Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...

Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...
19 sentyabr 2019
# 09:00

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində Orxan Adıgözəlin “Maestro”, “Tənha çoban”, “Bir saniyə” filmlərini təqdim edir.

“Maestro” (2018) qısa sənədli filminin qəhrəmanı pianoçu Rüzgar Kərimovdur. O, bəstəkar Bəxtiyar Kərimovun oğludur. Bu həmin Bəxtiyar Kərimovdur ki, onun bəstələdiyi məşhur “Heydər babaya salam”, ”Anacan” mahnılarını Rübabə Muradova, “Sevəydin barı”nı Nərminə Məmmədova və digər tanınan müğənnilər ifa edib.

Rüzgar Kərimov peşəkar pianoçudur. Amma onun peşəkarlığı geniş auditoriyaya çıxmayıb, yalnız məhdud, restoran çərçivəsində qalıb. Lakin qəhrəmanın düşüncələrindən anlaşılır ki, onun üçün unudulmaq, tanınmaq kimi problem mövcud deyil. Çünki Rüzgar amansız reallıqda öz reallığını yarada bilib və özünün bəlirlədiyi, çizdiyi ruhsal bir dünyada yaşayır. O, öz gerçəkliyinin sərhədləri içində güclüdür, sənətinə olan sevgisi ilə məğlubedilməzdir. Bunlardan kənarda isə çox güman ki, məhvə məhkumdur.

Rejissor Orxan Adıgözəl qısa, beş dəqiqəlik filmində qəhrəmanının dolğun bioqrafiyasını, portretini canlandırır. Ekspozisiyada qəhrəman rejissora müraciət edərək, çiyninə tökülən saçlarını yığsın yoxsa yığmasın sualını ünvanlayır. Filmin çəkiliş öncəsi hazırlıqla başlaması ilə müəllif, qəhrəmanı və tamaşaçı arasında ekran məsafəsini, azaldaraq onları yaxınlaşdırır.

Orxan personajını anlatmaq üçün daha çox yaxın planlarla işləyir. O, personajın üzünə, gözlərinə, piano ifa edərkən yaşadığı hissləri, coşqunu daha açıq göstərmək üçün ağ-qara dillərdə uçuşan barmaqlarına, üzündə puçurlanan tərinə iri planlarla vurğular edir. Sanki qəhrəman kamera yox, zərrəbinlə müşayiət olunur və onun duyğularını, iç dünyasını şəffaflaşdıran belə bir rakurs, yanaşma filmin vizual keyfiyyətini, məzmunca dolğunluğunu artırır.

Final səhnəsində isə sanki onu ölgün gerçəkliyə qaytaran sual verilir: “Bəs arzuladığınız həyatı yaşayırsızmı?” Film onun bu sualdan diksinən vücudunda donub qalan qeyri-müəyyən ifadə ilə bitir...

”Tənha çoban” (2017) filminin xronometrajı altı dəqiqədir. Ümumiyyətlə, hər iki film Orxanın beş dəqiqədə bir insanın bioqrafiyasını çəkmək bacarığını ortaya qoyur. Daha önəmlisi, rejissorun sadə, monoton həyat yaşayan kiçik insan haqda kino dili ilə fikir söyləyə bilməsidir.

Film kənd idilliyasında yaşayan və həyat tərzini dəyişməyən insanın təkliyi haqdadır. Qəhrəmanın yaşadığı Goranboy rayonunun Qarğucaq kəndi əsasən urbanik həyata meyllənib, insanlar daha komfortlu həyat axtarışındadır, özlərinə qapanıblar, çobanlıqdan uzaqlaşıblar. Bu həm də qəhrəmanın həyatında ünsiyyət qırıqılığına, bir növ izolyasiyasına səbəb olub. Sonsuz düzənliklər fonunda qəhrəmanın təsviri onun təkliyinin vizual ifadəsidir.

Digər filmində olduğu kimi müəllif burda da qəhrəmanın xarakterini, mənəvi ruhi yaşantısını detal planlarla çatdırır: siqaret çəkən əlini, köhnə, sınıq mobil telefonunu, siqaret qutusunu, ağacdan asılmış torbasını, kameraya baxan kədərli, məyus baxışlarını göstərir. “Ümumiyyətlə, nəinki qəhrəmanların, həm də əşyaların yaxın planlarına daha çox üstünlük verirəm. Sanki belə olanda həmin əşyalar da obrazlaşır, filmə məna qatır. Hətta deyərdim ki, əşyaların yaxın planı üçün düzgün rakursu tapmaq daha çox vaxtımı alır, nəinki insanların”. (Orxan Adıgözəl)

Film sürüsünü evə qaytaran çobana uzaqdan baxışla bitir və mərkəzi yolda şütüyən maşınlar görünür. Yeri gəlmişkən, “Tənha çoban” 2017-ci ildə Azərbaycan gəncləri film festivalında ən yaxşı sənədli film nominasiyasında qalib olub.

“Bir saniyə” ( 2017) bədii qısametrajlı filmini isə özünü tapa bilməyən, böhran yaşayan gəncin düşüncə essesi də adlandırmaq olar. İlk kadrlardakı romantik şam yeməyi mahiyyətcə romantikadan uzaqdır. Qəhrəman-gənc kişi görüşün içində yox, hardasa uzaqlardadır və öz problemləri ilə məşğuldur.

“Cinayət və cəza” kitabını oxuması personaj haqda informasiya verir. O, dəf edə bilmədiyi günah hissi daşıyır, olub keçənlərdə özünü suçlayır və bundan qurtula bilmir. Bir tərəfdən qatarda intihar edəcəyini düşünür, bir tərəfdən uzaqlarda xoşbəxtlik axtarışındadır. İçindəki ziddiyyətlərlə çarpışaraq, o, sonda özünüdərkə gəlib çıxır və anlayır ki, içindəki problemi həll etməsə, xoşbəxt olması faydasızdı.

Personajın iç vəziyyətinin, düşüncəsinin vizuallaşdırılması, gerçəkliklə qeyri reallığın qarışması əhvalatda mücərrədlik, dolaşıqlıq yaradır. Kadrarxası mətndəki pessimizm, ümumən əhvalatdakı ölçüsünü itirmiş duyğusallıq isə filmin əhəmiyyətini azaldır.

# 3089 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #