Bakirə olmadığına görə özünü güllələyən gəlin - Bizi niyə biabır edirsiniz?

Bakirə olmadığına görə özünü güllələyən gəlin - Bizi niyə biabır edirsiniz?
27 yanvar 2025
# 12:00

Kulis.az Ağa Cəfərlinin "Xalqa "İkinci güllə"ni atanlar" yazısını təqdim edir.

Gərəkdir, söhbətə lap əvvəldən başlayım. Siz də deməyəsiniz ki, müəllif 2013-cü ildə qalib olmuş ssenari, 2017-ci ildə çəkilmiş film haqqında niyə indi yazmaq qərarına gəlib.

Deməli, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” ssenari müsabiqəsinin iştirakçıları üçün “Ssenaristin əlifbası” adlı ibtidai intensiv təlim təşkil edib. Mentor Azərbaycan kinosunun ən təcrübəli simalarından biri, “Əlvida, cənub şəhəri” filminin rejissoru Oleq Səfərəliyevdir. Təlimin adında “ibtidai” sözünə baxmayaraq, təlimə ölkənin tanınmış yazıçıları, şairləri də qatılıb.

Oleq Səfərəliyev kimi təcrübəli insanın öz təcrübəsini bu sahə ilə maraqlanan, bu sahədə uğur qazanmaq istəyən insanlarla bölüşməsi vacib, müstəsna əhəmiyyətlidir. Ümid edirəm ki, ittifaqın belə gözəl işləri davam edəcək, yeni maraqlı və faydalı layihələrin şahidi olacağıq.

Oleq müəllim Aristotelin “Poetika”sından ta günümüzə ən müxtəlif kitablara istinad edərək dəfərlərlə vurğulayır ki, mətn məntiqə və reallığa uyğun olmalıdır. Təbii ki, yazdığınız fantastika deyilsə.



Yeri gəlmişkən, müəllim ötən təlimdə məntiqə və reallığa uyğunluq baxımından Azərbaycanın ən yaxşı filmlərindən sayılan “Şərikli çörək”i də ciddi şəkildə tənqid elədi.

Hə, indi gələk, 6 il bundan öncə çəkilmiş filmə kurs olmağıma...

Demək ki, kursda əlimə bir kitab keçdi: “Yeni nəfəs” ssenari müsabiqəsinin qalib ssenariləri”.

Bu qeydləri edə-edə baxıram ki, kitabın adının da redaktəyə ehtiyacı var, başlıqda iki ssneari sözünün olması xoş təəssürat yaratmır. Kitabın adı “Yeni nəfəs” müsabiqəsinin qalib ssenariləri” qoyulsaydı da, başa düşüləcəkdi ki, söhbət ssenari müsabiqəsindən gedir.

Əslində, bizim kitabın adı ilə işimiz yoxdur, belə kiçik məsələlər kiminsə uğuruna kölgə sala bilməz. İş olan yerdə nöqsan da olar. Amma qalib olan ssenaridəki nöqsan boyda yox da...

Əvvəlcə onu xatırladaq ki... Kitabın ön sözündə yazıldığına görə, “Yeni nəfəs” qısametarjlı filmlər üçün ssenari müsabiqəsi kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc müəllifləri aşkara çıxarmaq, milli kinomuza yeni fikir, yeni nəfəs gətirən... və sairə və ilaxır. Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Bədii, sənədli və animasiya ssenarilərinin qəbul olunduğu müsabiqədə yaşı 35-ə qədər olan şəxslər iştirak edib.
Müsabiqədə “İkinci güllə” ssenarisi birinci yerə layiq görülüb və iki min manat mükafat alıb.

Müsabiqə 2013-cü ildə keçirilib, 2017-ci ildə isə “İkinci güllə” adlı film çəkilib.

Hə... başlayırıq oxumağa... Meydanda bəy və ətrafında DOSTLARI, qohumları oynayır. Bəziləri bəyi təbrik edib, şirinlik verib sağollaşır. Hiss olunur ki, toy sona yaxınlaşır. İfaçı qonaqlara müraciət edir:

- İndi icazə verin, bəyimizi yola salaq DOSTLARININ məclisinə, biz də toyu yekunlaşdıraq.

Siz Allah, fikir verdiniz, bəyi toydan sonra xanımının yox, dostlarının yanına yola salırlar. Bəy gərdəyə yox, dostlarının yanına göndərilir.

Ssenari müəllifi Rəsulov Natiq Rizvan oğlu 1987-ci il təvəllüddür. Bu mətni müsabiqəyə təqdim edəndə onun 26 yaşı varmış.
Və 26 yaşlı müəllif bilməliydi ki, bəyi toydan sonra dostlarının yanına yola salmırlar, evə - gəlinin yanına yola salırlar. 2013-cü ildə isə heç "yola salmağa da" ehtiyac yoxdur, bəylə gəlin bir-birinə qoşulub gedirlər mikrorayon tikməyə. Bəyin toydan sonra dostlarının yanına yola salınmağı... Bu söhbət, vallah-billah, heç Fransada da yoxdur. Əlbəttə, bəy dostlarını bir araya yığır, toyla əlaqədar məclis təşkil edilir. Ancaq bu toydan bir gün qabaq təşkil olunur, adına da "ciyəraxşamı" deyirlər. Bir çox cəhətlərinə, daha səmimi mühitə görə ciyəraxşamı toydan daha maraqlı keçir.

Ola bilsin ki, müəllif bu ssenarini yazanda subay imiş, bəlkə də, heç vaxt toyda iştirak etməyibmiş. Bəlkə, bu ssenarini yazanda Natiq bəy çox saf, sadəlövh imiş, elə bilirmiş, bəyi toydan sonra gəlinin yanına yox, dostlarının yanına yola salırlar. Bəs münsiflər heyətinə nə gəlib? Onlar axı heç olmasa bir dəfə evlənmiş, heç olmasa bir dəfə toyda iştirak etmiş adamlardır? Onlar da bilmir ki, bəyi toydan sonra dostlarının yanına yola salmırlar?

Hələ onu soruşmuram ki, dostları ilə rəqs edən bəy təzədən dostlarının yanına necə, niyə, nə cür yola salnır? Belə çıxır ki, bəy dostlarının bir hissəsini toya dəvət edib, bir hissəsini yox? Bəy toyuna dəvət etməyə layiq bilmədiyi adamlarla toydan sonra yeyib-içir? Ssenaridən aydın olur ki, bəylə toydakı dostları birgə çıxıb harasa getmirlər. Bəy hardasa başqa adamlar tərəfindən təşkil olunmuş tədbirə gedir. Doğrusu, belə ayrı-seçkiliyi bəyə yaraşdırmadım. Özü də, toya dəvət olunmamış dostlar hər zaman inciyirlər: “Ə yekə kişisən, bir ton çörək kəsmişik, ayıb deyil, məni niyə toyuna çağırmamışdın?”

Ssenarinin sonrakı hissəsində oxuyuruq ki, bəy gəlinin yanına 3 saat sonra qayıdır. 3 saat sonra. Ay, bərəkallah.

Ssenaridə başqa boşluqlar da yox deyil, amma söhbətin çox uzanmaması, dəyərli oxucuların yorulmaması xətrinə keçirəm ən vacib məsələyə: "İkinci güllə" filminə.

Məzmuna görə, toy axşamı gəlinin bakirə "çıxmağını" kənd camaatına xəbər vermək üçün iki güllə atılır.

Bu ssenari əsasında 2017-ci ildə qısametrajlı dram filmi də çəkilib. Ssenaridə konkret yer, ünvan göstərilməsə də, yutubdakı qeyddə hadisələrin Azərbaycanda baş verdiyi vurğulanır.
Görən, 2013-cü ildə, yaxud, tutalım, 20 il əvvəl Azərbaycanın hansı rayonunda, hansı kəndində belə bir adət olub?
Konkret fakt var? "Kimdənsə eşitmişəm" söhbəti fakt deyil. Faktdan danışın, ortaya fakt qoyun.

Bu yazını yazmamışdan qabaq hətta Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli adət-ənənələrini yaxşı bilən adamlarla da bu mövzuda söhbət etmişəm. Maraqlanmışam görüm, heç olmasa, lap qədim dövrlərdə Azərbaycanda belə bir adət olubmu? Bir neçə nəfər bu haqda detallı şəkildə yox, dumanlı şəkildə eşidib. Heç biri belə hadisənin şahidi olmayıb, qohum-əqrəbada bu barədə danışan olmayıb. Qulaqdan-qulağa əsli, əsası olmayan söhbətlər eşidiblər, bu qədər.

Görünən və əslində, gerçək budur ki, müəllif ağlına gələni yazıb, münsiflər "ləbbeyk" deyiblər. Görünən və əslində, gerçək budur ki, müəllif, münsiflər də Azərbaycanı tanımırlar, Azərbaycan mühiti ilə tanış deyillər, ölkə gerçəkliklərindən At Yalı qədər uzaqdadırlar. Arada dəfələrlə Tarkovskiyə baxdığınız iri ekranlı televizorlar yerləşən otaqlardan çıxın, xaqla tanış olun, yekə kişisiniz, reallıq hissini bu qədər itirməyin.

Olmayan şeyi bu xalqın adına yazmaq, bu xalqı təhqir etmək həvəsi hardandır? Xalqı bu qədər rəzil, vəhşi, yaramaz, qanmaz göstərmək cəsarətini hardan alırsınız? Mən vətənpərvər deyiləm, millətçi də deyiləm. Özünü vətənpərvər, millətçi sayanlardan da, yumşaq desəm, xoşum gəlmir. Amma millət təəssübü çəkən adamam. Sizin bu cür uydurma yollarla millətə şər atmağınız... - bu yerdə özümü güclə saxlayıram... - doğru deyil.

Ümumiyyətlə, olmayan şeyi bəh-bəhlə təqdim etmək, hardan baxsan, yaxşı hərəkət deyil, yaxşı oğlan belə iş görməz.

Hələ işə bax ki, adamlar “İkinci güllə” filmini Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş etdiriblər. Demək, Azərbaycanla kifayətlənməyiblər, olmayan şeyi aparıb Fransada göstəriblər ki, bizdə belə bir adət var, bu adət qadının ölümünə, faciəsinə səbəb olur. Azərbaycanlılarla kifayətlənməyiblər, fransızlara, festivala gələn başqa xalqın nümayəndələrinə də göstəriblər ki, biz barbarıq, biz vəhşiyik, biz eşşəyik.

Burda bir haşiyə çıxım: demək, Bakıda hansısa mühüm beynəlxalq tədbir keçiriləcəkdi. İngilislər, fransızlar, ispanlar, italyanlar, türklər, macarlar hamısı gələcəkdi. Bu münasibətlə bizim ən böyük teatrlardan biri Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesini ingiliscə səhnələşdirmişdi. İndi təsəvvür edin ki, bir ingilis Bakıda bu tamaşaya baxır, əlinizi ürəyinizin üstünə qoyun və vicdanınızın səsini qulaq asıb deyin: mühüm beynəlxalq tədbirə gəlmiş bir ingilis üçün azərbaycanlıların soykökündən uzaqlaşmağı, məslək ayrılığı, milli birliyin vacibliyi məsələsi nə qədər maraqlıdır? İnanmayacaqsınız, mübahisə edəcəksiniz, amma vallah, sadə ingilis üçün artıq Şekpsrin yazdıqları da maraqsızdır.

Əlinizi ürəyinizin üstünə qoyun və vicdanınızın səsini qulaq asın: bir fransız üçün bakirəlik mövzusu nə qədər əhəmiyyətlidir, bakirə olmamağın faicəvi nəticəsi nə qədər inandırıcıdır?

Rəylərinizi gözləyirik.

Bir məqamı da deyim: yaradıcı adamlara irad tutanda onlar, adətən, ənənəvi müdafiə yoluna üz tuturlar: sənət şərtiliklərdən ibarətdir. Olsun, olsun, amma ta bu qədər də yox da. "Meymun" deməyiniz bəs deyil, hələ bir salam da verirsiniz.

İnsafən, ssenaridə, filmdə yaxşı detallar da var.

Məsələn, gəlinin təmizliyini elan etmək üçün güllə atacaq, hər yerdən ümidi kəsilən sağdışın axtardığını kəndin fahişəsində tapmağı kimi... Yaxud gəlinin onun təmizliyini elan edəcək silahla özünü öldürməsi kimi... Amma ümumilikdə ssenaridəki, filmdəki, demək olar, bütün detallar absurd olduğundan yazdığım məqamlar zay məhsulu xilas edə bilmir.

Yazıçı Mirmehdi Ağaoğlunun “İkinci güllə” haqqında Kulis.az-da yazısı var. Hacı Miri həmin yazıda çox vacib bir məqama toxunur, yazır ki, film absurd komediya şəklində qurulsaydı, daha maraqlı olardı, çünki situasiya özü də absurda uyğun gəlir.

Əslində, müəlliflər elə absurd komediya çəkiblər, sadəcə, özlərinin və münsiflərin xəbəri yoxdur.

Hə, bilirsiniz müəllif toydan sonra niyə bəyi dostlarının yanına yola salmışdı? İkinci güllə açılmayanda dostları bəyin arvadına “qə.bə” desinlər deyə...

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

Tarantino sonuncu filmi üçün planlarından danışdı

Tarantino sonuncu filmi üçün planlarından danışdı

18:24 28 yanvar 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

12:55 28 yanvar 2025
"Behzat Ç." ekranlara qayıdır

"Behzat Ç." ekranlara qayıdır

11:00 28 yanvar 2025
26 ildən sonra  bir filmdə

26 ildən sonra bir filmdə

09:45 28 yanvar 2025
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

18:13 27 yanvar 2025
"Spinozanın Tanrısı" filminin premyerası keçiriləcək

"Spinozanın Tanrısı" filminin premyerası keçiriləcək

14:08 27 yanvar 2025
# # #