Göz yaşımı daşa sıxdım - Mina Rəşidin şeirləri

Göz yaşımı daşa sıxdım - Mina Rəşidin şeirləri
30 iyul 2020
# 16:58

Kulis.az Mina Rəşidin şeirlərini təqdim edir.

Baxışımız sual kimi

Baxışımız sual kimi,
Kim deyir, biz yaşayırıq?
Bu səhərdən o səhərə
Bir can odu daşıyırıq.

Kim saldı bizi bu hala?
Mat qalmışam o ağıla.
Olum-ölüm arasında
Qaldıq sıxıla-sıxıla.

Eli-günü talan canım
Kimə açsın ürəyini?
Hardan açıldı bu səhər,
Harda gizlədim dərdimi?...

Atamın ruhuna

Qəlbim oyula-oyula
Gen yollara baxdım...baxdım...
Məni sənə kim aparar?
Göz yaşımı daşa sıxdım.

Qəlbimdə əsən yellərdən
Ümidim sınar, üşüyər.
Bizi birgə kim əyərdi?
Üstümə dağlar yeriyər.

O gülən, nurlu gözlərdə
Bilirəm, yenə göyçəyəm.
Sən qərib, ellər didərgin,
Mən don vurmuş göyçiçəyəm.

Yaz gəldi, yazın gəlmədi

Yataqxana binasından boylanan anaya

Nə həsrətdi gözlərində
Baharın bu gülən çağı?
Yoxsa qəlbinə od salıb
Yurdunda sönmüş ocağın.

Mənə də söylə dərdini,
Qurban olum, gəl yaxına.
Ana, elə qəmgin baxıb
Ürəyimə dərd toxuma.

Yol-izini göy ot alıb,
Bura üstü buz küçədi.
Mən belə dərd çəkən yerdə
Gör sənin dərdin necədi...


Ahın dağlara-daşlara,
Yenə nə yaman dolmusan.
Yaz gəldi, yazın gəlmədi,
Göydən asılı qalmısan.


Mənim Qiyaslı kəndim

Mənim Qiyaslı kəndim,
De, evimiz necədi?
Kim çıxır ağaclara
Həyətimiz necədi?

Xallı, qara, ağ gilas...
Ağacların dururmu?
Söyüdlərin qoynunda
Quşlar yuva qururmu?

Həyətlərin xalısı
Bənövşəli, nanəli.
Qoynu güldən naxışlı
Zəncirotu, laləli.

Uzanıb məxmər gülü
Pəncərədən baxırmı?
Bağçamızın içindən
Sular şır-şır axırmı?

Qoynu gülüstan kəndim,
Sənin qoxun başqadı.
Sənin göyün, buludun,
Varın-yoxun başqadı.

Güllə dəydi köksünə
Ağaclar yaralandı.
Yerdə uşaqlar uçdu,
Göydə quşlar dayandı...

Görüşdük qospitalda
Oğlu çox yaralıydı.
Qonşumuz Gözəl xala
Görən indi hardadı?

Badam xalanın qızı
Xocalıya köçmüşdü.
Şəhid oldu dünyası
Dərdi dillərə düşdü.

Biz də çöllərə düşüb
Yollar yorğunu olduq.
Əvvəl çadır, vaqonda,
Sonra yataqxanada
Üzünə həsrət qaldıq.

...Gün gələcək bitəcək
Bu həsrət, bu qüssə-qəm.
Darıxma, gözəl kəndim,
Hələ ölməmişəm mən!
Hələ ölməmişik biz!

Kəndimiz də xiffət çəkir indi...

...Hiss edirəm, kəndimiz də xiffət çəkir indi
Yollarını, cığırlarını ot basıb...
Uşaq vaxtı düz başına çıxdığımız
gilas ağacları
qırmızıyanaq meyvələriylə
Öyünmürlər daha...

...Çiçəklər də xiffət çəkir indi
Onları bizim kimi qoxlayan,
Ləçəklərinə sığal çəkən yox deyə,
yasəmən ağacı bəlkə çoxdan solub...
solmasa da, daha əvvəlki şövqlə açılmaz
mavi gözlü çiçəkləri...
Kəndimiz də, xiffət çəkir indi...

Bacım Gülüzara...

...Bu boyda şəhərdə
Bircə bacım var,
Ata-ana əvəzi, doğma nəfəsi
Həmişə quş kimi bir qanadım
Ona doğru dartınar
Ona sarı uçmaq istər...
Hərdən qapısını açınca
Və onu görməyincə
Bir boşluqda qalaram sanki...

Onda bütün varlığımla hiss edərəm
Necə tənha olduğumu...
...Bu boyda şəhərdə
Bir kəndim var sanki,
Gül qoxusu alaram
Bacımın balaca, bürkülü yataqxana
küncündəki sığınacağından...
sanki gilas, alça çiçəkləri boylanar üzümə,
Kəndimizin havası vurar məni,
Bu balaca otaqdan....
Elə bil, ata-anam gülümsəyər gözlərimdə
Onun iki şipşirin balasını görəndə...
...Bacım mənim bir dünyamdı,
Kəndimizdəki evimiz, məktəbimiz,
uşaqlıq həmdəmimdi...

Esmira Məhiqızının şeirləri

...Esmira, sənin şeirlərini oxudum
bu səhər
Oxudum... oxudum...
Qəm xəncər kimi saplandı kürəyimə...
Bir anlıq dayandım...
Amma durmadım...
yenə oxudum, oxudum...
Kədər heykəlinə dönənə qədər...
Esmira, sənin ürəyində necə böyük dağ var,
Necə gəzdirirsən o dağı, necə?!
Sənin qədər dağ-dağ olmuş dağı olanı
görmədim heç...
Qələmi qanlı bıçaq olanı da...
Qələm söz yazar, amma sənin sözün köz olar,
Ürəyimizi oyar, sökər, yandırar...
Esmira, səni görmədim heç
Amma görmək istədim indi
Kəndimizi, evimizi arzuladığım kimi...

# 8110 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #