Sonuncu arzu – Hekayə

Sonuncu arzu – Hekayə
26 dekabr 2019
# 18:45

Kulis.az Pərvanə Bayramqızının “Sonuncu arzu” hekayəsini təqdim edir.

Səhər tezdən könlündən parka gedib, sərin ikən bir az mütaliə etmək istəyi keçmişdi. O da könlünün xətrinə dəyməmişdi. Bir azdan qızmar günəş çıxacaq, həmişəki kimi, susuzluqdan yanan bitkilərtək “solacaqdı”. Odur ki, vaxt itirmədən həm bir az hava almaq, həm də mütaliə etmək üçün gəlib ağacların arasında üzü dənizə tərəf qoyulmuş skamyada əyləşdi. Bakının gözəl vaxtlarını xatırladı. (Gənclik illərindən söz açanda həmişə, “Onda Bakının gözəl vaxtlarıydı” – deyirdi. Özünün gənclik duyğularını həmişə şəhərin adına bəzəyirdi.) Gəncliyin gözü ilə hər şey gözəl görünür. Elə ki bir az yaşa doluruq, əvvəl gördüklərimiz gözümüzdə dəyişməyə başlayır. Səma da əvvəlki kimi görünmür. Quşların səsini dinləyəndə adama elə gəlir, əvvəllər onlar elə civildəşirdi ki, başa düşürdük. İndi, sanki quşlar da başqa cür ötüşür. Elə bil, göy üzündə yeni-yeni ulduzlar peyda olur, onları görə bilmirsən. Amma gənclikdə ulduzların bizə yaxın olduğunu təsəvvür edirik. Hər şey qocalırmış həyatda, hər şey. Arzular da, ümidlər də, elə təbiət özü də qocalır. Hər fəsil yaşının üstünə yaş gələn təbiət də çürümüş ağacları, uçub tökülmüş qayaları, qurumuş çayları ilə qocadır.

Son vaxtlar yüksək təzyiqlə, ürək xəstəliyinin əlindən təngə gəlmişdi. Amma bu xəstə ürəkdə həmişə olduğu kimi, Bakısına, onun sakinlərinə böyük, sağlam məhəbbət vardı. Ürəyini qorumalı olduğu halda, müşahidə etdiyi hadisələrin ucbatından, əksinə, ona o ki var, pislik edirdi. İnsanlarda bir-birinə qarşı soyuqluq hiss etdikcə “Bakının gözəl vaxtları” üçün daha çox qəribsəyirdi. Bu soyuqluğa hamı kimi texniki yenilikləri səbəb görmürdü: “Bir isti ürəyi beş-altı saat sosial şəbəkələrdə baş qatmaq dərəcədə soyuda bilməz. Elə insanlar var ki, üzünü illərlə görmədiyi uzaqda yaşayan yaxın adamlarını ölənəcən sevib hörmət bəsləyir” – deyirdi. Günlərlə haqqında düşünüb narahat olduğu insanları sosial şəbəkələrin vasitəsi ilə arayıb-axtarır, onları virtual da olsa, gördüyündən sakitlik tapırdı. Ona elə gəlirdi ki, indi insanlar qoynunda yaşadıqları şəhərə də laqeyddirlər. Dərs keçdiyi tələbələrdə, rastlaşdığı digər gənclərdə Avropa sevgisi duyduqca daha çox üzülürdü. Vətənin, millətin hər şeyinə həqarətlə baxıb, yad ölkə sevgisini qəlblərində müqəddəs hiss kimi qoruyan gəncliklə dost olmaq, onların düşündüklərini, nə istədiklərini öyrənmək məqsədilə həmişə gənclərlə oturub-dururdu. Bəzən universitetdə onu bu cəhətinə görə danlayırdılar. Hətta müəllim yoldaşlarından biri ona, “Qaçıb cavanların arasında gizlənməklə mümkün olan şey deyil. Elə orda da gəlib tapacaq” – deyə zarafat da edirdi. Müəllimsə həvəslə gənclərdə müşahidə etdiyi maraqlı cəhətləri vurğulayır və geniş şəkildə şərh edərək yoldaşlarını müzakirəyə sövq edirdi.

Hər oxuduğu kitabdan bir obraz sevir, ona bənzər də gənclər görmək istəyirdi. Necə olur-olsun, belə gənclər yetişəcəyinə inanırdı. Bununçün onları mütaliəyə cəlb etmək yolları düşünürdü. Bəzən ümidsizliyə qapanır, xəyalındakı insanların ancaq kitablardan gəldiyinin gerçəkliyini dərk edirdi. Qəbul etdiyi dərmanların sayı belə məqamlarda artırdı. Həkimi ilə də üz-göz olmuşdu. Onun dediklərinə əməl etmədiyi üçün məzəmmət edilirdi. Amma özüylə bacarmırdı. Həkimin və dostlarının məsləhətlərinə əməl etməkçün gərək ona yad bir ürək, yeni bir beyin köçürəydilər.

Şəhərin elə əczaxanası yox idi ki, oranı evinin qapısı tək ərkyana açmasın. Əczaçılar da ona doğmalaşmışdılar. Əlində həmişə kitab olduğundan, ona xüsusi diqqət göstərilirdi. Bundan zövq alırdı. Kitaba dəyər verən adam gözlərinin işığı idi. Dərmanları da həmişə kitablarının yanında saxlayır, “Bunlarsız mənə həyat yoxdur, – deyirdi, – Biri ruhumun, o biri də cismimin xilaskarıdır”.

Təklikdən sıxılmırdı, insanların sevincindən özünə pay götürürdü. Körpəsini arabada aparan qadınların, işdən evə tələsən kişilərin, nəvələrini gəzməyə aparan babaların əvəzinə məmnun olurdu. Mütaliənisə ömrünün mənası hesab edirdi. Cavanlıq vərdişi idi. Bu yaxınlarda qonşusu siqareti tərgitmək üçün əl atdığı üsullardan ona danışanda, ağlına qəribə bir müqayisə gəlmişdi. Əgər mütaliə vərdişini də hər hansı səbəb üzündən tərgitməli olsaydı, ən böyük iradəsizliyi o göstərəcəkdi. Yaxşı ki, insanların ağlına bu cür fikir gəlməyib. Əksinə, özü bu vərdişi insanlarda yaratmaq üçün uzun zamandır əziyyət çəkirdi.

Bir zamanlar ömür dostu ilə kitablar oxuyar, sonra birlikdə müzakirə edərdilər. Məişət qayğıları üzündən heç vaxt narazılıqları olmasa da, əsərlərin müzakirəsi zamanı ailədə bərk mübahisələr olurdu. Xanımı ilə heç vaxt eyni obrazı bəyənməzdilər. Bəzən necə savaşırdılarsa, növbəti kitabı oxuyub bitirincəyə qədər kəlmə də kəsmirdilər. Xanımı ona etiraz edir, özünün haqlı olduğunu sübut etməyə çalışırdı.

Belə məqamlardan birini xatırladıqca hələ də özünü danlayırdı. Son mübahisələrini xatırladı.

Onun xahişi ilə ikisi də eyni vaxtda T.Drayzerin “Kerri bacı” əsərini oxuyub bitirmişdilər. Hər şey elə bu əsərin müzakirəsi ilə başladı. Bəlkə də, belə düşünməkdə yanılırdı. Amma özünü günahlandırmaq adəti olduğundan, yenə də “suçu” öz boynuna götürmüşdü. Əslindəsə, günahkar Drayzer idi. Yox, heç müəllifin də günahı yox idi, hər şeyə səbəbkar Kerri idi. Onları, az qala, düşmən edəcəkdi. Müəllimin Kerri obrazı haqqında bildirdiyi fikirlər xanımını əməlli-başlı hövsələdən çıxarmışdı. Kerrinin kasıblığın, köməksizliyin, sadəlöhvlüyünün qurbanı olduğunu, bütün baş verənlərə görə, əksinə, günahı onun qarşısına çıxan kişilərdə görməyi müəllimi ömür yoldaşının qarşısında pis vəziyyətdə qoymuşdu. Onun aqressivliyinin səbəbinin qısqanclıq olması müəllimin ağlına gəlincə sevinmişdi. “Nə yaxşı ki, həyatda belə bir hərəkətə yol verməmişəm, yoxsa qadın məni öldürərdi” – deyə azacıq qımışmışdı. Bir qadının sözdən yaradılmış həmcinsinə bu dərəcədə qısqanclıq hissi olması onu heyrətə gətirmişdi. Lakin eyni vəziyyətin kişilərdə də müşahidə olunmasını yadına salmış, “Sadəcə, sədaqətli və dürüst olsaq yetər” – deyərək xanımını sakitləşdirməyə çalışmışdı. Xanımın isə söhbəti unutmaq fikri yox idi.

– O əxlaqsıza necə haqq qazandırırsan?! – xanım əsəbləşmişdi, –Yanında işləyən qadınlar kimi, o da işləyə bilərdi. Amma rahat həyatı seçdi. Çünki nəfsi böyük idi. Hələ üstəlik, hər iki kişiyə də namərdlik etdi. Özü işləyib pulu olandan sonra onları atdı. Kerri ən iyrənc obrazdır!

– Bəs, onun yazıq vəziyyətindən istifadə edərək gözəlliyindən zövq alan kişilər iyrənc deyil?

Cavab vermək əvəzinə qadın:

– Hamınız şorgözsünüz! – deyə ağlamışdı.

Müəllim həmin gün nə qədər gerçəkliyi dərk etmiş, “Qadın qadına elə pislik edər ki, heç kişilər bu cürünü bacarmaz” – deyə düşünmüşdü. Ondan sonra xanımı onu, hətta kitablara da qısqanmağa başladı. Çox vaxt mütaliəyə ayırdığı zaman mübahisəyə sərf olunurdu. Son vaxtlar isə xanım getdikcə daha da dözülməz olmağa başladı. Nəhayət, ağıla gəlməyən hadisələr müəllimin bütün xoşbəxtliyini əlindən aldı.

Qızları universitetə daxil olan il anası ağlını itirdi. Birlikdə yaşayacaqları sevinci üzüləcəkləri kədər əvəz etdi. Sən demə, qadının səhhəti əməlli-başlı korlanıbmış. Ürəyi ilk dəfə ömür-gün yoldaşını xəstə-xanaya qoyub gəldiyi gün tutmuşdu. Necə çətin anlar yaşamışdısa, hələ də xatırladıqca təzədən həyəcanlanırdı. İndi də ruhi xəstəxanaya gedib, onu elə vəziyyətdə görmək onunçün dözülməz idi. “Məni də apar” – deyə qışqıran qadının səsi ürəyinin döyüntüsünə qarışıb hər saniyə qulaqlarında əks-səda verirdi. O vaxtdan bəzən qaranlıq küçə ilə evə gedərkən bər-bəzək və geyim tərzlərindən məqsədləri bəlli olan qadınları görəndə, xanımının belələri üçün nə söyləyə biləcəyini düşü-nürdü. “Kerri” o vaxtından onların arasına girmiş qadına çevrilmişdi. Onun obraz olduğu unudulmuşdu.

Kitablar onu tamam başqa adam etmişdi. Heç kəsə bənzəmirdi. Onu bəzən başa düşmürdülər. Çox vaxt gecə evinin qapısını bağlamırdı. Rahatca da yuxuya gedirdi. Bilirdi ki, heç kəsə pislik etməyib, onu heç kəs incitməyəcək. Bir də ki, axı varı da yox idi, onun evinə kim gələcəkdi?! Yadına yenə də maraqlı bir hadisə düşdü. Bu dəfə üzünə bir balaca təbəssüm qondu.

Bir dəfə tələbələrlə qızğın söhbət zamanı onlardan hansının mütaliə marağının güclü olmasını öyrənmək niyyətilə hiyləyə əl atmışdı.

– Siz bilməzsiniz oxumaq yanğısı necə olur, – demişdi, – Dəyişmək, əsl insan olmaq üçün gərək hər gün yeni kitab oxuyasan, şəxsi kitabxana yaradasan.

– Müəllim, necə yaradaq o kitabxananı? – deyə bir tələbə onunla razılaşmamışdı, – İndi kitablar çox bahadır. Necə alaq? Heç kitabxanalardan da çox vaxt istədiyimiz ədəbiyyatı tapa bilmirik. Müəlliflər kitablarını yalnız satışa qoyurlar.

Müəllim məqsədinə nail olmaq üçün hər vasitəyə əl atmışdı. Bu mövzuda hər gün mütləq söhbət açırdı. Xeyli vaxtın “hazırlığından” sonra tələbələr arasında bir nəfərdə müəllim öz arzuladığı məqamı tuta bilmişdi. Söhbət belə başlamışdı.

– Siz hər şeyə hərissiniz, təkcə oxumaqdan başqa.

Bunu bilərəkdən belə söyləmişdi. Tələbələrdən qızışıb etiraz edənlər olsa da, əksəriyyəti müəllimə haqq qazandırmışdı. Əsas fikrini söyləməyin vaxtı gəldiyinə sevinən müəllim:

– Parkın yaxınlığındakı binada bir mənzil var, – demişdi, – Neçə illərdir ki, sahibi qapını açıq qoyub, harasa yox olub. Amma indiyədək mənzilə bir dəfə də olsun, oğru düşməyib.

Tələbələr heyrətlənmişdilər.

– Ona görə ki, hələ o səviyyədə oğru yoxdur.

– Zarafat edirsiniz, – deyə tələbələr gülmüşdülər.

– Belə zarafat olar? – deyə müəllim özünü ciddi göstərməyə çalışmışdı, – Ona görə ki, o ev alim evidir, orada ancaq kitablar var. Kitabı da kim oğurlamaq istəyər ki?

– Siz oğurluğu ali peşə sanırsınız?

Verilən suallardan tələbələrin çaş-baş qaldıqları bəlli idi.

– Kitab oğurluğunu, hə, – müəllim əminliklə cavab vermişdi.

Oğlanlardan biri etiraz etmişdi:

– Siz yumoristsiniz, müəllim? Amma indiyəcən bunu bizə heç göstərməmisiniz.

– İnsan hər şeyi birdən görmür ki, oğlum. Görmək və yeni şeylər eşitmək üçün yaşamaq lazımdır.

– Cinayət elə cinayətdir: ya kitab oğurladın, ya da başqa bir şey.

– Raskolnikovun vəziyyətinə düşdük lap, – deyə bir tələbə zarafat etmişdi.

– Yox, bunları qarışdırmaq olmaz, – deyə müəllim yerindən dik atılmışdı. “Hələ görək, biz bir nəfər kitab oğrusu tapa biləcəyik ki” demək istəmişdisə də, sözünü yarımçıq kəsmişdi.

Səhərin bu xoş havasında bu əhvalatı xatırlayıb özündən razı halda gülümsəyirdi. Ətrafdakı insanların onu necə qəbul edəcəklərinə məhəl qoymadan arxayın-arxayın üz cizgilərini işə salmışdı.

Həmin gecə müəllim universitetdən çıxıb birbaşa dostunun evi-nə qonaq getdi. O maraqlı əhvalat da elə onda baş vermişdi.

Şəhər yuxuda idi. Tələbə kirayədə qaldığı evdən çıxıb müəllimin dediyi ünvana gəlmişdi. Buraya çatanacan xeyli həyəcan keçirdiyini düşünsə də, çatandan sonra pilləkənləri qalxdıqca hiss etdiyi həyəcan bayaqkını bölüb, çıxıb sıfıra endirmişdi. Qapıya yaxınlaşanda əlləri necə titrəyirdisə, cəftəni tuta bilmirdi. İlk dəfəydi ki, oğurluğa gəlmişdi. Özü də kitab oğurluğuna. Əgər bu anlarda kimsə onu görüb polisə xəbər versəydi, hər şey bitəcəkdi. Kim ona inanardı ki, kitab götürməyə gəlib? Nəfəsi təngimişdi. Arada peşman olub qayıtmaq istəsə də, müəllimdən eşitdiyi kitab adları, necə olursa-olsun, mənzilə girib onları götürəcəyinə həvəsini artırırdı. Amma oxuyub bitirən kimi qaytarıb yerinə qoyacaqdı. Tələbə çətinliklə içəri daxil olmuş, telefonun işığında otağa göz gəzdirmişdi. Bura mənzil yox, kitabxana idi. Tələbə başının hər yerində göz olmadığı üçün ilk dəfə olaraq təəssüflənmişdi. Hər tərəf kitabla dolu taxçalardan ibarətmiş. O, bir əlindəki telefonla işıq salıb, bir əli ilə də kitabları üst-üstə yığmışdı. Yavaş-yavaş qəlbinə rahatlıq gəlmişdi. Artıq hər şeyi başa düşmüşdü. O kitabları qucağına yığıb, qapıya tərəf getmişdi.

Pilləkənləri elə ehmalca düşmüşdü ki, ayaq səsləri eşidilməmişdi. Elə bu vaxt bir nəfərin aşağıdan yavaş-yavaş gəldiyini görmüşdü. Ürəyi elə döyünmüşdü ki, adamın bu səsi eşidəcəyindən ehtiyat etmişdi. Qolları boşalmış, yerindən tərpənə bilməmişdi. Adam isə ona əhəmiyyət vermədən yanından ötüb keçmişdi. Tələbə dərindən nəfəs alıb, pillələri enməyə başlamışdı.

Səhər dərs zamanı onun yuxusuz olduğunu görən müəllim sevinmişdi. Tələbə tezliklə oxuyub kitabları qaytarmaq üçün gecə oyaq qalmışdı. Müəllim arzusuna çatmışdı. Bir nəfərin də olsa, qəlbində olan qığılcımı üfürüb alovlandırmış və bütün kitablarını ona hədiyyə etmişdi.

Bu əhvalatı tez-tez xatırlayırdı. Xeyli vaxt ötmüşdü o illərdən. Bir də belə cəsarətli gəncə və mütaliə hərisinə rast gəlmədi. Həmin gənclə sonralar aralarında dostluq münasibətləri yarandı. Tələbə oğlan evin müəllimin öz evi olduğunu biləndə o qədər də təəccüblənməmişdi. Əvvəlcədən duymuşdu bunu. Bəlkə də, buna görə, belə bir işə girişmişdi. Yoxsa addım da atmazdı.

Müəllimlik etdiyi illərdə həmişə tələbələrin şəxsi keyfiyyətlərinə də xüsusi diqqət yetirmişdi. Ona fərdi keyfiyyətlər, onun necə formalaşması maraqlı görünürdü. Dərs keçdiyi sonuncu tələbələri arasında artıq fərqli dünyagörüşü olan gənclərin çoxaldığını görürdü. Daha çox qərb düşüncə tərzinə yönəlmiş gənclər onu düşündürürdü. “Qəribədir, qərbin elmi biliklərini mənimsəməkdənsə, daha çox geyim tərzində onlara çatmağa çalışırlar. Evin divarlarını hörmədən birbaşa dam örtüyünü necə qoymaq olar?”

“Bir tələbə qız vardı, görəsən necə oldu, hara getdi?”

Müəllim bulvarda skamyada oturduğu halda xatirələrində geniş auditoriyada tələbələrin qarşısında idi.

“Görəsən, indi nəylə məşğuldur? Maraqlı fikirləri vardı. Bəlkə, Vətəndən uzaqlardadır. Ya bəlkə, övlad böyüdür. Onun övladları belə ananın tərbiyəsilə böyüdükləri üçün, yəqin ki, özlərini xoşbəxt sanacaqlar. O qız fikirləri, həyata baxışı ilə qaranlığı işıqlandıran nura bənzəyirdi. Hiss olunurdu ki, zahirən gözəl olmadığından narahatlıq keçirir. Amma zəka baxımından həsəd apardığı qızlardan qat-qat üstün idi.

Onda da dərs vaxtı qızğın mübahisə gedirdi. Fikirləri ilə müəllimin diqqətini cəlb edən bir oğlan, “İndiki zamanda biz ədəbiyyatı deyil, dəqiq elmlər və iqtisadiyyatı öyrənməliyik” – söyləmiş, müzakirə başlamışdı. Hər kəs bu fikrə münasibət bildirmişdi. Oğlanı haqlı olduğunu düşünənlər çox idi. Bu qızğın müzakirə anında müəllim təsadüfən bir qızın söhbətə qarışmadığını, başını aşağı salıb nəsə etdiyini görmüşdü. Diqqətini danışanlardan çox, susan qız çəkmişdi. Sözünə ara verib asta-asta ona yaxınlaşan vaxt əlində telefon olduğunu görmüşdü.

Məzəmmətlə baxıb:

– Telefonun yeri deyil axı, – demişdi.

Qız telefonu ehmalca çantasına qoyub başını aşağı salmışdı.

– Status yazır, müəllim.

Qızın əvəzinə yanındakının cavab verməsi müəllimin xoşuna gəlməmişdi.

– Tənəffüsü gözləmək olmur?

– Müəllim, o da öz statuslarının müzakirəsini aparır.

– Feysbuku silkələyir, – oğlan şəbədə etmişdi.

Müəllimin hirsi soyumuşdu. O da maraqlanmışdı.

– Bəlkə, bir statusunu səsləndirəsən, biz də eşidək.

Qız buna sevinmişdi. Cəld telefonunu çıxarmışdı. Barmaqları ilə telefonun üzərində elə cəld işləmişdi ki, müəllim heyran qalmışdı.

– Hə, qızım, nə düşünürsən?

– Müəllim, elə feysbuk da sizin kimi sual verir, – oğlan yenə zarafat etmişdi, – Bəlkə, sizə də bir profil açaq, müəllim?

Müəllim isə qızın nə oxuyacağını gözlədiyindən oğlana cavab verməmişdi.

– Ay müəllim, Koroğlunun silahı görəndən sonra nə düşündüyünü bilirsiniz də...

Tələbələr gülüşmüşdülər. Müəllim bu dəfə oğlana tərəf çönmüşdü.

– Mən zamanı çoxdan gəncliyin ixtiyarına buraxmışam, oğlum. Sizdən öyrənməyi də eyib sanmıram. Amma “Üstümü unlu görüb adımı dəyirmançı qoymayın”. Sosial şəbəkələrdən istifadə edirəm.

– “Un” burda qocalıq mənasındadır, yəqin ki.

– Bəsdir! – deyə başqa bir oğlan müəllimə can yandırdığından yanındakına acıqlanmışdı. Müəllim isə gülümsünmüşdü.

– Həyat qocalıqda daha cəzbedicidir, oğlum, – demişdi, – Gənclikdə onu necə gəldi yaşasan da, qocalıqda hər saniyəsinin qədrini bilirsən, çalışırsan ki, səmərəli keçirəsən.

– Oxuyum statusumu?

Bayaqdan susan qız dillənmişdi. Deyəsən, gözləməyə hövsələsi çatmamışdı.

Müəllim:

– Əlbəttə, eşidirik oxu, – demişdi, – amma əvvəlcə sualıma cavab ver. Bu statusları ağıllı görünmək üçünmü yazırsan?

– Yox, müəllim, yazıram ki, oxuyub ağıllananlar olsun.

– Afərin, əla cavabdır. Demək, sənin niyyətin tələbat olan ehtiyacı ödəməkdir. Bundan da, təbii ki, ağıllanmaq istəyənlər nəticə çıxaracaqlar. Öyrənmək istəyənlər hardan və kimdən olursa-olsun, öyrənirlər.

– “Düşünürəm ki, hər hansı bir əcnəbi azərbaycan dilini bir azərbaycanlıdan öyrənməklə, eyni zamanda, bir neçə dil də öyrənmiş olar. Çünki biz bir cümlədə rusca, türkcə, ərəbcə, farsca, son dövrlər də ingiliscə sözlər işlədirik. Məsələn, “Mən dünənki möhtəşəm veçerə boyfrendim (və yaxud gölfrendimlə) getmişdim”. Buradakı “getmişdim” sözü qohum-əqrəbası olmayan kimsəsiz adam kimi görünür. Lap siyasi yanaşsaq, təklənmiş türk dövləti də sanmaq olar.”

Qız sözünə ara verib müəllimin nə deyəcəyini gözləmişdi.

Müəllim qızın üzünə baxıb bir qədər susmuş, bir gəncin bunu düşünməsi, hətta yazması onu sevindirmişdi.

– Pis statusdur, müəllim? – deyə, qız onun dinmədiyini görüb nigaranlıqla soruşmuşdu.

Müəllim:

– Bu fikir səni çox narahat edir? – deyə soruşmuşdu.

– Əgər yazmışamsa, deməli, hə.

Qızın belə ötkəm cavabı müəllimi daha da sevindirmişdi.

– Oxu, qızım, təhsilin ən ali pillələrinəcən yüksəl. Bu statusların həyat amalın olsun, onu əmələ çevir, sən də öz bacardığını et. Bu hisslərlə yaşasan, hansı ölkədə olsan da, Vətənin üçün çalışacaqsan.

Müəllim auditoriyanın tən ortasında dayanmış, tələbələri bir-bir gözdən keçirmişdi. Hamı onun nə deyəcəyini gözləmişdi. Əlini qıza tərəf uzadıb tələbələrə xitabən:

– Hamınız bu cür düşünməlisiniz. Bu hiss hər birinizin ürəyində olmalıdır. Bu, dəb məsələsi deyil ki, zövq nəzərə alınsın. Bu, vətəndaşlıq borcudur. O borcu mütləq ödəməlisən! Əks halda, gələcək nəsillər sizi mühakimə edəcək.

Heç kəsdən səs çıxmamışdı. Hamı lal-dinməz dayanmışdı. Söhbəti isə zəngin səsi yarımçıq saxlamışdı. Yersiz atəşkəsə bənzəyən bu zəng müəllimin ürəyindən olmasa da, auditoriyadan qıza baxa-baxa çıxmışdı. Onun statuslarını gələn dərslərdə yenə eşitmək istədiyi aydın hiss olmuşdu.

Növbəti dərs günlərində müəllim qızın fikirlərini dinləmək üçün mütləq beş-on dəqiqə ayırmışdı. Hər dəfə yeni maraqlı fikirlər eşitdikcə sevincdən gözləri yaşarmışdı. Qızın düşüncələrinin o biri tələbələrə də sirayət etməsi, onların da nə düşündüyünü bilmək üçün həmin status-ları müzakirəyə çıxarmışdı.

Statuslara maraq oyatmaq, gənclərin mövqeyini öyrənmək elə də uzun çəkməmişdi. Müəllim o qızın gələcəyinə böyük ümid bəsləməyə başlamışdı. Mütləq özü kimi düşünən gəncləri ətrafına toplayacaqdı. Sonuncu dərs zamanı qızın, “Göydə Günəşə gücü çatmayanlar Yerdə torpaq bölüşdürürlər” statusunu bəsit olmaqda qınayanlar da olmuşdu. Lakin müəllim o sadə fikri öz sözləri ilə gözəl şərh etmişdi. İlk baxışdan sadə görünən bu fikirdə böyük mətləblər gizlənirdi.

Hər şey elə tez xatirəyə döndü ki! Sonuncu dərs günü tələbələr onu necə kövrəltmişdilər. Çoxu hələ də ona baş çəkməyə gəlir. Müəllim tələbələrinin hər birinin taleyini düşünürdü. Lap öz övladı kimi.

Ömrünün bu çağında bir arzusu vardı. O da məktəb açmaq, balaca uşaqları kiçik yaşlarından ədəbiyyatın təsirilə böyütmək idi. Uşaq ədəbiyyatından başlayaraq, ta ən böyük əsərlərə qədər onlara ədəbiyyatın aşıladığı gözəl hissləri təbliğ etmək niyyəti onu yaşamağa həvəsləndirirdi. Ən gözəl ideyalar, arzular kitablarda olur. Uşaqlar bu hisslərin təsiri ilə böyüsələr, dünyanın dəyişəcəyinə inanırdı. Ürəyi onun yanında etibarını itirdiyindən, ona güvənmirdi. Tezliklə arzusuna çatmaq istəyirdi. Belə vəziyyətdə tək yaşaması üçün onu məzəmmət edənlər də az deyildi. Lakin qohum-qonşunun qınayıcı sözləri müəllimi narahat etmirdi. İnsanlar onu tək, oğul-uşaqsız yaşadığı, qızının yad ölkəyə getməyinə razı olduğu üçün qınadıqca, o da kitablardan uzaq olan bu adamları həyatı yalnız bu cür qəbul etdikləri üçün qınayırdı. “İnsanlar adət etdiklərini niyə doğru sanırlar?” – deyə düşünürdü. “Beş-on günlük qulluq üçün təkcə öz qızımın yox, heç bir gəncin istəyinin əleyhinə çıxmaram. Yetər ki, uzaqlarda belə ölkəsini, millətini sevsin, bayrağını ucaltsın. Hər nə etsə, Vətəninin adına çağırılsın.” Qızından da, tələbələrindən də umduğu yalnız bu idi.

Axşam olanda yatmazdan əvvəl qızı ilə Skayp vasitəsilə söhbət edirdi. Övladının şən göründüyünü görəndə ağrıları azalırdı.

Elə bil, səhər tezdən şəhər də onun kimi gümrah olurdu. Dəniz sərinliyində idi. Yarımçıq qoyduğu əsəri parka gələndən birnəfəsə oxumuşdu. Az qala, kitabı gözlərinin içinə qoyacaqdı. Bu, görmə qabiliyyətinin zəifliyindən yox, mütaliə marağının gücündən idi. Kitab oxuyanda əsl insan ömrü yaşadığını zənn edirdi. Barmaqları vərəqlərə toxunmasa, elə bilirdi ki, artıq yaşamır. Bəzən ağlından qəribə fikirlər də keçirdi. Nə vaxt fasiləsiz bir kitabı oxuyurdusa, bir müddət sonra o kitabın yorulduğunu zənn edib qırağa qoyaraq başqasını götürürdü. Bəlkə də, bu, hər gün yeni bir kitab oxumaq vərdişinin pis şəkil alması idi. Bəzən, “Oxunmaqdan yorulan kitablarda, kaş, H hərflər də dincələ biləydi” – deyə qəribə düşüncələrə də dalırdı. “Kaş, kitablar da oxunduqca sevinib balaca uşaqlar kimi qışqırıb, atılıb-düşməyi bacaraydılar”.

Evi yaxınlıqda olduğundan parka tez-tez gəlirdi. Bəzən dəniz də gözünə kitab kimi görünürdü. Dalğalar səhifələndikcə müəllim özünü sətirlərin arasına atmaq, bir cümləyə dönməyini də arzulayırdı. Qayıdıb həyata dönməmək, beləcə, kitablarda qalmaq ona zövq verirdi. Dalğalar sakitləşəndə müəllim bu zaman onu oxuyub bitirdiyini zənn edirdi. Kitablar ona ömrünün ağır illərində yaxın dost kimi dayaq olmuşdular. Onlardan təsəlli ala-ala bu günə gəlib çatmışdı.

Park, adətən, axşamüstü adamlarla dolu olurdu. Səhərlər isə bizim müəllim kimi hərə bir məqsədlə gəlirdi.

Kitabdan ayrılıb ayağa durdu. Ayaqları gizildəyirdi. Kitabı da telefonun (oturanda çıxarıb skamyanın üstünə qoymuşdu) yanına qoyub, su almaq üçün dükana tərəf getdi. Satıcı ona bir qədər gözləməli olacağını bildirdi. Çünki hələ iş saatının başlamasına xeyli qalmışdı. Müəllim ordan çıxıb bir qədər aralıdakı mağazaya getdi. Burada da bir qədər ləngiməli oldu. Yaşlı bir qadın alış-veriş edirdi. Aldığı hər şeyi o yana-bu yana çevirir, istehsal müddətinə baxıb sonra götürürdü. Müəllim qadını bir qədər gözlədi. Satıcının üzündə narazılıq ifadəsi vardı. Qadının belə diqqəti onu yorurdu. Bir azdan müəllim bir butulka su alıb skamyaya tərəf qayıtdı. Əvvəlcə əyləşdiyi skamyanı səhv saldığını zənn etdi. “Yəqin, burda oturmamışdım” – desə də kitabının qoyduğu yerdə olması ona yanılmadığını bildirdi. Amma telefonu yox idi. “Bəlkə, düşüb” – deyərək əyilib taxtaların arasından yerə baxdı. Yox, telefon yox idi. Demək, o qayıdınca telefonu oğurlamışdılar. Müəllim kitaba yazıq-yazıq baxdı. Kədərləndi. Tənha adamlar kimi kitab, elə bil, skamyada kimisə gözləyirdi. O kimsə müəllim deyildi. Ona da təsir edən bu idi. Müəllimi incidən kitabın da oğurlanmaması idi. Ürəyində narahatlıqlar başladı. Əlini ürəyinin üstünə qoyub çətinliklə əyləşdi. Kitaba tərəf baxmağa, onu əlinə almağa, elə bil, utanırdı. Kitabı skamyada qoyub telefonu aparmaqları onun ən böyük dərdi idi. Sanki bununla kitaba, “Sən heç kəsə lazım deyilsən” – söyləmişdilər. Düşünürdü ki, yəqin, dili olsaydı, bu anlarda telefon lovğalanar, özünü qiymətli bir şey sanardı. Kitabsa ona ehtiyac duyulmadığından, sanki pisikmişdi. Ona elə gəlirdi ki, telefon kitaba saymazyana göz vurub, “Görürsən, mən səndən qiymətliyəm” – deyirdi. Müəllim bu ağrını daşıya bilmirdi. Telefonu üçün yox, kitabın götürülməməsinə təəssüflənirdi. Demək, hələ biz dərin düşünə bilmirik. Bu anlarda necə böyük həvəslə oğrunun yaxasından tutub, “Nə üçün kitabı da götürməmisən?” – deyə ittiham edərdi. İnsanlar nə vaxt qiymətli əşya deyə kitaba tərəf qaçacaqlar? Müəllim kitaba tamaşa etdikcə pis iş tutduğunu düşünürdü. “Səni oğurlana biləcək dərəcədə sevdirə bilməmişəm, – deyə pıçıldadı, – Bağışla məni.”

Ağır-ağır skamyaya uzandı. Başını doğma bir adamın sinəsinə qoyurmuş kimi, kitabın üstünə qoyub gözlərini yumdu. “Nə vaxt kitab oğrularına rast gələcəyik? – elə bil, sualı kiməsə verirdi, – Mən onu çox sevərdim. Təki oğurladığı başqa əşyalar kimi, kitaba da ehtiyac duysun. Onu cəzalandırmazdım”.

Öz-özünə danışdıqca, elə bil, canına rahatlıq yayılırdı. Bir qədər sonra tamamilə sakitləşmişdi.

Oktyabr 2017

# 6244 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #