Oğlan evinin Azərbaycansayağı qarəti - RESENZİYA

Oğlan evinin Azərbaycansayağı qarəti -  <span style="color:red;">RESENZİYA
3 dekabr 2015
# 15:18

Mədəniyyət nazirliyinin kino siyasətini tənqid eləsəm də hər halda onların film premyeralarında daha rahatam. Heç olmasa ona görə ki, kinonu bilən 20-25 peşəkar adamla rastlaşırsan, fikirlərini bölüşürsən.

Kommersiya filmlərinin premyeralarına isə adətən şou-biznes adamları dəvət olunur, bütün film boyu harda gəldi gülürlər, dəxilsiz yerlərdə əl çalırlar, ucadan reaksiyalarını bildirirlər, elə bil kinoteatrda yox, şou proqramdadılar.

Əksəriyyəti də mövzunun mahiyyətinə varmır, işdir-şayət film haqda soruşsan, münasibətləri bəstəkar Aygün Səmədzadənin Corc Oruelin “Heyvanıstan” əsərinə münasibətindən fərqlənməyəcək. Hörmətli bəstəkarımız əsəri belə təftiş eləmişdi: “İnsan, yaxud heyvan olmasından asılı olmayaraq dünyada bütün canlıların yaşamaq haqqı var”.

Hər halda bütün bunlar dünən premyerası baş tutan “Oğlan evi və ya Azərbaycansayağı qarət” kommersiya layihəsinin müsbət cəhətlərini qeyd eləməyə mane olmur.

Hətta bu, indiyə kimi çəkilmiş kommersiya komediyaları arasında ən yaxşısıdır.

Uğurun əsas səbəbini ssenari müəllifləri DJ Fatehlə, İlham Qasımovla (o, həm də rejissordur, üçüncü ssenari müəllifi isə Tural Sevdimalıdır) bağlayıram.

Fatehin daimi izləyicisi deyiləm. Ara-sıra rastıma çıxan müsahibələrindən, “Manpası” proqramından ümumi təəssüratım belədir ki, o, ucuz yumor hissi olmayan, özünəməxsus baxışa, intellekt bazasına malik ciddi adamdır.

İ.Qasimov isə vaxtilə telekanallarda müxtəlif şou layihələrinin müəllifi və aparıcısı olub. Həmin layihələr nə qədər uğurlu olub və ya olmayıb, bu, başqa söhbətdi. Əsas odur ki, İ.Qasımov yadımda qaldığı qədərilə asan yola qaçmayıb. Milli televiziya təfəkküründə yerini möhkəmlətmiş, bir neçə müğənninin iştirakını “şou” kimi dərk edən “müəlliflərdən” fərqli olaraq, ortaya əmək tələb edən məhsul qoyurdu.

Beləliklə, “Oğlan evi və ya Azərbaycansayağı qarət” filmi haqda.

Seçilmiş mövzu həyat faktına əsaslanır: zəngin adam aşağı təbəqəni təmsil edən bir neçə nəfərə eyni evi satır. Belə faktlarla vaxtaşırı xəbər xronikasında rastlaşırıq. Aktual mövzuya müraciət etməklə müəlliflər ümumilikdə əhvalatı sosioloji qatda işləyiblər. Və janrına görə daha çox sosial komediyaya yaxın olan “Oğlan evi və ya Azərbaycansayağı qarət” hətta sonradan müəyyən ictimai mahiyyət kəsb edir. Lümpen proletariatı təmsil edən oğrunun (Elşən Hacıbabayev) Femida obrazında burjua dünyası ilə haqq-hesab çəkmək istəməsi səhnəsini nəzərdə tuturam. Sürreal intonasiyası olan səhnə filmin uğurlu hissələrindən biridir.

Filmi əhəmiyyətli edən cəhətlərdən biri nə aktyor ifasında, nə rejissor işində gərəksiz qroteskin olmaması idi. Çünki bundan əvvəl çəkilən komediyaların rejissorları ifadə vasitələrində, dialoqlarda ifrata varmaqla ölçü hissini itiriblər.

Fikrimi daha aydın izah edim. Epizoddan-epizoda müəlliflər müxtəlif sosial-ictimai məsələlərdə gəzişirlər. Məsələn, müəllimin rüşvətxorluğunu göstərmək üçün rejissor vurğunu məhz rüşvət probleminə etməyib. Əksinə olsaydı, bu, həmin səhnəyə publisistik-satirik don geyindirər və onu kinematoqrafik mahiyyətdən uzaqlaşdırardı. Yadıma gəlir ki, Şahin Zəkizadə “Yüz kağız” filmində həkimin rüşvət alma səhnəsini xüsusən qabardaraq ifrata varmışdı. Yəni biz cəmiyyətdə rüşvətin olduğunu onsuz da bilirik. Amma onun sənətdə illüstrativ yox, bədii həlli olmalıdır axı.

Qan Turalı Şərif Ağayarın “Gülüstan” romanını təhlil edəndə bu vacib məqamı daha aydın ifadə edib: “Oxucu Adəmlə bərabər vəziyyətin amansız, ədalətsiz olduğunu öyrənir. Amma digər sosial romanlarda bu, belədirmi? Misal üçün, Steynbekin “Bitməyən qovğa” romanında iki inqilabçı muzdurlar arasında qiyam qaldırmaq üçün kəndə gəlirlər. Onların biri gənc və təcrübəsizdir, digəri isə ona prosesi izah edir. Muzdurların ağır həyat şərtlərini göstərmir, sadəcə olaraq ona inqilabı necə etməyi öyrədir. Şərifin məncə bu roman üçün başlıca qüsur da budur: hamının gözü qarşısında olan həqiqəti göstərmək cəhdi! Maksim Qorkinin “Ana” romanında bircə fabrik fitini təsvir etməklə göstərdiyi ədalətsizliyi, zülmkarlığı və istismarı Şərif Ağayar bütün roman ərzində oxucuya çatdırmağa çalışır. Buna ehtiyac yoxuydu.”

Hərçənd, o fikirdə deyiləm ki, “Oğlan evi və ya Azərbaycansayağı qarət”in müəllifləri bu mənada orijinal bədii həllə nail olublar. Sadəcə müəllimin rüşvətxor olması haqda informasiya qabardılmır, o, tamaşaçıya xam məhsul kimi ötürülmür, filmin ümumi kompozisiyasında təbii, orqanik halqaya çevrilir. Yəni sadə, səliqəli həll təklif olunur: qəhrəmanlar müəllimin otağında toy dəvətnaməsini axtaranda təsadüfən əllərinə içində rüşvət pulları olan zərf keçir. Yəni bu vəziyyətdə müəllimin rüşvətxorluğunu göstərmək məqsədə çevrilmir, “təsadüfilik” epizodu bayağılıqdan, publisistlikdən xilas edir, sanki, elə doğrudan da tamaşaçı onu təsadüfən öyrənir. Dramaturji materiala da o, məqsədli yox, elə təsadüfi, təbii element kimi daxil olur.

Filmin başqa bir məziyyəti üzərində dayanmağı da vacib bilirəm. Son bir ildə çəkilən kommersiya filmlərinin birləşdirən ümumi cəhət onlarda qurşaqdan aşağı zarafatların yer almasıdr.

“Oğlan evi və ya Azərbaycansayağı qarət” də bu mənada istisna deyil. Hərçənd, qurşaqdan aşağı dialoqlar bol deyil, üstəlik, korrekt işlənib. Məsələn, digər filmlərdə müəlliflərin səhnələri məhz qurşaqdan aşağı ifadəni tamaşaçıya eşitdirmək üçün qurmaları təəssüratı yaranır. İ. Qasımovun filmində isə analoji dialoqlar spontan olaraq meydana çıxır və səhnə tapşırığına xidmət edir.

“Xoxan” filmində Fərda Xudaverdiyevin müəyyən mənada özünü təkrara meyli hiss olunurdusa, konkret bu filmdə onun əksinə, peşəsində yetkinləşdiyini görünür.

O, komediya janrında getdikcə ustalaşır, kamera qarşısında sərbəstdir, onu hiss eləmir və potensialını nəzərə alaraq onu məsələn, dram filmində görməyi çox istərdim.

Yeri gəlmişkən, filmdə mənim üçün yaddaqalan bir neçə səhnə oldu. Bunlardan biri F.Xudaverdiyevin personajının əsəbi vəziyyətini yumurta bişirib yeməklə ifadəsi - uğurlu həll idi. Peşəkar dildə bu, “manipulyasiya” adlanır və çox təəssüf ki, aktyorlarımızın çoxu manipulyasiya metodundan istifadə edə bilmir.

Yəni personajın müəyyən davranışı yaratmaq üçün rekvizitlə işləməsi manipulyasiya adlanır. Məsələn, yuxarıda dediyimiz səhnədə F. Xudaverdiyev gərginliyini yemək yeməklə azaldır və öz əsəbi vəziyyətini bununla ifadə edir. Hətta o qədər aydın, dolğun ifadə edir ki, onun tərəf-müqabili İslam Mehrəliyevin “o, əsəbi olanda yemək yeyir” şərhinə qətiyyən ehtiyac yox idi. Ümumiyyətlə, bizim ədəbi əsərlərimiz də, filmlərimiz də bu cür əlavə və yersiz şərhlərdən əziyyət çəkir, nəticədə əsərin bədii dəyəri aşağı düşür. Yəni hər şeyi demək və göstərmək lazım deyil. Sadə bir jest, predmetlə davranış vəziyyəti açıqlaya bilər.

İ.Mehrəliyev Fərda ilə uğurlu tandemdir. Üz plastikası, dinamikliyi ilə vəziyyətdən-vəziyyətə sürətli keçid edə bilir. Hətta bir peşəkar aktrisamız şəxsi söhbətimizdə onun dinamik plastikasına görə Cim Kerriyə bənzətmişdi. Çox ümid edirəm ki, İ.Mehrəliyevə yaxşı rejissorlarla işləmək qismət olacaq və o, özünü təkrarlamayacaq.

Əsas rollardan birinin ifaçısı Elcan Rəsulov da, Abbas Qəhrəmanov da, Xumar Səlimova da, Yadigar Muradov da, digərləri də aktyor ansamblına uyumlu görünürdü.

Filmin dramaturgiyası kütləvi filmlərin klişelerinə əsasən qurulub, bir çox “kod”lar, gedişlər əvvəlcədən asanlıqla oxunur.

Hətta “Azərbaycansayağı qarət” adı yəqin ki, “İtalyansayağı qarət”, “Amerikansayağı qarət” filmlərin adlarına göndərişdir.

Bununla belə burada kommersiya filmlərimizə xas olan klişelerı qırma tendensiyası da vardı. Bir qayda olaraq, imkanlı adamların məşuqəsi, sevgilisi niyəsə komediya filmlərində həddən artıq vulqar (həm qiyafətlərinə, həm makiyajına, həm davranışına görə), monoton təqdim olunur. Bu filmdəki zəngin adamın məşuqəsi isə eleqantdır, davranışlarından, istəklərindən hətta hardasa “bioqrafiyasını” da oxumaq olur.

Başqa bir klişe qırmaq tendensiyası kommersiya filmlərimizin üslubunu müəyyən edən klip estetikasından tam olmasa da, ümumən imtinaydı.

F.Xudaverdiyevin qəhrəmanının hallüsinasiyası, axtarışda olan oğrunun xəmir açması, mobil telefonları kökələrə yerləşdirməsi, onun məsləhətləri, Femida obrazı, mentallığa ironiyalar sürreal komediya üçün ciddi materialdır. Amma təbii ki, belə bir filmi reallaşdırmaq rejissordan yüksək estetiklik, güclü kinematoqrafik duyum tələb edir.

Final səhnələr isə didaktik alınmışdı, ümumiyyətlə, filmlərimizdə komediyadan dram atmosferinə keçid niyəsə banal alınır.

Sonda fırıldaqçı zənginin oğlu belə atasına qarşı çıxır, onun qurbanı olmuş gəncləri dəstəkləyir və mesaj verilir: “Gənclik təmizdir, gələcək bu təmiz gəncliklə bağlıdır”. Nə deyim? Pis düşünülməyib.

Bizə bu finalının gerçək həyatımıza köçməsini arzulamaq qalır.

# 1849 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
# # #