Çağan Irmak və İsa Şahmarlı

Çağan Irmak və İsa Şahmarlı
29 yanvar 2014
# 11:38

İki tip rejissor var: filmdən filmə tamaşaçını daha da qıcıqlandıran, şapalaqlayıb ayıltmağa çalışanlar- məsələn, Lars Fon Triyer- bir də şöhrəti artdıqca kütlənin qınağına gəlməkdən qorxanlar. Türk rejissoru Çağan Irmak ikincilərdəndi. Biz onu “Asmalı konak”, “Çəmbərimdə gül oya” (əlbəttə, seriallarda rejissorun adına fikir verənlər) seriallarından, “Atam və oğlum”, “Mustafa haqqında hər şey”, “Issız adam” filmlərindən tanıyırıq. Belə baxanda Ç. Irmak özünü mistikadan, nağıllardan tutmuş melodrama, psixoloji drama qədər bir çox janrlarda sınayıb. Onun filmoqrafiyasında dəyişən təkcə janrlardı, mövzu həmişə eynidi: Çağan, filmlərində patriarxal dünyada insani münasibətləri araşdırır.

Rejissor, sonuncu “Tamammıyız?” filmində də adətinə xilaf çıxmır.

“Tamammıyız?” İhsan və Temmuz adlı iki gəncin dostluğu haqqındadı. Onları görüşdürmək üçün nağıl priyomundan istifadə olunub- gənclər, bir-birinə yuxuda buta verilir.

İhsan anadan əlsiz-ayaqsız doğulub. Fikri-zikri bunun səbəbini öyrənməkdi. Temmuzdan da istədiyi budu: “Öldür məni. O-nun qarşısına çıxıb “məni niyə belə yaratdın?” deyə soruşacam”.

Temmuz, əsərləri yalnız anası və sevgilisi tərəfindən alınan, ən kiçik uğursuzluqda depressiyaya düşüb özünü içkinin ağuşuna atan heykəltəraşdır. Heç kimin onu anlamadığını, bu dünyanın onu sindirə bilmədiyini fikirləşir. Ç.Irmağın digər qəhrəmanları- Bahadır (“Mənə şans dilə”) Mustafa (“Mustafa haqqında hər şey”), Alpər (“Issız adam”), Sadiq kimi (“Atam və oğlum”) Temmuz da dünyaya qovulub, dünyadan qovulub. “Ata oğlunu evdən qovanda dünyadan qovur, zamandan qovur. Onu evdən qovanda yer üzündən, həyatdan qovur” (Xaqani Hass “Ata və zaman”).

Müəllif, Temmuzla bağlı həqiqəti, özünü əskik hiss eləməyinin əsl səbəbini qəhrəmanını tamaşaçıya tanıdandan, sevdirəndən sonra açır. Ekranda bir-birini sığallayan kişi əlləri, hovuzda iki cüt kişi ayağı görünür: “Mən həyat arkadaşımı bədəni öz bədənimdən olan insanlardan seçirəm”.

Və elə bu andan da əvvəl və sonra baş verənlərin hamısı, bütün düyünlər - İhsanın “Məni azad elə!” fəryadı, Temmuzun onu anlamamağı, bütün film boyu qəfəsdəki quş kimi çırpınan, hara və nəyə baxacağını bilməyən, sanki həyati-vacib suala cavab axtarırmış kimi, heç bir mimikanı qaçırmaq istəmirmiş kimi daim iri planda insanların üzünə fokuslanan kamera – hər şey dramaturji yükündən silkinir və adi hoqqabazlığa, söz yığınına çevrilir.

Yox, qəhrəmanın əslində homoseksual olduğuna görə yox. Zatən müəllif bu məqamı elə incəliklə çatdırır ki, ancaq arif tamaşaçı başa düşür. Məsələ ondadı ki, həmin andan etibarən Ç.Irmak açdığı sirdən və yanlış anlaşılmaqdan qorxmağa başlayır.

Əslində türk rejissorunun bu qorxusu şöhrəti ilə eyni vaxta yaranıb. Çünki rejissor ilk filmlərində kifayət qədər cəsarətlidi. “Mən dünyanın kralıyam” hayqırtısı, cəmiyyətin əxlaq buxovlarından, “normal adam” damğasından azad olmaq, öz olmaq arzusu Çağan Irmağın əvvəlki filmlərində də var. Məsələn, ilk tammetrajlı “Mənə şans dilə” filminin qəhrəmanı Bahadır arzusuna çatandan sonra “normalların” dünyasına qayıtmaqdan imtina eləyir, ekzistensial azadlığı seçir. “Mustafa haqqında hər şey”də final açıq qalır, rejissor qalib qladiatoru-Mustafanı tamaşaçıların ixtiyarına verir, amma onları nəzarətdə saxlayır – filmin xoşbəxt finalı birinci kimi ani qırılmır, daha detallı təsvir olunub.

“Tamammıyız?” filmində isə tamaşaçı artıq hakimi-mütləqdi. “Tamammıyız?”da İhsana edilən “özəl baxıcı tutarıq, anan da yanında olar, amma atalarınızın bundan xəbəri olmasın” təklifindən sonra Temmuz “başqa nə istəyirsən, bundan yaxşısı Şamda qaysı isə ora gedək” deyir. Və beləcə film boyu “tam olduq, bütövləşdik” olmağa doğru gedən “Tamammıyız?” sualı “razılaşmaq, şərtləri qəbul eləmək” anlamında ilişir. Temmuzla İhsan öz kiçik dünyalarına qayıdıb gizlənməyi seçirlər. Rejissor qəhrəmanlarını Sizif əziyyətinə məhkum, tamaşaçıları isə katarsisdən məhrum eləyir. Bu məqamda finalda səslənən “Mən dünyanın kralıyım!” hayqırtısı çılpaq kralın sevincini xatırladır, ironik görünür. İsa Şahmarlının intiharı fonunda isə bir qədər də simvolikdi.

Bəlkə də Çağan Irmağı qorxudan cinsi azlıqların, əlilliyi olan insanların hüquqlarını müdafiə eləyən və eləməyənlərin qəzəbinə tuş gəlmək deyil, şəxsi məsuliyyət hissi, ya da personajları ilə eyni problemi yaşayanlara yanlış yolu göstərməkdi. Səbəb hər nə olur-olsun, filmin əleyhinə işləyib. “Tamammıyız?” filmi Aytəkin Ataşın mahnısında (filmin saundtrekindən) deyildiyi kimi “Gəldik, gördük, gedirik” çərçivəsindən çıxmağı bacarmayıb.

# 4801 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #