Təbiət qoynunda ailə dramı - Sevda Sultanova

Təbiət qoynunda ailə dramı - Sevda Sultanova
21 avqust 2024
# 10:21

Kulis.az Emin Əfəndiyevin "Tənha insanın monoloqu" filmi haqqında Sevda Sultanovanın məqaləsini təqdim edir.

Rejissor Emin Əfəndiyev müharibəni ailə dramlarında vizuallaşdırır və onun fəsadlarını doğma adamların münasibətləri kontekstində araşdırır. Müharibə mövzusunu, rejissor, ilk dəfə qısametrajlı “Yuva” (2012) filmində işləyir. Ucqar kənddə yaşayan ailənin evinə bir gün orta yaşlı, səfil kişinin gəlişi hər şeyi dəyişir. Gözlənilməz qonağın qadının uzun müddət erməni əsirliyində qalmış birinci əri olduğu aydınlaşır. Keçmiş ər ailəsini və evini geri qaytarmaq istəyir. İkinci ər isə təslim olmaq istəmir. Finalı, müəllif bilərəkdən açıq saxlayır, kimin qalib gəldiyini bəlli eləmir; çünki onun yozumunda əsas qələbə yox, ümumiyyətlə, savaşın nəticələrindən, onun meydana gətirdiyi çıxılmaz vəziyyətlərdən əziyyət çəkən insandır. Ona görə təsvir və dialoqlarda müəllif Qarabağ müharibəsinə vurğular eləmir. Daha çox pritça janrının xüsusiyyətlərinə istinad edən, müharibəyə metafor olan “Yuva”da universal yanaşmanı seçir.

Sonraki illərədə Emin Əfəndiyev müharibə mövzusuna sənədli filmlərində (“Vətən qeyrəti”, “Müəllim”, “Qoruyucu mələk”) qayıdır. Həmin sənədli lentlərdə müharibə artıq ərazi və qəhrəmanlarla konkretləşir. Nə qədər konkretlik olsa belə, rejissor hekayələrini bəşəri müstəvidə danışmağa çalışır - qəhrəmanların ədalət və həqiqət duyğusunu, onların vətən uğrunda özünüqurban, fədakarlıq aktını qabardır; mümkün qədər təbii, kinematoqrafik səciyyə daşıyan kadrlar qurur, müsahibə metodundan çox hallarda imtina edir, döyüş yoldaşları, ailə üzvləri qəhrəman haqda xatirələrini söhbət formasında danışır, sanki kamera bu söhbətdə təsadüfən peyda olub.

Emin Əfəndiyev, bu il Milli Kino Günündə premyerası keçirilən, demək olar ki, tammetraja yaxın, 52 dəqiqəlik “Tənha insanın monoloqu” bədii flmində “Yuva”dakı ümumi diskursu dəyişmir. Bu dəfəki hekayə də “müharibənin fəsadlarından əziyyət çəkən insan” konsepsiyasının davamıdır və burda artıq Qarabağ müharibəsinə açıq vurğular var.

“Tənha insanın monoloqu” klassik ata-oğul əhvalatıdır. Müəllif onu başqa detal və mənalarla yükləyərək, məişət dramı çərçivəsindən çıxarır, mürəkkəb ata-oğul münasibətlərinə müharibə kontekstini yerləşdirir. Birinci Qarabağ Müharibəsi qazisi olan ata (Mahir Dərviş) kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Onların konfliktini doğuran səbəblər arasında mental, patriarxal faktorlar da var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın aldığı psixoloji yaralardır (müharibədir). Atəşkəs dövründə belə ailədə müharibə bitməyib, o, başqa səviyyələrdə təzahür edib: atanın diktatorluğunda, döyüb-söyməsində, adamyovuşmazlığında, evdə daimi əsəbi mühit yaratmasında və s.

_1720698851

Rejissorun təklif elədiyi hadisə bir gündə baş verir. İlk kadrlarda hüzurlu təbiət təsvirlərinə minor, lirik musiqi (Azər Hacıəsgərli) kölgə salır və bu, əhvalatın mahiyyəti haqda ilkin impulslar yayır. İkinci Qarabağ müharibəsinə çağrılan oğul (Elşən Əsgərov) yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhətiylə qocalar evinə qoymağı planlaşdırır.

Ekspozisiyada qayğıkeş bir oğul obrazı canlanır. Müəllif maraqlı fənd tətbiq edir; hər dəfə oğul bir məişət tapşırığını yerinə yetirəndə (atanın altını təmizləyəndə, havaya çıxaranda, toyuğu yolanda, atanı erkən vəfat etmiş qardaşı və ananın məzarına aparanda, yemək yeyəndə, atanın üzünü təraş edəndə, çimizdirəndə, ova gedəndə və s.) keçmişdən bir xatirəsi canlanır, beləcə, ailə dramı son səhnəyədək pazl kimi yığılaraq tamamlanır. Bu mənada detallı məişət təsvirləri altqatsız, boş verilmir, hər şey dramaturgiyanın bütünləşməsinə xidmət edir.

Xatırladığı hər parçada oğul fərqli emosiyalar keçirir: sevgi, əzab, nifrət, xiffət, sevinc, məyusluq, çarəsizlik, ümid, qürur. Bu duyğular təbii olaraq, onun ruh halıyla uyğunlaşır. Oğulun emosiyalarına ata yalnız göz ifadəsiylə reaksiya bildirir: gözləriylə razılaşır, sevinir, sevir, etiraz edir, qəzəblənir və s.

İşıqlı və qaranlıq xatirələri arasında çırpınan, ziddiyyətli duyğular keçirən oğulu bütün hallarda rejissor sinikləşdirmir. O, atanın ucbatından mənəvi yaralansa da, yenə də qayğısına qalır, mərhəmətini itirmir. Hətta atasına, onu nə vaxtsa öldürmək istədiyini deyəndə belə onun gözlərində dərin ağrı və boşluq dolaşır. Elşən Əsgərov “Mərmər soyuğu”nda nə qədər sönük oyun nümayiş etdirisə, “Tənha insanın monoloqu”nda bir o qədər parıldayır. Rolunun məğzini, qarşısına qoyulan tapşırıqları tamamən mənimsəyərək hər vəziyyəti psixofiziki, emosional qatda, özü də böyük planlarda təsirli, təbii, orqanik oynayır, inandırır.

_1720698857

Filmin təsirli və estetik mənada əla həll olunmuş epizodlarından biri oğulun etiraf səhnəsidir. Bu epizodda operator Daniel Quliyev oğulu elə rakursdan göstərir ki, onun daxilindəki təbəddülatları təsvirdə dəqiq oxuyursan, onun həssas təsvirləri sözlərdən daha artıq informasya ötürür. Bir sıra epizodlarda isə ata və oğul eyni plandadır ki, bu da onların həmin andakı ovqatlarını, təklif olunmuş vəziyyətə uyğun olaraq ya yadlaşmanı, ya doğmalığı, ya da ağrılı münasibətləri bərpa etmək cəhdini çatdırır. Yaxud ov səhnəsində, ata eyni zamanda iki rakursdan göstərilir. Arxadan çəkilmiş, həyat eşqini itirmiş hərəkətsiz bədəni ilə pəncərədə əks olunan solğun, məyus üzünün vəhdəti situasiyanın ağırlığını elə çatdırır ki, bunu heç bir söz ifadə etmək gücündə deyil. Ümumən, personajların psixoloji-ruhi ovqatını tamamlayan mizanlar və kameranın baxış bucaqları, rejissor-operator-aktyor əməkdaşlığının alınması nəticəyə əhəmiyyətli təsirini göstərib.

Filmin adı da özünü doğruldur. Əslində bu əhvalatda ata da, oğul da tənhadır. Onların tənhalığı cəmiyyətdən izolyasiya olunmuş, məkanlarla da vurğulanır.

Müharibə hər ikisini qurbana çevirib. Ata vətən uğrunda sağlamlığını itirib, ailə dağılıb, oğul isə ataya görə özünü qurban verib. Hadisənin gedişatında ata qoclar evində yaşamaq istəmir, ölümü seçir. Ölmək istədiyini bildirən ata, yarımçıq qalmış missiyasını yerinə yetirir; o, ikinci dəfə vətənə görə özünü qurban verir, yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.

Mahir Dərviş doğrudan da, çətin bir işin öhdəsindən gəlir. Emin Əfəndiyevin sözlərinə görə, o, Mahir Dərvişi ata roluna öncədən düşünmüşdü:

“Fiziki göstəriciləri də uyğun gəlirdi. Oğul roluna başqa aktyoru düşünmüşdüm, amma tamaşası olduğuna görə alınmadı. Periodik axtarışlarda Elşən Əsgərovun üzərində dayandıq. Elşən daxilən zəngin aktyordur, düşünür, fikirləşir, başa düşür. Aktyorlarla xeyli məşq etdik. Çəkilişdə də səhnələri, psixoloji vəziyyətləri analiz edirdik. Rahat oldu işləmək. Mən aktyorları çərçivəyə salmıram. İmkan verirəm ki, improvizə etsinlər, amma xarakterləri çərçivəsində”.

tenha_bir_insanin_monoloqu-015

Rejissor poetik təsvir həllərinə üstünlük verir. Daniel Quliyevin sözlərinə görə, məqsəd ailə dramını təbiətin gözəllikləri ilə kontrastda göstərmək idi: “Mümkün qədər poeziyanı ötürməyə çalışırdıq. Burdan yola çıxarq bəzi referans materiallara baxdım. İlk və son səhnədə Tarkovskinin “Güzgü”sünün atmosferinin duyulduğunu deyənlər oldu. Amma kəndin girəcəyi poetik deyildi. Adi bir yol idi, dərinlik yoxuydu. Qayıdanda yolüstü buranı gördük və çəkdik. Bütün rakurslar məkana uyğun olaraq tapılıb, nəinki hansısa filmdən ilham alınaraq. Bir də məkanda nə hiss edirdimsə, ona uygun kompozisiyalar qurulurdu ve mizanlar Eminlə danışlırdı. Ancaq rəng və işıq həllinə görə əsas "The Banshees of Inisherin” və “Eight mountains” filmlərindən ilham almışdım”.

Hərçənd, ümumi vizual konsepsiyada bəzən təbiət-qəhrəmanın əhvalından, travmalarından doğan kabus, qorxu intonasiyasında təsvir olunur: ov səhnəsində, ata tüfəngin tətiyini hərəkətə gətirməyə çalışanda və boş güllə açılanda oğulun qorxunc səsi, qüruba enən günəş altında sonsuzluğa yürüməsi və daha bir neçə epizodda.

Bəzi səhnələrdə musiqi səhnəyə emosional güc qataraq onun elementi kimi çıxış etsə də (xüsusən, əvvəldə, finalda və oğulun atanın ayağını yuma səhnəsində), digərlərində isə musiqisiz, təbii səslərlə də keçinmək olardı.

Sonda oğulun “biz qalib gələcəyik” mesajı eyni zamanda müharibə və şəxsi müstəvidə səslənir.

“Tənha insanın monoloqu” ata və oğulun bitmiş, tükənmiş münasibəti haqdadır. Lakin, bu, daha çox bir sevgi əhvalatıdır; bəzən insan sevginin çoxluğundan əziyyət çəkir və sevgi əks duyğulara transformasiya olunur.

azlogos.eu

# 1431 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #