Onlar hesabat verməyə borcludur!

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

29 noyabr 2021
# 15:10

Haqqında yazdığım məqaləyə ayırdığım vaxtı daha səmərəli işlərə, məsələn, yaxşı filmlər izləməyə xərcləyə bilərdim. Ancaq neyləmək olar, elə hadisələr baş verir və həmin hadisələr elə yön alır ki, ona laqeyd qala bilmirsən. Söhbət, ötən həftə başa çatmış Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nəticələri ətrafında dolanan söz-söhbətdən gedir. Kəsə olmağa və mövzuya dair mühüm nöqtələrə toxunmağa çalışacam.

Mübahisə və ya qalmaqal (kim artıq necə görürsə) sözügedən festivalın yerli müsabiqə iştirakçılarından birinin, səhv eləmirəmsə, dostunun facebookda yayımladığı statusu ilə başladı. Status müəllifi üç nominasiyanın ("ən yaxşı bədii film", "ən yaxşı rejissor" və "ən yaxşı animasiya") sahibsiz qalması səbəbindən narazılığını bildirir və “necə ola bilər ki, 8 film (bədii filmlər nəzərdə tutulur -red) arasından biri digərlərindən az da olsa üstün olmasın” sualını verir. Xatırladım ki, sahibsiz qalan nominasiyaların ümumi mükafat fondu 3 min manat olub.

Kulis-ə verdikləri açıqlamada münsiflər heyətinin bir neçə üzvünün, həmçinin festivalın təşkilatçısı Fehruz Şəmiyevin ümumi fikri bundan ibarətdir ki, nominasiyaların boş qalması, müsabiqədəki bədii filmlərin buna layiq olmamasıydı. Ümumən, açıqlamalardan gəldiyim nəticə bu oldu ki, 8 filmin hamısı nəinki zəif, nəinki keyfiyyətsiz, hər mənada çox aşağı səviyyəli olub. Doğrusu, münsiflərin seçimi, mövqeyi məni o qədər də qayğılandırmır. Çünki əsas məsuliyyət 8 filmi müsabiqə mərhələsinə layiq görən, onları seçən adamların üzərinə düşür. Və istər-istəməz sual yaranır ki, əgər filmlər bu qədər səviyyəsiz idisə, hansı meyarlara əsasən müsabiqə proqramına düşüb? Ancaq ona görə ki, yerli müsabiqə baş tutsun? Onda festivalın kinomuza faydası nədən ibarətdir, əcəba? Ya da belə deyək, bu festival milli kinomuzun hazırkı durumuna nə kimi töhfə verdi? Ümumi mənzərəyə baxanda, belə qənaətə gəlmək olar ki, 12-ci ildir keçirilən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının kinomuza elə bir ciddi töhfəsi, müsbət təsiri olmayıb. Əksi baş versəydi, bu il mükafat verməyə heç olmasa bir yaxşı film tapılardı.

Festivalın bağlanış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov “Festivallar hər bir ölkədə kinonun göstəricisidir” deyib. Rüfət Həsənov haqlıdır. Yəni 8 bədii film kitç sayılırsa, bu, kinonun vəziyyətinin göstəricisidir artıq. Bəs günahkar kimdir?

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda yerinə yetirilməyən bəndlərindən biri ölkədə keçirilən ənənəvi beynəlxalq kinofestivalların nüfuzu və səmərəliliyinin artırılması idi. Lakin əvəzində o baş verdi ki, Audiovizual, Şərq-Qərb beynəlxalq festivalları dayandırıldı. Festival kinonun inkişafını şərtləndirən amillərdən biridir. Lakin festivallar həm də o vaxt davamlı və səmərəli olur ki, ölkədə kinosənaye, kinoprokat, daxili bazarda güclü rəqabət var. Yuxarıda adı çəkilən festivalların ömrünün qısalığı həm də bu faktorla bağlıydı. Həmçinin, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının yerli kinomuz üçün səmərəsizliyinin, sadəcə görüntüdən başqa bir şeyə yaramadığının da bu amillə birbaşa əlaqəsi var. Məhz bu səbəbdən festivalın intonasiyasında bir konyunktur ab-havası duyulur.

Yeri gəlmişkən, latıncadan festival “bayram” deməkdir və müxtəlif sənət növlərində ən yaxşı məhsulların nümayişi, qiymətləndirilməsidir. Festival həm də yeni adların, yeni tendensiyaların üzə çıxarılmasıdır. Amma bir halda ki, ölkədə kinosənaye yoxdur, filmlərə maliyyə ayrılması mexanizmi aydın və şəffaf deyil, doğru kinosiyasət qurulmur, gənclərə doğru-düzgün kino təhsili verilmir, təbii ki, festival mükafatlandırmağa film tapmayacaq. Bu duruma məsuliyyəti təkcə kino şöbəsinin sabiq rəhbərliyi yox, son iki ildə əhəmiyyətli iş ortaya qoymayan yeni rəhbərlik də daşıyır. Rüfət Həsənovun qürur duyduğu yeganə iş isə hələ ki, ortalıqda nəticəsi olmayan “Böyük Qayıdış” film layihələri müsabiqəsidir.

Amma necəsə yenə festivalı yararlı etmək olardı. Misalçün, təşkilatçılar festivalın nəticələrindən çıxış edərək, ölkədə kinematoqrafiyanın hazırkı vəziyyətini analiz edəcək yekun yazı hazırlaya, görünən problemlərlə bağlı nəsə bir debat, polemika təşəbbüsü ilə çıxış edə bilərdi. Yoxsa ölkədə kino ictimaiyyətinin kinonun problemlərindən danışması üçün illah da ki, Maliyyə naziri Samir Şərifov Milli Məclisdə dilə gəlməlidir?! Festival təşkilatçıları problemləri müzakirə etmək yerinə, “layiqli film” deyib işlərini bitmiş sayırlar. Çünki “filmlər pis idi” deyib keçmək və hər şeyi gənc rejissorların üzərinə yıxmaq çox asan yoldur.

İkinci məsələ, 3 min manatın hara gedəcəyi ətrafında yaranmış söz-söhbətdir. Məsələ Kulis tərəfindən yox, müsabiqə iştirakçılarından biri tərəfindən ortaya atılıb. Kulis əməkdaşları məsələylə bağlı Fehruz Şəmiyevə sual ünvanlasa da, ona danışmaq üçün bütün şərait yaradılsa da, o, açıqlama verməkdən imtina edib.

Festival Mədəniyyət Nazirliyindən dəstək alıb. Dəstəyin təşkilati və ya maliyyə sarıdan olması açıqlanmır. Festival təşkilatçısı Kulisə aqressiv mesaj ünvanlamaqdansa, sivil yol seçərək, festivala nə qədər maliyyə xərcləndiyini, nazirliyin bunda iştirakının olub-olmaması haqda açıqlama verib mövzunu bağlaya bilərdi. Və ya nazirlik, dəstəyi maliyyə şəklində göstəribsə, dövlət büdcəsindən maliyyələşən bir qurum olaraq, bu barədə açıqlama, hesabat verməyə borcludur. Yəni, proses şəffaf olanda, bu cür söz söhbətlər yaranmır.

Digər məsələ. Yerli müsabiqənin münsiflərindən biri, Mehriban Zəkinin "Mən ən yaxşı filmi görmədim", "Azərbaycanda kino yoxdur" kimi fikirlər səsləndirdiyi deyilsə də, xalq artistindən nə festivalla, nə digər məsələlərlə bağlı cavab almaq mümkün olmayıb. Peşəkar aktrisalarımızdan biri Mehriban xanımla normal münasibətim var. İndi yazacağım fikirləri ona özəl də deyə bilərdim. Amma məsələ ictimai xarakter daşıdığından burda yazıram.

Əziz Mehriban xanım, siz ictimai fiqursuz, tanınmış adamsız, üzərinizdə Xalq artisti adını daşıyırsız. Sizin ictimai məsuliyyətiniz olduğundan peşənizlə, iştirak etdiyiniz böyük miqyaslı tədbirlə bağlı cavab vermək kimi öhdəliyiniz var. Ayrıca, əgər siz "Mən ən yaxşı filmi görmədim", "Azərbaycanda kino yoxdur" fikirlərini deməmisinizsə, təkzib etməyə borclusuz. Yox, demisizsə, fikirlərinizi əsaslandırın lütfən. Misalçün, kinonun olmadığını iddia etdiyiniz ölkədə, filmlərə niyə çəkildiyinizi arqumentləşdirin.

# 1231 dəfə oxunub

Oxşar xəbərlər

# # #