Qadın rəssamımız: “Çılpaq rəsmlərimdəki özüməm”

Qadın rəssamımız: “Çılpaq rəsmlərimdəki özüməm”
5 fevral 2015
# 12:13

Rəssam emalatxanaları mənə cəmiyyətə alternativ, ondan qopmuş dünyanı xatırladır. Müsahibim Leyla Altunayın emalatxanasında özümü mənəvi cəhətdən çox rahat hiss edirəm. Yadıma gəlmir Leyla ilə söhbətə nədən başladıq. Amma diktofonda onun müsahibəsi belə başlayır...

- Sizə bir söz deyim. Bir ara mən interyer dizaynerliyi ilə məşğul idim. Arxitektorlar tam başqa bir səpgidə görürlər interyeri, rəssamlar tamam başqa. Onlar görünür, hansısa qaydaları gözləyirlər, amma rəssamlarda çılğın yanaşma olur - rəng seçimində, formada.

- Bütün peşəkarlar deyir ki, qaydaları həmişə pozmaq lazımdır.

- Mütləq. Hətta həyatın özündə belə. Çünki qayda ilə yaşayanda görürsən ki, olmur, alınmır. Yaradıcı adam necə qayda ilə yaşaya bilər? Başqalarını bilmirəm, məndə fərqlidir.

- Fərhad Yalquzaqla ayrılsanız da hər ikiniz bir-biriniz haqda rahat, aqressiyasız danışırsız. Dost münasibətləriniz var. Adətən insanların şəxsi həyatından sual verməyi sevmirəm. Amma bizdə ayrılan cütlüklərdən fərqli olaraq sizin normal münasibətiniz diqqətimi çəkdi.

- Biz ailə olaraq ayrılmışıq. Fərhad gəlir, uşaqla görüşür. Burda onun işləri də var. Bax, o divardan asılan, sarı quşlar olan rəsm onun işidir. Fərhad çox yaxşı insandır. Sadəcə, birlikdə yaşamaq alınmadı. Ailə həyatına sadə bir şey kimi baxırıq. Amma onun içində o qədər xırdalıqlar var ki, görünür, hansısa məqamlarda onu keçə bilmədik. Xüsusən, yaradıcı insanlara çətindir. Mən tək işləyəndə daha rahat oluram. Necə deyə bilərəm ki, Fərhad, sən get, mən işləyim. Yəni elə xırda nüanslar var ki, onu sözlə ifadə eləmək mümkün deyil.

- Emalatxananıza nəzər salıram, hələ tamamlanmamış, arxasını çevirmiş qadın obrazı diqqətimi cəlb edir.

- Xocalıya aid sərgi olacaq. Rəsmi ora üçün çəkirəm. Burda ağrını, əzabı verməyə çalışıram. Əsir düşmüş, uşağını itirmiş ananı təsvir eləmişəm. Amma Xocalı mövzusunda mənəvi cəhətdən işləmək çətindir.

- Bəs bu? - əlimlə divardan asılmış qaşqabaqlı kloun rəsmini göstərirəm - kloundur?

- Yox, kloun deyil. “Taun doktoru” maskasıdır. Venesiyada hər il karnaval keçirilir maskalarla bağlı. Ona aid sərgi olmuşdu. Düşündüm, bir az fərqli yanaşım. Ona görə tarixi ilə maraqlandım. Həkimlər xəstəni müayinəyə gedəndə bu maskanı taxırmışlar. Burun niyə uzundur? Çünki özlərinin məhlulu olurmuş ki, yoluxmasınlar və burun yerində onu qoyurmuşlar. Hamı deyir ki, bu nə qaramat işdir. Elə də olmalıdır. Təbiidir.

- Sizin profilinizdə gördüyüm rəsmlərin çoxu yoxdur burda.

- Satmışam çoxunu...

- Bizim insanların tələbatı nəyədir?

- Elə də tələbat yoxdur. Çünki bu işlər mənzərə deyil, portret deyil, gəlib alsınlar. Bir neçə kolleksiyaçı var ki, onlar tək mənim yox, başqa rəssamların da işlərini alırlar. Doğrusu, sifarişlə də işləmirəm. Çünki müştəri ilə işləyəndə onun diktəsi ilə işləməlisən. Mən də müştəri istəyinə əyilmək istəmirəm. Çünki özüm olmuram. Yəni bayaq dediyimiz çərçivəyə doğru gedirəm. Düzdür, maddi cəhətdən çətin olur. Amma olsun. İstəmirəm, öz individuallığımı itirim. Hərdən tanışlar deyir ki, işlə də sifarişlə. Edə bilərəm. Xalturaya öyrəşən rəssam artıq o tərəfə gedəcək. Ümumiyyətlə, məhsuldar rəssam deyiləm. Məhsuldar işləyə bilmirəm. Gəldisə çəkəcəyəm. Məcbur edə bilmirəm özümü. Məcbur olanda rəsmi tez çəkib bitirməyə çalışırsan. Onda vaxtıma da, rənglərə də heyifim gəlir. Hətta məcburi işdə hansısa yaxşı məqamlar olur ki, onu da korlayırsan. Zay olur. Ona görə məcbur eləmirəm özümü.

- Naturadan çəkirsiz?

- Yeri gəlmişkən, çılpaq qadın rəsmlərindəki özüməm. Güzgüdə baxıram özümə, nə lazımdı onu tez eskiz eləyirəm. Sərgi üçün hazırladığım bu tablodakı qadını işləmək üçün isə fotoqraf dostum fotomu çəkdi. Özümə lazım olan pozada durdum. Sonra fotodan eskizini elədim. Yəni tamamilə köçürmürəm təbii ki. Dəyişikliklər olur. Bir də nəyi sevmirəm. İnternetdən fotolara baxıb işləyirlər, hazır fotodan işləməyi sevmirəm.

- Bizim cəmiyyətdə rəssam olmağın hansı çətinlikləri var?

- Hərdən adama pis təsir edir. Bəzən düşünürsən ki, bəlkə bura bizim yerimiz deyil, publikaya görə. Anlaşılmazlıq yaşayırsan. Bəlkə başqa yerdə də yaşasaydıq, eyni münasibət olardı, bilmirəm. Kimsə əsərində nəyisə anlayanda sevinirsən. Bir nəfər də olsa. Düzdür, mən kimin üçünsə işləmirəm. İçimdən gəlir. Yeri gəlmişkən, bura əvvəl Kamal Əhmədin emalatxanası olub. Onun çox işlərində çıraq fakturası var, tutqun tonlarda. Mən də istifadə eləməyə başlamışam. Rəsm seriyam yaranıb... Bilmirəm necə oldu. Bəlkə də sırf psixoloji, şüuraltı bir şeydir. Bir işimi də Kamal Əhmədə həsr eləmişəm.

- Sosial adamsız?

- Ünsiyyətciləm. Amma işləyəndə bir müddət emalatxanadan çıxmıram. Girirəm emalatxanaya, balaca dünyamı yaradıram. Amma bəzən yoruluram. İşdən də yorulur adam.

- Balansı itirirsən sənətlə gerçəklik arasında.

- Aha. Elə olur ki, o qədər yoruluram, tablonu üzünü çevirirəm divara. Bir ay, iki ay olur ki, işləmirəm. Alınmırsa alınmır.

- Konkret mövzular var ki, sizi narahat edir və onları işləmək istəyirsiz?

- Mövzu seçmirəm. Sərgilər olanda müəyyən öhdəliklər olur . Amma Xocalı sərgisində iştirak içimdən gəldi. Təsir eləməlidir nəsə. Bir seriya da var ağlımda. Azərbaycanın qədim zinət əşyalarını işləmək. Onların maraqlı forması məni cəlb edir. Eskizlər eləmişəm. Öz yozumumda, dəyişikliklərlə çəkəcəm təbii.

Qarışıq rəngləri olan bir tablo diqqətimi çəkir.

- Siz işləmisiz?

- Aha. Dini motivdir. Dinlərin toqquşması da demək olar. Adətən dini temalara toxunmuram. Maraqlı deyil. Burda qırmızı rəng din ucbatından törənən münaqişələri ifadə edir. İnancın olsa da, olmasa da insansan. İnsanlıq önəmlidir. Bunu demək istəmişəm. Bunu isə Altunay çəkib. Velosipeddir.

- Tutqun rənglər çoxdur tablolarınızda.

- Əslində elə adam deyiləm. Özümə də sual verirəm ki, niyə belə olur? Bəlkə də daxilimdəki qaranlıq tərəfi çıxarıram. Təbii ki, istəmərəm o enerji kiməsə getsin. Bu əsərin adı isə “Ayrılıq”dır. Fərhadla ayrılıq anında çəkmişəm. O, öz əşyalarını yığırdı. Qəribə gəldi.

- İnstallyasiya işləyirsiz?

- Var məndə. Amma tamamlanmayıb. Sərgi üçündür. İtirilmiş dəyərlər mövzusundadır.

- İnstallyasiya yaradıcı potensialı realizə etməyə imkan verir?

- Keçici bir şeydir. Dünyada ciddi sənət kimi qəbul olunur. Amma bilirsiz, məsələn, emalatxanada bir də görürsən ki, nəyisə nəyinsə yanına qoyursan, ya nəyinsə üstünə atırsan, artıq bu, installyasiyadır. İnstallyasiya bir növ yüngül variantdır. Mən belə hesab edirəm. Məsələn bu taxta qaşıqla dovğa bulayırlar. Mən, instalyasiya kimi istifadə eləyirəm.

- Emin Treysinin yataq installyasiyası 4 milyon dollardan baha satılıb.

- Ooo...

- Yəni Qərbdə bu bazar formalaşıb artıq.

- Ona görə deyirəm. Adamı incidir belə şeylər. Doğrudur, ruhdan düşmürsən, onsuz da işləyirsən. Amma biri var, bu sənə təkan versin. Treysinin bir əsəri də vardı, dekorasiyadan qurulmuş evdə işləyib. Pis ideya deyil. O ideyalardan çox gəlir. Amma onu harda eləyəsən. Bəlkə maddi tərəfə də bağlanır. Simpozium keçirilsə installyasiya olar. Amma installyasiya da qalıcı deyil. Heykəltəraşlıq kimi heykəltəraşlıq da deyil. Bəlkə də hansısa cərəyana keçiddir.

- Rəssamlarla yığışıb söhbət eləyirsiz?

- Əvvəllər olurdu. İndi sanki ölüdür hamısı. Bilmirəm nədəndir. Bəlkə ailə qurublar, məişət qayğıları basıb. Daha maraqlı müzakirələr olurdu əvvəllər.

- Yaşlı və gənc nəsil arasında toqquşma olur?

- O adamlarda olur ki, tam qəbul eləmir yeniliyi. Bəlli bir yola düşüb, ondan kənara çıxmır. Dayım Firdovsi Atayev də rəssamdır. O da, Eliyar Əlimirzəyev də daha açıqdılar yeniliyə. Dayım deyir ki, səndən nələrisə öyrənirəm. Dünyagörüşündən asılıdır. Dar düşüncəlilərlə toqquşma olur. Ən çox Rəssamlıq Akademiyasında olurdu. Nəsə eləmək istəyirdim qoymurdular ki, olmaz. Magistraturada diplom mövzum Azərbaycan qadınları idi. Ağa Mikayıl hamamına getdim. Naturadan çılpaq qadınları eskiz elədim. Dedilər ki, kolxozçu qadın olsun-filan. Mən də razılaşdım. Amma diplomda öz işimi çıxardım.

- Cəmiyyətlə rəssamların əlaqəsi niyə çox zəifdir?

- Bizdə daha çox Mikayıl Abdullayevi, Tahir Salahovu tanıyırlar. Müğənnilərdə prodüserlər var. Bizdə də təşkilatçı olmalıdır ki, tanıtsın. Təşkilatçılar demək olar ki, yoxdur. Sərgilər təşkil eləsin, layihələr həyata keçirsin. Sərgilərə getməyəndə adama nəsə çatmır.

Biennale, simpoziumlar olsun, ictimailəşdirsin. Hər il mayda “Qız qalası” qalereyasında tədbir keçirilir. Hər dəfə hansısa maketin üzərində işləyirlər. Xarici rəssamlar da olur. Açıq havada işləyirsən. İnsanlarla ünsiyyətdə olursan. Yoxsa sərgiyə elə rəssamlar, jurnalistlər gəlir. Publikada maraq azdır. Onlara realist rəsmlər maraqlıdır. Deyəndə ki, rəssamam, deyir portretimi işləyərsən?

- Əsərləriniz ildə nə qədər satılır?

- İldə üç-dördü alınsa böyük şeydir. Parisə, Nyu-Yorka satmışam. Deyə bilmərəm ki, işimi satıb tam dolanıram. Slavyan Universitetində rəssam işləyirəm. Tərtibat işlərinə baxıram.

- Qadın rəssamlar üçün ağır olan nədir?

- Mən sizə bir şey deyim. Kişi rəssamlar düşünür ki, rəssam ancaq kişi ola bilər. Qadınları həzm edə bilmirlər.

- Patriarxal münasibət var yəni?

- Elədir. Amma boyunlarına almırlar. Onlara pis təsir edir. Guya ki, müasirdirlər.

- Qadın temasında nəyi tabloya köçürmək istərdiz?

- Qadının yaşantılarını çəkmək. Bu, mənə maraqlıdır. Onun nə zamansa yaşadıqları bədənində, cizgilərində, özünü aparmasında, danışığında özünü göstərir. Ağlımda var portretlər eləmək. Yolda diqqətimi cəlb edən adam olur, cizgilərini yadda saxlayıram ki, evdə eskiz edim. Hətta belə də olur ki, adamı kartofa, tərəvəzə oxşadıram. Baxırsan ki, üzündə hər şey yerindədir, amma nəyə görəsə məndə kartofla assosiasiya olunur.

- Məişət qayğılarını və rəssamlığı bir araya necə gətirirsiz? Yığışdırmaq, biş-düş....

- Heç sevmirəm. Məcburam Altunaya görə. Əslində belə şəraitdə böyüyüb. Alışıb. Amma xoşlayır ev təmiz, səliqəli olsun, divarlarda rəng olmasın. Yeməyi ancaq ona görə bişirirəm. Mənə qalsa yüngülvarı yeyəcəm, vəssalam. Elə olur ki, heç yemirəm. Yeməyi məcbur bişirirəm. Təmizləməyi də ovqata görə edərəm, mənə qalsa. Amma Altunayın da, mənim də allergiyam var, ona görə toz olmaz. Ailədə də görə bilmirəm özümü. Yaradıcı baxımdan Fərhadla bir-birimizi başa düşürdük. Məişətdə, ailədə nəsə alınmadı. Əsas odur ki, dost kimi, həmkar kimi bir-birimizi itirməmişik.

- Geyim nə qədər önəmlidir sizin üçün?

- Paltarlarımın hamısında boya var (gülür). Geyimin fərqi yoxdur. Anam yaxınlıqda yaşayır. Harasa gedəndə deyir, baxım, nə geyimisən. Yalnız anama görə səliqəli geyinirəm. Dırnaqlarımda lak sevirəm, qəribə, müxtəlif rəngli o da vaxt olanda.

# 2142 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #