Anamın ürəyi - Hekayə

Anamın ürəyi - Hekayə
8 yanvar 2020
# 17:29

Kulis.az Təranə Arifqızının “Ürək” hekayəsini təqdim edir.

...Əlində, ovcunda döyünən ürək tutmuşdu. “Bu anamın ürəyidi. O, ölməyib, yaşayır” - deyə, yuxuda hay salmışdı. Kimsə avtomobil qəzasında ölənlərin ürəyinin ölmədiyini demişdi. Yuxudan ayılmışdı.

Fikirləşdikcə gözləri dolub boşalırdı. Gah həyətdə, gah mətbəxdə gözünün yaşını silir, anası görməsin deyə, özünü tox tutmağa çalışırdı. Ağlındakını dilə gətirməyə həm qorxur, həm də fikirləşdikcə ürəyi yerindən çıxmaq istəyir, sanki qaranlıq qəfəsə düşdüyünü hiss edirdi. Bəs nə fikirləşirdi?

Neçə vaxtdı hərdən ürəyi də sancırdı. Öz-özünə - “Sən möhkəm olmalısan, dimdik durmalısan, zamanla hər şey ötüb keçəcək... ” deyirdi. Keçəcəkmi? Hələ bilmirdi. Axı dərin yaraları zamanın sağaltdığını deyirlər? Yox, bu yara qaysaq bağlaya bilər, amma heç zaman sağala bilməz. Heç zaman!.. Gözləri tez-tez bir nöqtəyə zillənib qalır, düşdüyü ağrı dolu məchuldan çıxa bilmirdi. Kimə deysin? Yuxusunu kiməsə danışmalıydı, kimdənsə məsləhət almalıydı. Yox, danışsa, sakitləşdirib, “yuxudu”- deyəcəkdilər. O isə...

“Avtomobil qəzasında ölənlərin ürəyi ölmür...” Ölmür, ölmür - deyə tez-tez təkrarlayırdı. Bəlkə onun da ürəyi... Evdən, - “marketə gedirəm”deyib, əlinə bir şüşə su götürüb çıxdı. Məzarlığa on-on beş dəqiqəyə çata bilərdi. Asfalt yola çıxıb, heç kimin üzünə baxmadan, az qala qaçaraq getməyə başladı. Nə etdiyini, nə edəcəyini düşünməyə imkan tapınca yolu yarılamışdı. “Qardaşım, canım, nəfəsim sağdır, yaşayır. Tez çatmalıyam, nəfəsi yenidən gizlənə bilər.” Özünü onun yerinə qoyurdu, nəfəsi çatmırdı . Kimsə salam verdi, kimsə kefini soruşdu. Fikri dağınıq halda, “sağ olun”- deyib keçdi.

Qəbiristanlığın beş-on addımlığında daha da həyəcanlandı. Dəmir barmaqlı qapını açıb, sıra ilə düzülmüş qəbirlərin yanı ilə sürətlə qaçmağa başladı. Kənardan qara mərmər üstündə ayaqüstə dayanıb, onu ağrı dolu nəzərlərlə süzən, “getmə qızım, getmə...”- deyən baxışları ilə onun yolunu kəsməyə çalışan, qəddi əyilmiş atasının məzarına dönüb baxmadı da...

Qardaşını, sükuta təslim olan, yalnız daşların danışdığı bu yerin aşağı tərəfində dəfn etmişdilər. Sağ tərəfində özu yaşda cavanın, sol tərəfində qonşuları Əyyub əminin qəbri vardı. Qəbrin üstundəki günəşdən bozarmış qırmızı örtük, bir də qurumuş qərənfillər xəfif payız küləyndən titrəyirdi. Çatıb, bir anlıq dayandı. Birdən yerə sərilib, qulağını məzarın yuxarı tərəfinə, qardaşının sinəsinə dayadı, sanki ürək döyüntüsünü eşidər kimi oldu. Hövüllə torpağı ikiəlli kürüməyə başladı. Torpaq bərkimişdi, amma içindəki təlatüm, həyəcan, ağrı və hardasa bir ümid işığı... hər şeyi yaddan çıxarmışdı. Torpaq bərkimişdi, amma içindəki təlatüm, həyəcan, ağrı və hardasa bir ümid Nə ətrafındakı daş insanların narahat ürək döyüntülərini, nə də payızın xəzan otlarında heyvanlarını otaran çobanın ucadan oxutduğu şən mahnını eşidirdi. Dəli kimi ikiəlli qazırdı...”Sağdır, qoymaram, qoymaram, qoymaram...”

Artıq əli səliqə ilə düzülmüş taxtalara toxunurdu. “Az qalıb, onu görəcəm... o qalxacaq... onun boynuna sarılacağam...doyunca öpəcəyəm...” Huşunu itirməyə başlayırdı... ...onun çox sevdiyi üzünü torpaq, qırmızı yanaqlarını zəfəran rəngində görəndə, necə çığırdısa...

Deyəsən yubanmışdı. Gec idi, çox gec idi...

Qan-tər içində, evdə, divanın küncündə ayıldı. Ürəyi sanki ovcundaydı... qulağına anasının həzin, ağlar səsi gəlirdi:

Mən aşıq, oy, ana, sən,

Yatıbsan, oyanasan,

Gedənlər qayıtmadı,

Gəl, getmə, oyana sən...

# 4148 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #