdan öncə işləməyə başlayıb.

Haqqında, demək olar, heç nə bilməsəm də, həmişə onunla söhbət etməyə, könlünü xoş tutmağa çalışıram, çünki onun gözlərini qəmgin görəndə bütün dünyanın yükünü çiyinlərində daşıdığını anlayıram.

Niyə həmişə xoşbəxt olmağa layiq adamları tapar dərdlər? Yoxsa, dərdlər bizi tapdıqdan sonra xoşbəxtliyə layiq olarıq?

Bənövşə xala 25 yaşı olanda sevdiyi Rafiq ilə evlənmiş, həyatının da elə bu xoş axarda davam edəcəyini düşünürdü.

- Hündürboy, enlikürək, bığıburma oğlan idi. Məktəb vaxtından sevirdik bir-birimizi.

Rafiq kənd təsərrüfatı ilə məşğul olurdu. Böyük bağlarında, demək olar, hər meyvə ağacından var idi. Beş-on baş mal-qaraları da dolanışıqları üçün kifayət edirdi.

Bəlkə də xoşbəxtlik çox uzun çəkmir deyə, ona aid ağız dolusu danışmaq olmur.

Qarabağ müharibəsi canlar almağa başlayanda Bənövşə xalanın qızı Vüsalənin on, Gülnarın yeddi, oğlu Ramilin isə beş yaşı var idi.

- Rafiq də müharibəyə yollandı. Heç inanmağım gəlmirdi. 27 oktyabrda Zəngilandakı evi boşaltdıq, Bakıya gəldik. Burda bir-iki qohumumuz var idi, amma heç kimə yük olmaq istəmirdim. Elə təzəcə kirayə qalacağımız evə köçmüşdük ki, ermənilərin Zəngilanı işğal etməsi xəbəri yayıldı (30 oktyabr).

Bənövşə xala süpürgəni kənara qoyub mən tərəfə gəldi. Dəhlizdəki növbətçi masasının arxasında susqun şəkildə oturmuşdum. Stulu çəkib qarşımda əyləşdi.

- Bu gün-sabah qayıdar deyə gözləyirdim. Ölmədiyini hiss edirdim. Bir həftə keçməmişdi, hospitaldan zəng elədilər ki, bəs ərin burdadı.

Bənövşə xalanın gözlərinin dolduğunu gördükcə sözünü kəsmək istəyirdim, amma elə bil boğazım düyünlənmişdi.

- Uşaqları da yanıma salıb hospitala gedirdim. Qaça-qaça. Elə bilirdim hər saniyəyə ölə bilər. Allaha şükür edirəm ki, onu axırıncı dəfə bərk-bərk qucaqlaya bildim. O da uşaqlarını görə bildi.

Xadimə jiletinin cibindən dəsmalı çıxardıb, mənə baxmadan, yanaqlarına süzülən iki damcı yaşı sildi.

- Ciyəri yanmışlar ciyərindən vurmuşdu. Elə həmin gecə yatanda öldü.

Susdu, mənim isə dodaqlarım tərpənsə də, dilim yoxa çıxmışdı sanki. İkimiz də pəncərədən çöldə görünən bozumtul mənzərəyə baxırdıq. Zəng vurulan kimi Bənövşə xala süpürgəsini götürüb dördüncü mərtəbəyə qalxdı.

Yerimdə donub qalmışdım. İnsanın həyatı bir anının içində necə dəyişə bilərmiş. Bir hadisə ilə uçurumdan aşağı yuvarlanmaq, ya da zirvələrə qalxmaq olurmuş.

Ətrafımızdakı bütün insanların həyat hekayəsi var. Bəzilərinin kulminasiya nöqtəsi artıq geridə qalıb, bəzilərininki hələ də yetişməyib.

Xoşbəxtlik də məhz elə bu kulminasiya nöqtəsi - istər yaxşı olsun, istər pis, - yaşandıqdan sonra büdrəməməkdədir.

Bənövşə xalanın hekayəsinin sonrası?

Üç nəvəsi var. Vüsalə evlidi, qismət olsa bu yaz Ramilin də toyu olacaq.

# 1874 dəfə oxunub

Oxşar xəbərlər

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

14:00 26 may 2025
Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

15:05 21 may 2025
Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
# # #