"Alatava" serialı kimin sifarişidir?

"Alatava" serialı kimin sifarişidir?
5 iyun 2024
# 09:00


Kulis.az “Alatava” serialı haqqında Ömər Xəyyamın təəssüratını təqdim edir.



Serialın məzmununu yazmayacam, əlbəttə, fəqət xatırladım ki, “Alatava” janrca ölkəmizdə, təxminən, 80-lərin ortalarından etibarən məşhurlaşmağa başlayan kriminal komediyadır.

Bildiyiniz kimi, kriminal komediyalar məzmunca, aşağı-yuxarı, bir-birlərinə oxşayırlar: Məhəllə uşaqları, tələbələr, yaxud hansısa subkulturanın üzvləri qruplaşır, oğurluqla, kuryerliklə birtəhər başlarını saxlayırlar. Belə qara/qura günlərin birində kare saçlı, sısqa qıza görə, yaxud qruplaşmanın şundul üzvünün səhvi ucbatından, - adətən, o eynəkli və toppuş olur, - ya da təsadüfən hansısa məşhur cinayətkar klanla yolları kəsişir və başlayır kino.
“Alatava” kimi.

Fərq təkcə cinayətlərin miqyasında yox, həm də qrupların mahiyyətindir.

Məhəlli, lokal xarakterli qruplaşmalar, adətən, haqlı tərəf kimi gösətərilir. Bir növ, onlar qaydaları pozmağa məcburdurlar; belə də demək olar: onlar bizimkilərdir, bizdəndirlər.
Tərbiyəsizlik etsələr də, əxlaqlıdırlar.
Bu janrı şahidi olduğumuz, eşitdiyimiz hadisələrin ekranizasiyası kimi də qiymətləndirmək olar.
Kobud desək, qəhrəman tanıdığımız adamların prototipləridir.
Yəni hadisələr, obrazlar bəzəksiz-düzəksiz, əl gəzdirmədən təqdim edilir. Əlbəttə, film həm film mədəniyyətinin, ekran mədəniyyətinin, həm də nümayiş olunduğu müstəvinin qırmızı xətlərini keçməməlidir.
“Alatava” kimi.

Kriminal komediya janrının xas dili, öz üslubu və öz bədii-vizual, estetik həlli olur. Məsələn, bol-bol jarqonlardan, vulqarizmdən, söyüşdən istifadə edilir.
Atmosferin təbiiliyini çatdırmaq məqsədilə kosmetik fəndlər işlədilmir. Gördüyünüz kimi, kadrlar məhəllədəki kimi, çayxanalardakı kimi “kirli”dir.


“Alatava”nı da kriminal komediya janrının milli variantı adlandırmaq olar.


Üstəlik, mən bu serialda hələ söyüş eşitməmişəm. Gərək Xalq artistləri məni bağışlasın, janrın tələbi bir yana, deyəsən, ağsaqqallar təkcə gözlərini yox, qulaqlarını da bağlayıblar axı...

Ümumiyyətlə, milli kino tarixində uşaqlar evindən çıxan gənclərin sonrakı taleyi ilə bağlı çəkilmiş film, yaxud serial xatırlamıram. Bircə “Pəncərə” filmidir, onun da mövzusu, teması tamamilə fərqlidir.
Həyatın “kor nöqtəsi”ndəki gənclərin özlərini cəmiyyətə qazandırmaq cəhdini, ailə qurmaq istəyini, ev olmaq arzusunu ekranlaşdırmaq təqdirəlayiqdir, əlbəttə.
“Alatava” kimi.

Üstəlik, kimsəsiz uşaqların sağ qalmaq uğrunda mübarizəsi, olanlara, ölənlərə münasibəti fonunda insan alverinin qurbanı olmuş qızın faciəsini, mühafizəkar qəssabın nəsildən-nəsilə ötürülmüş bıçağını, müstəqil jurnalistin fəaliyyətinə görə həm şəxsi, həm də ailədaxili çətinliklərini, iş adamlarının qara-qura işlərini göstərmək cəsarətini də alqışlayıram.

Yeri gəlmişkən, alqışladığım məqamlardan biri də serialda qadınların seksual obyekt kimi göstərilməməyidir. Hətta fahişələrin də - feministlərin diliylə desək, seks işçilərinin, - bədənlərini gözə soxmurlar.

Həm də yaxşı ki, serialın əsas əxlaqi şaqulu məhz qadındır.

Düzdür, jurnalist qızların obrazları əvvəlki serialarda bayağı, isterik - hətta biri lap “yanıqlıq” edirdi, - olsa da, zamanla oturuşdu.

****

Yerli film sənayesinin əsas yaradıcı problemlərindən biri də, - digər problemlər aydındır, - obrazların göydəndüşmə, qısır, hekayəsiz performanslarıdır.

Bəli, obrazların həyat hekayəsi yoxdur. Kimdir, niyə belə edir, nə baş verib, və sair – yəni obraz psixoloji tip kimi, xarakteri kimi, davranışları ilə, - elə hər şeyi ilə ssenaristin onun üçün ölçüb-biçdiyi kimliyə çevrilməlidir.

Tutalım, Emkaya uşaqlar evində təcavüz ediblər, sonradan özünü qorumaq üçün saçlarını kəsdirib, kişi paltarları geyinməyə başlayıb, əslində, Aliki sevir, ancaq deyə bilmir...
Yaxud Solmaz obrazı... tamamilə havadadır, gəl ki, o obrazı qəşəng işləmək, dərinləşdirmək olardı.

Olsun ki, texniki məsələlər, xronometraj nəzərə alınıb.

Mən başqa şey deyirəm.
Deyirəm, Emka üçün uydurduğum həyat hekayəsi ki var, onu göstərməyə qətiyyən ehtiyac yoxdur. Bu hekayə yazılmalı, çəkilişdən əvvəl, hələ ssenari oxunuşunda aktyora verilməlidir. Ki, o, öz obrazının kimliyinə bürünə bilsin.

Əlbəttə, aktyor işi, rəng, səs, görüntü, dialoqlar, ssenarinin “diapazonu”, obrazların “nəfəsi” haqqında yazmaq, digər texniki qüsurları da baltalamaq olar, fəqət mən, doğrudan, bu layihəni uğurlu hesab edirəm, üstəlik, qətiyyətlə yazıram ki, “Alatava” milli film sənayesi üçün yeni cığır, yeni nəfəs, yeni mərhələdir, özü də, bu mərhələ motivasiya xarakterlidir, başqa bədii-vizual layihələrdən ötrü pillədir.
“Alatava” lazım idi, vacib idi.

Bəzən janrın tələbini, necəliyini bilmədən qınayırıq, bəzən də tamamilə yanlış müstəvidə müqayisələr edirik.
Yeridir, deyim, ümumiyyətlə, müqayisələri bəyənmirəm. Siz də nəyisə nəyləsə, kimisə kimləsə müqayisə etməyin.

Məsələn, “Alatava”nı hansı serialla müqayisə edib pisləyirsiniz? Olmaya, “Dune” ilə?

Yerli işləri yerli müstəvidə qiymətləndirmək lazımdır.
Məsələn, birinci kinomuzun ağsaqqalları nəzərə alınmalıdır, ikincisi, xatırlamalısan ki, “kinonun müdirləri”, o qalstuklu yaramazlar kinomuzun anasını necə ağladırlar, necə çapıb-talayırlar, sonra senzuraları götür-qoy eləməlisən; bu yanda uydurulmuş “efir mədəniyyəti” klişesi var, üstünə gəl siqaret çəkən qızları ucdantutma fahişə kimi damğalayan “yaxşı oğlanları”... topla, vur, çıx, lap istəsən, min cür düstur qur, vəziyyət budur, bu cürdür.
Məhz bu müstəvidə “Alatava” xeyli cəsarətli, xeyi qəşəng işdir.


Ümid edirəm ki, “Alatava” həm öz janrında, həm də digər janrlarda çəkiləcək serialların, filmlərin müjdəsidir.

Hər şeyə lağ eləmək, hər şey mız qoymaq bizim köhnə adətimizdir. Gəlin, bu xasiyyətimizi tərgidək, gəlin milli kino sənayemiz adına işıqlı cəhdlər edən gənclərin ayağından dartmayaq, əksinə onlara dəstək olaq, əlbəttə, qüsurlarını da etik-estetik qaydalar çərçivəsində demək şərtiylə…

Məqsədimiz işıqlı gələcəkdirsə, ki, mən buna şübhə etmirəm, - gəlin qaranlıqdan sivişən şölələrin gözünə kül üfürməyək.

Mən də sizin kimi xarici kinolara, seriallara baxıram, özü də, elə bilirəm, sizin kimi məşğul olmadığıma görə bir-iki film öndəyəm. Deməli, bu kino-mino söhbətlərinə bir-iki köynək yaxınam.

Və öyrənmişəm ki, ölkədən getməyə yox, ölkəni getmək istədiyimiz yerlərə çevirməyə cəhd etməliyik.
İnanın, hərə öz boyunca, hər öz işindəcə cəhd etsə, yetər.
Tamaşaçı tamaşaçı kimi, rejissor rejissor kimi…

İndiki gənclərin dili başqadır. Perspektivli gənclərin cövhərini çıxarmaq üçün ənənəvi dil faydalı deyil. Gənclərin öz dilini tapmaq, onlarla öz dillərində danışmaq lazımdır.
Məsələn, “Ay oğul, eləmə!” deyibən barmaq sallamaq “atalar-oğullar” savaşının məğlub tərəfi, yararsız hala düşmüş “silahıdır”. İndi ziyanlı hesab etdiyimiz əməllərin fəsadlarını göstərmək, haman fəsadları onların dilində, onların həzm edəcəyi formada ifadə etmək lazımdır.

Beləliklə, kino sənətinin əsas sütunlarından biri həm də kinonun dilidir.
Yəqin, həm Əlixangil, həm də digər yaradıcı gənclər bu və başqa nüansları da nəzərə alacaqlar.

Artıq “Alatava”nın sonuncu seriyası yayımlanacaq.
Ümid edirəm, Cavanşir müəllimi qara-qura işlərdən arındırıb saf, mübarək namizəd kimi sırımayacaqlar…

# 6013 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
#
#
# # #