Kənan MM: “Çəkdiyim komediya filmlərindən utanıram” – Müsahibə

Kənan MM: “Çəkdiyim komediya filmlərindən utanıram” – Müsahibə
6 may 2020
# 09:00

Kulis.az-ın “Ulduzlu çərşənbə” layihəsinin qonağı tanınmış rejissor Kənan Mahmudovdur.

- Sosial şəbəkədə yeni serial çəkilişlərinə başladığını elan etdin. Bu serialda hansı insanların hekayəsi ekrana yansıyacaq?

- Mart ayından artıq çəkilişlərə başlamışıq. Serial yeni mövsümdə ATV kanalında yayımlanacaq. Serialda ailə-məişət mövzusuna da toxunmuşuq. Bir az da kriminal var. Amma filmin ana mövzusu Azərbaycan qadının öz ayaqları üzərində dayanmasıdır. Tamaşaçılar axtardığı hər şeyi bu serialda tapa biləcəklər.

- Bu gün Azərbaycanda serial bazarında dirçəlmə müşahidə olunur. Bu seriallarda səni bir rejissor kimi qane etməyən nüanslar varmı?

- Bizim yerli seriallarda Azərbaycan qadını çox alçaldılır. Bu mənim xoşuma gəlmir. Boşanmış qadına cəmiyyətin pis gözlə baxması, yetim qızlara cəmiyyətin pis gözlə baxması çox qabardılır. Bu gün çəkilən serialların əksəriyyətində qadının əzilməsini göstərirlər. Mən bu serialda Azərbaycan qadının öz ayaqları üstündə durmasını göstərməyə çalışıram.

Gallery

- Boşanmış qadına cəmiyyətin pis gözlə baxmasının filmə yansımasını qəbul etmirsən. Amma bu bizim cəmiyyətimizin əsas problemlərindən biri deyilmi?

- Reallığımız ola bilər. Amma bu o demək deyil ki, mövcud reallığın PR-nı aparmalıyıq. Bilirsən, əsas nöqsan nədədir. Mövzuya üstündən keçərək toxunurlar. Səbəb göstərilmir. Bu bir həqiqətdir ki, qadının pis yola düşməsində 70 faiz kişilərin rolu var. Bunu göstərmək lazımdır. Heç kim, sabahından sığortalanmayıb. Kimisə müzakirə etmək çox asandı. Bizim cəmiyyətimizdə empatiya hissi yoxdur.

- Azərbaycanda aktrisalar sevişmə səhnələrinə çəkilmək istəmirlər. Nə vaxta kimi filmlərdə həmin səhnələrin üstündən keçəcəyik?

- Hər filmdən sonra aktrisalar cəmiyyətin sərt reaksiyasına məruz qalırsa, bizdə necə Beren Saat yetişsin. Bizim cəmiyyətin əsas problemlərindən biri də şəxsiyyətlə obrazı ayıra bilməməkdir. XXI əsrdir, hələ də Azərbaycan tamaşaçısı elə bilir filmdə fahişə rolunu oynayan aktrisa həyatda da fahişədir. Rejissor filmdə fahişəni fahişə kimi göstərməlidir. Mən “Gecə qonağı” filmimdə nisbətən bu stereotipi qırdım. Buna görə cəmiyyətin sərt reaksiyası ilə qarşılaşdım. Halbuki “Təhminə və Zaur”, “Babamın babasının babası”, “Babək” filmlərində daha açıq-saçıq səhnələr var. Estetik şəkildə açıq-saçıqlığı belə qəbul etmək istəmir Azərbaycan tamaşaçısı. Amma gedib kinoteatrlarda xarici filmlərdə həmin səhnələri bəh-bəh ilə izləyirlər. Yaxşı mental dəyərlərə əhəmiyyət verirsinizsə, onları da izləməyin də. Niyə Amerika, Türkiyə, Rusiya, Fransa bunu çəkəndə sənət olur, biz çəkəndə əxlaqsızlığı təbliğ etmiş oluruq.

Türkiyədə çəkilən “Kara sevda” serialını demək olar ki, bütün Azərbaycan izləyirdi. Bir seriyasını belə qaçırmırdılar. Serialda gənc bir qadın olan Nihan ərə gedir. Kəbinli ərdədi, lakin qız vaxtı sevdiyi oğlanla ərdə ola-ola görüşür və ondan uşaq dünyaya gətirir. Fikir verin, bu qadın serialda qəhrəmandır. Hər kəs də onu alqışladı, bəyəndi, haqq qazandıranlar oldu. Amma bu serialı biz çəksək, adamı vətən xaini elan edərlər.

Gallery

Fərda Amin “stand-up”da bir söyüş söysə, yerdən camaat ona ayaqqabı atar. Amma 700 manat pul verib gedib Cem Yılmazın söyüşünə qulaq asıb güldülər. O da eyni söyüşü söyür, Fərda da Niyə onda qəbul edirik özümüzü daşa basırıq? Bunu hələ də dərk edə bilmirəm.

- “Ləkə” serialından sonra uzun bir fasilə verdin serial işinə. İllər sonra yenidən serial çəkmək ehtiyacı haradan doğdu?

- Çox mesajlar aldım. Sözün açığı bu sektorda öz yoxluğumu hiss etdim. Dişimlə-dırnağımla gəldiyim zirvəni heç kimə qapdırmaq istəmədim. Bəzi işlərə baxıb üzülməkdənsə, işin içinə daxil olub nöqsanları düzəltmək daha yaxşıdır. Çünki indi üzdə olan rejissorlar bu sənətə sahib çıxmasa, gələcək nəsil bundan daha bərbad şeylərə əl atacaq.

- Kənan uzun müddət Türkiyədə məşhur seriallardan birində əsas obrazlardan birini canlandırdın. Qismən də olsa, onların serial sektoru ilə bağlı məlumatın oldu. Nələri müşahidə etdin?

- Birinci onu deyim ki, istedad baxımından biz onlardan çox öndəyik. Bunu bəlkə çox adam qəbul etməyəcək. Amma reallıqdır. Fərqimiz ondadır ki, onlar öz sənətçisinə sahib çıxır. Çəkiliş meydanında olan aktyor işıq pulu, qaz pulu, evə uşaq bezi almaq haqqında düşünməməlidir. Bu qayğılar, problemlər aktyorun beynini çox məşğul etməməlidir. Əgər aktyorun qayğıları, problemləri onun istedadından, görmək istədiyi işdən bir addım öndədirsə, o çəkiliş meydanında heç nə yarada bilməz.

Türkiyənin film sektorunda qeyri-adi bir şey görmədim. Sadəcə onlar çoxdur. Mənim çəkildiyim serialın çəkiliş meydanında 180 nəfər adam işləyirdi. 180 nəfər iki yerə bölünürdü, yarısı gecə səhnələrini çəkirdi, digər yarısı də gündüz səhnələrini. Bu 180 nəfərin hamısı puldur, maaşdır. Orda bazar böyükdür, reklam çoxdur. Təbii ki, 80 milyon əhalisi olan bir dövlətin büdcəsi ilə bizim büdcəmiz bir deyil. Amma bu o demək deyil ki, biz ona baxıb inkişaf etməməliyik. Gəlin Azərbaycanın 60 -70- ci illərdə çəkilən filmlərinə də nəzərə salaq, Türkiyənin “Yeşilçam” filmlərinə də. Türklər bu gün o filmlərini parodiya edib lağa qoyur. Amma bizim o dövrdə çəkilən filmlərimiz şedevr olub.

Müharibə dövründə ən çox zərbə alan sahələrdən biri də film sektoru oldu. Amma mən sevinirəm ki, biz ən azından korifey sənətçilərdən, Rasim Balayevdən, Ayaz Salayevdən, Eldar Quliyevdən, Həmidə Ömərovadan dərs aldıq. İndiki nəsil kimlərdən dərs alacaq? Bunun narahatlığını yaşayıram, açığı.

- “Savaşçı” serialından ayrılmaq öz qərarın idi?

- Tamamilə öz qərarım idi. Hətta filmin yaradıcı heyəti məndən bir ay möhlət istədi, “sənin hekayəni sonlandıra bilmirik”, dedi. Ailəm dostlarım üçün çox darıxırdım. Yollarda qalmışdım. Əsl hərbiçi həyatı yaşayırdım. Günün çox hissəsini hərbi geyimdə olurdum. Bu məni çox sıxırdı. Əsgərlikdə heç o qədər hərbi forma geyinməmişdim. Serialda bu qədər uzun müddət tab gətirməyimin səbəbi vətənpərvərlik mövzusunda olması idi. Yəqin ki, başqa mövzuda bir serial olsaydı, bu qədər davam edə bilməzdim.

Gallery

- Bu gün rejissorlar keyfiyyətli kino çəkmək üçün lazım olan şəraitin olmamasını əsas gətirir. Sən necə düşünürsən, bu mövzuda?

- Kim deyir ki, Azərbaycanda kino çəkmək üçün şərait yoxdur o insanın sadəcə olaraq, ya istedadı, ya da hekayəsi yoxdur. Demirəm yüksək şəraitimiz var. Amma yox səviyyəsində də deyil. Moskva birdən qurulmayıb. Əsas məsələ kinonu çəkmək deyil. Çəkdiyin kinonu tamaşaçıya təqdim etməkdir. Kinonu tamaşaçıya təqdim etmək üçün isə bazarda olan Azərbaycan filmlərinə çox yer vermək lazımdır. Ölkədə iki böyük kinoteatr var. Amma hamı filmə baxmaq üçün Yutubu gözləyir. Hansısa rejissor film çəkib onu Yutuba qoysa, heç vaxt onun pulunu çıxara bilməz. Hər şeyin sonunda qazanc prinsipi dayanır. Keyfiyyətli iş təqdim edirəmsə, mütləq qazancımı götürməliyəm. Bu gün rejissorların əsas problemi kinoteatrlar arasında gedən mənasız savaşdır. Azərbaycanda kinoteatrlar bir-biri ilə yola getmirsə, Azərbaycan kinosu heç vaxt inkişaf etməyəcək. Park Sinemaya film verirsən, “28 Mall” götürmür. Belə bir monopoliya yaranıb. Azərbaycan kinosu şəxsi maraqların qurbanı olur. Yaxşı film çəkmək üçün pul, o pulu da qazanmaq üçün şərait lazımdır.

- Nazirlik hər il ssenari müsabiqəsi elan edir. Amma nədənsə səni bu müsabiqələrdə görmürük.

- Mənim ssenarilərim Mədəniyyət Nazirliyinin müsabiqələrinin heç birindən keçməyib. Heç keçmək ehtimalı da yoxdur.

- Səbəb nədir?

- Bilmirəm. Mənim kimi rejissorları görünür Mədəniyyət Nazirliyi tanımır, ya da tanımaq istəmir.

- Bir çox məşhur rejissorlar var ki, çəkdiyi filmlərdən imtina ediblər. Utanıblar çəkdikləri filmlərdən. Sənin belə bir filmin var?

Gallery

- Çəkdiyim bütün komediya filmlərindən utanıram və utandığım həmin filmlərin hamısında pul qazanmışam. Utanmadığım gözümün nurunu, istedadımı verdiyim, xarici ölkədə Alman rejissoru tərəfindən ayaqda alqışlanan filmlərimin heç birindən pul qazanmamışam. Müqayisəyə bax. Bərbad işlərimizə haqq qazandırmaq üçün şablon bir ifadəmiz var. Tələbatdır. Xalq bunu tələb edir. Uşağı özbaşına qoysan, məktəbə getməz. Necə yəni tələbatdır. Kütlənin hər tələb etdiyi şeyi etmək doğru deyil. Bəzi şeyləri özümüz düzəltməliyik. Biz bunu etməsək on-on beş ildən sonra Azərbaycan kinosu vaynerlərdən ibarət olacaq.

- Bizim komediya janrında çəkilən kommersiya filmlərimiz niyə bu qədər bayağı alınır. Bunun səbəbi nədir?

- Əvvəlcə onu deyim ki, kommersiya filmləri yaradıcı filmlər deyil. Mən xatırlamıram komediya janrında çəkilən film Oskar, Qızıl Qlobus kimi mükafatlar alsın. O ki, qaldı niyə bayağı alınır sualına. Ona görə ki, bizim komediya janrında çəkilən filmlərdə vəziyyət yumoru yox, söz yumoru var. Bu filmləri başqa ölkələrdə nümayiş etdirmək imkanımız yaransa belə, nəticə əldə edə bilməyəcəyik, heç kim başa düşməyəcək. Çünki filmlərdə ancaq bizə aid olan zarafatları edirik.

- Azərbaycanda çəkilən hansı komediya filminə baxıb bəyənmisən?

- “Oğlan evi”ni Azərbaycanda son illərdə çəkilən ən uğurlu komediya filmi hesab etmək olar.

- Vətənpərvərlik filmi çəkmək haqqında düşünürsən heç?

- Düşünməyə heç nə vermirlər. Müharibə mövzusunda film çəkməyi məndən çox düşünən ikinci adam tanımıram. Yaxşı keyfiyyətli, dünyaya çıxara biləcəyimiz bir müharibə filmi çəkmək üçün hədsiz dərəcədə çox maddi vəsait lazımdır. Bu mövzulu filmlərdə tank, odlu silahlar lazımdır ki, onlar gedib mənim mağazadan ala biləcəyim şeylər deyil. Mənim “İstiqlal” adlı bir ssenarim var. Hekayədə Mübariz İbrahimov şəhid olandan sonra əsgər yoldaşının onun qisasını almaq istəməsindən bəhs olunur. Amma o ssenariyə yaxın duran yoxdur. Hüseyn Dərya haqqında film çəkmək istəyirəm. Bu saat gedib bir imkanlı şəxsə desəm ki, Hüseyn Dərya haqqında film çəkmək istəyirəm, mənə 200 min pul ver, o pulu mənə verməz. Amma hansısa müğənniyə məmnuniyyətlə “hacılıq” edər.

- Bir az qalmaqallı adamsan. İşlətdiyin hər ifadə səs-küyə səbəb olur. Bunu bilərək edirsən?

- Mənim xarakterimə yad bir şeydir qalmaqal. Normalda başımı aşağı salıb öz işimlə məşğul olan adamam. Dəymə mənə, dəyməyim sənə. Amma damarıma basan adamın başından basmasını da bilirəm.

Gallery

- İlkin Həsəni deyəsən bu aralar damarına tez-tez basır. Bu yaxınlarda iştirak etdiyi bir verilişdə “Kənan film çəkməsin. Ən yaxşısı filmə çəkilsin”, deyə fikir səsləndirdi.

- Boş verirəm. İlkindi də, hələ cavandı... İlkinin yaşı qədər sənət təcrübəm var. İkimiz də sənətdə kim olduğumuzu çox yaxşı bilirik. İllərdir susmur, dincəlmir. Bekardı yəqin. Mənim haqqımda “bozbaşlar” ciddi fikir söyləyir. O qədər də ürəyimə salmıram (gülür). Yeni mövsümdə sənətdə cənazə namazları qılınacaq hamısının.

- Bar verən ağacı daşlayan çox olur?

- İmkan verirlər ki, bar verək. Amma az qalıb, mən o atdıqları daşlardan onlara baş daşı düzəldəcəm.

- Kitabla aran necədi. İlk oxuduğun kitabı xatırlayırsan?

- Əlbəttə. Viktor Hüqonun “Səfillər” əsərini oxumuşam. Nənəm oxuyurdu, maraqlı gəldi, mən də oxudum. Bir də “Dahi” əsərini oxumuşam. Mövzusu yadımdan çıxıb. Onu bilirəm ki, çox qalın kitab idi. Oxuyurdum, başa düşmürdüm. Nənəm axırda dedi ki, onu başa düşmək üçün birinci dərslərini oxumalısan (gülür).

Poeziya ruhuma daha yaxındır. İlqar Fəhmi, Nüsrət Kəsəmənli şeirlərini çox sevirəm. Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeiri mənə bu yolda qapı açan şeir olub. O şeiri İncəsənət Universitetində qabiliyyət imtahanı verərkən söyləmişdim və imtahandan keçmişdim.

- Özün də şeir yazırsan. Hətta bir neçə il əvvəl tanınmış şair Salam Sarvan səni onun şeirini plagiat etməkdə ittiham etmişdi. O məsələnin axırı necə oldu?

- Mən şair deyiləm, Salam Sarvan dahidir. Onun sözügedən şeirini ümumiyyətlə oxumamışdım. Tamamilə təsadüf idi fikirlərin toqquşması. Mən o qədər düşüncəsizəm ki, şeirin yayılacağını bilə-bilə belə bir məntiqsiz hərəkət edim?

- Həyatımı yazsam, roman olar deyən adamlardansan?

- Səni bir rejissor kimi əmin edirəm ki, kim o sözü deyir, yalan deyir. Hamı öz həyatı haqqında bu fikirdədir. Çünki özünü yüksək tutmaq istəyir daima. Biz hamımız eyni acıları paylaşan milyonlarla insanlardan biriyik.

Mənim də uşaqlığım sənin kimi müharibə dövrünə təsadüf edib. Uşaqlığımı Naxçıvanda cəbhədə döyüşənlərə peraşki, güllə daşımaqla keçirmişəm Nə fərli komsomol ola bildim, nə pioner. Yadıma gəlir Bəxtiyar Vahabzadənin AzTV-dəki çıxışından sonra qalstuklarımızı cırmışdıq. Uşaqlığımız travmalıdır. Hər səhər gözümüzü şəhid xəbərinə açırdıq. 7-ci sinifdə oxuyurdum hər səhər saat 6-dan durub çörək növbəsinə gedirdim. Növbədə dayanmaq çox can sıxıcı bir şey idi. O dövr artıq bu şeylər bizim gündəlik həyat tərzimizə çevrilmişdi. Bu həyatı yaşayan insanların içində özümü özəl biri kimi hiss etməmişəm heç vaxt.

Gallery

# 8187 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #