Azərbaycanda intim səhnələr necə çəkilir? ARAŞDIRMA

Azərbaycanda intim səhnələr necə çəkilir? ARAŞDIRMA
20 iyun 2013
# 12:07

“Bu kinoda ki öpüşüllər, onlar doğrudan doğruya öpüşüllər, ya yalanmışdannan?”

Bu sualı Nəsibə xanım obrazının dilindən Musaya yox, elə aktrisanın özünə versəydi təxmin edin necə cavablar alınacaqdı? Filmlərdə intim səhnələri oynamaq aktyorlar, aktrisalar üçün nə qədər çətindir? Həm də cəmiyyətin yüklədiyi komplekslərdən savayı insanın öz bədəninə necə yanaşması məsələsi də var. Bədən çox zaman şəxsi, intim ərazi anlamına gəlib. Bədən canlıdır, o vasitə ola bilər, amma onun həm də metafizik qatı var. Bəs aktyorlar bu məsləyə necə yanaşırlar?

Yaradıcılıq insandan öz bədəninə fərqli baxış tələb edir. Bu daha fəlsəfi, daha dramatik, daha estetik ola bilər. Razılaşın, asan məsələ deyil. Bu baxışı görə bilməyən adamlarla əhatələnmisinizsə, vəziyyət çətindir. Azərbaycan kinosu və teatrında belə səhnələrin çəkilişi və ya tamaşası zamanı hansı problemlər yaşanır? Axı bir çox məmləkətlərdə olduğu kimi bizdə də namus, qeyrət anlayışı bədən, özəlliklə qadın bədəni ilə məhdudlanır. Aktyor sənətinə birmənalı olmayan münasibət də çox güman ki, bununla bağlıdır. Üstəlik sadə tamaşaçıda aktyoru oynadığı obrazla eyniləşdirmək vərdişi var. Mənfi qəhrəmanı uğurla oynayan aktyoru həyatda və ya müsahibədə mülayim görəndə təəccüblənirlər: “Həyatda yaxşı adammış...”

Bəlkə də məhz bu məsələlər aktyorlarda kompleks yaradır.

Məsələn, qeyri-rəsmi söhbətlərdən birində rejissor Cənnət Səlimova bir aktrisanın nişanlısının razılıq vermədiyini səbəb göstərib fahişə rolundan imtina etməsini söyləmişdi. Bir peşəkar aktrisanın belə münasibəti nə qədər doğrudur? Ümumiyyətlə buna rejissorun münasibəti necədir? Cənnət xanım buna daha anlayışlı yanaşdığını söyləyir: “Əgər aktrisa və ya aktyor üçün bu problemdirsə ona təzyiq etməyin, gileylənməyin mənası yoxdur. İnsanın səadətinə heç bir məqsəd mane olmamalıdır. Hər ölkənin öz qayda-qanunu, mentaliteti var. Ona hörmətlə yanaşmalıyıq”.

İllər əvvəl Yuğ Teatrında Vaqif İbrahimoğlunun hazırladığı “Canımda can” tamaşasında aktrisa Zümrüd Bəxtiyarın şəffaf örtüyün arxasında soyunması birmənalı qarşılanmamışdı. Bir tərəf tamaşanı şedevr rəfinə qoymuş, digər tərəf isə qəbuledilməz sayıb, pislənmişdi. Belə görməmiş münasibət üzündən tamaşa haqqında yazılanlar diqqətdən kənarda qalmış, müzakirələr başqa istiqamətə getmişdi. Zümrüd teatr səhnəsində tamaşaçı qarşısında soyunan ilk aktrisa idi.

Qadın bədənini mülkiyyət, mal hesab edən yazılmamış dini-patriarxal qanunların dağılma mexanizmi çox sadədir: sadəcə fərqli rakursdan yanaşma. Bu səhnə və ya kino materialının məzmunundan irəli gələn bir yanaşmadı-estetik, fəlsəfi, dramatik, poetik və s.

Kino tariximizdə də, teatrda da bu barədə baryerləri dağıdanlar var-məsələn, Münəvvər Əliyevanın “Qatil” tamaşasında aktyor Hikmət Rəhimovla oynadığı intim səhnələr bu baryerin nə qədər mənasız olduğunu göstərə bildi. Daha doğrusu bu səhnələr tamaşanın dramatik yükü ilə kompensasiya olundu. Zarafatla desək, tamaşa bəlkə də aktrisanın qəhrəmanının ikinci hissədə döyülməsi, ilk hissədəki intim səhnələrin bədəlini ödəməsi ilə qəbul olundu. Çılğın, mentalitet qoruyucusu olan tamaşaçılar bununla sakitləşdi. Bəs aktrisanın özü üçün bu kompleks idimi? O buna necə yanaşır?

Müsahibələrinin birində Rövşən İsaxın “Aktrisa” filminə çəkilməkdən imtina etdiyini deyən Münəvvər xanım bu baryeri keçdiyini söyləyir: “Biz yalançı oyunçuluqla məşğul deyilik. Biz səhnədə yaşananları öz içimizdən keçiririk. Məncə peşəkar aktrisanın belə kompleksi olmamalıdır. Əlbəttə əvvəldə məni qorxudan şeylər var idi, amma bunlar onun qəbul olunub-olunmamağından keçirdiyim narahatlıq idi.

Bilirəm ki, heç nə yüz faizlik qəbul olunmur, qəbul etməyən tamaşaçı da var. Amma mən keçmişlə müqayisə etməyi düzgün saymıram. Bizim mif hesab etdiyimiz tamaşaları indi göstərsələr ona heç kim baxmaz. Mütəxəssislərin qiymətləndirməsi vacib idi və bu tamaşa haqda Aydın Talıbzadə kimi teatr bilicisindən yüksək fikirlər eşitdim. Bir də bədənim imkan verməsəydi bunu etməzdim. Bu tamaşadan sonra başqa teatrlarda da belə elementlər gördüm. Kimsə birinci olmalı idi”.

“Ev”, “Tabutçunun yelləncəyi” filmində obrazlarının intim və çılpaq epizodlarını canlandıran aktyor Rasim Cəfər bunun bir peşəkarlıq məsələsi olduğunu deyir: “Əslində peşəkarlıqdan söhbət gedirsə intim, çılpaq səhnələr normal bir şeydir. Xüsusilə kinoda... Ona görə də buna yanaşmamız da peşəkarcasına olmalıdır. Filmdə soyunmaq, intim səhnələri canlandırmaq-təbii ki əgər bunlar vacibdirsə, filmdə hər hansı bir missiyanı yerinə yetirirsə), abır-həyadan əl üzmək, tərbiyəsizlik deyil. Aktyorun bədənlə bağlı bir kompleksi ola bilər, görünüşü ilə bağlı, amma o, bədənində qüsur sayılanı etalona çevirməyi bacarmalıdır...”

“Xarici kinolar”...

Yazının əvvəlində Nəsibə Zeynalovanın qəhrəmanının verdiyi suala əsəbi var-gəldən sonra bir cavab gəlir- “dediyin xarici kinolarda olur, bizim kinolarda, elə-belə, yalandan”. “Xarici kino” üçün də intim səhnələrin çəkilişi ilə bağlı eyni baryerlər ola bilər. Və o zaman tamaşaçının “onlar bunu doğrudanmı edirlər?” Kimi sualı yaranır. Məşhur kinouzlduz Ancelina Coli buna məntiqli bir izah verir:

“Təsəvvür edin ki, çəkiliş meydanında onlarla adam ora bura qaçışır və onların gözü qarşısında bu səhnələr çəkilir. Burada məsələ o qədər texniki olur ki, bunun hansısa hisslər yaradacağı tamaşaçıya ötürülən hisslərin həqiqətən də yaşanması sadəcə gülməlidir”.

Hərçənd başqa nümunələr də var: aktyor Marlon Brandonun sözlərinə görə, Bertoluççinin “Parisdə sonuncu tanqo” filmində rejissor sevişmə səhnələrinin həqiqətən baş verməsini istəyib. Və Marlon Brando və Mariya Şnayderin iştirak etdiyi həmin səhnələrin çəkilişindən sonra ikinci təhqirdən və ağrıdan ağlayıb. Marlon Brando isə filmdən sonra 20 il Bertoluççi ilə küsülü qalıb.

İntim səhnələri “könülsüz” çəkənlər də var: məsələn ispan rejissor Pedro Almadovar bu səhnələrin çəkilişini vacib hesab etmir:

“Məncə o əhvalatı ləngidir. Bunun üstündən tez keçmək lazımdır.

Dünyada intim səhnələrə çəkilmək istəməyən və ya buna bədəni imkan verməyən aktrisaların yerinə dublyorlar çəkmək təcrübəsi də var. Və ya məxsusi olaraq filmdən ötəri intim bölgələr və təmas yerləri üçün xüsusi örtüklər də hazırlanır. Hər şeyə kapitalist dünyagörüşü ilə yanaşan Hollivud kino sənayesi tamaşaçının tələblərini –arzularını mütləq nəzərə alır. Yetər ki, bu filmlər satılsın...

# 4822 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #