Az büdcəli filmi necə çəkməli?

Az büdcəli filmi necə çəkməli?
26 dekabr 2013
# 09:00

“Yeni Avstriya kinosu”nun nümayəndələrindən biri Ulrix Zaydl 1952-ci ildə Avstriyada doğulub. Sənədli (“Sonuncu kişilər”, “Heyvan sevgisi”, “Modellər”, “İsa Məsih, “Sən bilirsən”) və bədii filmlər (”İt günləri”, “Cənnət” trilogoyasına daxil olan “Sevgi”, “İnam”, “Ümid”) çəkir. Venesiya, Potsdam və digər festivalların mükafatçısıdır. Filmləri qızğın mübahisə doğuran rejissorlardan biridir. Məsələn, onun evlərində heyvan saxlayan avropalılardan bəhs edən, sərt çəkilmiş “Heyvan sevgisi” sənədli filmi 1995-ci ildə Kann festivalına buraxılmayıb.

Komanda

“Çevik və mobil olmaq üçün kiçik komanda ilə işləyirəm, çünki gedişatda tez-tez nəyisə dəyişirəm. Mənim üçün çox vacibdir ki, üç gün işləməyim, fasilə verim, nəsə başqa şey üzərində çalışım və sonra yenidən çəkilişlərə başlayım. Maliyyə nöqteyi-nəzərdən belə ritmə o vaxt imkan vermək olar ki, komandada 50 adam və hər gün böyük məbləğ ödədiyi bahalı texnikan olmasın”.

Ssenari

“Ənənəvi anlamda ssenari yoxdur. Faktiki olaraq, ssenari son dərəcə diqqətlə qeyd edilmiş, dialoqsuz səhnə yığımıdır. Çəkiliş zamanı ssenari daim dəyişir, əlavələr edilir, təkmilləşir. Burda hər növbəti addım əvvəlkindən asılıdır. Çəkilən material həmişə əhvalatın sonrakı inkişafını müəyyən edir. Səhnə və dialoqlar improvizə yolu ilə meydana gəlir”.

Çəkiliş prosesinə hazırlıq

“Çəkiliş prosesinə çox hazırlaşıram. Hər film üzərində işləyəndə çəkilişə kimi uzun müddət uyğun məkan axtarıram. “Sevgi” filminin personajları ilə çox vaxt keçirirdim, “İnam”in çəkilişlərinə hazırlaşanda radikal katoliklərlə ünsiyyətdə olurdum. Həftələrlə onları müşahidə edirdim: evlərində, iş yerlərində. Hər filmi uzun müddət işləyirəm.

“İnam” “İsa Məsih, sən bilirsən” sənədli filmimə istinad edir. Biz bu filmi çəkəndə aydınlaşdırdıq ki, Avstriyada ən inanclı adamlar Məryəmin heykəlciyi ilə müxtəlif evlərə gedib dini təbliğ edirlər. Onda ağlıma gəldi ki, bu barədə tammetrajlı bədii film çəkim. Sonra süjetə İsaya aşiq olan qadın və onu basqı altında saxlayan müsəlman ər obrazını daxil etdim. Baş rolu oynayan Mariya Hofştetteri “İt günləri” filmindən tanıyırdım. Missionerlərlə birlikdə evlərə gedirdik. Sonra özümüz belə heykəlcik aldıq. Və artıq aktrisa özü tək, roluna alışmaq üçün evlərin qapısını döyürdü. Mariya katolik ailədən çıxıb, bir tərəfdən o, bu materialı daxildən yaxşı bilirdi, digər tərəfdən isə personajla özü arasında məsafə saxlamalıydı. Bir neçə il ərzində biz layihəni saxladıq və sonra yenidən bərpa elədik. Mariya bunu oynamaq üçün daxilində güc tapa bilmirdi. O, bu rolu oynamaq gücündə olmadığını deyəndə mən başqa aktrisa tapdım, amma onunla da alınmadı. Sonra Mariyanın yanına getdim və xahiş elədim ki, o, yenidən özünü sınasın və nəticədə rolu alındı”.

Çəkiliş prosesi

“Film xronoloji ardıcıllıqla çəkilir, bu, daim adaptasiyaya və müəyyən epizodların, təhkiyənin inkişafına imkan verir. Bu zaman hadisənin neçə inkişaf etdiyini, nəyin yaxşı, nəyin pis alındığı aydın görünür. Final açıq qalır. Bədii filmlər sənədli film üçün xarakterik olan şərtlərdə və şəraitdə çəkilir. Bu halda reallığın gözlənilməz elementləri süjetə təbii şəkildə qarışır, daxil olur”.

Kastinq haqda

“Aktyor heyətində həm peşəkarlar, həm də qeyri peşəkarlar olur. Kastinq zamanı onların namizədlikləri eyni diqqətlə nəzərdən keçirilir. Tamaşaçı dəqiq anlamamalıdır ki, hansı rolları peşəkarlar, hansıları həvəskarlar oynayıb.

“Sevgi” dramı üçün biz 50 yaşlı, artıq çəkisi olan aktrisa axtarırdıq. Kastinq yarım il davam elədi, baş rola 3-4 namizədim vardı, onları bir müddət müşahidə elədik, ayrı-ayrılıqda Keniyaya apardıq. Onlar bir-biri haqda məlumatlı deyildilər. Və orda biz anlamağa çalışdıq ki, bu qadınlar qaradərili kişilər qarşısında sərbəst olmağa, utanc hissinin müəyyən sərhədlərini adlamağa hazırdırlarmı? Çünki əks halda bu, filmdə hiss olunardı. Ssenariyə görə Terezanın bir əsas sevgilisi var. Amma o, Terezanı aldadır və özünə başqasını tapır. Bu rol üçün əsl Beachboyslar (çimərlik oğlanları) lazım idi. İki il ərzində Keniyaya getdim, orda uyğun adam və məkan axtardım. Nəticədə iki kişi seçdim. Amma qərara gələ bilmirdim ki, hansının üzərində dayanım. Sonda hər iksini çəkdim və proses zamanı kimin yaxşı olduğunu aydınlaşdırdım”.

Aktyorla iş

“Aktyorlara improvizə imkanı versəm də istənilən halda onların qarşısında hansısa məhdudiyyətlər qoyuram, çərçivəyə salıram ki, film mənə lazım olan istiqamətdə inkişaf eləsin. Əvvəlcə məşq edirik, bəzən bir səhnəni bir neçə dəfə çəkirik. Arzuladığım nəticəni alana kimi çəkirəm. Tez-tez qeyri peşəkarlarla işləyirəm. Fikrimcə, peşəkar aktyorların 90 faizi improvizə edə bilmir, improvizə isə çox vacibdir. Şəxsi təcrübə mühümdür. Ona görə elə adamları seçirəm ki, danışmağa sözü var, оnlar həm fiziki, həm intellektual mənada açılmağa hazırdırlar. Çəkiliş meydançasında aktyorlar ssenarisiz işləyir. Ümumiyyətlə, aktyorların ssenarini oxumasına ehtiyacı yoxdur. Onlar bilmirlər ki, sonra nə olacaq. Bu isə mənə böyük azadlıq verir”.

Məkan və təsvir

“Məkan filmdə çox önəmli rol oynayır. Çünki filmin atmosferi məhz ondan çox asılıdır. Dekorasiyalarda yox, orijinal, təbii məkanlarda işləyirəm.

İşıqdan minimum istifadə edirəm. Yaxın təsvirlər mənə çox vacibdir. Mən insanları boyasız-filansız göstərməyi sevirəm.
Hərəkətsiz təsvir mənim üçün bir növ tablo kimidir, yəni çalışıram ki, bunu, son detala qədər istifadə edim, hətta şişirtməyə çalışıram, burda təsvir özü danışır, dialoq və mətnlərə ehtiyac yoxdur. Hərəkətdə olan təsvirlə əl kamerası ilə işləmək daha çox xoşuma gəlir, mümkün olduqca Cinéma vérité (fransız sözüdür, hərfi mənası kino həqiqət deməkdir. 1950-60-cı illərdə Fransa kinosunda meydana gəlmiş eksperimental cərəyan) ideyalarından istifadə edirəm. Reallığı təhrif etməmək üçün Cinema veritenin prinsipləri vacibdir. Amma həqiqəti həmişə maksimal dərəcədə təsvir etmək olmur.

Əl kamerasının imkanlarından, statik planlardan yararlanıram. Filmlərimdə kameranı özəyə, intimliyə tuşlayıram, insanların görmək istəmədiyi şeyləri çəkirəm. Kadrlarda birbaşa kameraya baxan adamlar göstərirəm”.

Musiqi

“Musiqi filmdə yalnız bu və ya digər səhnənin orqanik və ayrılmaz hissəsi olduqda səslənir”.

Montaj

“Hansı səhnələrin az əhəmiyyətli olduğunu və son versiyadan çıxarıla bilməsini müəyyənləşdirmək üçün açıq iş metodu montaj mərhələsində də tətbiq edilir. Montaj masasında film faktiki olaraq tamamilə yenidən yazılır. Final versiyasına nəyi əlavə edib- etməməyi müəyyənləşdirmək üçün əvvəlcədən bir neçə genişlənmiş montaj versiyasını yaratmaq zəruridir. Məsələn, “Cənnət” trilogiyası belə yarandı. Əvvəlcə mən bir film çəkməyi planlaşdırırdım, amma sonra layihə trilogiyaya çevrildi, hər hissəyə müstəqil, bütöv iş kimi də, trilogiyanın epizodu kimi də baxmaq olar”.

# 3123 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #