“Əli və Nino” filmi çəkilir REPORTAJ

“Əli və Nino” filmi çəkilir REPORTAJ
13 iyun 2014
# 12:11

“Əli və Nino” serialında nələr olacaq?

Hələ illər əvvəl “Əli və Nino” tamaşası haqqında yazı hazırlayanda əhvalatın məzmununun, təhkiyə tərzinin bir film diktə etdiyini görmüşdüm. Tamaşada da insafən bu fraqmentallıq var idi. Səhnələri o başa bu başa şütüyən bloklarla montaj da etmişdilər. Həqiqətən “Əli və Nino” əhvalatı romanda yuxu danışar kimi danışılır və əgər yaxşı danışılsa bu özgəsinin yox, öz yuxun olacaq. Rejissor Elvin Mirzoyev elə o tamaşadan bu yuxuya çox bağlanıb, onu bir türlü unuda bilməyib ki, bu gün unudulmaz yuxusunu - “Əli və Nino” çoxseriyalı bədii filmini çəkir. Məsələ yuxu çəkmək qədər sadə deyil əlbəttə. “Əli və Nino” romanı həm də bir düşüncə, düşüncə tərzi haqdadır.

Çox seriyalı bədii filmin istehsalçısı Trem tv-prodakşndır, filmi Mili Televiziya və Radio Şurası sifariş edib və oktyabrda təqdim olunması nəzərdə tutulur.

Siyasi söhbət məsələsi

Hazırda filmin pavilyon çəkilişləri gedir. Deyəsən keçmişdə zavod olmuş pavilyona girər-girməz buranın hədsiz isti olduğunu hiss edirsən. Əlbəttə, projektorlar, bayırdakı isti, və məncə istilik verdiyini xatırlatmaqla istini daha da artıran motorun səsi ...

Dəhlizdən içəri daxil olan kimi aktyorlara, geyimlərə baxıb, romanın hansı yeri olduğunu müəyyən etməyə çalışıram. Ortadakı Şərq üslubunda geyinmiş aktyoru göstərib soruşuram: “Bu Səfər xandır?” Filmdə qrim ustası işləyən rəfiqəm Adelia qulağıma pıçıldayır: “Hə, Bakı milyonçuları, başbilənləri yığışıb, ölkənin vəziyyətini, siyasi məsələləri müzakirə edirlər”. Vay-vay, bu nədir? Axı rejissor özü müsahibələrində “sənətçi siyasətə qarışmaz” demişdi?

Narahat olmağına dəyməz, “Əli və Nino”dakı əhvalatlar XX əsrin lap əvvəllərində baş verir. İnteryer yaşıllla haşiyələnib-deməli, xromakey çəkilişləridir. Səfər xan (Ayşad Məmmədov), Mirzə Əsədullayev (Kərəm Hadızadə), Musa Nağıyev (Abbas Qəhrəmanov), Fətəli xan Xoyski (Firdovsi Nayibov), Əli Əsədullayev (Vüqar) və Zeynal ağa (Təvəkkül Əliyev) yaranmış vəziyyəti müzakirə edirlər. Çar Rusiyası Birinci Dünya müharibəsinə qoşulub, belə bir vəziyyətdə onun tərkibində olan Azərbaycan necə hərəkət etməlidir? Bir alay yaradıb çara dəstəkmi olsunlar? Türklərə-din qardaşlarımıza qarşı vuruşmaqmı? Bəlkə qılınca sarılıb ölkəni Ruslardan təmizləmək? Toplananlardan müstəqillik ideyası səsləndirənlər də var. Belə... Gəlib çox əhəmiyyətli bir məqamın üstünə çıxmışıq...

“Zəncir vurmaq da olacaq”

Əli rolunda rejissor Elvin Mirzəyev özü oynayır. Əlixan da bu məclisdə iştirak edir, amma Əlinin-Elvinin bir gözü monitordadır. Hər epizod iki üç dubla çəkilir. Rəqəmsal kameranın uğurları bundadır-kinolent deyil ki, heyfin gələ - neçə dubl istəsən çəkə bilərsən. Əlbəttə bu fikirlərə istidə qalın kostyumlar geymiş aktyorlar qoşulmazlar. Həqiqətən çətindir. Üstəlik kamera bir dənədir.

Kamera relslərin üstündə fırlandıqca müşahidə məkanım daralır. Mənsə rejissordan sakitcə müşahidə etməyə icazə verməsini istəmişəm. İnsafən, rejissor da adət olunan əsəbi “allah” obrazında deyil, üzündə pozitiv ifadə var-sanki indicə gülümsəyəcək, aktyorlara iradlarını da əsəbi və nümayişkaranə şəkildə bildirmir, sakitcə yaxınlaşıb pıçıltı ilə deyir.

Bu arada məclisdə gözümə Namiq Ağayevin dərviş obrazı sataşır. Gözlərimi bərəldirəm: “Belə “siyasi” məclisdə tərki-dünya dərvişin nə işi var?” Romanda bu yoxdur, yəqin onu rejissor əlavə edib, amma nə üçün? Bunu rejissordan soruşmağı elə bu anda da unuduram. Əvəzində fasilədə rejissora dəxilsiz suallar verirəm:

- Həm oynamaq, həm rejissorluq etmək nə kimi çətinliklər yaradır?

- On günə arıqlamışam, ovurdlarım batıb. Bir gözüm monitordadır. Daha nə olsun?

- Romandakı Aşura mərasimi- zəncir vurma yeri də filmdə olacaqmı?

- Əlbəttə olacaq.

- Bəs Naçararyanı kim oynayacaq?

- Nicat Kazımov.

- Natura çəkilişləriniz qalıbmı?

- Hə, Qubaya getməliyik…

“İnanıram ki, pafoslu olmayacaq”

Yəqin ki, Qubada Ninonu qaçırmış Naçararyanı cəzalandıracaqlar. Atların oynadığı səhnələr olacaq. Bəlkə də yox. Rejissorlar ssenaridəki ardıcıllığa riayət etmirlər çox vaxt. Ninonu Elvin Mirzəyevin həyat yoldaşı Nigar Həsənova oynayır. Elə tamaşada da belə idi: Əli - Elvin Mirzəyev, Nino – Nigar Həsənova. Bu gün Nino ilə bağlı səhnələri çəkilmir. Adelia onun oyununu tərifləyir. Kaş ki, dünən gələrdin deyir. Bugünkü səhnələrin tempi mənə ləng görünür. Bu filmin üslubundanmı irəli gəlir, yoxsa filmlərimizdə adət etdiyimiz “ciddi söhbətləri vakuumda təqdim etmək” ştampıdır? Niyə vakuumda? Çünki belə söhbətlərin bizə dəxli yoxdur…

Elvindən filmin janrını soruşuram.

- Drama olacaq. Amma mən əvvəldən “ritual faciə” kimi düşünürdüm... Maliyə azdı. On iki seriya kimi düşünürdük, amma 4 seriya etməli olduq…

Niyə ritual faciə? Əlbəttə əsərin məzmununa, ritminə və ən əsası təhkiyə üsuluna görə. Axı əsər boyu cümhuriyyətin yaranmasını gənc qəhrəman Əli ilə simvollaşdıran yazıçı Qurban Səid onun sonda öləcəyini bilirdi və elə bu rejissoru filmin janrını ritual kimi görməyə vadar edib. Amma yenə də rejissorun özündən soruşuram:

- Niyə ritual faciə?

- Əli etnosu qorumaq naminə özünü qurban verir. Mən burda bir rituallıq gördüm. Sonra düşündüm ki, dram janrında olsun sadəcə. Onsuz da filmin üslubu fərqli olacaq, özünüz görəcəksiniz.

Mənim üçün Əli müsbət qəhrəman deyil, onun “N” qədər səhvi var. Amma o, cümhuriyyətin, millətin, müstəqilliyin, ADR-in simvoludur. O vətənpərvərdir.

İllər əvvəl gördüyüm tamaşada erməni Naçararyanın təhdid olunduğu, urapatriotik çağırışlarla dolu səhnə gözümü necə qorxudubsa o saat qeyd edirəm:

- İnanıram ki pafoslu olmayacaq.

- Bizdə vətən anlayışı o qədər yadlaşıb ki, onu şüar kimi pafosla qavrayırıq. Var gücümlə çalışacam ki, bu iş daha yaxşı alınsın. Əli canı ilə, qanı ilə bu torpağa bağlıdır. Mənim filmim romandan fərqli olaraq gündəliyin Ninoya verilməsi ilə yox, Ninonun gündəliyi Əlinin evinə gətirməsi ilə bitəcək. Əlinin yazdıqları onun evinə qayıdacaq. O bizimdir, bizə aiddir, bizə də qayıdacaq. Mən diqqəti Əlixana çəkmək istəyirəm. Ninonun yerinə başqa bir qız da ola bilərdi. Hətta filmin adını da “Əlixan” qoymaq fikrindəyəm.

Elə bu an dərvişi xatırlayıram:

- O tərki dünya dərvişin o cür vacib məclisdə işi nədir?

- Diqqət etdinizsə, onun mizanları elədir ki, sanki kimsə onu görmür, o Əlixanın kölgəsi, ruhu, əksidir. O, mistik personajdır.

Konseptual baxımdan maraqlıdır.

“Cənablar, gəlin kino çəkək!”

Bunları düşünə-düşünə “xlopuşka”nı təmizləyən assistent Könüllə söhbətləşirəm. Könül teatrşünaslığı bitirib. Amma bunu təəssüflə yazmıram. Onu özümdən daha şanslı sayıram. Prosesin içindədir-texniki tərəfləri öyrənmək olar. Hətta bunları öyrənəndən sonra öz filmini də çəkmək olar.

Fikirdən ayılıb səhnəyə diqqət kəsilirəm. İstidən, gözləməkdən, öz obrazında oturmaqdan yorulmuş aktyor Firdovsi Nayibov ən yeni kino tariximiz üçün əhəmiyyətli olan bir təklif səsləndirir: “Rebyata, davayte snimat kino”.

Belə cümlələri mütləq azərbaycancaya çevirmək lazımdır: “Cənablar, gəlin, kino çəkək!...” Həqiqətən də dəyərli təklifdir!

# 2867 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #