Pantomim aktyor Kulisə məqalə yazdı

Pantomim aktyor Kulisə məqalə yazdı
20 iyun 2013
# 09:51

Ceyhun Dadaşov

Dövlət Pantomima Teatrının aktyoru

Bu mümkündürmü? - yəqin ki, ilk ağla gələn suallardan biri məhz belə səslənir. Amma heç də həmişə cavab tapa bilmirik və ya tapdığımız cavablar heç də həmişə düzgün olmur. “Google”, “Wikipedia” və digər axtarış və məlumat portalları hər zaman bizə lazım olan məlumatı verə bilmir, yaxud da küllü miqdarda verilmiş məlumatlar arasından düzgün olanını tapmaq o qədər də asand olmur. Bu vəziyyətdə Dövlət Pantomima Teatrının aktyoru kimi belə bir araşdırma aparmağı özümə zövq bildim (borc yox aaaa..., zövq).

Öncəliklə onu qeyd edim ki, “Pantomima” adı altında dünyada barmaqla sayılacaq dərəcədə teatr qalıb (onlardan çox az bir hissəsi “Klassik pantomima”, “La Mim”, “Marsel Marso pantomiması” adı ilə tanıdığımız formada tamaşalar hazırlayırlar), tamaşalarında ifadə vasitəsini söz yox hərəkət əsas sayılan digər teatrlar isə “Hərəkət teatrı”, “Plastik teatr”, “Rəqs (Dance) teatrı” və s. adlarla fəaliyyət göstərirlər. Onların nəinki adları, hətta formaları da bir-birindən fərqlənir. Bu isə normal bir haldır. Zaman keçdikcə bir çox sahələr kimi teatrda dəyişikliyə məruz qala bilər (forma, stil, ifadə vasitəsi, hətta ad və s. baxımlardan). Əsas mətləbdən uzaqlaşmadan əvvəlcə pantomimanın nə olduğunu bəyan edək və tarixi faktlara nəzər salaq (bu cümlə deyəsən həddindən çox elmi və ciddi səsləndi).

Pantomima – qədim yunan sözü olun “pantos” – hər şey, “mimos” - əks etdirən deməkdir. İlkin pantomima bu günə gədər xeyli dəyişikliyə uğramışdır. Çox qədim bədii yaradıcılıq nümunəsi olmasına baxmayaraq müstəqil teatr forması kimi ilk dəfə olaraq Roma imperatoru Avqustun hakimiyyəti dövründə (e.ə. 27 – b.e. 14 ) öz təzahürünü tapmışdır. Həmin dövrlərdə lirik, komik və erotik janrlı pantomimalar daha geniş yayılırdı. Bu pantomimalar 2 qrup şəklində ifa olunurdu – bir qrup oxuyur və musiqi ifa edir, ikinci qrup isə əlləri ilə hadisələri təsvir edirdilər. Antik pantomimada böyük ehtimalla ayaqlar ritm tutur, əllər isə “danışırdı”.

Böyük bir fasilədən sonra Pantomima sənəti XVII əsrdə İtaliyada “Komedi del arte” sayəsində yenidən xatırlandı. 1702-ci ildə “Druri-Leyn” teatrını baleytmesteri D.Uiver pantomima hazırladı.

Pantomima növbəti məşhurluğunu Fransız MİM-i Jan Batist Qaspar Debüronun yaradıcılığı ərəfəsində əldə etdi. O, çalışdığı “Fyunambyul” (Kəndirbazlar) teatrında bütün gecəni davam edən pantomim tamaşalar səhnələşdirirdi. Bu tamaşaların əksəriyyətində həm danışırdılar, həm də oxuyurdular. Yalnız bir personaj - Pyero heç bir söz demirdi. Göründüyü kimi artıq Debüronun yaradıcılığı zamanı pantomimada sözdən istifadə olunmağa başlanmışdır. Bu gün bizim üçün yenilik kimi görünən pantomim tamaşasında sözdən istifadə olunmasının ən azından 260-a yaxın yaşı var (əgər hələ antik dövrdə istifadə olunan nəğmələr nəzərə alınmasa).

1933-cü ildə isə Etien Dekrünün “Çilpaq səhnədə çılpaq insan” – fikri ilə pantomima yeni mərhələyə qədəm qoydu. 1941-ci ildə Parisdə açdığı məktəbdə heç bir şüjetə, konfliktə və bitkin fikrə malik olmayan məşğələlər hazırladı (məsələn: yerində gəzmək, küləyə qarşı və s.) və bununlada müasir pantomimanın qrammatikasını yaratdı.

Pantomimaya müraciət etməkdə və bu məşqələləri yaratmaqda Etien Dekrunün məqsədi heç də sözdən imtina etmək deyildi, əksinə sözə öz qüvvəsini qaytarmaq idi. Onun teatr üçün təklif etdiyi islahatlar bu fikri deməyə əsas verir (bəzi mənbələrdə islahatların müddətinin 40 il nəzərdə tutulduğu qeyd olunur):

1. 30 il ərzində teatrda digər sənət növlərindən istifadə etməyi qadağan etmək.

2. Birinci 10 illikdə səhnədə pilləkənlərin, podiumların, balkonların və s. bu kimi vasitələrin quraşdırılmasına qadağa qoymaq. Aktyor öz oyunu ilə özünün aşağıda tərəf müqabilinin isə yuxarıda olduğuna tamaşaçıları inandırmalıdır.

3. Sonrakı 20 il ərzində isə aktyora nəinki söz deməyi, hətta hər hansı bir səs çıxartmağıda qadağan etmək.

4. Yalnız sonuncu 5 ildə aktyora sözdən istifadə etməyə icazə vermək. Əgər aktyor bu sözləri özü tapacaqsa (yəni, bu sözlər təbii tələbatdan doğmalıdır).

Onun fikrincə səhnədə aktyorun səsləndirdiyi söz bitkin bir fikri ifadə etsədə, heç də həmişə müəllifin, rejissorun və aktyorun özünün tamaşaçıya çatdırmaq istədiyi fikir kimi səslənmir. Onun dediyi sözün əsl mənası aktyorun hərəkətlərində öz əksini tapır. Çünki, səhnədə dilənçi obrazını yaratmağa çalışan aktyor müəllif tərəfindən verilmiş sözləri deyərkən bu obraza tam kontrast və ya yad olan hərəkətlərdən istifadə edirsə (əgər bu məqsədyönlü şəkildə qurulubsa başqa məsələ...) tamaşaçını necə inandıra bilər. Amma, Dekrünün bu niyyəti heç də hamı tərəfində eyni anlaşılmadı, hətta onun tələbələri – Jan-Lui Barro və Marsel Marso belə bu sənəti tamam fərqli istiqamətlərdə inkişaf etdirdilər.

Marsel Marso ilk dəfə olaraq “Bip” obrazı ilə “La MİM”in başlanğıcını qoydu. O, öz tamaşalarında işıq, musiqi, səs effektləri və rekvizitlərdən də istifadə edirdi. Bu gün pantomimada çoxlarına tanış olan məhz Marsel Marsonun əsasını qoyduğu istiqamətdir.

Jan-Lui Barro isə pantomima haqqında tamam başqa fikirdə idi. Onun tamaşalarında sözdən kifayət qədər istifadə olunurdu. Onun fikrincə mim (“mimos” - əks etdirən) birtərəfli olmalı deyil. “Mim dramatik aktyor qədər realistik pyes oynamaq iqtidarında olmalı və gərəkən məqamlarda öz düzgün seçilmiş jestlərinin köməyi ilə lazım olan fikri daha dəqiq çatdırmalıdır”(Jan-Lui Barro) . Barro, pantomimasında sözləri hərəkətlərlə əvəz etmək fikrində olmayıb. Axı hərəkət sözləri əvəz edən yox, əksinə, onun çatdıra bilmədiyini çatdırmaqda yardımçı olandı (məsələn: sözaltı məna, hal, personaja münasibət və s.). O, pantomimanı müstəqil bir janr kimi deyil, aktyor yaradıcılığının ayrılmaz bir hissəsi kimi görürdü. “Pantomimanı əsas məqsəd kimi dəyərləndirmək olmaz, ondan teatrda bir ifadə vasitəsi kimi istifadə etmək lazımdır” (Jan-Lui Barro). 10 il ərzində səhnələşdirdiyi 54 tamaşadan yalnız 3-ü klassik (sözsüz) pantomima idi.

XX əsrin əvvəllərində pantomima bir az da dəyişdirilərək “dramatik pantomima” adı ilə o dövrün rejissorlarının yaradıcılıqlarında öz əksini tapmağa başladı. (K. Mərcanov – “Слезы”, N.Yevreinov – “Кривое зеркало”, V. Meyerxold – “Шарф Коломбины” , A.Tairov – “Покрывало Пьеретты”) – bu tamaşalarda öz növbəsində forma baxımından digərlərindən fərqlənirdi. Sonralar isə Vyaçeslav Palunin pantomimaya klounada elementlərini əlavə edərək yeni forma yaratdı, Leonid Yenqibarov isə əksinə - pantomima elementlərini klounada sənətinə əlavə etdi. Beləliklə tarix boyu teatrın başqa formaları kimi pantomima da kifayət qədər dəyişikliyə uğradı.

Bu gün artıq pantomimanın bir neçə növü və janrı mövcuddur: rəqs pantomiması, klassik pantomima, akrobatik pantomima, ekssentrik pantomima, zoopantomima və çox az rast gəlinən exo (echo – yunan dilindən əks-səda) pantomiması.

Bütün bu araşdırmalardan sonra belə bir qənaətə gəlmək məncə məqsədəuyğun olardı – Pantomimada söz yenilik deyil bu tarix boyu bir neçə dəfə təkrarlanıb, pantomima lal-kar tamaşası demək deyil, pantomima ümumi teatr sənətindən (aktyor sənətindən) müstəqil bir sənət növü deyil onların bir parçasıdır, pantomima yalnız sözsüz səhnələrdə aktiv deyil, eyni zamanda aktyorun danışdığı və ya oxuduğu zaman kəsiyində də öz fəaliyyətini davam etdirir – (Ceyhun Dadaşov). Bunu belə izah etmək olar ki, hər bir xarakterin özünəməxsus yerişi, davranış manerası vardır, hər bir emosiyanın, hər bir psixoloji halın özünün fiziki ifadə vasitələri vardır və bunlar ifaçı üçün sözlər qədər əhəmiyyət kəsb edir).

# 2539 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #