Əhmədağanın Don Kixotlaşması – Sevda yazır...

Əhmədağanın Don Kixotlaşması – Sevda yazır...
2 iyul 2019
# 10:42

Migel de Servantes Saavedranın “Don Kixot” romanı teatr və kino üçün universal materialdır. Əsər rejissora çoxaqatlı rakurs, müxtəlif bədii-estetik keyfiyyətlərdə və janrlarda işləmək imkanı verir. Misalçün, alman rejissoru Georq Vilhelm Pabst 1933-cü ildə çəkdiyi “Don Kixot”u siyasi məcraya yönəldir, əhvalatı həmin dövrdə hakimiyyətə gəlmiş nasistlərə bir növ etiraz ruhunda işləyir, vacib mövzunu minimalist ifadə vasitələri ilə həll edir.

Böyük Britaniyalı rejissor Terri Gilliam 2018-ci ildə ekranlara çıxan “Don Kixot”unda əhvalatı müasirləşdirir, mətnin yeni oxunuşuna yol açır, onu əsasən sənətlə kütləviliyin qarşıdurması üzərində qurur. Nəqlində çeşidli estetika və janrlarda sərbəst gəzişən müəllif, Don Kixotun cəngavərlik dünyası ilə çağdaş dünyanın problemlərini-Trampın siyasətini, islam terrorçularını bir araya gətirərək dramaturji labirintdə tamaşaçını azdırır. Məkanları isə reklam anturajına xas tərtibatda, parlaq dekorasiyalarla işləyir.

Bir müddət əvvəl Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında premyerası baş tutan “Bizim Don Kixot” tamaşası da maraqlı traktovkada hazırlanıb.

Mərhum dramaturq, Kukla Teatrında baş rejissor işləmiş Rəhman Əlizadə “Don Kixot Abşeronski” əsərini 1980-ci illərin sonunda, Sovetlər Birliyinin dağılması ərəfəsində yazıb. Servantesin əsərini dekonstruksiya edən müəllif, həmin illərdə mövcud siyasi sisyemin, ictimai-iqtisadi formasiyanın dəyişməsinə, dəyərlərin yenidən dəyərləndirilməsinə Don Kixot obrazı vasitəsiylə baxış edir.

Əsər xalq artisti İlham Namiq Kamalın 70 illiyi münasibətilə hazırlanıb. İlham Namiq Kamalın və kuklaların iştirakıyla hazırlanan tamaşanın rejissoru Qurban Məsimovdur. Bir aktyorun və kuklaların iştirakıyla tamaşa qurulması Kukla Teatrında ilk təcrübə deyil. Örnəyi, 2010-cu ildə Kukla Teatrının səhnəsində xalq artisi Yaşar Nurinin iştirakıyla “O, olmasın bu olsun” tamaşası bu üslubda hazırlanmışdı.

Adından göründüyü kimi “Bizim Don Kixot” tamaşasında əhvalat Azərbaycan coğrafiyasında gətirilir. Əsərin qəhrəmanının adı da koloritlidir: Əhmədağa.

Yuxarıda dediyim kimi Rəhman Əlizadə hadisələri dövrün tələbinə uyğun olaraq daha çox siyasi qatda işləmişdi və onun qəhrəmanı pessimizmə qapılaraq sonda intihar edir.

Qurban Məsimov isə əsəri siyasi məqamlardan arındırır, sərhədlərini genişləndirərək mövzunu insan faktoruna yönəldir, onu fərdin mənəvi çətinliyi, bəşəri dəyərlər kontekstində işləyir, qoyulan problemlər bir coğrafi ərazini aşaraq universallaşır və müəllif əsəri bədbin nortlarda bitirmir.

Orta statistik azərbaycanlı Əhmədağanın Don Kixota çevirilmə, Don Kixot kimi var olmaq istəyi hər şeydən əvvəl özünü cəmiyyətdə təsdiq etmək ehtiyacından qaynaqlanır. Və özünəinamı olmadığından, o, Əhmədağa kimliyi ilə toplumda qəbul oluna bilməyəcəyi qənaətindədir. Bu mənada Don Kixot obrazı ondan ötrü cəmiyyətlə ünsiyyət, sözünü demək vasitəsidir. Və Don Kixotluq Əhmədağanın təsəvvüründə eyni zamanda bir mübarizə formasıdır. Əhmədağa günümüzün aktual məsələlərinə diqqət çəkir, insanların biganəliyinə, qüsurlarına, Don Kixotlaşaraq etiraz edir, öz həqiqətlərini onun diliylə deyir.

İlham Namiq Kamalın yozumundakı Don Kixot azaddır, o öz həqiqətlərini satirik-tragik intonasiyada səsləndirir. Aktyor tamaşanı entuziazmla oynayır, səhnədə kuklaların hər biri ilə tərəf müqabilliyi, xüsusən rəqslərdə, peşəkarlıqla qurur, qəhrəmanının emosional-psixoloji vəziyyətini seyrçiyə çatdıra bilir.

Rejissor Qurban Məsimov və rəssam İqbal Əliyevin yaradıcı əməkdaşlığı sayəsində tamaşanın vizual nəqli alınıb. Başqa cür desək, əhvalatın atmosferinə uyğun nağılvarı səhnə tərtibatı, dekorasiyalar, kukla-aktyor mizanı, rəng həlli, səhnələrarası keçidlər Don Kixotun illüzioner dünyasını maddi gerçəkliyə çevirir.

Don Kixotun dilindən səslənən mahnılar (sözləri Rəhman Əlizadə, musiqisi Vüqar Camalzadə) tamaşanı dinamikləşdirir, dramaturji materialın tərkib elementi kimi çıxış edir.

Səhnəni İlham Namiq Kamal ilə Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov bölüşüb.

# 3981 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #