“Möhtəşəm Qetsbi”: Yalnız qadınlar baxsın

“Möhtəşəm Qetsbi”: Yalnız qadınlar baxsın
1 iyun 2013
# 07:00

Bu ilin kino brendi şübhəsiz ki, 105 milyon dollara başa gəlmiş “Möhtəşəm Qetsbi” filmi oldu. İndiyə kimi F.S. Fitsceraldın məşhur romanı 5 dəfə ekranlaşdırlıb.

Sonuncu da daxil olmaqla romanın üç ekran versiyasını izlədim: 1974- cü ildə Cek Kleytonun, 2000 - ci ildə Robert Markovitzin və sonucu, Baz Lurmanın təklif etdiyi kinoversiya.

Hər üç versiyadan gəldiyim ümumi nəticə bu oldu: Onların heç biri ciddi sənət əsəri deyil. Romanı oxumayanlarda filmlərin belə təəssürat oyatmaq təhlükəsi də var: “Möhtəşəm Qetsbi” daha çox qadın tamaşaçılara hesablanmış belletristikadır. Hətta filmlərin süjeti məşhur “Zoluşka” nağılının motivlərinin müəyyən korrektələrə məruz qalması kimi də görünə bilər.

Robert Redfordun və Mia Ferrounun baş rol aldığı 1974 –cü il versiyası retrospektivdir. C.Kleyton təhkiyəni emosional, hissiyyatlı və sentimental işləyib. Qadın obrazlar daha çox xolerik temperamentdə təsvir olunub.

R.Markovitz filmdə fleşbeklərdən, assosiativ əlaqədən istifadə edir. Kleytonun versiyasından fərqli olaraq əhvalat da, obrazlar da soyuq rənglərlə təsvir edilir. Ümumi atmosferdə isə yenə lirizm dominantdır.

Baz Lurman isə “Möhtəşəm Qetsbi”ni balaqana çevirib, əhvalatı tamamilə reklam anturajı ilə yükləyib. Yalnız ilk dəqiqələrdə rejissorun niyyəti, konkret hansı motivə vurğu etmək istəyi hiss olunur. Qlamur interyeri, nəhəng, təmtəraqlı dekorasiyaları, itici dizaynı, parlaq, xüsusi effektləri, kostyumları, karnaval və klip estetikası ilə rejissor 20-ci illərin Nyu-York mühitinin, Fitsceraldın “caz əsri”nin (“caz əsri”- Birinci Dünya Müharibəsi bitəndən sonra ölkədə iqtisadi bumun yaşanmasını, əyləncələrin bürüməsini, seksi, rəqsi, musiqini və bu aldadıcı görüntü altındakı insanın daxili boşluğunu, qeyri-müəyyənliyi, narahatlığı ifadə edir) anatomik və psixoloji quruluşu haqda tam, əhatəli təsəvvür yaratmağa hədəflənib.

Baz eyni zamanda çağdaş dünyanın istehlakçı acgözlüyünə də eyham vurur.

Romanın son ekran versiyasında rejissor müxtəlif növ musiqiləri bir-birinə qarışdırır, dramın, fantastikanın, horrorun, faciənin, melodramın, müziklin elementlərindən istifadə edərək janrların eklektikasını yaradır.

Hərçənd, təsvirlər ümumən nuar filmərinin pessimist, skeptik atmosferini xatırladır.

Filmdəki balaqan, çal- çağır, parıltı, qlamurun davamlılığı lazımsız həddə kimi qroteskləşdirilir, adamı yorur, 3D formatının effektləri, məkana yaxın olmaq illüziyası, avtomobillərin hərəkətinə, aktyor oyununun teatrallığınadək hər şey zibil fantastik filmlərdəki kimi anlamsız şərtiliyə, cansızlığa yuvarlanır.

Film sənət anlamından kənara çıxaraq qeyri-ciddi nəsnəyə, şouya çevrilir. Daha dəqiq desək, Lurman kino sənəti yox, film-şou yaradır.

Nəticədə romanın ideyasından, sosial - əxlaqi məsələlərindən yayınan, parıltılı vizuallığa hesablanan meynstrim ortaya çıxıb.

Digər iki versiyada olduğu kimi burda da obrazlar açılmır, müəllif əsərin məğzinə illüstrativ baxış edir.

Yeri gəlmişkən, Lurmanda filmi çəkmək ideyası Rusiyaya səfəri zamanı peyda olub: “Audiokitabı dinləyərkən birdən-birə milyonlar qazanan və indi naz-nemət içində yaşayan rus zənginlərini düşündüm”.

# 4086 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #