Bakıda film çəkən italyan: "Baş nazir kinonu məhv elədi"- MÜSAHİBƏ

Bakıda film çəkən italyan: "Baş nazir kinonu məhv elədi"- MÜSAHİBƏ
8 yanvar 2015
# 12:37

Müsahibimiz Milan İncəsənət Akademiyasının müəllimi, rejissor və operator Françesko Feidir. Ölkəmizdə bir neçə günlük səfərdə olan Fei Bakıda çəkilişləri baş tutan “Rast” filminin operatorudur. Filmin ssenari müəllifi Səbuhi Məmmədli, rejissoru Nihad İsadır...

- Söhbətimizə standart sualla başlamaq istərdim. Bakı haqda ilkin təəssüratınız necə oldu? Amma xahiş edirəm, səmimi olun.

- Birinci təəssüratım odur ki, elə bil Avropadayam. Bunu formallıq xətrinə demirəm. Mənə doğrudan da elə gəldi. Çox fərq hiss eləmədim. Bu, mənim gördüyüm müsəlman şəhərləri arasında daha çox dünyəvi dəyərlərlə yaşayan şəhərdir. Amma təbii ki, iki gündür burdayam, hələ yaxşı tanımıram. Ona görə bundan artıq nəsə demək düzgün olmaz.

- Müsahibəyə başlamamışdan qabaq dediniz ki, 60-70 - cı illərdə italyan mədəniyyəti özünün yüksək dönəmini yaşayırdı. Amma indi tənəzzülə uğrayıb. Tənəzzülə səbəb nədir?

- Bütün cəmiyyətlər həm inkişaf dövrünü, həm tənəzzül dövrünü keçir. Görünür, indi bizdə tənəzzül dövrüdür. Bu, həm də müxtəlif tarixi hadisələrdən asılıdır. Yəni cəmiyyət bu tarixi hadisələri yaşayaraq yeni dəyərlər yaradır, yeni şəxsiyyətlər formalaşdırır və bu şəxsiyyətlər də incəsənət çərçivəsində qalmırlar, onlar cəmiyyət üçün önəmli mesajlar verirlər. 1950-ci illərin İtaliyası iyirmi illik diktaturadan çıxmışdı. Diktaturadan sonra cəmiyyətin yeni üfüqlər kəşf eləməyə həvəsi vardı, yeni şeylərə can atırdı. Və bu iyirmi ilin yükünü çiynindən atmağa çalışırdı. Amma bu günün İtaliyası yorğun İtaliyadı. Və bu təkcə bizdən qaynaqlanmır. Bütün Avropadan gələn bir şeydir. Elə bir dövrdə yaşayırıq ki, bizim üçün gələcək anlayışı yoxdur, indidə yaşayırıq. Bu da bizim mənfi cəhətlərimizdən biridir. Müharibədən sonrakı İtaliya inkişafa meylli idi. Amma indi o meyllər yoxdur cəmiyyətdə. Ona görə cəmiyyətin tənəzzülü yaşanır. Üstəlik, İtaliya mədəniyyəti iyirmi illik Berluskoni hakimiyyəti tərəfindən məhv olundu.

- Belə çıxır ki, yeni intibah dövrü üçün kataklizm lazımdır?

- Avropa modelində diktaturanın yaranmağı inandırıcı deyil. Yeni cəmiyyət modeli düşünmək və kəşf eləmək lazımdır ki, diktaturadan keçməyərək cəmiyyətə həmin inkişafı qazandırsın. Diktaturaya ehtiyacı yoxdur.

- Berluskoninin hakimiyyəti illərində konkret olaraq italyan mədəniyyətinə nə kimi zərbələr dəydi?

- Berluskoni hakimiyyəti dövründə mədəniyyət nazirlərindən birinin məşhurlaşmış sözü vardı: “Mədəniyyət yeyilmir”. Bu cür fikirlər bizim mədəniyyətə böyük zərbə vurdu. Berluskoni incə cərrahi əməliyyatla mədəniyyətin evini yıxdı. Adətən mədəniyyətin inkişafına çalışan insanların çoxu solçulardır. Amma o, sağçı idi. Solçuların maliyyə qaynaqlarının qarşısını kəsdi. Onların maliyyə resurslarını əlinə keçirdi. Ümumiyyətlə, İtaliya kinosu həmişə sol istiqamətə yaxın olub.

- Siz də solçusuz yəqin ki...

- Mən özümü proqressiv solçu hesab edirəm. Amma indiki dövrdə kimin solçu, kimin sağçı olması bilinmir. Sol və sağ haqda danışmaqla problemləri həll etmək olmur. Berluskoni televiziyalarda özünün təbliğ olunan həyat tərzini cəmiyyətə sırımağa çalışırdı. Çılpaq qadınlar, istehlak mədəniyyəti... Onun fikrincə, axmaq nə qədər adam çoxdursa onları idarə eləmək daha asandır. Bu siyasəti həm də təhsil sistemində apardı. Dövlət maliyyəsi ilə maliyyələşən təhsil ocaqlarını özəlləşdirdi.

- Avropa ölkələrində Hollivud kino-sənayesinin rəqabətinə dayanıqlı ölkə daha çox Fransadır. İtaliyada vəziyyət necədir?

- İtaliyada Amerika kinosu dominantdır. Berluskoni hakimiyyəti dövründə Amerika kinosu daha çox təqdim, reklam olunmağa başladı. Əvvəl Hollivuda “şeytan əməli” kimi baxırdılar, amma indi daha rahat həzm edirlər. Elə bir dövrdə yaşayırıq ki, Hollivud artıq Avropa mədəniyyətinin ayrılmaz hissəsi olub. Elə Fransada da. Fərq ondadır ki, fransızlar öz kinolarını müdafiə etmək üçün bu işə böyük maliyyə ayırırlar. Elə qanunlar qüvvəyə mindi ki, Amerika filmlərinin Fransada nümayişi zamanı əldə olunun gəlirin bir hissəsi fransız filmlərinin istehsalına xərcləndi. Bütün kinoteatrların fransız filmlərinin nümayişi kimi öhdəliyi var. Və onlar məcburdurlar ki, fransız filmlərinə yer versinlər. Amma İtaliyada bu qanunların heç biri yoxdur. Çünki Fransa ilə müqayisədə Amerika bizi daha böyük anlamda işğal edib. Söhbət əsasən İkinci Dünya Müharibəsindən sonrakı dövrdən gedir. Berluskoni hakimiyyəti dövründə italyan kinosunu müdafiə edən qanunlar yığışdırıldı. Çünki Berluskoni üçün kinonu müdafiə eləmək solçuları müdafiə etmək anlamına gəlirdi. O da bunu ləğv eləmək üçün əlindən gələni etdi.

- Hər halda italyan kinosunun güclü ənənəsi var. Və bu ənənədən qidalanan Nanni Moretto, Paolo Sorrentino, Matteo Garrone, Taviani qardaşları kimi seçilən müasiri müəllifləri var.

- Sizinlə razıyam. Ənənə önəmli faktordur. Çəkdiyiniz adlar buna sübutudur. Bir məqamı da deyim ki, indi dünyada kino sənəti mədəniyyətin mərkəzi sahələrindən biri kimi qəbul olunmur. 1960- cı illərdə Antonioninin filmləri çətin olsa da insanlar ona baxmaq üçün kinoteatrlara gedirdi. O, mədəni fenomen hesab edilirdi. İnsanlar hesab edirdi ki, biz gedib ona baxmalıyıq. Amma Sorrentino kimi rejissorların tamaşaçıları artıq 60-cı illərdəki tamaşaçı deyil. Daha kasıb düşüncəli tamaşaçılardır. Müəllif filmlərinə indi daha az sayda insanlar gedir.

- İndiki hakimiyyət kinoya maliyyə yardımı edirmi? Ümumiyyətlə yardım etmə mexanizmi necə qurulub ?

- İndiki hakimiyyət çox yaxşıdır. Bir sübutu odur ki, mən ikinci bədii filmimi çəkmək üçün hökumətdən maliyyə dəstəyi ala bildim. Əvvəlki kimi böyük bürokratik çətinliklər olmadı. İndiki baş nazir Matteo Renzi solçu olsa da bəzən sağçıların dediyi fikirləri söyləyir. Amma Berluskoni ilə müqayisədə yaxşıdır. Ona görə bayaq dedim ki, indiki dövrdə kimin solçu, kimin sağçı olması bilinmir. İndi bir partiyaya inanmaqdan çox insana inanmalısan.

- Rejissorlar maliyyə almaq üçün hansı prosedurlardan keçir?

- İndiki hökumət mədəni siyasətdə islahatlar aparıb və bu sahəyə kinodan anlayışı olan insanlar nəzarət edir. Senzura İtaliyada da var. Amma açıq senzura yoxdur. Yəni onlar elə bir vəziyyət yarardırlar ki, sən müəyyən bir üslubdan kənara çıxa bilmirsən. Amma hökumət müəllif kinosuna az maliyyə ayırır. Maliyyənin qalanını haradan tapmaq sualı meydana çıxır. Televiziyalardan, prodüser şirkətlərindən. Amma onlar da məşhur aktyorların iştirakını istəyir, komediya filmləri tələb edirlər. Adamı elə bir vəziyyətə salırlar ki, sırf o maliyyəni əldə eləmək üçün onların istəkləri ilə hesablaşmalı olursan. Bu, siyasi senzura yox, istehsalat senzurasıdır. Pul tapmaq üçün onların dediyi aktyorlarla işləməlisən, rahat həzm olunan filmlər çəkməlisən. Özünü təsdiq eləmiş, müəllif filmi çəkən rejissorlar üçün daha asandır təbii ki. Yeni müəlliflər üçün çətindir. Bəlkə birinin yaxşı ideyası var, amma o, bu ideyanı həyata keçirmək üçün senzuralardan keçməlidir. Və xərclənən pulu çıxarmaq çətin olduğu üçün heç kəs riskə getmək istəmir. İtalyan filmləri kinoteatrlarda gedir, amma çox az gəlir gətirir. Və onu xaricdə satmaq da çətin olur. Sərfəli yollardan biri odur ki, xarici şirkətlərlə bərabər layihələr həyata keçirəsən. Onları da razı salmaq üçün uyğun, ölkələri birləşdirən hekayətlər olsun ki, filmə çevirəsən. Kinoteatrlar Hollivud filmləri üçün daha keçərlidir. Amma müəllif filmləri internetdə yayımlanmasının və ödənişli olması daha yaxşı olardı. İtalyan kinosunu yaşadanlar könüllülərdir. Çoxları üçün kino hələ də müqəddəs sənətdir.

- Siz həm də müəllimsiz. Tələbələrinizdən razısızmı?

- Milan İncəsənət Akademiyasında dərs deyirəm. Tələbələrin mədəni bazası kifayət qədər yüksəkdir. Texnologiyanı yaxşı bilirlər, amma yaradıcı tərəfi unudurlar. Bir zamanlar kino çəkmək böyük mədəni baqaj tələb edirdi. Texnologiyanın inkişafı ilə bu ucuzlaşıb. Ona görə texnologiya daha maraqlıdır. Mən çalışıram onlara köhnə filmləri göstərim. Amma çətindir. Tələbələrimin məsələn, Tarkovskinin filmlərinə baxmağa səbri çatmır, diqqətlərini cəmləmirlər. Ya da kompüterdə filmə baxırlar, amma eyni zamanda kinonu yarımçıq qoyub Facebookda yazışırlar.

- İndi İtaliyada əski dövrlərdə olduğu kimi keyfiyyətli komediyalar çəkirlərmi?

- Eyni səviyyədə deyil. Çox daha aşağı səviyyədədir. Və daha asan başa gələn komediyalar. Çox az rejissor var ki, indi keyfiyyətli komediya çəkir.

# 2799 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #