Salam, Payız

Salam, Payız
5 noyabr 2014
# 15:12

Üşüyər, üşüdər pəncərəmi də,

Gəlməz içəriyə, yadındı payız.

Sarı saçlarını töküb çiyninə,

İlahi, nə gözəl qadındı payız.

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir.

Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzlərini payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam payız.

Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam payız...

Payız gəldi, gözlədiyim Qatar gəlmədi, hər gün gedib qatarı gözlədiyim. 12-30 dəqiqə hər an yadıma düşür, kövrəlirəm, ağlayıram, mənə köməklik edən göz yaşlarıma şərik olan payız olur, salam payız…

Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar… Qatar gələnə kimi, Avtovağzal küçəsində tək olardım. Sanki insanlarda bilirdi onu gözləyirəm, qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narı-narın yağış, xəzanı və küləyi ilə xısın-xısın danışardım. Bu payız gəlmədin, gözlədim səni qatar, salam payız, salam payız…

Nədən bu payızda tək qaldım?

Tənha bir quş qaldım, yuvadan uçdum, qondum payızın xəzanına, qondum nisgili ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? Xoş gəlibsən payız. Salam payız, salam payız.

- Payız, sən gəldin nisgili ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin, payız.

Bir qutu siqaret, pürrəngi çay, mənim hədiyyəmdi, payız. Oturmuşam odun sobasının yanında, xatirələri yadıma salıram, kövrəlirəm, yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yolboyu baxıram, küçədi dəə, uzanır gedir, heç kim yoxdur, bomboşdur, küçə yarpaqlara bürünübdür, sirlərə bürünübdür açan yoxdur bu sirləri, nədən payız?

Ayağımın altında yarpaqlar xışıldayır, onun mənə pıçı-pıçı dediyi sözləri xatırlayıram, onun mənə sakitcə utancaq sevirəm dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, keşkə sevməyi də öyrədəsən, sevəsən payız bir nəfəsdə doğulmağı da öyrədəsən, bilirsən kimi deyirəm? O qızı deyirəm, payız.

Xatırladın onu? Salam payız, salam payız.

Tanrı bəşəriyyəti yaradıb, düzdü, payız ?

Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız?

Kaş ki məndə payız yarpaqlarından özümə yuva qurmağı bacarardım, payız…

Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. Elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır. Xoş gəldin payız, təzələdin yaramı, payız. Salam payız, salam payız.

Bağlar xəzanın bürünübdür payız...

Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir, payız.

Bulaqların saf suyu kimi tər-təmiz görünür xəzanların payız.

Sən qocaların əsasısan…

Sən ağbirçək anaların örpəyisən…

Sən kövrək ürəklərin sirdaşısan...

Sən çadırdakı köçkünlərin şamısan, çırağısan, ümidisən, payız.

Bilisən nə yadıma düşüb, payız?

Sən gələndə əl-ələ tutub sənin xəzanının üstündə xoşbəxt xəyallardan, arzu etdiyimiz körpəmizdən, danışdığım o qızı xatırlayıram, yadındadır?

Xəzanının üstündə dolaşırdıq, birdən gözüm saralmış yarpaqların altındakı üstü palçıqlı üzüyə sataşdı, yadındadı, payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü, payız, o xoş anlar? O anlar yenə gəlməz, payız, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəm də, soyuqluğu hiss etsəm də, o anlara dönəcəm-dönəcəm, payız....

Üşüyər, üşüdər pəncərəmi də,

Gəlməz içəriyə, yadındı payız.

Sarı saçlarını töküb çiyninə,

İlahi, nə gözəl qadındı payız.

Həmişə gözündə yaş saxlayanım,

Sənə oxşayıram, gözüm bir əsim.

Çağır, çağır gəlim buludun olum,

Mənə göylərində yer ver tələsim.

Üzünü, gözünü yuyum yolların,

Üstünün, başının tozunu alım.

Geriyə qaytara bilmədim onu

Barı ayağının izini alım.

Səndən qisas almaq istəyirəm, payız. Növbə məndədir, Səni unutmaq istəyirəm, unuda bilmirəm, unutsam nələri unudam gərək, payız.

Mən payızı xoş anlarla keçirməyi istəyərdim, mən payızda sevə-sevə yaşamağı arzu edirdim…

Ömür boyu bir dam altda yaşamağı arzu edərdim,

nədən məyus qaldı bu arzular, payız?

İllərdir görmürdüm onu, təsadüfü rastlaşdım xəzanın üstündə, payız. Özgə qollarında gördüm… O gülə döndükcə mən külə döndüm, payız. Körpəsi qucağında, arzuları budağında, ruhu məndə, cismi xəzanın üstündə idi. Yenə bizi qovuşdurdun, payız. Salam payız, salam payız.

Ömür kitabımı sənin fəslində yazdığıma görə bilirsən nə qədər məyus oluram, payız!

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #