Qadınlar zorlanmaqlarını niyə gizlədirlər? - SEVİNC ELSEVƏR YAZIR

Qadınlar zorlanmaqlarını niyə gizlədirlər? - <span style="color:red;">SEVİNC ELSEVƏR YAZIR
16 avqust 2017
# 11:30

Sevinc Elsevər

Rayon məktəbinin şagirdi olanda paralel siniflərdən birində oxuyan bir qızla rəfiqəlik edirdim. Şəhərə köçəndən sonra da həmin qızla məktublaşmağa davam elədim bir neçə il. Sonra əlaqələrimiz kəsildi. Gözdən uzaq olan könüldən də iraq olurmuş, düz deyirlər.

Bir gün ondan məktub aldım, məktubda dəhşətli şeylər yazmışdı. Yazırdı ki, qollarımı doğramışdım, özümü öldürürdüm. Anam xilas elədi məni. Sənə ehtiyacım var, kaş yanımda olaydın, başımı dizinə qoyub ağlayaydım. İsrarla nə baş verdiyini soruşurdum ona göndərdiyim məktubda. Aldığım cavab isə daha dəhşətli idi. Deyirdi ki, özündən dəfələrlə yaşlı bir kişi məktəbdən qayıdanda maşını onun yolunun üstündə saxlayıb, onu maşına mindirib və aparıb. Gözünü açanda isə lap filmlərdəki kimi əzilmiş, çeynənmiş, incinmiş tapıb özünü. Bu barədə məndən başqa heç kimə danışmadığını yazırdı. Deyirdi ki, heç kimə deməyim mən də. Anasına belə niyə intihara cəhd elədiyini söyləməmişdi.

Niyə polisə getmirsən deyə yazırdım ona. Cavabında məni dəli adlandırırdı, deyirdi ki, istəyirsən bütün rayonda biabır olum, hamı məndən danışsın?

Həmin adam cəzasız qaldı, əlbəttə. Bəlkə də bu əhvalatı o qız məndən başqa hələ də heç kimə danışmayıb.

Mən o qızı tez-tez xatırlayıram. Əlaqələrimiz, köhnə münasibətimiz olmasa da.

Düşünürdüm ki, niyə rayonda o qədər qızın içində məhz onu seçmişdilər?

Niyə məhz o. Bilirdim ki, atası bacısı və anasıyla birgə onu atıb Rusiyaya gedib. Anası hansısa idarədə katibə işləyirdi. Adamlar qadının haqqında pıçıldaşırdılar. Bizim ölkədə katibə işləyən gənc qadınlar haqqında necə münasibət olduğunu gözəl bilirsiz. Bu da ayrıca söhbətin mövzusudur.

Canavarlar, çaqqallar ceyran sürüsünə hücum çəkəndə sürüdə hansı heyvan gözlərinə zəif dəyirsə, onun üstünə atılırlar. Qadınlarla da belə edirlər pis adamlar. Kasıbı, arxasızı, atasızı qaralayırlar. Yaxud müdafiə olunacağına inanmadıqları birini qaralamağa çalışırlar. Çox vaxt da buna nail olurlar.

Beyləqandakı məktəblinin faciəsini hamınız eşitdiniz. Bu faciədə dəhşətli olan odur ki, həmin gənc qızla anasını qoruya biləcək kimsəsi yoxmuş qohumları arasında. Bu ana ilə qızın verdiyi müsahibədən də görünür. Hətta ata belə qızını küçəyə atmağa hazırmış, amma qorumağa, haqqını müdafiə eləməyə yox. Görünür, o qızı qurban kimi seçənlər də bunu əvvəlcədən bilirlərmiş.

Bizim cəmiyyətdə atalar, analar qızlarının arxasında dayanmalıdı, yaxşı gündə də, pis gündə də onların yanında olduqlarını bildirməlidirlər. Başına gələnləri qorxusundan anasına belə danışmayan qız necə köməksizmiş, necə çarəsizmiş, bir düşünün. Bizim körpə qızlarımız hələ beşikdən bilirlər ki, cəmiyyət daim onlarda suç axtarmaqdadır. Bunu bilərək yaşamaq necə də ağırdı?!

Elə oğlanlar da öyrənirlər ki, qızların zəif tərəfləri hardadır? Onları hardan vurmaq olar, necə vurmaq olar? Gözlərini açandan onlar da bunu öyrənirlər. Və ömürlərinin axırına qədər qurd və quzu kimi dolanır qadınla kişi bizim məmləkətdə. Qurd qurdluğundan xəbərdar olur, quzu quzuluğundan. Qurd bilir ki, quzunu parçalamalıdı, harda əlinə keçsə, harda yararlana bilsə. Quzu isə müdafiə olunmalıdı. Müdafiə oluna bilməsə, günah özündədi, gərək heç əvvəldən qurda rast gəlməyəydi .

Uşaqlıqda Abdulla Şaiqin tərcüməsində İvan Krılovun məşhur bir təmsilini oxumuşdum. Quzu çayın aşağısından su içir, qurd isə yuxarısında. Qurd quzunu yemək üçün bəhanə axtararaq deyir: Sən çayın suyunu bulandırdın. Səni yeyəcəm. Onda quzu yazıq-yazıq cavab verir ki, mən çayın aşağısında dayanmışam, sən yuxarısında. Mən necə çayın suyunu bulandıra bilərəm? Onda qurd quzuda başqa günahlar axtarır. Quzu nə illah eləyir, qurda sübut eləyə bilmir ki, onun heç bir günahı yoxdu. Qurd onsuz da onu tutub yeyir.

Azərbaycanda da qadınların vəziyyəti təxminən belədi. Onlar heç vaxt günahsız olduqlarını sübut eləyə bilmirlər. Heç kimə: nə atalarına, nə analarına, nə qohumlarına, nə hakimə, nə həkimə, nə də Allaha.

# 1522 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #