İsrail əsgərinə vurulan livanlı qız, tabut daşıyan iraqlı... - Əsl Kino

İsrail əsgərinə vurulan livanlı qız, tabut daşıyan iraqlı... - Əsl Kino
20 iyul 2019
# 08:58

Kulis.az “Əsl kino” layihəsində Hünər Səlimin “Sıfır kilometr” və Randa Çahal Sabaqın “Çərpələng” filmlərini təqdim edir.

Kürd əsilli iraqlı rejissor Hüner Səlimin 2005-ci ildə ekranlara çıxan “Sıfır kilometr” filmi İraq istehsalıdır. Və Kann kinofestivalında iştirak edən ilk İraq filmidir.

Süjet: Hadisələr 1988-ci il İran-İraq müharibəsinin son günlərində baş verir. İraq ordusunun əsgəri, kürd əsili Ako (Nazmi Kırık) ölkədən getmək istəyir. Amma arvadı Selma (Belçim Bilgin) onun təklifi ilə razılaşmır. Çünki çarpayıya məhkum atasını qoyub getmək istəmir. Akonu tezliklə orduya çağırırlar. O, burda müharibənin amansız gerçəkliyi ilə tanış olur və ölkədən getmək istəyi daha da güclənir. Akoya ölmüş əsgər yoldaşının tabutunu qohumlarına çatdırmaq tapşırılır. O, kürdləri sevməyən ərəb sürücüsü (Eyyam Ekrem) ilə yol yoldaşı olur. Yol boyu onların müharibə, ərəb-kürd münaqişəsi ilə bağlı mübahisələri düşür. Mənzil başına yetişəndə Akonun ölmüş əsgərin qohumlarına tabutu təslim etməyə cəsarəti çatmır. Uzun yolçuluqdan bezən ərəb sürücü onu tərk edir. Ako isə tabutu bir çöllükdə buraxıb gedir. Ailəsini də götürərək Fransaya mühacirət edir...

Hünər Səlimin “Sıfır kilometr” ekran əsəri çağdaş kinoda müharibə haqda lentə alınan ən təsirli filmlərdən biridir. Müəllif əhvalatı ciddi müharibə filmlərinə xas konsepsiya üzərində qurur: hansı tərəfin haqlı olub -olmaması ilə bağlı sonu bitməyən mübahisə, niyə müharibə edirik, onun mənası nədir kimi klassik suallar, böyük siyasi oyunların, hakimiyyət ehtiraslarının girovlarına çevrilən kiçik insanlar, fərdin ekzistensializmi.

Rejissor maraqlı, gözlənilməz vəziyyətlərlə, reaksiyalarla əhvalatı absurdluğa çatdırır, bunu sözlə və vizual səviyyədə göstərir. Atışma zamanı Ako səngərdən ayağını yuxarı qaldırır ki, yaralanasın və onun evə dönməyə bəhanəsi olsun. Bu tragikomik situasiya fərdin çarəsizliyinin, gücsüzlüyünün ifadəsi kimi ortaya çıxır.

Rejissor məzmunun, təsvirin təsir gücünü artıran təkrir kadrlardan yararlanır. Misalçün, bütün film boyu iri yük maşını Səddam Hüseynin- əlini irəli uzadan nəhəng heykəlini daşıyır. Heykəlin daşınması əsas xəttin fonunda görünür, sanki təsadüfdən-təsadüfə, karikatura intonasiyasında kadra girir. Səhnələrin bir qismində əsasən arxa planda Səddam Hüseyinin ya heykəlciklərinin, ya portretlərinin göstərməsi ilə rejissor ölkədəki sərt rejim haqda birbaşa nəsə demir, sadəcə eyham vurur.

Digər maraqlı fənd personajların arzularından, məişət qayğılarından danışanda qəfil partlayışlara tuş gəlmələridir. Məhz yemək yeyəndə, sevgidən, seksdən danışanda, arzularını dilə gətirəndə partlayışların baş verməsi ilə müəllif bir vəziyyətlə müharibənin mahiyyətini açır.

Başqa bir epizodda Ako yemək yeyəndən sonra ağzını və əllərini tabuta bürünmüş bayrağa silir. Ərəb sürücü ona etiraz edəndə, o, “siz bayrağınızın tarixini bilrisiz? Hər sahibin gəlişiylə bayraq onun şıltaqlığına uyğun dəyişir” cavabını verir. Ümumiyyətlə, film boyu rejissorun ən ciddi məsələlərdə kəskin sarkazmlı etirazı qabarıqdır.

Kədərli səhnələrindən biri əsgər meyiti daşıyan saysız maşın karvanıdır. Maşın karvanı epziodları vətən uğrunda ölümə gedən əsgərin əzəməti, ölməzliyi yox, dünyanın faniliyi, silahlı toqquşmaların gərəksizliyi tonunda çəkilib. Filmdə insan həyatı vətəndən yüksəyə qoyulur. “Sıfır kilometr” rejissorun şəxsi təcrübəsidir. 1981-ci ildə Səddam Hüseyn rejimindən İtaliyaya qaçan Hünər Səlim hazırda Fransada yaşayır.

Kannda “Qızıl palma büdağı”mükafatına nominant olan filmdə baş rolları kürd əsilli türk aktyorları oynayır.

Livanlı rejissor Randa Çahal Sabaqın “Çərpələng” filmi Livan istehsalıdır və 2003-cü ildə Venesiya festivalında Gümüş Ayı mükafatına layiq görülüb.

Süjet: Hadisə Livan-İsral sərhədində baş verir. İkiyə bölünmüş Livan kəndinin bir hissəsi müvəqqəti olraq İsrail ordusu tərəfindən nəzarətə götürülüb. 16 yaşlı livanlı qız Lamiyəni (Flaviya Behara) ailəsi, sərhədin digər tərəfində yaşayan qohumu Samiyə (Edmond Haddad) ərə vermək istəyir. Lamiyə isə onu sevmir. O, məktəbə gedir, tez-tez balaca qardaşı ilə sərhəddə çərpələng uçurur. Və sərhədin o biri tərəfində qulluq edən İsrail əsgərinə vurulur. Qohumlar sərhəd zonasına gələrək meqafonla elçilik edir, toy tədarükünün detallarını orda çözür. Sərhəddə xidmət edən İsrail əsgəri Yusef (Meher Bsaybes) də bunları eşidir, Lamiyəni yaxından tanıyır. Lamiyə ilə onun arasında uzaqdan uzağa sevgi yaşanır. Ailənin təkidi ilə Lamiyə ərə gedir. Burada o, özünə qapanır, ərini yaxın buraxmır. Ərin ailəsi onu geri qaytarmağa məcbur olur. Gələcəyinə inamsız Lamiyə sərhədin qadağan olunmuş zonasına daxil olur və minaya düşür...

İlk kadrlar adi məişət təsvirləri ilə yüklənib. Lamiyənin, ailəsinin həyatı ilə tanış oluruq. Rejissor iki fərqli mühiti qarşılaşdırır. Ərəblərin nəzarətində olan kənddə patriarxal mühit hökm sürür, burda qadınlar öz hüquqsuzluğu ilə barışmış vəziyyətdə yaşayır. İsrailin nəzarətində olan hissədə isə həyat daha moderndir. Gəlin libasında sərhədi tək keçməyə məcbur olan Lamiyə sanki keçmişdən müasir dövrə gələn pərini xatırladır. O, burdakı həyatını, zorla ərə verilməsini qəbul eləmir. Yusefin rəhbərliyi ona da bu sevginin mümkünsüzlüyünü xatırladır. Siyasi konfliktdə bir sevgi hekayəsini təsvir edən filmin sloqanı qadağan olunmuş məhəbbətdir.

Dramatikliyinə rəğmən müəllifi əhvalatı yumordan əskik eləmir. Lamiyənin anası meqafonla gələcək qudasına qızının menustrasiya olmasını sevinclə çatdırır və ya başqa epizodda “əgər sənin oğlun nifrət etdiyimiz yəhudilərin dilində danışırsa, mənim qızım Şarl de Gollun dilində danışır” deyərək öz üstünlüyünü bildirir. Bu, həm livanlıların siyasi hadisələrdən dolayı öz dilinə münasibətini göstərir.

Final səhnəsi isə açıqdır, rejissor yozumu tamaşaçının öhdəsinə buraxır: minaya düşən Lamiyə sevdiyi oğlanın yanında peyda olaraq söhbətləşir.

# 3590 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #