Qohumlar o adamın ölməyini gözləyir...

Qohumlar o adamın ölməyini gözləyir...
10 avqust 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Aleks Van Varmerdamın “Emma Blankın son günləri” və Fernando Meyrellişin “Tanrı şəhəri” filmlərini təqdim edir.

Holland rejissoru Aleks van Varmerdamın “Emma Blankın son günləri” 2009-cu ildə Venesiya festivalında mükafata layiq görülüb.

Süjet: Şəhərdən kənarda böyük bir mülkdə Emma Blank (Marlis Heyer) adlı orta yaşlı qadın öz qulluqçuları ilə yaşayır. Emma ağır xəstədir, onun ölümünə sayılı günlər qalıb. Qulluqçuları Emmaya həssaslıqla yanaşır, onun hər arzusunu yerinə yetirirlır. Əhvalatın gedişatında absurd vəziyyətlər meydana çıxır. Məlum olur ki, qadının evindəki qulluqçular onun doğma adamlarıdır. Təsərrüfat işlərinə nəzarət edən Haneveld (Gene Bervuts) Emmanın əri, aşbaz bacısı (Annet Malerb), evi təmizləyən qızı (Eva van de Viydeven), çöl işlərinə baxan bacısı oğludur (Giys Neybr). Qardaşı Teo (Aleks van Varmerdam) isə “itdir”. Bu rol bölgüsünü Emma təyin edib. Qohumları isə qadına ona görə dözür ki, Emma öləndən sonra onların hərəsinə varidatının bir hissəsini vəd edib. Beləcə, qohumlar səbirsizliklə Emmanın ölməyini gözləyir...

Varmerdam digər filmlərində olduğu kimi “Emma Blankın son günləri”ndə də əhvalatı farsa çevirir, qara yumorla yükləyir, mübaliğəyə yol verir. Sanki burda da əhvalatın baş verdiyi məkan dünyadan təcrid olunub, personajlar isə normal insan olmaqdan çıxıblar. İt rolunu oynayan Teo divanda altını batırır, çünki özünü doğrudan da it kimi hiss edir. Emma ərinə bığ taxmağı tələb edir. Sonluğa yaxın doğmaları biləndə ki, Emmanın varidatı yoxdur, onlar qadına baxmaqdan imtina edirlər. Teo huşu itirmiş bacısının paltarını döşəməyə mıxlayır. Bacısı onun susuzluğunu yatırtmaq üçün çirkli su verir. Nəhayət, Emma ölür...

Rejissor nəqlində müasir dünyada sevgisizliyi fokusa gətirir, istehlakçı insanın təmənnasını, tamahkarlığını mübaliğəli şəkildə anladır. Emmanın qohumlarından, qızından istədiyi tək şey sevgidir. Onlar isə bu sevgini ona ancaq pul müqabilində vermək istəyir.

Varmerdam filmlərinin əksəriyyətində özü oynayır, ssenarilərini də özü yazır. O, eyni zamanda bəstəkardır.

***

Braziliya rejissorları Fernando Meyrellişin və Kati Lundun 2002-ci ildə lentə aldıqları “Tanrı şəhəri” Toronto festivalında xüsusi mükafata layiq görülüb.

Süjet: Əhvalat 1960-cı illərin sonundan başlayaraq 1980-ci illərin əvvəllərini əhatə edir. Və Rio de Janeyronun “Tanrı şəhəri” adlanan yoxsul məhəlləsində baş verir. Bu məhəllənin öz qanunları, həyat ritmi var. Burada yaşamaq çətin və təhlükəlidir. Uşaqlar kiçik yaşlarından artıq silah gəzdirir, adam öldürür, narkotik maddədən istifadə edirlər.

Filmin əsas qəhrəmanı Roket ləqəbli (Alehandre Rodriqes) oğlandır. Roket cinayətkar yaşıdlarından fərqli olaraq həlimdir, silaha, narkotikə meylli deyil. O, fotoqraf sənətinə həvəslidir və gələcəkdə jurnalist olmağı arzulayır.

1970-ci illərdə Roket, yaşıdları böyüyür. Cinayətkar qruplar daha da amansızlaşır. Məhəllədə qruplar arasında hakimiyyət uğrunda mübarizə gedərkən Roket də qəzetdə işləməyə başlayır. Onun bu məhəllədən çəkdiyi fotolar qəzetdə yayımlanır. Qəzet rəhbərliyi Roketin “Tanrı şəhərinə” girə biləcək tək adam olduğunu nəzərə alaraq ona reportaj hazırlamağı tapşırır.

Filmin finalı çox acınacaqlıdır. Cinayətkar qruplaşmalar bir-birini öldürür. Son epziodlarda əllərində silah adam öldürən kiçik yaşlı uşaqlar – növbəti nəsil görünür...

Öncəlikə deyim ki, yoxsul məhəllələri, burdakı cinayətkarları, qanunsuzluğu ilk dəfə böyük erkana Luis Bunuel gətirib. Söhbət onun 1950-ci ildə Meksikada çəkdiyi “Unudulmuşlar” filmindən gedir. Mövzu daha sonralar parlaq şəkildə italyan rejissoru Matteo Qarronenin 2008-ci ildə lentə aldığı “Qomorra” filmində yer alıb.

Fernando Meyrelliş və Kati Lund filmi Paulo Linsin eyni adlı romanı əsasında ekranlaşdırıblar. Müəlliflər əhvalatı sosial realizm, dokumental üslubda çəkiblər. Film eyni zamanda Braziliyadakı sosial problemdən başqa, irqi bərabərlik məsələsinə də toxunur. Məsələ ondadır ki, cinayətkarların çoxu Afrika əsillidir.

Rejissorlar filmdə qeyri-peşəkar aktyorları çəkib. Meyrelliş müsahibələrdən birində bildirib ki, o, Rio de Janeyronun yoxsul məhəllələrində çəkilişlərin təhlükəli olduğunu bilsəydi, bu ideyadan imtina edərdi. Belə məhəllələrdəki kriminallaşmanın əsas səbəbi təhsilin və iqtisadiyyatın aşağı səviyyədə olmasıdır.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #