Sevmədən sevişmək

Sevmədən sevişmək
6 iyun 2013
# 07:30

Sevda Sultanova

Sevgi həyəcanla - gözləntilər, illüziyalar, qadınla kişinin bir-biri haqda reallıqla uyuşmayan ideal obraz yaratmasıyla başlayır.

Sonra həyəcan tədricən azalır, yerini alışqanlıq, vərdiş tutur, sevgi nəsə başqa şəkil alır, öhdəçiliyə, məsuliyyətə çevrilir.

Açıq etiraf olunmasa da, qəlblərdə yeni bir duyğunun həyəcanını yaşamaq zərurəti yaranır.

İndi kompüter dilində buna “refresh” deyirlər.

Qadın-kişi münasibətlərindəki problemlər müxtəlif illərdə müxtəlif rejissorlar tərəfindən ciddi kinoya gətirilib.

Yadıma düşənləri sadalayram: L.Malın “Sevgililər”, İ.Berqmanın “Ailə həyatından səhnələr”, M.Antonioninin “Alatoranlıq”, K.Şabrolun “Xəyanətkar qadın”, A. Teşinenin “Zamanı geri çevirmək”, Patris Lekontun “Açıq etiraf”, Vonq Karvayin “Sevgi əhaval-ruhiyyəsi”, Tom Tikverin “Üç” dramı...

Nəhəng urbanizasiyalaşmada əzilən müasir insanın özgələşməsini, tənhalaşmasını qadın-kişi münasibətləri kontekstində anladan, son illərin məhsulu olan bir neçə film var. Həmin filmlər vəziyyətə yeni baxış təklif edir.

Kimlikləri anonim qalan qadın və kişi münasibətlərini məişətləşdirmədən, sosiallaşdırmadan, bir-birini tanımadan, həyatlarından sorğu –sual etmədən sevişirlər. Aralarında yeganə ünsiyyət dili bədən, seksdir.

Bunun kinoda ilk örnəyi yəqin ki, Bernardo Bertoluççinin “Parisdə son tanqo” dramı sayılır. Baxanlar bilir ki, öz dövrünün qalmaqallı filmlərindən sayılan “Parisdə son tanqo”da qadınla kişi tanış olmadan, adlarını bilmədən sevişirlər.

Bu motivi fransız Frederik Fonteyn “Pornoqrafik əlaqə” dramında son dərəcə həssaslıqla, psixoloji incəliklə işləyir.

“Pornoqrafik əlaqə” adı kimisə çaşdırmasın. Film pornodan tamamilə uzaqdır və yüngül, qısa yataq səhnələri obrazların açılmasına xidmət edir.

Tənha qadın və kişi elan əsasında görüşür, ümumi, ötəri söhbətdən sonra otel nömrələrindən birində sevişirlər. Qəhrəmanlar otelin pilləkənlərini qalxanda və qapı arxalarınca örtüləndə aydın idi ki, rejissor tamaşaçını onların yatağına soxmayacaq.

Qadınla kişi davranışlarında korrekt, ehtiyatlıdırlar. Keçmiş həyatlarındakı uğursuzluqdan dolayı kişi qadını, qadın isə kişini qəlbinə, ruhi dünyasına yaxın buraxmır, keçmişlərindən, şəxsi həyatlarından, peşələrindən, harda yaşamalarından danışmırlar, adlarını belə soruşmurlar. Hər görüşdə fiziki bağlılığın mənəvi bağlılığa çevrilməyin tədirginliyini yaşayırlar. Təcrübə onları ehtiyatlı olmağa məcbur edir. Çünki söz başlayan yerdə bir-birinin dünyasına girəcəklər, sonra sözlər tələblərə, daha artığını istəməyə, sosial məsuliyyətə, çatlara yol açacaq.

Amma istəmədən fiziki təmas sevgiyə meyllənir, onlar daha çox şey bilmək istəyirlər. Məhz o anda qadın və kişinin tərəddüdü, şübhələri başlayır: bəs sonra necə olacaq? Yenidən məyusluqmu, gözəl hisslərin ətalətə çevrilməsinimi yaşayacaqlar? Və artıq kəlmə demədən ayrılığı seçirlər, vaxtında dayanmağa güc tapırlar. Ən azından xatirələrdə nəsə xoş bir şeyin qalmasından ötrü.

Qəhrəmanların müsahibələri üzərində qurulan “Ponoqrafik əlaqə” həssas, sevgi idealizəsindən, pafosdan uzaq, zövqlü filmdir. Xüsusən də həyata romantikasız, real baxan, sağlam analiz edən yetkin insanlar üçün daha maraqlı olacağını düşünürəm. Mənim üçün bu film daha çox qadın-kişi münasibətlərindəki mədəni, ədəbli davranış qaydalarına görə əhəmiyyətlidir.

Ümumiyyətlə, daha çox fransız rejissorları qadın-kişi münasibətlərini incə, psixoloji dəqiqliklə işləyirlər.

Onlardan biri də “İntim” in müəllifi Patris Şerodur.

Əhvalatın əvvəlində səliqəsiz, pinti otaq, siqaret kötükləri ilə dolu külqabı, boşalmış içki şüşələri və bu düzənsizliyin içərisində ayaqlarını qarnına yığmış, özünü qolları ilə sararaq uzanmış kişinin tənha, dünya ilə əlaqəsinin qırılmış vəziyyətinin ifadəsi “Parisdə son tanqo”dakı Polla idendikləşir.

O, tanımadığı qadınla həftədə bir dəfə sevişir. Susaraq, kəlmə etmədən.

Cinsi aktın natural təsviri şəhvət, ehtiras hissi oyatmır. Çünki Şeronun yozumunda bu sırf seksi yox, ruhun özgələşməsini ifadə edir. Cinsi aktın xarakterində tənhalığa, monotonluğa etiraz, üsyan var və qadınla kişi fiziki təmasla həm də özgələşməni adlamaq istəyirlər. Bu, həyatdan yorulmuş, usanmış iki tənha insanın sevişməsidir.

Əhvalatın sonrakı gedişində keçmişə qısa dönüşlərlə kişinin həyatı ilə tanış oluruq. O, arvadından ayrılıb, bir oğlu var. Qadının da bir oğlu var və əri ilə münasibətlərində hər şey tükənib.

Anonim münasibət davam etdikcə əvvəlcə qadına biganə olan kişidə tədricən onu tanımaq ehtiyacı yaranır. Qadının həyatına bələd olduqca onun təkcə vücudunu yox, ruhunu da sevməyə başlayır, artıq özünün darısqal, yarımqaranlıq evində onu laqeydliklə yox, həyəcanla gözləyir.

Tanımadığı, adını bilmədiyi birisi ilə sevişmək və gizlilik qadına həyəcan verir, bu, bir növ maraqlı oyuna bənzəyir. Gizli münasibət hər ikisinin sıxıcı həyatını canlandırır, həyatlarındakı boşluğu doldurur, parlaqlıq qatır, içlərində ölmüş “mən”i dirildir, kişidən çox qadın bunu sakral bir şey kimi qoruyur.

Amma kişinin ibtidai duyğusu, qadına tam sahib olmaq eqoistliyi sakrallığı faş edir.

Kişi qapalı münasibətə qane olmur, o daha çox şey istəyir.

Finalda kişinin qadına dediyi “sənə yalnız belə münasibət lazımdırsa, deməli, elə şey bilirsən ki, mən bilmirəm. Sən nəsə tapmısan, mənsə yox” ifadəsi kişi ilə qadının bu münasibətlərə baxışının qırılma nöqtəsidir.

Kişinin birlikdə yaşamaq təklifini qadın qəbul etmir, ayrılığa qərar verir. O, bu əlaqənin də təravətini itirəcəyindən, tükənəcəyindən qorxur. Və həyatının yeganə gizli, parlaq parçası artıq əhəmiyyətini itirir.

“Friends with benefits” melodramı isə yuxarıda sadaladığım ciddi sənət filmlərinin tipik Hollivud versiyasıdır. Gənc cütlük qarşılıqlı məsuliyyətdən, öhdəçilikdən, problemlərdən qaçmağın yolunu sevgisiz seksdə tapır. Əvvəlcədən saziş imzalayırlar: qısqanmayacaqlar, şəxsi həyatlarına qarışmayacaqlar, hesab sormaycaqlar. Yalnız seks.

Kütləviliyə hesablanmış təhkiyənin popsalaşdırılması temanı dözülməz yüngüllüyə aparır.

Hər halda filmlərin mesajı eynidir. Fiziki təmas bir yerə qədərdir. Sevgisiz münasibətlər məhvə məhkumdur. Bəs sevgini ətalət basırsa onda necə olsun? Sualın cavabı yoxdur. Bəlkə də cavab sevgi üçbucağı ilə (iki kişi və bir qadın) “Üç” filmində yeni ailə modelini təklif edən Tom Tıkverin şəxsi təcrübəsinə əsaslandığı fikirlərindədir:

“Monoqamiya mifdir. Stabil xoşbəxtlik eyni adamla mümkün deyil. Biz özümüz üçün azadlıq istəyirik, amma sevgilimizə onu rəva görmürük. Ona dözümlə yanaşsaq və sərbəstlik versək xoşbəxt olarıq. Bu ailə modeli hardasa mənim üçün idealdır. Hər kəs öz həyatını, həm də birlikdə yaşayır”.

# 14808 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #