Nikol Kidman: “...Kinodan gedə bilərəm”

 Nikol Kidman:  <span style="color:red;">“...Kinodan gedə bilərəm”
16 dekabr 2014
# 14:37

Bu gün dünya şöhrətli aktrisa Nikol Kidmanın doğum günüdür. Kulis.az bu münasibətlə onun müsahibəsini təqdim edir.

- Necə oldu ki, sizi Qreys Kelli roluna çəkdilər?

- Heç vaxt şahzadəni oynamamışdım. Məni sevindirdi ki, “Monako Şahzadəsi” ənənəvi bioqrafik film deyil, müxtəlif janrların kombinasiyasıdır. Bundan əvvəlki iki filmim çox ağır təcrübə idi və qərara gəldim ki, yaxın yarım ildə özümü xoş bir şeylə mükafatlandırım. Avstraliya səhrasında qan-tər içində eşələnirsən, bir də fransız Rivyera, dadlı yemək, gözəl hava... uşaqları da özümlə götürdüm. Əlbəttə filmə çəkilmək üçün başqa səbəblərim də var idi. Anam Qreys Kelli heyranı idi, mən də uşaqlıqdan onun filmlərinə baxırdım, xüsusən Hiçkok çəkənə.

- Çəkildiyiniz filmin qəhrəmanı kübar qaydalardan, öhdəliklərdən əzab çəkir. Siz də oxşar hisslər keçirmirsiniz ki? Elə, məsələn Kannı götürək: qırmızı xalılar, fotosessiyalar, müsahibələr...

- Öz peşəmlə 14 yaşımdan məşğul olmuşam, ərə gedəndə də çox gənc idim. Yəqin bilirsiniz, bu mənim ikinci evliliyimdir, dörd uşağım var. Əlbəttə, elə dövrlər oldu ki, üstümə götürdüyüm öhdəliklərdən ikrah duyurdum. Hiss edirdim ki, əlim-qolum bağlıdır. Amma bunun öhdəsindən gələ bildim. Amerikanın cənubunda ən sakit bir yerdə məskunlaşmışam. Orada özümü azad hiss edirəm.

- Obrazını yaratdığınız Qreys bilərəkdən aktyor karyerasından ailəsinin xətrinə vaz keçir. Özünüz belə addım atardınızmı?

- Xoşbəxtlikdən belə seçim etmək məcburiyyətim yoxdur. Əgər kinodan getmək istəsəm, bunu günü sabah, sakitcə edə bilərəm. Amma mənə elə gəlir ki, ən yaxşı rollarımı hələ də oynamamışam. İndiyədək işləmək imkanım olmayan istedadlı rejissorlarla işləməyi arzulayıram. Amma aktrisanın işi budur: arzulamaq və gözləmək! Dünən Alfonso Kuaronu gördüm və öz-özümə dedim: “İlahi, o, necə də xoşbəxtdir. O, nəsə düşünə, yaza və film çəkə bilər. Biz isə həmişə gözləyirik...”

- Sizə nə olub axı, kamera götürün və irəli!

- Nə danışırsınız? Mənim uşaqlarım var. Mən bu yerdə Qreys Kellini yaxşı başa düşürəm. Yaxşı ana olmaq və özünü kinoya həsr etmək dəhşətli dərəcədə çətindir. Uşaqlar, ailə, iş, yaradıcılıq... bunları necə bir birinə qatasan? Uşaqlarımı Fransaya “Monako Şahzadəsi”nin çəkilişlərinə, sonra da Verner Hersoqun “Səhra kraliçası” filminin çəkilişlərinə apara bildim, xoşbəxtlikdən. Amma onları özümlə hər yerə daşıya bilmərəm axı... Yox, rejissor olmaq üçün mənim enerjim, ən əsası da istedadım çatmır. Mən rejissorlarla onların dünyagörüşü ilə, fikirləri ilə, çəkilişləri müxtəlif aspektlərdən çəkə bilməsi ilə fəxr edirəm. Mənim istedadım başqadır: mən istənilən mövqe və nəzər nöqtəsində məna və məntiq tapa bilərəm. Bu keyfiyyət mənə müxtəlif adamlarla dostluq etmək, hamı ilə ümumi dil tapmaq imkanı verib.

- Sizin başqa nadir keyfiyyətiniz var: siz heç nədən qorxmursunuz...

- İmkan vermərəm ki, mənim hərəkətlərimi qorxu idarə etsin. Mən istəyirəm ki, arxaya, keçmişə baxanda deyə bilim: “Mən hər şeyi daddım. Əlbəttə, bütün təcrübələr eyni dərəcədə uğurlu olmadı, amma heç olmasa cəhd etdim. Bütün gücümlə cəhd etdim.”

- Belə olurmu ki, ekrana baxanda nə isə xoşagəlməz, sizə diskomfort gətirən bir şey görəsiniz?

- Bu, tez-tez baş verir. Amma nə edə bilərəm? İş artıq görülüb. Həm də ekranda mən deyiləm, personajdır.

- Bəs tənqidi resenziyalar da kefinizi pozmur?

- Düzü, mən onları oxumuram. Hərdən deyirlər ki, səni tənqid ediblər. Ötən il mən Kann münsiflər heyətində oldum, bu, əla bir məşq oldu: mən heç nə oxumadım, yalnız filmlərə baxdım və öz hisslərimi dinlədim. Dünyada məlumat həddən artıq çoxdur, artıqları ötürmək, ələmək lazımdır. Xoşbəxtlikdən resenziya yazmağım da lazım deyildi. Mən sadəcə qadın və aktrisa kimi reaksiya verməli idim. Biz qadınlar kinonu kişilərdən fərqli hiss edirik. Kannda işləyəndə buna bir daha əmin odum. Elə hallar oldu ki, başqalarını qıcıqlandıran filmlərə heyran qaldım! Bir də mübahisə etməyi sevirəm və məni inandırmaq da mümkündür! Yəni yekunla tamamən razı idim.

- Xüsusən fəxr etdiyiniz filminiz hansıdır?

- “Dovşan yuvası”. Bu layihə mənə əzizdir və ona qələbə qazandırdığım üçün fəxr edirəm. Həm də ona maliyyə tapmağa da yardım etmişəm. Bu qədər əzab və iztirab dolu rolu oynamaq üçün hisslərimin, intuisiyamın, beynimin ən gizlin künc-bucağını gözdən keçirdim. Bir də, Conatan Qleyzerin “Doğuş” filmini. Bu filmə görə məni nə qədər danladılar! Amma bu film indiyədək mənə maraqlı və qeyri-adi gəlir. Ümumiyyətlə, mən rollarımla fəxr edirəm. Şadam ki, belə banal burjua həyat tərzi keçirirəm , o, mənə öz peşəmdə eksperimentlər etməyə və qorxmamağa imkan verir. Əgər mən yaxşı yemək bişirə bilsəydim, bundan həzz alardım və aktrisalığa getməzdim. Amma mənim bişirdiklərim bərbaddır. Hərənin bir işi var, mən də kinoya çəkilirəm.

Hazırladı: Aliyə

# 2577 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #