Pedro Almadovar: "Təcrid olunmuş vəziyyətdə yaşayıram" - Müsahibə

Pedro Almadovar: "Təcrid olunmuş vəziyyətdə yaşayıram" - Müsahibə
24 may 2019
# 10:37

Ötən günlərdə Kann kinofestivalında rejiossor Pedro Almadovarın festivalın müsabiqə proqramında yarışan “Ağrı və şöhrət” filminin premyerası baş tutub. Almadovarın bu avtobioqrafik filmində Antonio Banderas və Penelopa Kruz çəkiliblər.

Kulis.az rejissorun filmin premyerasından sonra rus mətbuatına verdiyi müsahibəni təqdim edir.

-Sizin “Ağrı və şöhrət” filminiz həyatınızın qısa təsviridir elə deyilmi?

-Mən deyərdim ki, istənilən adamın həyatının təsviridir. Çünki “Şöhrət” sözünün altında mən şəxsi uğur, həyatınla istədiyini etmək imkanını görürəm. Əlbəttə, insanlar çox vaxt şöhrəti böyük rejissorlar və ya rəssamlarla assosiasiya edirlər, amma mən daha ümumi anlayışı nəzərdə tuturam. Həyat həmişə onunla hörülür: ağrı, tənhalıq və azadlıqla...

-Bəs ağrı? Həyatınızda ən çox ağrıdıcı məqam hansı olub?

-Qəhrəmanım Antonio Banderasın oynadığı rejissor Salvador kimi mən də belimdəki ağrılardan əziyyət çəkirəm. Hətta əməliyyat da olunmuşam. Axı bizim bütün bədənimiz belə dayanır və onun sağlamlığından asılıdır. Əməliyyatım çox ağır keçmişdi, əməliyyatdan sonrakı reabilitasiya dövrümsə ondan da ağır və uzun idi.

-Bəs emosional və psixoloji ağrını desək?

- Çox sevdiyim bir insanla münasibətləri kəsməli olanda dərin iztirab keçirmişəm. Əgər adamı sevirsənsə amma ağlının hökmü ilə ayrılmalısansa bu çox ağrılı prosesdir, sənə qeyri-təbii gəlir. Elə bil bədəninin hansısa hissəsini, məsələn, əlini amputasiya etməlisən.

-“Ağrı və şöhrət” də alter-eqonuz kimi niyə Antonio Banderası seçmisiz?

-Birinci növbədə məndən yaraşıqlı olsun deyə (gülür). Əlbəttə Banderasın xeyli keyfiyyəti var ki, bu, onu əsl sənətkar edir. Bir də onun yaşı da bu rola uyğun idi. Daha sonra o, filmdə bəhs olunan ağrı ilə yaxından tanışdı: onun da ürəyində problem var və üç dəfə ciddi əməliyyat keçirib. Mən ona dedim: “Antonio, sən həyatsevər insansan, amma sənin simanda yaşadığın ağrının izi qalıb”. Bu, personaj üçün lazımlı idi. Bundan başqa, Antonio mənim yaşlı dövrümlə yaxından tanışdır, o, mənim filmdə göndəriş etdiyim bir çox hadisələrdə iştirak edib.

- Banderas deyirdi ki, çoxillik dostluğa baxmayaraq, o, sizin şəxsi həyatınız haqda demək olar ki, heç nə bilmirmiş və filmə başlayandan sonra bir çox məsələ onun üçün kəşf olub.

-Bu doğrudur, mən həmişə öz şəxsi həyatımı gizli saxlayıram. Hətta ən yaxın dostlarımdan belə. Ümumiyyətlə, heç vaxt düşünməzdim ki, durub birdən-birə öz həyatım haqda film çəkəcəyəm. Ssenarini yazmağa başlayanda daxilimdə bir müqavimətlə rastlaşdım – mən axı bütün həyatımı kameranın qarşısında çılpaq qoymağa hazırlaşmırdım. Bundan kino çıxacaq deyə bir əminliyim də yox idi. Lakin, zamanla anladım ki, qarşımdakı material zəngindir, məni həvəsləndirir və proses məni öz ağuşuna aldı. Bu fikir yaranan kimi də mənim kağız üzərindəki real həyatım məna kəsb etməyə başladı. Sən yazanda səninlə mətn arasında avtomatik olaraq bir məsafə yaranır. Mən özümdən yazırdım, amma özümdən yazıram kimi bir hissim yox idi. Çəkilişlərə başlayanda isə bu məsafə daha aydın görünürdü – bu məsafə təbii, orqanik və vacib idi. Antonio gözümün qarşısında məni oynayırdı.

- Tənhalıq sanki filmdə ayrıca bir obrazdır...

- Elədir.

- Həqiqətən, siz bu qədər tənhasız?

- Etiraf etməliyəm ki, son illər daha təcrid olunmuş və yadlaşmış bir vəziyyətdə yaşayıram. O qədər ki, indi bir az dünyəvi həyata qoşulmağa cəhd edirəm. Bu filmdə danışdığım ağrılardan biridir. Sən evdən çıxmırsan, dostlarla zəngləşmirsən, qonaq getmirsən, - müəyyən bir vaxtdan sonra adamlar sənə gec-gec zəng etməyə başlayır. Sən qapanıb tək qalırsan. Tənhalıqsa kinematoqrafçının daimi yol nişangahıdır: ssenari yazmaq olduqca tənha prosesdir. Mən bunu qəbul etmişəm, tək yaşayıram və bunu əzab kimi qəbul etmirəm. Amma bir tərəfdən də məni narahat edir: ölkəmdə nə baş verir, ölkənin sosial vəziyyəti necədir? İnsanlar necə yaşayırlar? – Mən o zaman insanlarla ünsiyyətə ehtiyac hiss edirəm, istəyirəm biləm ki, onların həyatı necə keçir. Uzun müddət mənim bir dəstə dostum var idi. Amma indi hamı harasa yoxa çıxıb – kimsə ölüb, kimsə uzaqlaşıb, kimdənsə mən uzaqlaşmışam. Rejissor üçün böyük problemdir: adamlar haqqında danışmaq üçün başqa həyatlara qarışmalısan, amma ikinci dərəcəli üzv kimi özünü hiss edəndə əlaqəni itirirsən.

-Bəs siz niyə özünüzə qapandınız?

-Birinci növbədə səhhətimdəki problemə görə. Belimdəki ağrılar başımda yarandı, güclü miqrenim vardı. Bu vəziyyətdə adam arasında olmaq çətindir. Azca yüksək səs, həddən artıq parlaq işıq, demək olar ki, hər şey böyük narahatlıq yaradır. Mən şikayətlənmək və öz problemlərimi tökmək istəmirəm, amma həqiqətən mənim qapanmağıma bunlar səbəb oldu. Mən hətta ağrılara baxmayaraq sosiallaşmağa cəhd etdim və edirəm. Məsələn bu yaxınlaradək həftədə bir dəfə kinoya və ya teatra getməyə cəhd edirdim. Baxmayaraq ki, gur işığa görə qara eynək taxdığım üçün çox səfeh görünürdüm. Bu məsələdə acı bir ironiya var: rejissor kimi mənim üçün işıqla işləmək çox vacibdir.

-Dəhşətdir ki...

- İndi təsəvvür edin, çəkiliş meydanında nə şəklə düşürəm; Həmişə şapka, gün eynəyi taxmalı oluram. Qulaqlarımı şapka ilə tuturam ki, səs məni incitməsin. Çox vaxtımı tamamən qaranlıq divarlar arasında köşkdə otururam, pleybeklə çəkilənlərə baxıram. Amma filmdən çox razıyam. Heç şikayətlənmək istəmirəm. Təbiətcə həyatsevər insanam. Çoxları məndən betər əzab çəkir, onlara heç kömək edən də olmur. Bir də, bunlar qocalmağın qaçılmaz bir hissəsidir. Bundan qaçmaq yox, bununla daxilən barışmaq lazımdır.

-“Ağrı və şöhrət”də həm də həssas filmdir. Siz bu filmdə 9 yaşında hiss etdiyiniz seksuallıqdan danışmısız, qocalıqdan, keçmişin kabuslarından danışmısız.

- Ssenari yazmağa başlayanda eynən qəhrəman kimi həssas idim, hərçənd mənim səhhətim filmin qəhrəmanına baxanda xeyli yaxşıdır Bu mövzuları qaldırmaq narahatlıq gətirirdi, həyəcan verici idi, hətta müəyyən qədər utanırdım. Adi həyatımda bunları danışmağa cəsarət etmərəm, ona görə də öz həssaslığımdan, kövrəkliyimdən yazmaq ağır idi. Amma vacib idi, yoxsa personajın daxili dünyası açılmazdı. Bir tərəfdən də bu mövzular daima mənimlədir, onlar bütün yaradıcılığım boyu məni izləyir...

# 2573 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #