Pərəstişkarını döyüb zorlayan müğənni – Əsl Kino

Pərəstişkarını döyüb zorlayan müğənni – <span style="color:red;">Əsl Kino
13 aprel 2019
# 09:10

“Əsl kino” layihəsində Nadin Labakinin “Karamel” və Pol Verhovenin “Şouqölz” filmlərini təqdim edirik.

Fransa və Livanın birgə istehsalı olan “Karamel” melodramının premyerası 2007-ci ildə Kann kinofestivalında baş tutub.

Süjet: Əhvalat Beyrutda baş verir və altı qadının həyatından bəhs edir. Onlardan dördü gözəllik salonunda işləyir: Nisrin (Yasmin El Massri) nişanlıdır, toyuna hazırlaşır. Yamal (Gizel Ayad) ərindən ayrılıb, iki uşaq anasıdır. Onun arzusu aktrisa olmaqdır. Tez-tez kastinqlərə gedir, amma uğur qazana bilmir. Rima (Coenna Mukarzel) həmişə şalvar geyinir, oğlansayağı maneraları var, salona gələn Sihamdan xoşlanır. Layal (Nadin Labaki) evli kişini sevir. Salonun qonşuluğunda yaşayan, gənc olmayan Roza (Siham Hadad) dərzidir. O, əqli cəhətdən zəif, avtomobillərə vurulan cərimə kağızlarını yığan Lilinin (Əzizə Semann) qayğısına qalır.

“Karamel” aktrisa Nadan Labakinin debüt filmidir. Əhvalat Beyrut qadınlarının gündəlik qayğılarını, arzularını, mühafizəkar cəmiyyətdə, ailədə yaşamağın çətinliklərini əks etdirir. Film müxtəlif, maraqlı qadın xarakterləri ilə zəngindir. Bir yaşlı qadın xəstə baldızının yaxınlarda öləcəyini təxmin edərək yasına xüsusi hazırlaşır. Və bunun üçün salona gəlib saçlarını rənglətdirir. Başqa gənc bir qadın tez-tez salona gəlir, saçlarını sadəcə yudurdur, amma kəsdirməyə qərar verə bilmir. Gənc qızların qatıldığı kastinqdə Yamal menustrasiya olduğunu imitasiya edir, ətəyinə bilərəkdən qırmızı ləkə salır. Layal sevdiyi kişinin arvadıyla, onun qadın kimi hansı üstünlüklərinin bilməsi üçün tanış olur.

Filmdə eyni zamanda mühafizəkar adət-ənənələrin olduğu ölkədə fərdin azadlığı, qadın məsələsi mərkəzə gətirilir. Nisrin bakirə olmadığını nişanlısından gizləyir və həkimə gedərək onu bərpa elətdirir. Yamal ailəsinin sərt nəzarəti altındadır. O sevgilisi ilə görüşmək üçün yer tapa bilmir. Bütün otellər onun evli olub olmaması ilə bağlı sənəd istəyir.

Nisrinin nişanlısı ilə maşında gecəyarı söhbəti etməsinə polis səbəbsiz müdaxilə edir, nəticədə konflikt yaranır. Nişanlısı isə daha çox ona görə cəzalandırılır ki, o, polisə “allah da gəlsə məni maşından düşürə bilməz” deyir.

Final saçlarını kəsdirməyə cəsarət etməyən qadının nəhayət, saç düzümünü dəyişməsi ilə bitir və o, azadlığına bir addım atır.

Filmin “Karamel” adlanması onunla bağlıdır ki, salonda karameldən epilyasiya vasitəsi kimi istifadə olunur. Şəkər, limon və su qarışığından hazırlanan kütlə tüklərə yapışdırılaraq onu çıxarır. Çox güman ki, bunun məcazi mənası da var. Karamel həm ağrını, həm ləzizliyi, həm temperamenti ifadə edir. Hətta bir neçə planda karamelin hazırlanma prosesi erotik verilib.

Nadin Labakinin son filmi “Kapernaum” bu il Oskar mükafatına “əcnəbi dildə ən yaxşı film” nominasiyasında irəli sürülüb.

...Niderland və amerika rejissoru Pol Verhovenin 1996-cı ildə ekranlara çıxan “Şouqölz” (“Qızlar şousu”) Ameika istehsalıdır.

Süjet: Gənc rəqqasə Nomi (Elizabet Berkli) Las-Veqasa gələrək parlamaq, məşhurlaşmaq arzusundadır. Onu şəhərə gətirən sürücü Nominin əşyalarını və pullarını oğurlayaraq aradan çıxır. Ümidsizlik içində olan Nomi yolda Molli (Cina Ravera) ilə tanış olur və onun evində yaşayır. Nomi gecə klublarından birində striptiz göstərir. O, Mollinin kostyumçu işlədiyi məşhur erotik şounun kastinqlərinə qatılır. Və burada işləməyə başlayır. Şounun ulduzu Kristalla (Cina Gerşon) aralarında rəqabət başlayır. O, Kristalın yerini tutmaq üçün şounun rəhbəri Zakla (Kayl Maklaxlen) yatır. Və öz uğurunu təmin etmək üçün Kristala xəsarət yetirir. Kristal ağır zədə alaraq şoudan uzaqlaşır. Nomi istəyinə çatsa da, onu xoş olmayan sürprizlər gözləyir...

Film şou biznes dünyasındakı çirkin rəqabətdən, intriqalardan, burada şöhrət və pul uğrunda cinayətə əl atılmasından danışır. Kişilərin idarə etdiyi dünyada qadınlar istedadını və bədənlərini satır. Və kişilər hakimiyyətindən istifadə edərək qadınları cinsi istismar edir. Filmin şok səhnələrindən biri, ziyafətdə məşhur müğənni Endryünun onun pərəstişkarı olan Mollini vəhşicəsinə döyməsi və zorlamasıdır.

Ziyafətdə bunun şahidi olanların hamısı susur. Nomi onu polisə vemək istəyəndə isə cinayətkar keçmişi ilə şantaj olunur.

“Şouqölz” ekranlara çıxanda mənfi qarşılansa da, sonradan kult statusu aldı. Cim Carmuş, Jak Rivett kimi rejissorlar filmin müdafiəsinə qalxdı. Fransız “Yeni dalğa”sının nümayəndələrindən biri Rivett “Şouqölz”ü son illərin ən yaxşı Amerika filmlərindən biri adlandırdı: “Verhovenin digər filmlərində olduğu kimi, burda da xoş olan az şey var. Söhbət əclafların dünyasında sağ qalmaqdan gedir, əhvalatın fəlsəfəsi də məhz bundadır”.

# 3535 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #