Avropa inəyinə görə kəndlə düşmən olan azərbaycanlı

Avropa inəyinə görə kəndlə düşmən olan azərbaycanlı
22 avqust 2019
# 09:00

Kulis. az “Yeni filmlərimiz” layihəsində İmam Həsənovun “Müqəddəs inək” və “Ümid” sənədli filmlərini təqdim edir.

“Müqəddəs inək” filminin süjeti: Lahıcda yaşayan Tapdıq fermerdir, üç uşaq atasıdır. Onun arzusu Avropa cins inəyi almaqdır. Çünki bu inək daha çox süd verməklə ailəsinin maddi durumunu yaxşılaşdıra bilər. Ancaq Tapdıqın arvadı, kəndin camaatı onun inəyi almaq istəyinə qarşıdır. Arqumentləri də bundan ibarətdir ki, başqa cinsdən olan inək bu yerlərdə çoxalıb yerli inəkləri sıradan çıxaracaq, onun südündə hansısa yad maddələr zərərli ola bilər və o, kəndin iqliminə uyğunlaşa bilmədiyindən bu, artıq xərcdir. Kənd sakinlərinin və arvadının etirazlarına baxmayaraq, Tapdıq iki il yığıb topladığı pula nəhayət ki, istədiyi inəyi alır. Adını isə Madonna qoyur. Madonna tezliklə balalayır, süd verir və onun gəlişiylə də ailəyə xeyir-bərəkət gətirir...

İmam Həsənovun 2015-ci ildə premyerası baş tutan “Müqəddəs inək” sənədli filmi müasir cəmiyyətimizin mövcud durumuna sosial alleqoriya kimi də qəbul etmək olar. Rejissor bir kəndlinin inək alış-verişi məsələsindən yola çıxaraq çox mətləbləri təsvirə gətirir və hekayə vasitəsilə ölkənin mövcud yaşam modelini göstərir. Əsas konflikt yeni düşüncə ilə köhnə düşüncə, dəyişmək istəməyən, sosial-iqtisadi, mədəni-mənəvi anlamda ətalətdə olan sakinlərlə fərd arasındadır. Əhvalat boyu gün-güzərandan gileylənən, amma hər söhbətlərinin sonunda hər şeyin yaxşı olduğunu deyən, Tapdıqın ideyasını qəbul etməyən mühafizəkar ağsaqallarla bağlı epizodlar yer alır. Bu epizodlar yeniliyə can atan Tapdıqın mübarizəsi ilə ziddiyyətədir. Ağsaqalların uzun-uzadı yorucu danışıqları ətaləti simvolizə edir. Tapdıq hər yerdə təkdir və onun təkliyinə vurğular olunur: evdə, çayxanada, sakinlərlə ünsiyyətdə olanda. Rejissor yeniliyi qəbul etməyən mental düşüncəyə tənqidi baxış edir. Bu mental dünyagörüşü hermetikdir, qapalıdır və hansısa islahatlara hazır deyil. Tapdıq inəyin şəklini evindən asır. Onun üçün inək hərəkətdir, yeni həyatın başlanğıcı və köhnəliyə etirazdır.

Müxtəlif portret planlar, gözəl təbiət təsvirləri ilə əhvalat vizual mənada dolğunlaşdırılır. Tövlədə inəyin doğuş prosesi, evdə inəyə görə ər-arvadın mübahisəsi eksteryerdən çəkilib və tamaşaçı ancaq səsləri eşidir. Və belə bir fənd hekayənin təsir effektini gücləndirir.

Filmi müəllif yalnız Tapdıqın inəyi alma uğrunda mübarizəsinə həsr etməyib. Eyni zamanda qəhrəmanın həyatından digər məqamlarını da ekrana gətirir. Tapdıq məsciddə namaz qalır. Onun inanclı olmağı, təbiətcə mülayimliyi, liberallığı – düşüncədə kök salmış dindar yeniliyə açıq deyil stereotipini inkar edir. Tapdıq həm də ev tikir, onun dar komasından qurtulmaq üçün geniş, işıqlı ev tikməsi - inəyi alıb bəsləmək prosesi ilə paralelləşir. Yəni Tapdıq hər yerdə qaranlıqdan işıqlığa çıxmaq üçün qurucu, yaradıcı, fəaliyyətdə olan qəhrəman kimi ümumiləşir. Kollektiv düşüncə ilə mübarizədə o, qalib gəlir. Filmin operatoru Sərvər Cavadov, prodüserləri isə Andrea Popesku və Stefan Klusdur. “Müqəddəs İnək” Amsterdamda, Torontoda, Praqada və digər ölkələrdə keçirilən festivallarda iştirak edib.

Rejissorun digər film isə 2016-cı il istehsalı olan “Ümid” sənədli filmidir.

Süjet: Film yataqxanada yaşayan ağdamlı ailədən bəhs edir. Ailə başçıları qaçqın düşəndən sonra tanış olub evləniblər. Onlar yataqxanada çox pis şərtlərdə yaşayırlar. Ailənin qız övladları muğam dərsləri alır, onlara bu səs analarından keçib. Böyük qızın arzusu “O səs Türkiyə”də çıxış etməkdir.

“Ümid” filmində, diqqətimi xüsusən çəkən bir məqam oldu. Çətinliklərə, ağır şərtlərə baxmayaraq, ailənin, özəlliklə uşaqların pozitivliyi - dar, kiçik məkanda, mənəvi mənada böyük bir dünya qurması, qəlb genişliyi. Valideynlər əlindən gələni etməyə çalışır ki, uşaqlar təhsil alıb, mövcud şəraitdən qurtulsun. Çünki onların ümidi və dayağı yalnız özləridir.

Sosial dram janrında çəkilən film daha çox mətbəx dramaturgiyası estetikasına istinad edir. Dünya kinosunda “mətbəx dramı” və ya “mətbəx realizmi” anlayışı, ilk dəfə 1950-ci illər azad ingilis kinosuna münasibətdə işlənilib. Mətbəx dramı deyəndə məişətdəki detallı təsvirlər, masa ətrafında qurulan dialoq və vəziyyətlər nəzərdə tutulur. “Ümid” filmində məişətdəki təsvir, masa ətrafında dialoqlar vasitəsilə fərdlərin problemlərinə dərin nəzər salınır.

İlk epizodlardan birində ailənin tək oğul övladı bərbər işləyən atasından tapança istəyir. Atanın isə tapança almaq imkanı yoxdur. Rejissor İmam Həsənov növbəti çəkilişlərdə uşağa bir neçə cür tapança hədiyyə edib.

Qeyd edim ki, İmam Həsənov həm də ”DokuBaku” beynəlxalq sənədli film festivalının təsisçilərindən biridir.

# 3167 dəfə oxunub

Oxşar xəbərlər

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
# # #