“Filmlərimi lənətləyirəm“

“Filmlərimi lənətləyirəm“
20 iyul 2013
# 07:15

Məşhur rejissor Eng Li 1954-cü ildə Tayvanda doğulub. Nyu-York Universitetində kino sənəti üzrə təhsil alıb. Tələbəlik zamanı çəkdiyi filmlər uğur qazansa da, 6 il işsiz qalıb. 1990-cı ildə onun iki ssenarisi müsabiqədə qalib gəlib və Tayvan hökuməti tərəfindən maliyyələşdirilib. Bu, layihələr rejissorun peşəkar karyerasında mühüm rol oynayıb. Li iki “Qızıl Ayı”, iki “Qızıl Şir” və bir neçə Oskar mükafatçısıdır. “Toy ziyafəti”, “Ağıl və hiss”, “Qozbel dağ”, “Hulk” və s. filmlərin müəllifidir.

Kanadalı yazıçı, Yan Martelin Buker mükafatı almış “Pinin həyatı” romanı əsasında ekranlaşdırdığı film bu il 4 nominasiyada Oskara layiq görülüb.

Kulis. az. rejissorun “Zeit” qəzetində yayımlanan məqaləsini təqdim edir.

“Atam beş il əvvəl vəfat etdi. O, öləndən bəri heç vaxt yuxuma gəlməyib.

Bizim onunla aydın və sabit münasibətimiz vardı.

Bu günə kimi də atamla olan münasibətlərimi filmlərimdə təsvir edirəm. Həmçinin “Pinin həyatı” filmində. Yeniyetmə oğlan atası ilə vidalaşa bilmədiyi üçün təəssüflənir.

Mən də onun kimi eynilə bunu yaşamışam. Atam bizi tərk edəndə Nyu-Yorkda idim. O, insult keçirdi və 45 dəqiqə içində öldü.

Hadisə baş verən günü hava limanında idim. Ona əl telefonu ilə zəng elədim. O, artıq ölürdü. Amma qardaşım dedi ki, atam telefonda səsimi eşidəndə üzündəki gərginlik azaldı. Buna baxmayaraq, onun yanında ola bilmədim.

Atamın mənimlə həmişə qürur duymasını istəmişəm.

Ondan çəkinirdim.

Həmişə onu məyus edəcəyimdən qorxurdum.

Onu məyus etməməyə çalışmaq həyatımın vacib hissəsinə çevrilmişdi.

Atam uzun müddət mənim rejissor olmağımı istəməyib. Valideynlərim kommunist rejiminin üzündən Çindən Tayvana qaçmışdılar, hər ikisi də orda öz valideynlərini itiriblər.

Atam məktəb direktoru idi. Əyləncəli proqramlar, əyləncəli vaxt keçirmək ailəmizdə yaxşı qarşılanmırdı. Hərçənd atam həvəslə filmlərə baxırdı, amma eyni zamanda düşünürdü ki, film çəkmək ümidverən iş deyil.

Mənim ən yaxşı ideyalarım həmişə heçlikdən meydana gəlib. Bəzən mən özüm də heçliyə getməli oluram və bu halda ideyalar mənə doğru gəlir. Heç vaxt belə olmayıb ki, məsələn, gözlərimi yumum və təsvirləri görüm. Təsvirlər özü məni tapır.

Mən filmlərimin quluyam.

Filmdə mən özüm yox, rejissor oluram.

Film çəkilişləri mənim üçün çətindir. Çəkilişin sonunda bəzən demək olar ki, özümümü itirirəm. Mən filmlərimi lənətləyirəm. Filmlərim məni udur, məhv edir, kabusuma çevrilir.

“Hulk” filmindən sonra düşünürdüm ki, daha rejissorluq sənətinə əlvida deməliyəm. Çünki sönüb məhv olduğumu hiss edirdim.

Atama daha bacarmadığımı, dayanmaq istədiyimi söyləyəndə o, dedi: “Sən davam eləməlisən. Növbəti filmlərini çəkməlisən. Sən yaşlı deyilsən. Uşaqlarına pis nümunə olarsan”.

Bu ilk hal idi ki, ümumiyyətlə, atamla sənətim haqda danışırdıq. Nəhayət ki, o, ilk dəfə mənə “film çək” deyirdi. Onun dedikləri haqda ciddi düşündüm. O vaxt hələ atam sağlam görünürdü. İki həftə sonra isə o öldü.

Ondan sonra işimə fasilə vermədim. Dərhal növbəti filmə başladım.

Düşündüm ki, bu, hər kəsin çətin baxa biləcəyi kiçik arthouse film olacaq.

Mən hər şeydən əvvəl ona görə işə girişdim ki, filmin kiçik büdcəsi vardı.

Film homoseksual kovboylar haqda idi və ağlıma nəsə başqa şey gəlmirdi.

Mən sadəcə növbəti filmi işləmək istəyirdim. Bu layihəni atama görə həyata keçirdim. Çünki o, ilk dəfə məni kino çəkməyə cəsarətləndirmişdi. Atama görə çəkdiyim “Qozbel dağ” məni rejissorluq sənətinə qaytardı, həyata sevgim geri döndü“.

# 2713 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #