Həbsxanada yatan, sürgündə ölən kral  

Həbsxanada yatan, sürgündə ölən kral  
15 noyabr 2014
# 09:30

Kulis. az “Baxılası 50 film” layihəsində türk kinosunun əhəmiyyətli nümayəndələrindən biri, aktyor, rejissor, ssenarist və yazar Yılmaz Güneyin Kann festivalında “Qızıl Palma budağı” alan “Yol” filmini təqdim edir.

Yılmaz Güney 1937-ci ildə Adanada kəndli ailəsində doğulub. Universitet təhsili almaq üçün İstanbula gedən Güney burda məşhur rejissor Atıf Yılmazla tanış olur. Onun dəstəyilə kino sahəsində işləməyə başlayır.

O, Atıf Yılmazın 1959-cu ildə ekranlaşdırdığı "Bu vətənin övladları” və "Alageyik" filmlərində həm ssenari müəllifi kimi işləyir, həm də aktyor kimi rol alır.

Güney eyni zamanda "Yeni üfüqlər", "On üç" kimi jurnallara hekayələr yazır və hekayələrindən birində kommunizmə rəğbətini bildirdiyindən 1961-ci ildə il yarım həbs cəzasına məhkum edilir.

1966-cı ildə Güney rejissor kimi debütünü edir və eşq hekayətini anladan “At Arvad Silah” adlı film lentə alır.

Daha sonra Lütfü Akadın çəkdiyi "Sərhədlərin qanunu" (1967) filmində həm ssenarist, həm də aktyor olur. Qaçaqmalçılıqla dolanan bir kəndlidən bəhs edən film Altın Portakal festivalında göstərilir və Güney “ən yaxşı kişi oyunçusu” mükafatına layiq görülür.

Güneyin ikinci filmi “Seyid Xan”da (1968) adət-ənənələr tənqid edilir. Filmdəki roluna görə Güney Altın Koza festivalında “ən yaxşı kişi aktyor” nominasiyasında qalib olur.

1969-cu ildə ekranlaşdırdığı, atasını axtaran, sifarişlə qətllər yerinə yetirən adamın hekayətini anladan “Bir çirkin adam” filmindəki roluna görə də Güney Antalya Altın Portakal festivalında “ən yaxşı kişi aktyor” mükafatını alır.

Türk kinosunun dönüş nöqtəsi sayılan “Ümid” (1969) filmi həm texniki fəndlərinə görə Güneyin əvvəlki filmlərindən fərqlənir, həm də onun ilk siyasi ekran işidir. Məhz bu filmdən sonra o, ard-arda siyasi filmlər çəkməyə başladı və bu, çox rejissorun yaradıcılığına təsir etdi.

Filmdə bir faytonçunun dramı təsvir edilir. Maşın faytonçunun atını vurur və bütün ümidini ata bağlayan qəhrəman sosial ədalətsizliklə üzləşir. Sosial bərabərsizlik, çarəsizlikdən amerikalını soyması, sabah namazının günəş doğanda qılınması səbəbindən film ölkədə senzuraya məruz qalıb.

Türkiyənin vacib festivallarında “Ümid” rejissor, ssenari, aktyor işinə görə mükafat alıb.

Rejissorun “Acı” (1971) dramının əsas mövzusu insanın günahlarının bağışlanması üzərində qurulub. Güneyin özünün canlandırdığı qəhrəman həbsdən çıxır, illər öncə öldürdüyü adamın ailəsinə baş çəkərək bağışlanmasını istəyir. Ssenarisinə, rejissor, aktyor işinə görə “Acı” Altın Koza festivalında mükafat alıb.

1972-ci ildə rejissor "inqilabçılara yardım etmək" səbəbilə 2 illik həbsə və sürgünə məhkum edildi. İçəridə yatdığı zaman kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxartdığı "Güney" jurnalında yayımlayır.

1974-cü ildə o, Antalya Altın Portakal festivalında ən yaxşı film mükafatını qazanan, illər sonra görüşən iki dostdan bəhs edən “Dost” filmini çəkir.

Daha sonra Şerif Görenle birlikdə ekranlaşdırdığı “Əndişə” siyasi dram varlılar tərəfindən əzilən kəndlilərin hekayətini anladır. Film Altın Portakal Film Festivalında “ən yaxşı film” mükafatını alır.

Və həmin il kazinoda hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edildi və 1976-cı ildə ona 19 il həbs cəzası verildi.

Beş il həbsxanada qaldıqdan sonra 1981-ci ildə yatdığı İsparta yarıaçıq həbsxanasından bir günlük icazə ilə çıxır və Fransaya qaçır. Həyatının qalan hissəsini orada yaşayır.

Həbsdə olarkən Zeki Ökten ilə birlikdə “Düşmən” (1979) filmini çəkir.

İşsizlik problemini anladan film Berlin festivalının xüsusi mükafatını və ekumenik jürinin mükafatını alıb.

Fransada olarkən Güney son filmini “Divar”ı lentə alır.

“Divar” real hadisələr əsasında çəkilib. Güney 1976-ci ildə həbsxanada olanda yeniyetmələrin üsyanının şahidi olur və bundan təsirlənir. Film Güneyin “Soba, Pəncərə və iki çörək istəyirik” adlı romanı əsasında ekranlaşdırılıb. Tuncel Kurtiz və Ayşe Emel Mescidən başqa digər aktyorlar filmdə debüt ediblər.

1984-cü ildə fransız rejissoru Klod Vayz “Ona Çirkin Kral deyərdilər” adlı sənədli film çəkir.

Güney daha çox “Çirkin Kral” təxəllüsü ilə tanınırdı.

1966-cı ildə Yılmaz Atadenizin lentə aldığı “Çirkin Kral” macəra filmində Güney baş rol oynamış və bu filmdən sonra “Çirkin Kral ” təxəllüsü ilə məşhurlaşır.

1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son illərini Parisdə yaşamış və ölümündən sonra Parisdəki "Pyer Laşez" qəbiristanlığında dəfn edilmişdir.

Güney 114 filmdə aktyorluq edib. 26 filmin rejissoru, 15 filmin prodüseri, 64 filmin isə ssenari müəllifi olub.

“Baxılası 50 film” layihəsində Kann festivalında “Qızıl Palma budağı” alan “Yol” (1981) filmini təqdim edirik.

Süjet: Film bir həftəliyə həbsdən evə buraxılmış bir neçə məhbusun həyatını nəql edir.

Məhbuslardan biri Seyid Əli evə qayıdanda arvadının fahişəliklə məşğul olduğunu öyrənir. Ailəsi ondan arvadını öldürməklə ləkənin yuyulmasını təkid edir. Seyid Əli əvvəlcə bunu istəsə də, tezliklə fikrini dəyişir. Amma o, buna nail ola bilmir.

Digər məhbus Mehmet Salih qarətə görə həbsdə yatır. Polis onun qayını olan şərikini güllələyir və günah isə Mehmetin üstündə qalır. Və ailəsi daha onu tanımaq istəmir. Mehmet arvadı ilə qaçır. Və arvadının ailəsindən olan yeniyetmə tərəfindən ikisi də öldürülür.

Ömər sərhəddə yerləşən kəndinə dönür. O, həbsxanaya dönməmək üçün sərhədi keçməyə cəhd edir. Amma son anda bunu edə bilmir, çünki onun qardaşı qaçaqmalçılığa görə öldürülür və ənənəyə görə o, qardaşının arvadı ilə evləndirilir.

“Yol” art house filmdir. Dokumental, realist manerada çəkilib.

Film 1980-ci il hərbi çevrilişindən sonrakı Türkiyəni göstərir.

Türkiyənin gerçək portreti məhbusların həyatı vasitəsilə təsvir olunur.

“Yol” ölkədə birmənalı qarşılanmadı və 1999-cu ilə kimi qadağan olundu.

Filmin böyük hissəsini rejissor Şerif Gören Güneyin instruksiyasına əsasən çəkib. Çünki o zaman rejissor həbsdə yatırdı. Həbsdən qaçandan sonra Güney filmə baxır və çəkiliş onu razı salmır. O, filmi yenidən işləyir.

“Yol” eyni zamanda fransız tənqidçilərinin də mükafatını qazanıb.

Filmə burdan baxa bilərsiniz:

# 3687 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #