Geyim rəssamı: “Rejissorlar qadınlarımızı gözəl göstərmək istəmir” - MÜSAHİBƏ

<span style="color:red;">Geyim rəssamı:  “Rejissorlar qadınlarımızı gözəl göstərmək istəmir” - <span style="color:red;">MÜSAHİBƏ
12 iyul 2017
# 13:30

Kulis.azın müsahibi geyim üzrə rəssamı Elfira Hüseynovadır. Elfira xanım “Biz qayıdacağıq”, “Günaydın, mələyim”, “İstanbul reysi”, ”Kabus”, “Qisas almadan ölmə”, “Dolu”, “Axınla aşağı”, “Nar bağı” və başqa filmlərdə geyim üzrə rəssam işləyib.

- Personajların kostyumu üzərində iş yəqin ki, ssenarini oxumaqdan başlayır. Ümumiyyətlə, iş prosesinizi anlatmanızı istərdim.

- Birinci rejissorun işlədiyi ssenarini oxyuram. Amma Asif Rüstəmovla “Axınla aşağı” filmində işləyəndə o, mənə ədəbi materialı da vermişdi. Çünki rejissor ssenarisində əsasən dialoqlardı və konkret səhnələr verilir. Bu, minimal bilgidir. Amma ədəbi materialı oxumaq mənim üçün əlavə köməkdir. Oxuyanda personajları daha dəqiq duyuram və rejissorun nə istədiyini bilirəm. Obrazların ilkin variantını çəkirəm, yəni onları necə görürəm. Sonra rejissorla ümumən obrazı necə gördüyümü müzakirə edirəm. O, razılaşmırsa, kompromis tapmağa çalışırıq. Bəlkə razılaşmaz və məni inandırmağa çalışacaq ki, o, filan obrazı başqa cür görür. Artıq beləcə yaradıcı iş başlayır. Bundan sonra obrazı bütünləşdirmək üçün xırda detalları axtarıb tapıram. Çəkirəm, kompüterdə işləyirəm, yekun nəticəyə baxıram ki, bu, ekranda necə görünə bilər. Kadrbakadr işləyirəm, yəni hansı səhnədə, hansı vəziyyətdə personajın ovqatı necədir, buna uyğun necə geyinməlidir, evdə necə görünməlidir, hamamdan nədə çıxır, yuxudan nədə oyanır. Yaxud küçəyə hansı geyimdə çıxır, ziyafətə nə geyinə bilər. Bütün bu detallar düşünülür.

- Kostyumu personaja uyğun seçirsiz. Ancaq güman ki, aktyorun da fakturasını nəzərə almalısız ki, geyimi ona uyğunlaşdırasız.

- Əlbəttə. Ona görə həmişə ikinci rejissorlardan xahiş edirəm ki, aktyoru göstərin, fakturanı görüm. Artıq müəyyən olunmuş stili seçəndə onun fakturasını da nəzərə alım; uzun ya balacaboydurmu, arıq ya kökdürmü. Tutalım aktrisanı qəşəng etməliyəmsə, onu öyrənməliyəm. Hansı cizgisinə aksent edim ki, onun gözəlliyini gözə çarpdırım. Bəlkə onun bədəninin gözəlliyini önə çıxarmaq üçün, alt paltarını və ya donunda hansısa detalları xüsusi işləməliyəm. “Axınla aşağı”da Namiq Ağayevin personajı idmançıdır, məşqçidir. Biz Namiqə altdan elə mayka geyindirməli olduq ki, qollarının əzələləri bilinsin. Bunun üçün qalın alt paltarı aldıq, zavallı Namiq istidən bişirdi. Hollivud deyil ki, nəsə silikondan və ya başqa texniki şeylərdən istifadə edək.

- Bu kimi problemlərin effektlərlə həlli mümkündürmü?

- Mürəkkəb və çətindir. Çox pul tələb olunur. “Biz qayıdacağıq” filmində effektlərə görə Moskvaya getdik və bu baha başa gəldi. Hər kadrda akyorun ölçüsünü böyütmək real deyil.

- Geyim məsələsində rejissorlarla mübahisəniz olurmu?

- Elə rejissorlar var ki, daha çox o diktə edir və mən razılaşıram. Çünki nəzər nöqtələri doğrudur. Adını çəkmək istəmədiyim bir rejissor var. Onun filmində qəhrəmanın bütün geyimini detalınadək düşündüm, rejissor da bəyəndi ki, bu, məhz mənim istədiyimdir. Və sonra nə baş verdisə, fikrindən daşındı. Mənə xeyli qiyafət göstərdi ki, bəs bunlar brenddir, qəhrəman da onları geyinəcək. Dəhşətə gəldim. Onun üçün önəmli olan geyimin brend olmasıydı. Birdəfəlik anlamaq lazımdır ki, kinodakı geyim və dəb başqa-başqa anlayışlardır. Ümumiyyətlə, əksər filmlərimizdə rejissorlar niyəsə Azərbaycan qadınlarını gözəl göstərmək istəmirlər. Axı kino hər halda təbliğatdır, ölkədən kənarda göstərilir, bizi təmsil edir. Azərbaycan qadınları da gözəldir. Ona görə anlamıram, niyə qadınlarımızı eybəcər göstərməliyik. Təbii ki, qadını həyatın müxtəlif vəziyyətlərində göstərmək lazımdır, amma gözəl göstər. O daranmamış ola bilər, depressiyada ola bilər, ağlamış ola bilər, amma onu gözəlliyinə xələl gətirmədən təsvir etmək mümkündür. Axı niyə onun cazibədarlığını qabartmayasan. Bütün situasiyalarda qadın qadın kimi, kişi də kişi kimi göstərilməlidir. Hər halda ekranda elə görmək istəyirəm. Və yaxud qrim edəndə gözləri bir az daha parıltılı eləmək olar. Gözlər çox şey deyir axı. Məsələn, Rasim Ocaqov, çox sevirdim onunla söhbəti, maraqlı gəlirdi. Amma onun filmlərindəki qadınlara baxanda düşünürdüm ki, niyə qadını çirkin göstərirlər.

- Aktrisaların geyim seçiminizə təsiri olurmu?

- Peşəkar aktrisalar heç vaxt kostyum seçiminə təsir etmirlər və etməməlidirlər. Haqları yoxdur. Kostyum seçiminə geyim üzrə rəssam, rəng qammasına operator, ümumi işə də rejissor nəzarət edir. Bu komanda personajı başdan ayağa hazırlayıb çəkiliş meydançasına kimi gətirir. Çox aktrisalar bu mənada kapriz göstərirlər. Mənsə sərtəm. Əgər mən aktrisaya deyirəm ki, sənə torba geyindirəcəm və sən bunda çəkilməlisən, deməli, elə də olmalıdır. Sən isə öz aktyor ustalığını göstərməlisən. Hərçənd, mən qadın kimi onları anlamağa çalışıram və çalışıram ki, təklif elədiyim geyimdə rahat olsun. Ona mane olmasın oynamaqda. Amma onun işimə müdaxilə etməyə haqqı yoxdur.

- Qadın obrazların geyimini işləyəndə olur ki, düşdükləri vəziyyətlə özünüzü eyniləşdirirsiz və bu, işinizə hardasa təsir edir?

- Yox, heç vaxt. Peşəkar yanaşmağa çalışıram. Mənim üçün geyimdə sadəlik və komfort əsasdır. Təbii ki, hansısa tədbirdə müəyyən üslubda geyməlisən, yəni zərurətdən doğaraq...

- “Cavad xan” tarixi filmində də işləmisiz. Tarixi filmlərdə geyimlər üzərində iş necə gedir?

- Orda mən Tahir Tahirovun assistenti idim. Rəssamlar Rafiq Nəsirov və Rafiz İsmayılov idi. Məmnuniyyətlə işlədim, onlardan çox şey öyrəndim. Çünki buna kimi tarixi filmlərdə işləməmişdim. Anladım ki, tarixi filmlərdə işləmək daha asandır. Orda artıq nəsə fikriləşib tapmaq mümkün deyil, çünki bu, artıq tarixdir, mövcud olandır. Tutaq ki, hansısa bölgədən olan xanın geyiminin artıq hazır modeli var. Tarixi materiallara da istinad edirsən. Ancaq tarixi filmlərdə çətin olan ikinci dərəcəli personajlardır. Nəzərdən heç bir detalı qaçırmamalısan. Tarixi kostyumlarda çoxlu komponentlər var: baş geyimləri, kəmərlər, qılınclar, ayaqqabılar. Kostyumlarının hazırlanması, tikilməsi altı ay çəkdi. Kütləvi səhnələrdəki bütün geyimləri əllə tikmişik.

- Seriallara dəvət alırsız?

- Ramiz Fətəliyevlə “Qraf Krestovskiy” serialında işləmişəm. Amma mən buna daha çox film kimi baxırdım. “Məhkumlar” serialına dəvət olunmuşdum. Rejissor Yaşar Əhmədov dedi ki, türk seriallarına baxın, personajlar elə geyinməlidir, hər şey parıldamalıdır. Dedim, tutalım, qadın mətbəxdə kartof soyanda dikdabanda, boynunda şərf olmalıdır? Bu söhbətdən sonra seriallara getmədim. Seriallara geyim üzrə rəssam lazım deyil, mağazalarla danışırlar, onlardan götürdükləri əlbisələri geyinib etiketləri gizlədirlər. Sonra yenidən qaytarırlar.

- Müharibə filmlərində də işləmisiz: “Dolu”, “Yarımçıq xatirələr”...

- Müharibə filmlərində işləmək fiziki çətindir, amma maraqlıdır. Elxan Cəfərov təpədən dırnağadək kino adamıdır. O, layihədən o qədər entuziazmla, zövqlə danışır ki, adam işə həvəslə girişir. Bu filmlərdə hərbçilərlə işləyirdim, onlar da dəqiq adamlardır. Onların hörmətini qazansan işin də keyfiyyətli olacaq. Hər addımını, hərəkətini dəqiq görürlər. İş prosesində kömək etdilər. “Dolu”nu çəkəndə bizdə kostyum az idi, geyilmiş kostyumlardan istifadə etdik. Hərbi hissədən bizə yüzdən artıq hərbçi geyimi, çəkmə bağışladılar, kinostudiyanın bazasındadır. Hər yarım ildən bir onların kostyumlarının utilizasiyası gedir. Rəhbərliyə dedim ki, danışaq, istifadə edilməyən hərbi geyimlər kinostudiyanın bazasına gətirilsin, tarix üçün qalsın. Hər dəfə də kostyumlarda müəyyən detalları dəyişirlər. Əhəmiyyət verən olmadı.

- Geyim üzrə rəssam hansı mühüm keyfiyyətlərə malik olmalıdır?

- Dözüm, təmkin. Yeni aktyor nəsli var, onların bir qismi hesab edir ki, dünyaya dahi gəliblər və bunlarla hesablaşmalıdırlar. Onlar bilməlidir ki, çəkiliş meydanına gəlmisənsə, dayan və sus. Sadəcə mətnini öyrən və işlə. Bizə nəsə deyə bilməzsən.

- Başqa?

- Geyim üzrə rəssam son dərəcə diqqətli olmalıdır. Film xronoloji ardıcıllıqla çəkilmir. Ona görə hər kadrı qeyd olunmalıdır, səhv etmək olmaz. Ssenarini dəfələrlə oxuyuram. Hər personajın hərəkətini, sözünü, davranışını, necə yuyunmasından tutmuş necə yeməyinədək öyrənirəm. İlqar Nəcəfin “Nar bağı” filmində bir vəziyyət vardı. Ata şokda evə qayıdır. O, kəndlidir, şəhərə, ziyafətlərə getmək üçün ancaq bir kostyumu var. Biz qərara aldıq ki, o, şokdadırsa, sadəcə kostyumda oturmalı və əynini dəyişməməlidir, atmosferi gücləndirmək üçün. Belə məqamlar çoxdur. Öz işimi ancaq rejissorla müzakirə edirəm. Təklif elədiyim ağlına batırsa kadra gətiririk.

Bir də dörd yaşımdan musiqi ilə məşğulam, sovet dövrünün ən yaxşı musiqi müəllimlərindən dərs almışam. Daha ciddi musiqi əsərlərini öyrənib ifa etməyə başlayanda müəllimlərim deyirdi ki, hər bir əsəri ifadan əvvəl təsəvvür etməyi bacarmalısan. Obrazları, hansısa vəziyyətləri. Eynilə də kinoya elə münasibət bəsləyirəm. Bu işim uşaqlıqdan yığdığım baqaja yaxındır. Ssenarini oxuyanda, min dənə nüansı nəzərə almalısan, hansı epoxada baş verir, qəhrəman hansı mühitdə yaşayır, hansı təbəqəyə aiddir, xarakteri, həyata baxışı necədir və bütün bunları öyrənib onun geyimini təyin edirsən. Və geyim də artıq o personajı təyin edir. Məsələ onda deyil ki, seçdiyim geyim aktyora yaraşmalıdır. Burda daha önəmlisi aktyorun fakturasıdır. Yəni seçilmiş geyim obraza gedirmi? İncə nüanslar çoxdur.

- İncəsənət Universitetində bu peşə öyrənilirmi?

- Yox, modelyerlik var, amma bunun kinoya dəxli yoxdur. Kinoda geyim rəssamı spesifik sahədir. Sovet dönəmində kinostudiyada rəssamlar özlərini təsdiqləyə bilməyəndə onları telestudiyaya göndərirdilər. Televiziya cərimə batalyonu kimiydi. Bir dəfə Oqtay Mirqasımovla “Günaydın mələyim” filminin çəkilişlərində məşhur modelyerin yanına gəldik. O, kolleksiyalarından birini təklif elədi. Oqtay müəllim dedi, bəlkə filmə uyğun şey tapılar. Ayan Mirqasımovanın personajı rəqs edir, ona uyğun nəsə lazım idi. Oqtay müəllim modelyerə dedi ki, əla kostyumlardır, amma bu, modadır, kino kostyumu deyil. Kinoda başqa aspektlər lazımdır. O, Oqtay müəllimin nə istədiyini anlamadı. Bir neçə eskiz də elədi, bəyənmədik. Sadəcə bir don götürdük, amma onu da başdan ayağa dəyişməli olduq. Bu, kino qriminə də aiddir. Bizdə kino qrimiylə toyxana qrimini qarışdırırlar. Halbuki fərqli sahələrdir.

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #