İki dünya arasında – Yeni hekayə

İki dünya arasında – Yeni hekayə
6 aprel 2022
# 18:30

Kulis.az Məmməd Məmmədlinin “İki dünya arasında” adlı yeni hekayəsini təqdim edir.

Yerin mənzərəsini iluminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl toxundu:

– Narahat olma, biz səni olduğun yerə aparacağıq - dedi.

Arxaya çevriləndə baxışları boz rəngə çalan bir cüt iri gözlə qarşılaşdı. Gözlər bu yalqız insan övladının ürəyindəkilərdən xəbərdarmış kimi, onda səyahətin maraqlı keçəcəyinə əminlik yaradırdı…

Bu dəfə isə iluminatordan baxanda qarşısında tam başqa bir mənzərə açıldı. Mavi ulduzun sehrinə düşdüyündən qamaşan gözlərini ondan çəkə bilmirdi. Bu, Deneb idi. Bir qədərdən sonra gözləri gur işığa alışdı. Daha sonra kosmik aparat ona doğru uçmağa başladı. İndi ulduz elə nəhəng görünürdü ki! Ətrafa saçdığı od-alovun işığı üzünə çökmüş vahimə qarışıq təbəssümü aydınlatdı. Deyəsən, arzusuna çatmışdı, ancaq nədənsə, Denebin orbitində canına yenidən qorxu düşdü. Az keçmiş maraq bu əcaib qorxunu üstələdi və özündə güc hiss etdiyindən hədsiz bir acgözlüklə tamaşasına davam etdi. Mavi ulduzun səthindəki tünd ləkələrdən gözünü çəkə bilmirdi. Amma yaxınlaşdıqca bu ləkələrin dağlar, dərələr olduğunu gördü. Necə də əsrarlı bir görüntü idi! Bu görüntünü heç nə əvəzləyə bilməzdi! Yavaş-yavaş ulduzun atmosferinə daxil oldular. Uçduğu kosmik aparatda uğultuya qarışan cırıltılar beynini elə sancırdı ki, az qala qulağının pərdəsi deşiləcəkdi. Çox keçmədən hərarət endi və bədəni soyumağa başladı. Büzüşüb bir küncə qısıldı. Bayıra baxmağa cürət etmirdi. Kosmik aparat dərələrin birinə enəndə boz rəngli gözlər yaxınlaşaraq ona şüuraltı məlumat ötürdü:

– Qalx ayağa, çatmışıq. İndi bayıra çıxa bilərsən.

Əyninə əcaib bir skofandrı təzəcə geyindirmişdilər ki, ayaqlarının altında balaca bir dəlik açıldı və getdikcə genişlənməyə başladı. Nəhayət o, dəlikdən keçib yavaş-yavaş aşağıya endi. Ayağını ulduza basan kimi dəlik kiçilib yox oldu. Özünü itirmiş halda ətrafa göz gəzdirdi. Ucu-bucağı görünməyən dərə sanki onu sonsuzluğa buraxmışdı. Ayağıyla yeri yoxladı. Bura ilk baxışda möhkəm, sərt təsir bağışlasa da bəzi yerlərdə çatlar yaranmış və ulduzun qaynayan nüvəsindən özünə yol tapmış mavi rəngdə maye axıb çökəklikləri doldurmuşdu. Buralar çox soyuq idi. Şaxtalı havanı yararaq dərədə gəzişməyə başladı. Əyildi ki, yerdən bir nümunə götürsün, ancaq alınmadı. Yer düşündüyündən də möhkəm idi. Əllərini qoşalayıb civəyə oxşar mavi rəngli mayeni ovcuna aldı. Ovcunda öz əksini görəndə yaddaşını itirmiş kimi oldu, kimliyini, hardan gəldiyini unutdu. Haldan-hala düşdü, bu müəmmalı maddə sanki ruhunu canından sovururdu. Birdən yerin çatları aralanmağa başladı. Maye qaz ətrafı bürüdü və o, dizə qədər qalxan bu sehrli maddənin içində var-gəl etdi. Hərarət durmadan artırdı. Canına istilik gəldi. Hər yan oda büründü. Cəhənnəm alovu ətrafı külə çevirirdi. Qəflətən baş verən güclü partlayış hər şeyi göyə sovurdu… Təyyar qışqırıb yerindən dik atıldı. Anası hövlnak özünü içəri atdı:

– Nə oldu sənə, qadan alım, yuxu görürdün?

– İşığı yandır! - Təyyar həyəcanla səsləndi.

– A bala, səhərdi, hər tərəf işıqlıdı.

– Ana, mən görmürəm…

– Allah məni öldürsün, ay oğul, niyə görmürsən?

Təyyar gözlərini ovuşdurdu, qorxu qəlbini çulğasa da anasını sakitləşdirməyə çalışdı:

– Narahat olma ana, keçib gedər.

Təyyarın gözündə hər yer zülmət idi. Amma təlaşı çox sürmədi. Bir qədərdən sonra gözlərinə yavaş-yavaş işıq gəldi. Bədəni tər içindəydi. Anasının yanından sivişib hamam otağına keçdi. Soyuq duş qəbul etdikdən sonra səhər yeməyini yedi, sonra da əlini telefona atdı. Xəttin o biri ucunda Emin dəstəyi götürdü:

– Alo!

– Salam! Gəl Malakan bağına, sənə deyiləsi sözüm var…

Dostlar tez-tez görüşdükləri Malakan bağına üz tutdular. Bağın kənarındakı kafeyə keçib masaların birində özlərinə yer elədilər. Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:

– Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?

– 12 ay.

Təyyar belə əyləncəli sualları dostundan tez tez eşidirdi, bu dəfə hazırcavab oldu və bayaqdan qəlbini sarmış həyəcanını söndürmək üçün eyni ahənglə məzəyə keçdi:

– Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?

– Vaxt öldürür?

– Əhsən! Yaxşı bəs ona neçə il düşür?

– Bax bunu hakimdən soruşmaq lazımdı.

Ofisant Təyyarın sifarişini gətirdi, şüşənin qapağını ehmalca açıb, pivəni bakallara süzdü və onlardan aralandı. Emin bir siqaret alışdırdı, Təyyarsa çəkib qurtardığı siqaretin kötüyünü külqabına basaraq yenisini yandırdı.

– Emin, zarafat qalsın bir yana, amma inanmazsan, dəhşətli, həm də canlı bir yuxu görmüşəm – deyib, alnının tərini sildi.

– Nə yuxu?

– Bilirsən, elə bir əsrarəngiz yerdəydim ki… - dərindən ah çəkib, yuxusunu birnəfəsə danışdı.

Bu qarışıq, çarpaşıq yuxudan bir şey anlamayan Emin soyuq, laqeyd halda əlini yellədi:

– Hə, nə var burda, yuxudu də. Bircə ona təəccüblənirəm ki, bu boyda əhvalatı yadında necə saxlamısan. Adətən, yuxular yaddaşdan tez silinir.

– Bu adi yuxu deyil, gerçəklikdi… eh, səni necə başa salım… Bilirsən nə var, gəl Xaçmaza gedək.

– Xaçmazda nə ölümümüz var?

– Sənə möcüzə göstərmək istəyirəm.

Təyyar yol boyu hələ də ötən gecə gördüyü yuxunun təsirindən ayıla bilmirdi. Nədən danışırdısa, yenə mövzunu o əsrarlı yuxunun üstünə gətirirdi.

– Sən lap kino görmüsən ki… - Emin yuxu haqda təəssüratını belə tamamladı. Sonra dostunu indicə görürmüş kimi diqqətlə üzünə baxdı:

– Mənə sarı çön görüm, elə bil gözündə çəplik var.

– İndi görürsən bəyəm? Bu, anadangəlmədi. Sağ gözüm dartmır…

Onlar Xaçmaza gecəyarı çatdılar. Emin maşını meşəlikdə yerləşən istirahət mərkəzinə sürdü. Özlərinə rahat bir ev tutdular. Yolun yorğunluğunda otağa girən kimi çarpayıya sərələndilər. Ancaq çəyirtgələrin cırıltısı, bir də mələfələrə hopmuş meşənin nəmişliyi yuxularına zəhər qatırdı. Təyyar yerinin içində bir siqaret yandırıb tüstünü hərisliklə içinə çəkdi. Emin də əlini alışqana atdı. Adda-budda nə danışırdılarsa, söhbət yenə möcüzəvi yuxunun üstünə gəlirdi.

Söhbətin qızğın yerində bayırdan gələn güclü işıq dalğası pəncərəyə elə çırpıldı ki, şüşələr çilik-çilik olub otağa səpələndi. Səbəbini anlamayan dostlar qorxu içində baxışdılar, və bircə anda gözlərinə qaranlıq çökdüyündən yerlərindəcə qurudular. Bəbəklərinə nüfuz edən fotonlar canlarına yayılıb, elə bil hüceyrələrini yerindən oynatmışdı… Handan-hana gözlərinə işıq gəldi.

– Bu nədi ə? Nə baş verir burda?

– Mən sənə demişdim axı… Bu da sənə möcüzə. –Təyyar cəld özünü bayıra atdı.

Aralıda iri ağacların arasından boylanan ağ rəngli bir şar nəzərini cəlb etdi. Şar o qədər böyük idi ki, qaranlıq meşənin səssizliyində insanı vahimələndirirdi. Təyyar yadplanetlilərin ondan ötrü gəldiyini zənn etdi və şara doğru qaçmağa başladı. Canında xof olsa da hansısa bir cazibə qüvvəsi onu şara sarı çəkirdi. Uzaqdan əcaib məxluqları görən kimi Mavi ulduz! Yay üçbucağı! Deneb!” - deyə, qışqırmağa başladı. Ancaq yadplanetlilər ona əhəmiyyət vermədən kosmik aparatlarına mindilər. Təyyar sürətini artırıb onlara çatmağa çalışırdı, bir dayanın, məni də götürün” - deyib, elə hey qışqırırdı. Bu vaxt ayağı büdrəyib üzüqoylu gölməçəyə yıxıldı. Mavi ulduz! Mavi ulduz!” - deyib, əlini onlara sarı uzatdı. Ancaq gec idi. Şar sürətlə göyə qalxıb, bir göz qırpımında havada itdi. Təyyar sevimli oyuncağını itirmiş uşaq kimi çox məyus oldu. Kim bilir, belə bir fürsətlə bir də qarşılaşacaqdımı… Təngnəfəs halda ayağa qalxıb üst-başını çırpdı və suyu süzülə-süzülə geriyə döndü.

Otağa girər-girməz Emin suallarını uc-uca caladı:

– Dostum, nə baş verir burda? Bu nə möcüzədi?

Təyyarın arzusu bir anda içindən tüstüsü çıxan çürümüş qoz kimi puç olmuşdu. Heysiz halda mızıldandı:

– Filmin belə sonluqla bitəcəyini heç gözləmirdim...

Onlar bütün gecəni gözlərinin qarşısında baş vermiş hadisəni müzakirə etdilər. Söhbət o qədər uzandı ki, nə vaxt yuxuya getdiklərindən belə xəbərləri olmadı. Axşamdan cırıldaşan çəyirtkələr də səslərini kəsmişdilər…

Hava küləkli idi. “Əlif Hacıyev” elmi tədqiqat gəmisi dalğaların arasında yırğalanırdı. Gilavar göyün üzünü alan qara buludları ora-bura qovur, onlar da sanki buna etiraz olaraq hirsini şimşəklə çıxarırdılar. Gəminin göyərtəsində qapıdan bərk-bərk yapışıb qəzəblə yağışı seyr edirdi. Bədəni titrəsə də soyuğu hiss etmirdi. Yırğalandıqca ürəyi bulanır, gəmidəki otağına çəkilmək istəyirdi. Ancaq ona verilən tapşırıq bütün planlarını pozdu. Kapitanın göstərişilə batmış sualtı qayığı tədqiq etmək üçün arxası üstə dənizə kəllə vurdu. Yavaş-yavaş Xəzərin dərin qatlarına dalmağa başladı. Su bulanıq olduğundan üç-beş metrdən uzağı görmək mümkün deyildi. Yan-yörəsindən balıqlar şütüyüb keçirdi. Onların gümüşü pulcuqları bulanıq suda sanki ay işığının altındaymış kimi parıldayırdı. Balıqlar çox yaxında üzürdülər. Hətta, əllə onlara toxunmaq istədi. Ancaq balıqlar bunu hiss edən kimi dərhal suda itir, sonra da kabus kimi qəfildən peyda olurdular. Qolundakı cihaza baxdı - 130 metri göstərirdi. Hələ bir qədər də enməli idi, çünki bu ərazidə suyun dərinliyi 240 metrə çatırdı. Dərinliyə daldıqca suyun hərarəti yavaş-yavaş aşağı düşürdü, o isə buna əhəmiyyət vermir, " görəsən sualtı qayıq hansı səbəbə batıb? Onu tapmaq mümkün olacaqmı?” – sualları ilə beynini yükləyirdi. Nəhayət, dənizin dibinə çatdı. Başındakı fənəri yandırdı. Su o qədər bulanıq idi ki, bir neçə metrdən qabağı görmək olmurdu. Əlini qumun üzərində gəzdirdi. Lil səhrada qopan fırtına təki suyu bulandırdı. İrəliyə doğru üzməyinə davam etdi, çünki qayığı tapmaqda israrlıydı. Belə onu tapa bilməyəcəm” - deyib, ziqzaqvari üsulla axtarışına davam etsə də qayığın qırıntılarına belə rast gəlmədi. Bu zaman kütüm sürüsü onu əhatəyə aldı. Başının üstündə, ətrafında fırlanan balıqlar əvvəlcə ona yaxınlaşmağa cürət etməsələr də sonradan oğlanın kombinezonunu dartışdırmağa başladılar. Təkləndiyini görəndə əl-qol atıb onları özündən kənarlaşdırmağa çalışdı. Bəlkə məni yemək istəyirlər?” - bir anlıq ağlından keçirdi. Ancaq balıqlar pərən-pərən olub, yenidən sürü halında ona doğru üzəndə yəqin etdi ki, bu dilsiz-ağızsızlar nəyisə göstərmək istəyir. Dərhal arxalarınca üzməyə başladı. Xeyli üzmüşdü ki, relyefin dəyişdiyini hiss etdi. Dənizin dibində şiş qayalar gördü. Balıqlar onu qayalıqların arasıyla aparırdılar. Qarşıda üstü lillə örtülmüş böyük, dəyirmi bir lövhə diqqətini çəkdi və buranın bir keçid olduğunu düşündü. Dəmir lövhə torpağın səthində üfiqi şəkildə quraşdırılmış olsa da ağzı bağlı idi. Özünə yol açmaq üçün qaynaq aparatını işə saldı və təxminən bir metr enində olan dəmir plitəni kəsdi. Açdığı yerdən içəri daxil oldu. Bura beş-altı metr uzunluğunda otaqvari bir yer idi. Dənizin dibində ağzı bağlı dəmir otaq kimə lazımmış görəsən?” - düşündü. Bu zaman gözü divardakı qırmızı düyməyə sataşdı. Altında “сброс воды” sözü yazılmışdı. Bildi ki, burada daha bir keçid olmalıdır. Barmağı ilə düyməni bassa da heç nə baş vermədi. Dərhal bölmənin divarlarını, döşəməsini nəzərdən keçirdi. Döşəmə tərəfdə başqa bir lyuk gördü və nə qədər güc verdisə də ağzını aça bilmədi. Tələsirdi. Qolundakı saata baxdı. Vaxtına az qalmışdı, qayıtmaq məcburiyyətində qalsa da maraq onu üstələdi və o, yenidən qaynaq aparatını işə saldı. Lyukun ağzını açıb növbəti otağa daxil oldu. Burada divarın yan tərəfində bir qapı gördü. Eyni hərəkətlə özünə yol açıb içəri sivişdi. Geniş dəhlizlə irəliyə doğru üzdü və sonda daha bir qapı ilə rastlaşdı. Bu dəfə də qapını kəsib növbəti məkana keçəndə buranın böyük bir hərbi baza olduğunu zənn etdi. Su bazanı basmışdı. Aşağıya doğru gedən pilləkan onu geniş bir məkana apardı. Bir az da irəlidə düşündüklərinin doğruluğuna əmin oldu. Qarşıda bir-birinin ardınca şaquli vəziyyətdə düzülmüş qitələrarası, nüvəbaşlıqlı raketlər gördü. Buranın radiaktiv bir yer olduğunu bilən kimi tez ayaqlarını işlədib bazanı tərk etməyə çalışdı. Pilləkana çatanda havanın azaldığını hiss etdi. Təşviş içində gəldiyi yolla üzməyə başladı. Dəhlizdə isə havası tamamilə qurtardı. Hava udmaq ümidilə bir neçə dəfə dərindən nəfəs aldı. Boğula-boğula yerində çabalayırdı ki, Emin onu yüngülcə silkələyib ayıltdı:

– Deyəsən pis yuxu görürdün. Danış görək, bu dəfə başımıza nə gələcək?

Təyyar gözünü açdı, zəndlə dostuna baxdı, harda olduğunu anlamağa çalışdı. Özünə gələn kimi:

– Bu dəfə dənizdə olacaq, - dedi.

– Nə olacaq? Yadplanetlilərdi yenə?

– Yadıma salma. - Təyyar əynini geyindi və bir siqaret yandırdı. - Axşamtərəfi sahilə gedərik.

Çimərlikdə iki nəfər xilasedici qumun üstündə özlərini axşam günəşinə verirdilər.

– Başlayanda xəbər eləyərsən. – Eminin səsindəki həyəcan açıqca hiss olunurdu.

Təyyar dostunu çox gözlətmədi:

– İndi başlamalıdı - deyib, sınayıcı nəzərlərlə onu süzdü.

Sahildən xeyli aralıda böyük bir gəmi suyun üzərində ləngər vururdu.

– Görəsən o nə gəmidi elə? - Emin xəbər aldı.

– Ora bax! Balıqları görürsən?

Emin nəzərlərini sahilə cırmaq atan dalğaların üzərində gəzdirdi. Balıqlar sudan sıçrayıb özlərini qumun üstünə elə atırdılar, elə bil duzlu su onların məskəni deyilmiş. Təyyar başa düşdü ki, balıqlar ona hərbi bazanın yerini göstərmək istəyir. Tezcə ayağa qalxıb özünü dənizə atdı.

– Dayan, hara gedirsən? - Emin arxasınca qışqırdı.

Təyyar ona əhəmiyyət vermədən dalğaların arasında ağır-ağır irəliləyib, suya kəllə vurdu. Özünü sahilə yan alan gəmiyə çatdırmaq istəyirdi. Gəmi isə hələ xeyli uzaqda idi. Təyyarın əhədi kəsilirdi. Emin isə bayaqdan sahildə var-gəl edir, dostunu gözdən qoymurdu. O, əl-qol atıb suyun üzündə görünməz olanda Emin onun boğulduğunu başa düşdü və dərhal özünü xilasedicilərə yetirdi. Onlar motorlu qayığa minib Təyyarın itdiyi əraziyə üzdülər. Köstəbək kimi o tərəf-bu tərəfə boylansalar da Təyyarı tapmadılar. Sahildə dayanıb bütün bunları həyəcanla izləyən Emin səbirsizlikdən dırnağını çeynəyirdi. Bu zaman dalğaların arasında ləngər vuran Təyyarın yaşıl köynəyini gördülər. Amma tapdıqları yalnız köynək oldu. Ərazini yenidən yoxladılar və nəhayət, gözləri Təyyarın suda yırğalanan qollarını aldı. Qayıqdakılar qarmağa keçmiş balıq kimi onu sudan çıxardılar. Sahilə çatan kimi onu qumun üstünə uzadıb, süni nəfəs verməyə başladılar. Təyyar palçıq vulkanı təki daxilindəki mayeni qusdu, sonra da dərindən bir neçə dəfə təmiz havadan uddu. Damarlarına nüfuz edən oksigen onu həyata qaytardı.

Yol boyu heç biri danışmadı. Evlərinə çatanda bir dəstə polisin dünən gecə baş vermiş partlayışla bağlı adamları sorğu-suala tutduğunu gördülər. Vəziyyətin dəyişəcəyini anlayan dostlar tez maşına minib aradan çıxdılar…

Qürub çağı qaranlıq bir məkana daxil oldu. Hər tərəf zülmət içində idi. Əl fənərini yandıranda bu yerin kiçik bir mağara olduğunu anladı. İşığı mağaranın divarlarına tutdu. Yuxarıdan aram-aram tökülən su damcılarının əks-sədası səssizliyi pozurdu. Damcılar hər dəfə yerə düşdükcə ürəyində saymağa başladı. Bir, iki, üç... Ayağını gölməçənin üstünə basıb irəliyə doğru bir-iki addım atıb dayandı. Fənərini üzüyuxarı tutaraq nəm tavandan sallanan damlaların qopub-düşən rəqsinə tamaşa edəndə mağaranı kəşf etmək həvəsinə düşdü. Damcı səsləri addımlarında itdi. Az getmişdi ki, daş-qayaya dirəndi. Mağara elə bura qədər imiş”, - deyə düşündü. Daş-divara zəndlə baxırdı ki, gözü balaca bir oyuğa sataşdı. Əlini uzadanda oradan sərin mehin əsdiyini hiss etdi. Bildi ki, mağaranın ikinci çıxışı da olmalıdır. Deşiyi böyütmək istəyəndə hörülmüş divar soyuqda ayaq altda qalan donmuş gölməçə kimi çatladı. Buzqıran gəmitək özünə yol açdı. Uçurduğu divarın arasından keçmək istəyəndə arxadan gələn səs elə bil onu yerə mıxladı:

– Getmə, dayan! Geriyə qayıt!

Bu, çəp gözlərlə ona baxan başqa bir Təyyar idi.

– Sən kimsən? - Qorxacaq səslə soruşdu.

Özünü tanısa da gözlərinə inanmadı.

– Qayıt geriyə! - Yerində fırr eliyib gözdən itdi.

Fənərin işığında ora-bura göz gəzdirdi, amma bir ins-cins gözə dəymədi. Gördüyü Təyyar qeybə çəkilmişdi… İnadkarcasına yerə tökülmüş daşların arasından keçib dar bir məkana daxil oldu. Bura o qədər nəmişlik idi ki, lap ürəyi sıxılırdı. Elə bu zaman yuxarıdan qopub düşən daş parçası zərblə başına dəydi və o, müvazinətini itirib yerə yıxıldı. Gözləri qaraldı. Uzanıqlı halda barmaqlarını saçlarının arasında gəzdirdi. Başı əməllicə yarılmışdı. Qan aram-aram üz-gözünə axırdı. Əlini fənərinə atıb güclə ayağa durdu. Ona elə gəldi ki, mağara indi çökəcək, amma geriyə qayıtmaq istəmədi. Qan axan yeri əliylə bərk-bərk sıxıb künc-bucağı yoxlamağa başladı. Bu zaman gözü dar bir keçidə sataşdı. Mağaranın bu tərəfi nisbətən aşağıya doğru gedirdi. Dar boğazdan sivişib ayağını yerə basmaq istəyirdi ki, sürüşüb qurşağadək suya batdı. İşığını ətrafda gəzdirdi və buranın çox geniş bir yer olduğunu gördü. Üzə-üzə irəli keçdi. Gur işığın altında bərq vuran mərmər çıxıntılar mağaranı əlvan rənglərə boyadı. Bayaqdan canında gəzdirdiyi xof sovrularaq bir anda yox oldu. Mağaranı kəşf etməsinə çox sevinirdi. Elə oradaca düşündü ki, bu yer haqqında heç kəsə danışmayacaq. İrəlidə üst-üstə yığılmış iri sandıqlar gördü. Maraq ona güc gəldi. Cəld sandıqlardan birinin ağzını açdı. Daş-qaşları, qızıl sikkələri görüncə heyrətləndi. Ağzı açıla qalmışdı, sevincindən az qala bayılacaqdı. Vaxt itirmədən ciblərini doldurub, aradan çıxmaq istədi. Ancaq düşdüyü yerdən qalxa bilmədi. Hər dəfə çıxmaq istəyəndə sürüşüb suyun içinə düşürdü. Ha çalışdı, ha cəhd elədi, düşdüyü yerdən çıxa bilmədi ki, bilmədi.

– Bu dəfə səninlə gedirəm. Dost deyilik, xəzinəni aramızda bölərik. - Emin onun yuxusuna qulaq asdıqca şirniklənir, ləl-cavahirata sahib olmaq istəyirdi.

– Xəzinə o qədər böyükdü ki, hamısını apara bilməyəcəyik.

– Yaxşı, bəs bu xəzinə harda, hansı mağarada gizlədilib?

– Şahdağda.

– Sən buna əminsən?

– Əlbəttə. Mən yuxularımda səyahət edirəm.

– Necə yəni səyahət edirsən? – Emin təəccübləndi.

– İnsan yuxuda paralel dünyaya keçir və ruhu bədənindən ayrılandan sonra uzaq məsafələri qət edə bilir. Yəni, bizim yaşadığımız gerçəklik eynilə paralel dünyada da mövcuddur. Mən buna inanıram - deyib, zəndlə gözlərinə baxdı.

– Sənə inanıram. Sabah yola düşürük.

– Danışdıq.

Araya sükut çökdü. Dostlar hələ bir qədər skamyada oturub, yemə toplaşan göyərçinlərə dimməzcə tamaşa etdilər.

Səhər obaşdan Emin qapının ağzını kəsdirdi. Təyyar vaxt itirmədən bel çantasını götürüb evdən çıxdı. O, ürəyinə gələnləri dostundan gizlətmədi:

– Hiss edirəm ki, bu dəfə paralel dünyaya keçə biləcəm.

– Mənə də elə gəlir…

Dağın yamacında maşını saxlayıb yoxuşla təzəcə qalxmağa başlamışdılar ki, göyün üzündə süzən nəhəng bir qartal başlarının üstünü kəsdirdi. Ancaq başları söhbətə qarışdığından quşa fikir vermirdilər.

– Görəsən, xəzinəni orada gizlətmək kimin ağlına gəlib? - Emin soruşdu.

Təyyar böyük bir sirr açırmış kimi pıçıltıyla dilləndi:

– Xəzinə Qacarlar dövründən qalıb. Düşmən əlinə keçməsin deyə, mağarada gizlədiblər.

– Yaxşı, bəs sən o yeri necə tapacaqsan?

– Mağaranın girişinin hər iki tərəfində ağac əkilib. Biz ora yaxınlaşanda bunu görəcəyik.

Qarşıda sıldırımlı qaya yolu kəsdiyindən dostlar onu yan tərəfdən keçməli oldular. Yandırıcı günəş başlarına döysə də oğlanlar dayanmadan qan-tər içində dikdiri dırmaşırdılar. O qədər hündürə qalxmışdılar ki, başları gicəllənirdi. Bu yerlərdə otlar susuzluqdan saralıb solmuş, tək-tük görünən ağaclarda isə quşlar yuva qurmuşdu. Dönüb arxaya baxdılar, gözlərinin qarşısında gözəl bir mənzərə açıldı. Bir-birindən aralı, nizamsız tikilmiş kənd evləri, gül kələminə bənzəyən hamar meşələr, onlardan da o yana alçaq dağlar… Bayaqdan başlarının üstündə dövrə vuran qartal qəflətən qıyya çəkib onların üstünə şığıdı. Dostlar yırtıcı quşun caynağına keçməsinlər deyə, hərəsi bir tərəfə çəkildi.

– Mən onu görürəm, ora bax! - Təyyar əliylə dostuna mağaranın girişini göstərdi.

– Mən də gördüm. Gəl tez dırmaşaq, canımız da bu quşdan qurtarsın. - Emin onun yaxasından yapışıb özünə tərəf çəkdi.

Bu zaman qartal qırıcı təyyarətək yenidən onlara tərəf şığıdı, bir göz qırpımında Təyyarı caynağına alaraq havaya qaldırdı. Quşla əlbəcaynaq olan Təyyar onun boğazından yapışdı. Vəziyyətin dəyişdiyini görən yırtıcı şikarını caynağından buraxdı, ancaq Təyyar tutduğu yerdən bərk yapışmışdı. Və ikisi də göydə vurulan təyyarə kimi tüstüləyə-tüstüləyə” yaxınlıqdakı sal qayanın üstünə çırpıldılar. Emin bir mağaraya baxdı, bir də yerdə zarıyan dostuna… Cəld dağı enməyə başladı. Təyyar ağrıdan canını dişinə tutaraq qıvrılmışdı. Emin onu çiyninə aldı, çətinliklə də olsa dağı birər-birər endi. Yaralını dərhal maşının arxa oturacağına uzadıb vaxt itirmədən rayon xəstəxanasına çatdırdı.

Təyyarın dörd qabırğası sınmışdı. Həkim ilk yardım kimi ona ağrıkəsici iynə vurub palataya yerləşdirdi. Sonra Eminə xəbərdarlıq etdi:

– Dostun hələ bir neçə gün burda qalmalı olacaq.

Emin bütün gecəni dostunun çarpayısından aralanmadı. Gecənin səssizliyində Təyyar üz-gözü sarıqlı halda baş verənləri zarıya-zarıya Eminlə müzakirə edirdi:

– Mən ba-şa düş-düm. Ayyy… - Təyyar ağrıdan qırıq-qırıq danışırdı - Hər şeyi indi başa düşdüm. Paralel dünya ilə yaşadığımız gerçəklik arasında bir sədd mövcuddur. Mən onu neçə dəfə aşmağa çalışdım, arzularımın arxasınca düşdüm. İndi özümü sanki iki dünya arasında asılmış kimi hiss edirəm…

Təyyar o səddi aşa bilməsə də əmin idi ki, yuxularında arzuladığı yerə səyahət edib. İnanırdı ki, paralel dünyada ayağını ulduza basıb, Xəzərin dibindəki hərbi bazada olub, mağarada xəzinə tapıb. İnanırdı ki, röyalarında yenə ora qayıdacaq. O, buna inanırdı…

2020

# 2920 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #