Bozbaş tamaşaçının özüdür

Bozbaş tamaşaçının özüdür
23 dekabr 2014
# 08:36

“Cəmiyyət” deməyəcəyəm, istisnaların olduğuna inanıram. Hamını ucdantutma ipə düzmək ədalətli olmaz. Ona görə “çoxluq” yazası oldum.

Hə, bizim toplumda çoxluğun varlı və ağıllı görünmək kimi bir dərdi var. Məsələn, baxırsan ki, kasıb adamdır, aydan aya ailəsini güclə keçindirir, kirayə haqqı ödəyir, pul tapıb stomatoloqa gedə bilmir, ağrıkəsicinin ümidinə qalıb çürük dişlərlə əzab çəkir, amma kreditlə bahalı telefon alır, nə bilim üç maaşı qiymətinə şuba geyinir və s. Niyə? Kasıb deməsinlər, baxan elə bilsin ki, bunun da imkanı var. Varlı görünməyin ona nə faydası olur? Burasını da bilmirəm.

Ağıllı görünmək də kök atmış dərdlərdəndir. Məsələn, “Hansı mövzuda verilişləri izləmək istəyərdiniz?” sualı ilə bir neçə dəfə sorğu keçirmişəm. Yaşlısından tutmuş cavanınadək ciddi mövzuların adını sadalayıb, çal-çağırlı, ağlaşmalı proqramları pisləyiblər. Bir nəfər də əyləncəli, şou məzmunlu, ya da tamaşaçının gözündə yaş qoymayan verilişlərin adını çəkməyib. Sorğu nəticəsinə görə, hamı ağıllı verilişlər tələb edir.

Amma reytinq cədvəlinə nəzər salanda görürsən ki, nəticə başqadır. Mikrofona elmdən-təhsildən dəm vuranlar evə çatan kimi pultu “bəyənmədikləri” verilişlərə kökləyirlər. Axı sizi kim məcbur edir ağıllı görünməyə? Şouya baxmağı seçirsinizsə, deyin, o verilişlərə baxıram də.

Məncə, ikinci dərd daha zərərlidir. Hətta televiziyaların aqibətinə də təsir edir. Səmimi ola bilmirsinizsə, TV-ləri də qınamayın. Siz nə istəyirsinizsə, kanallar da onu hazırlayır. Adi bazar münasibətləridir. Şirkətlər reklamı baxılan verilişlərə verir. Ağlaşmaya baxırsınızsa, sponsor ona pul yatırır. Əgər sadaladığınız ağıllı proqramları izləsəydiniz, o məzmunda layihələr hazırlanardı. TV-yə də gəlir lazımdır. Nəyə baxırsınızsa, o cür verilişlərin sayını artırır. Ağıllı layihələr isə sizin istəyinizin və seçiminizin güdazına gedir, qısa müddətdə bağlanır. Beləcə efirdə şou və ağlaşma əlindən tərpənmək olmur. Yəni TV-lərin indiki durumu sizin öz seçiminiz və istəyinizdir. Kimdən, nədən narazılıq edirsiniz?

Ağıllı görünmək əvəzinə ağıllı olsaydıq, ən baxılan verilişlər elmdən-təhsildən olardı. Verilişə müzakirə üçün 3 professor çağırırlar, baxımlı olması üçün də bir müğənni. Adamlar o müğənninin hesabına professorları dinləmək məcburiyyətində qalırlar. Hətta ziyalılar danışanda kanalı dəyişirlər, gözləyirlər ki, müğənni nə zaman oxuyacaq.

Yeni layihə başlayır, ilk buraxılışlarında ciddi mövzular müzakirə olunur, ağıllı adamlar dəvət edilir. Amma cəmi 3-4 buraxılış sonra mənzərə tamam dəyişir. Mövzular “yumşalır”, aparıcı təlxəklik edir, qonaqlar şou tayfasından çağırılır. Çünki siz baxmadınız. Layihənin davamı üçün bozbaş formatına keçirlər və tamaşaçı problemi həll olunur, veriliş baxılır. Hələ qonaq cin çıxaran, ya falçıdırsa, nəfəsinizi kəsib izləyirsiniz.

Ciddi layihələrə heç 1 ay da yaşamağa fürsət vermirsiniz.

TV-lərə də ağıllı görünmək üçün 1-2 ciddi veriliş lazımdır. Bilik yarışı, vətənpərvərlik kimi layihələr hazırlayırlar. Hələ bir arada açıqlama da verirlər ki, bu verilişlərə baxan yoxdur, pul gətirmir, məcburən şou layihələrin gəliri hesabına efirdə saxlayırıq. Görün, yazıq elm-təhsili siz nə kökə qoyubsunuz ki, Telli Borçalının, ya Rəqsanənin ümidinə qalıb.

Burda başqa məqamlar da var. Məsələn, TV istehsalı tamaşaçı seçimindən nə dərəcədə asılı olmalıdır? Tamaşaçının zövqünü necə formalaşdırmaq olar? Bu da başqa bir yazının mövzusudur.

P.S. Bir də Avropada nüfuzlu TV-lərin reytinqi xəbər proqramına görə müəyyən edilir. Hansı kanalın xəbərləri daha çox izlənirsə, o da baxımlı sayılır. Şouya görə baxımlı olan kanalı heç kim ciddiyə almır.

# 819 dəfə oxunub

Müəllifin son yazıları

# # #