Sallaqxanada eşq macərası - "Əsl kino"

Sallaqxanada eşq macərası - "Əsl kino"
10 fevral 2018
# 09:20

Kulis.az “Əsl kino” layihəsində Berlin kinofestivalında “Qizil ayı”ya layiq görülmüş “Bədən və ruh” və Kann kinofestivalında “Ən yaxşı ssenari” mükafatını almış “Müqəddəs maralın qətli” filmlərini (hər iki filmin premyerası 2017-ci ildə olub) təqdim edir.

Macar rejissoru İldiko Enyedinin ekranlaşdırdığı “Bədən və ruh” dramı eyni zamanda FIPRESSİ və ekumenik jürinin mükafatlarını da alıb.

Süjet: Orta yaşlı, qolunda qüsuru olan Endre (Geza Morçanyi) ət kombinatının maliyyə direktorudur. Kombinata yeni işçi, Mariya (Aleksandra Borbey) adlı - ətin keyfiyyətini müəyyənləşdirən texnoloq gəlir. O, soyuqdur, qapalıdır, ünsiyyətə getmir və demək olar ki, ətrafa reaksiya vermir. Amma bu, soyuq qadın Endrenin diqqətini çəkməyə başlayır. Kombinatda oğurluq hadisəsi baş verəndə günahkarın müəyyənləşdirilməsi üçün psixoloji araşdırma aparılır. Və psixoloqun əməkdaşları sorğu-sual etməsi zamanı aydın olur ki, Endre və Mariya bir-birindən xəbərsiz hər gün eyni yuxunu görürmüş. Yuxu tənha qadın və kişini yaxınlaşdırır. Ancaq bu münasibət az qalır ki, qadının intiharı ilə bitsin...

Filmin formal qatında sıradan bir sevgi əhvalatı dayanır: qadın və kişi qarşılaşır, bir-birindən xoşlanır, amma münasibətlər asan deyil.

Rejissor ilk baxışdan banal görünəcək sevgi hekayəsini müxtəlif -freydist (qəhrəmanların şüuraltı istəyinin yuxuda ifadəsi ), dini fatalizm, nağıl (taleyin, yuxunun iki nəfəri gerçəkdə birləşdirməsi), sosial (qazanılmış təcrübənin bu münasibətlərə təsiri) qatlarda işləyir. Üstəlik, sevgi əhvalatı hansısa romantik məkanda yox, sallaqxanada cərəyan edir.

Müəllif bu qatları sırf realist, dokumental manerada işləyərək, onları obrazların gündəlik, monoton həyatında peşəkarlıqla yerbəyer edir.

Filmin gerçək sallaqxanada çəkilməsi sənədliliyi daha da gücləndirir. Heyvanların kəsilmə prosesinin detalları, bol qan səhnələri fonunda iki nəfərin həssas, zərif hissləri güclü təzad yaradır. Bu təzad Endrenin xarakteri ilə işi arasında da paralelləşir. O, həssas təbiətli, xeyirxah, anlayışlıdır, ancaq yaşamağın formulu- sərt gerçəkilk başqa qanunları diktə edir.

Münasibətlər Mariyaya özünü, bədənini tanımağa, hiss etməyə, ətrafla ünsiyyətə girməyə kömək edir. Qadınlara ancaq fiziki həzz kimi baxan Endrenin qəlbini isə sevgiylə doldurur.

Kamera tez-tez eyni kadrlara - sadə, yarıboş, səssiz mənzillərində darıxan tənha qəhrəmanların təsvirlərinə fokuslanır.

Bununla belə monoton kadrlar dinamikanı öldürmür, bir an da olsun darıxdırmır, əksinə hər təsvir, detal dramaturji gedişləri nizamlayır.

Qəhrəmanların yuxularının (hər ikisi yuxuda meşədə rastlaşan dişi və erkək maral görür) poetik təsviri real təsvirlərlə bütünləşir.

Finalda rejissor əhvalatın faciəyə çevrilməsi anında, qəfildən elə dönüş edir ki, bunu ancaq izləmək lazımdır. Hər halda sual yenə açıq qalır: Cisimlər birləşəndə, sevgi hiss olaraq fiziki formaya keçəndə ruhumuzda nə baş verir, nə dəyişir?

***

Digər film Britaniya, Amerika və İrlandiyanın birgə istehsalı olan, yunan rejissoru Yorqos Lantimosun “Müqədddəs maralın qətli”dir.

Süjet: Cərrah Stiven (Kolin Farrell) sevdiyi arvadı Anna (Nikol Kidman) və iki övladı ilə birlikdə sakit həyat sürür. Nə vaxtsa peşə etikasını pozaraq içkili halda pasiyentini əməliyyat edir və xəstə cərrahiyyə stolunda ölür. Pasiyentin oğlu Martin (Barri Keoqan) bunda Stiveni günahkar bilir. Günah hissi yaşayan Stiven oğlana atalıq qayğısı göstərir, bahalı hədiyyələr alır, yeməyə dəvət edir. Ancaq yeniyetmə bununla təsəlli tapa bilmir.

O, çox şey istəyir. Cərrah məsuliyyətsizliyinə görə cəzasını almalıdır. Ədalətin bərqərar olması üçün isə onun ailəsindən bir nəfər-ya oğlu, ya qızı, ya da arvadı qurban getməlidir. Oğlunun ayaqları tutulanda Stiven anlayır ki, Martinlə zarafat etmək olmaz. Yoxsa onların hamısı sağalmaz xəstəlikdən öləcək. Stiven çətin, dəhşətli seçim qarşısında qalır...

Lantimosun filmlərində daha çox tamaşaçıda şok effekti yaratmaq niyyətinin güclü olduğu hiss olunur. O, müəmmalı, sərt dönüşlərlə, gözlənilməz yozumlarla onu çaşdırır, suallarla baş-başa qoyur. Şok effektlərin ustası Mixail Haneke əgər, filmlərində, dərin, çoxmənalı, qlobal suallar qaldırırsa, Lantimosda bu suallar ekranda baş verən əhvalatın çərçivəsindən çıxmır.

Hər halda rejissor triller janrının elementlərindən yararlanaraq seyrçini həyəcanda saxlayır.

Film qədim yunan əsatirinin motivinə əsaslanır: Hökmdar Aqamemnon ovda Artemidaya məxsus maralı öldürür. İlahə qisas almaq üçün onu məcbur edir ki, qızı İfigeniyanı qurban versin.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

# 1658 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #