Yaşar! Həmişə Yaşar! FOTOLENT

Yaşar! Həmişə Yaşar! FOTOLENT
22 noyabr 2012
# 16:36


Ölümlər yaman adiləşib, sənətkar ölümləri belə. İtkilər əvvəlki kimi təsirli olmur. Ağlayanlar da elə bil nəyinsə xətrinə, yaxud görüntü üçün ağlayırlar. Bunu deməliydim, çünki çoxdan bəri yas, vida mərasimlərində müşahidə edib təəssüfləndiyim bir haldır.

Xalq Artisti Yaşar Nuri 11 yaşından çıxdığı səhnəyə bu gün son dəfə Milli Dram Teatrında çıxdı. Uzun illər alqışlarını, sevgisini qazandığı tamaşaçısı ilə son görüşü bu səhnədə olmalı imiş. Onu dürlü-dürlü obrazlar oynadığı səhnədə bu dəfə əklillər içində qoymuşdular.

20 yanvar hadisəsindən sonra matəm musiqisinə çevrilən qaboyun naləsi altında tamaşaçılar iki-iki, üç-üç tamaşa zalına tələsirdilər.

Bir saatdan sonra zal artıq qapılarının ağzına qədər insanla doldu. İçəri keçmək mümkün deyildi.

Gələnlər arasında təbii ki mədəniyyət, ədəbiyyat adamları daha çoxluq təşkil edirdi.

Sadə insanlar da vardı. Eləsi vardı ki, heç teatrın qapısının harda olduğunu bilmirdi, amma Yaşar Nuri ilə vida mərasiminə gəlməyi özünə borc bilmişdi. Bəziləri heç olmasa amfiteatra qalxıb ordan sevimli aktyoru son dəfə seyr etmək istəyirdi.

Amfiteatrda da yer tapa bilməyənlər teatrın bayır qapısında durub gözləməklə kifayətləndilər. Heç olmasa onu Fəxri Xiyabana aparanda görmək, alqışlamaq mümkün olsun deyə.

Bir azdan səhnədən aktyorun səsi tamaşaçılarını salamladı. Bu çıxışı, bir növ tamaşaçıları ilə vida və 60 illik ömrün hesabatı idi.

60 illik yubileyində yazılan bu səs tamaşaçıları diksindirdi bir az.

“Əzizlərim, bu 60 ildə sizin üçün yaşadım, nə etdimsə, hansı rolu oynadımsa sizi düşündüm, bir də sizin alqışlarınızı. Bu həyatdan heç kim heç nə aparmır. Yalnız sənətkarlar aparır-sizin alqışlarınızı götürüb aparırlar özləri ilə”.

Arada onun çıxışı kəsilir, səsi hüznlü musiqi əvəz edirdi, sonra yenə Yaşar Nurinin özünəməxsus doğma səsi gəlirdi. Hər qısa fikirdən sonra tamaşaçının alqış sədaları zalı götürürdü. Çünki özü də belə xahiş etmişdi: “Məndən alqışlarınızı əsirgəməyin”.

Sənət yoldaşları onun haqqında xatirələrini səhnədə danışmadılar. Milli Teatr bu dəfə vida mərasimi törənini fərqli etməyə çalışaraq fəxri qaravulu tamam ləğv etmiş, çıxışları isə azaltmışdı. Cəmi dörd çıxışçı oldu, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və sənətkarın bir neçə həmkarı vida çıxışı etdi – həmişəki kimi bütün vida mərasimlərində söylənən fikirlər deyildi.

Yaşar Nuri ilə Azərbaycan teatrı nə itirdi? Bu sualla sənətkarlara müraciət etdik.

Xalq Artisti Amalya Pənahova: “Hərənin öz yeri olduğu kimi Yaşarın da mədəniyyətimizdə öz yeri var. Çox ağrılıdır, 60 yaş hələ çox tezdir. Elə bilirəm xalqımızın qəlbində yaşayacaq. Yaşar, Yaşar idi ”.

Teatrşünas İlham Rəhimli: “Azərbaycan teatrı səmimiyyət itirdi. Azərbaycan səhnəsində Yaşar qədər səmimi aktyor yoxdur. Bu barədə kitab da yazmışam. İstər komik rol olsun, istər faciə, eyni səmimiyyətlə oynayıb tamaşaçısını inandıra bilirdi. Aktyor var ki, istedadlıdır peşəkar deyil, peşəkar olanın da bəzi halda istedadı çatmır, Yaşarda hər ikisi vardı. Bu baxımdan əslində teatrımız çox şey itirdi. Demirəm ki, onu kimsə əvəz etməyəcək, hər kəsin öz yeri var, kimsə kimsəni əvəz etmir, amma Yaşarın yeri uzun müddət boş görünəcək ”.

Beləcə, xalq artistini səhnədən tamaşaçıların alqış sədaları altında qaldırıb piyada Fəxri Xiyabana apardılar. Allah rəhmət eləsin. Daha bir sənətkar bizləri tərk etdi.

# 2399 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #