Rəqsanənin çılpaq fotosunu söyənlər

Rəqsanənin çılpaq fotosunu söyənlər
31 oktyabr 2017
# 11:28

Könül Cəfərli

Kimsə razılaşmaya bilər, amma məncə söyüş də mentalitetimizin bir parçasıdır. Həmişə dilimizin ucundadır. Nə elmi-texniki tərəqqi, nə qalstuk, nə şortik onu yerindən tərpədə bilməyib. Bundan sonra lap Marsa da köç edəcək olsaq, yenə bizimlə kosmosa ayaq açacaq.

Özü də milli söyüşlərimiz mövzuya və adamına görə dəyişir. Məsələn, dindarla ateistin, savadsızla ziyalının leksikası fərqlidir. Hə, səhv oxumadınız, elə “ziyalı” yazmışam. Bizdə oxumuşlar da söyür. Demək olar ki, “düüüd”süz günümüz olmur. Nə qədər “mən söymürəm” desəniz də, səhərdən-axşamadək bir neçə dəfə o sözlərdən eşidirsiniz. Tıxaca düşən sürücüdən, oturmağa yer tapmayan sərnişindən, xırda pul davası edən satıcıdan, gəlini ilə yola getməyən xaladan. Niyə təəccüblənirsiniz? Guya qadınların da dediyini bilmirsiniz? Yüngül formada, daha yumşaq şəkildə də olsa, söyürlər. “Qələt edirsən”, yaxud da “... yeyirsən” pis söz deyil? Nə isə, heç kim yaxasını kənara çəkməsin. Bu iki ifadədən ən azı birini hər kəs deyir.

Yəqin razılaşarsınız ki, bizdə ən çox avtobus sürücüləri söyür. Bir dəfə maşının qarşısından qəfil it keçdi. Başını çıxarıb, köpəyin arxasınca “nəslini, kökünü “düüüd”” dedi. Mən qarışıq 10-15 sərnişin vardı. Heç birimiz səsimizi çıxarmadıq. Bir qadın dilinin altında donquldandı, o da söyənə yox ha, itə. Deyirdi ki, hamısını güllələmirlər ki, canımız qurtarsın.

Amma bir dəfə cürət edib, etirazımı bildirmişəm. Ayıb, ana-bacı-zad söhbəti elədim. Sərnişinlərdən heç kəs mənə qahmar çıxmadı. Əksinə xalalar acıqlandı ki, “azz, sürücünü əsəbiləşdirmə, yol gedirik”.

Ən qəribəsi budur ki, sevinəndə, razı qalanda da söyürük: “İtin balası bu gün “5” alıb”, “küçükdəki fəsarətə bax e”...

Pis söz həm də eqonu bəsləyir. Qarşımızdakını aşağıladıqca, yüksəldiyimizi zənn edirik. Bu adətən vəzifə sahiblərinə aiddir. İşçini təhqir etməklə, içimizdəki mənəmlik “fironunu” yemləyirik. Təbii ki, bütün müdirlərə şamil olunmur.

Söymək daha çox cəza və özünüifadə növüdür. Aktyora, futbolçuya, yazıçıya, aparıcıya münasibətimizi bu yolla bəlli edirik. Fikri xoşumuza gəlməyən müəllifin, top buraxan futbolçunun, yumurtası lax çıxan toyuğun da var-yoxunu yada salırıq.

Ağzı-üzü söyülən nə çox qoyun-quzu var. Xoruza “kış” deyəndə də yazığın nəsli-kökü qalmır. Amma bunun eqo ilə əlaqəsi yoxdur, dil vərdişidir. Adam var söyməyəndə elə bil nəsə çatışmır. 1-2 ağız “düüd”dən sonra rahatlayır.

Qurd-quş bir yana, cansız əşyalara da qəzəblənirik. Əlimizdən yerə düşən pulta, tez-tez “donan” telefona, bizi “yıxan” pilləkənə, işləməyən liftə və s. Söyməklə bizi əziyyətə salan nəsnələri bir növ cəzalandırırıq. Qapını, pəncərəni, qaşığı “düüüd” etməklə sakitləşir, qəzəbimizin qisasını almış oluruq.

Bir söz də deyim, hirslənməyin. İndi pulta, telefona, qoyun-quzuya “düüüd” eləməyinizə bir söz demirəm, qoyun bilər siz bilərsiniz, öz mal-heyvanınızdır. Yaxşı, bəs tanımadığınız adamlarla nə işiniz var? Vallah, abırlı-həyalı ifadə formaları mövcuddur. Həm də asandı. O-bu-elə-belə deməksənsə, bircə kəlmə yazırsan ki, “qane etmədi”, vəssalam. Ta özünüzə niyə əziyyət verir, dağa-daşa düşürsünüz? Deyək bir fikri, lap elə bu yazını bəyənmədiniz, söyüşü tənqid etməyim xətrinizə dəydi, ola bilər. Rəyinizi sadə dillə, “düüüd”lərsiz də qeyd edə bilərsiniz, inanın bu mümkündür və sizdə də alınacaq. Elə bircə kəlmə “razılaşmadım” yazsanız bəs edər, mövqeyinizi başa düşəcəyəm.

Bu tək yazıya aid deyil. Narazı qaldığınız hər kəsə və hər şeyə ədəblə reaksiya vermək abırlıdır. Bəlkə yazdığınız söyüşü bir neçə dəqiqə sonra bacınız oxudu. Ayıb-zad olmur o zaman?

Gerçəkdən çox çirkin görünür. Rəqsanənin son foto-sessiyası vardı ha, yataqda yarıçılpaq, siz də o ki var söymüşdünüz. Əmin olun, söyüşləriniz o fotodakı mənzərədən daha eybəcər gözə dəyir. Yenə də siz bilərsiniz, amma məncə “düüüd”dənsə, ədəb yaxşıdır...

# 1601 dəfə oxunub

Müəllifin son yazıları

# # #