Atasını dəfn edən oğul onun cəzasını necə verdi?

Atasını dəfn edən oğul onun cəzasını necə verdi?
30 sentyabr 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Əli İsa Cabbarovun 2008-ci ildə çəkdiyi “Düyün” qısametrajlı filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı gənc kişi Əli (Pərviz Məmmədrzayev) ucqar kəndlərdən birinə atasının dəfninə tələsir. O, yolda arvadı Nərminə (Mehriban Zəki) ilə mübahisə edir, oğulları Emili (Müzəffər Məmmədrzayev) qorxaq böyütməkdə günahlandırır.

Yolda gördüyü bir ağac onu kədərli uşaqlıq xatirələrinə qaytarır.

On beş ildir ki, kəndə atasını görməyə getməyən Əli onun dəfninə çata bilir. Emosional sarsıntı keçirən qəhrəmanın sanki “ikinci nəfəsi” açılır.

Film klassik mövzunu ata və oğul münasibətlərini araşdırır. Avtomobildə uzaq yol gedən cütlük ilk baxışda xoşbəxt ailə təəssüratı yaradır. Ancaq qəhrəmanlar danışmağa başlayana kimi. Əli ilə atasının uzun illik konfliktinin ilk həlqəsi elə yolda avradıyla mübahisəsində açılır. O, arvadını oğlunu kişi kimi böyütməməkdə suçlayır. Bu, əslində daha çox Əlinin özüylə olan mübahisəsidir. Yəni illər boyu içində kök salmış uşaqlıq zədəsinin izindən qurtulmaq mücadiləsi.

Və bu konflikti həll edə bilmədiyindən də ailəsiylə ünsiyyətində ciddi çatlar əmələ gəlir.

Hər halda Əli özündə güc taparaq bunu etiraf edə bilir. Məlum olur ki, uşaqlıqda qoyun sürüsünü canavarlardan qorxduğuna görə qoruya bilməyib. Atası isə buna görə onu cəzalandırıb və səhərədək çöldə gecələməyə məcbur edib.

O, atasına olan küskünlüyünü aradan qaldırmadan evdən gedir və bir daha qayıtmır. Amma bu acı xatirə onu əzab verir, kabusuna çevrilir.

Özü də fərqində olmadan atasının səhvini təkrarlayır. Oğlunun qorxaqlığını gördükcə özünü xatırlayır, ona qəzəblənir, onunla normal ünsiyyət qurmağı bacarmır.

Filmin dramatik epizodu Əlinin Həsən dayının (Şahmar Qəribli) təkidiylə qazılmış qəbrə enib, atasının düyünlənmiş kəfənini düyünlərini açmasıydı. P.Məmmədrzayev obrazının durumunun emosional ardıcıllığını qura bilir. O, düyünlər açmağa qorxuyla, tələsik başlayır, növbəti düyünü aça bilməyəndə emosional partlayış baş verir və gücsüzləşir. Gücsüzlüyü qorxu hissini də dəf edir, yoxa çıxarır. Atasının cansız bədənini qucaqlayıb hönkürür, onu bağışlayır və katarsis keçirir.

Maraqlı epizodlardan biri modern qadın tipi olan Nərminənin kənd qadınlarının məclisindəki davranışıdır.

Müəllif bir epizodda iki müxtəlif mədəniyyətin toqquşmasını göstərir.

Əhvalat daha çox təsvirin diliylə nəql olunur.

Kəfən düyünü daha çox məcazi mənayla yüklənir. Kəfənin düyününü açmaqla ata-oğul bir-birinə sanki halallıq verir və atanın ruhu azadlığa qovuşur.

Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilib.

Ssenari 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin qalibi olub.

Bir neçə beynəlxalq festivalda iştirak edən film İsveç telekanalı tərəfindən alınıb. Kubada jürinin xüsusi mükafatına, Düşənbədə Qran-priyə layiq görülüb. Dərviş Prodüser mərkəzində istehsal olunan ssenari müəllifləri Asif Rüstəmov, Ramiz Fətəliyev, operatoru Adil Abbasovdur. Çəkilişlər Qubanın Yerfi kəndində aparılıb.

# 2806 dəfə oxunub

Oxşar xəbərlər

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

"Kamera sadəcə göz deyil, o, ruhun pəncərəsidir” – Bela Tarrın aforizmləri

18:40 21 iyul 2026
"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

17:00 21 iyul 2026
“Cənnətin iqamətgahı”  filminin treyleri hazırdır

“Cənnətin iqamətgahı” filminin treyleri hazırdır

15:30 21 iyul 2026
Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

14:40 21 iyul 2026
Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

13:30 21 iyul 2026
"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

18:40 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər